“Namusuyla oynanılan qız, sənin qızındır”

“Namusuyla oynanılan qız, sənin qızındır”
27 noyabr 2014
# 09:00

Məşhur aktyor, ssenarist, rejissor, şair, yazıçı və biznesmen Yılmaz Ərdoğan 1968-ci il 4 noyabrda Hakkaridə dünyaya gəlib. Uşaqlığı Ankarada keçib. Onun Dəniz Ərdoğan və Mustafa Ərdoğan adlı iki qardaşı da var. İbtidai sinfi və orta məktəbi bitirdikdən sonra təhsilini Ankara Aydınlıkevlər Liseyində davam etdirib.

Teatr

1987-ci ildə İstanbul Texniki Universitetinin inşaat fakültəsinə daxil olsa da təhsilini yarımçıq buraxıb və Fərhan Şensoyun “Növbətçi teatr” qrupuna qatılıb. Burada həm ssenaristlik, həm də aktyorluq edən Yılmaz 1988-ci ildə “Güldüşünürü Teatrı”nı qurur. Bu teatrda özünün yazdığı və rejissorluq etdiyi “Kanuni Sultan Süleyman ve Rambo” adlı tamaşanı nümayiş etdirir. Bu illərdə özünü yeni tamaşalara həsr edən Yılmaz “Ləvənt Kırca Teatrı”nda “Gereği Düşünüldü”, “Olacak o kadar” adlı televiziya ssenarisini, “Yasəmən Yalçın Teatrı”nda “Kadınlık bizde kalsın” və “Haşlama Taşlama”nı yazır. “Umut Taksi” serialının ssenarisini yazan aktyor elə həmin serialda aktyor kimi də rol alır.

1994-cü ildə Yılmaz şəriki Necati Akpınarla birlikdə Beşiktaş Mədəniyyət Mərkəzini qurur. "Sen Hiç Ateşböceği gördünmü?", "Otogargara", "Cibimde sözler", "Bana Bir Şeyhler Oluyor", "Haybeden Gerçeküstü Aşk" kimi böyük maraq görən tamaşaları yazır və bir qismini orada nümayiş etdirir. Bu müddətdə baş rollarını Dəmət Akbağ ilə bölüşdüyü "Bir Demet Tiyatro" adlı serialın ssenariliyini öz üzərinə götürür. O, həm də serialda Mükremin xarakterini də canlandırır. Ssenarisini yazdığı "Gereği düşünüldü" tamaşası ən böyük aktyor heyətinə sahib idi və 4 il müddətində nümayiş olundu.

Kino

Ərdoğan kinoya keçidi “Vizontele” filmi ilə reallaşdırdı. Filmin ssenarisini yazdı, rejissorluğunu öz üzərinə götürdü və eyni zamanda aktyor kimi də rol aldı. Nümayiş olunduğu 2000-ci ildə “Vizontele” Türkiyədə ən çox izlənilən film oldu. Onun davamı olan “Vizontele Tuuba”da da eyni vəzifələri öz üzərinə götürən Yılmaz 2003-cü ildə bu filmlə böyük müvəffəqiyyətə imza atdı.

2005-ci ildə nümayiş olunan “Organize İşler” filminin ssenarisini yazıb rejissorluğunu edən aktyor həm də baş rolda oynadı. Filmdə onunla birgə Dəmət Akbağ, Cem Yılmaz, Altan Erkekli kimi məşhurlar da rol alıb.

Şeir

İlk şeir albomu “Kayıp Kentin Yakışıklısı”nda 17 şeiri yer alır. Bundan əlavə şeirlərə uyğun səsləndirilən mahnılardan birini də özü səsləndirib.

Qardaşları Mustafa Ərdoğan və Dəniz Ərdoğan da Türkiyənin məşhur simalarıdır. Qeyd edək ki, dünya şöhrətli “Anadolu Ateşi” rəqs qrupunun yaradıcısı olan Mustafa Ərdoğan 8 il məşhur müğənni Gülbən Ərgənlə evli olub. Boşanan cütlüyün 3 övladı var.

Yılmaz Ərdoğanın, Muhsin Kızılkaya tərəfindən yazılmış və onun həyatından bəhs edən kitabı da var.

Onun ən çox sevilən və diqqət çəkən filmlərindən biri ssenarisini yazdığı, rejissorluğunu etdiyi və rol aldığı “Kelebeğin Rüyası”dır. II Dünya Müharibəsi dövründə Zonquldakda yaşayan iki şairin həyatından bəhs edən filmdə Yılmaz Ərdoğan mədənçilərin də həyatına işıq salıb. Bu ilin 13 mayında Türkiyədə baş verən və 301 işçinin ölümünə səbəb olan Soma faciəsindən çox məyus olan Yılmaz bununla bağlı “Çizmeler” şeirini yazıb.

Şəxsi həyatı

Aktyor 1993-cü ildə Sanem Oktarla ailə qurub. Amma cütlüyün evliliyi uzun müddət davam etmir və onlar 1998-ci ildə boşanır. Yılmazın bu evlilikdən Berfin adlı qızı var. Yılmaz 2006-cı il 9 avqustda 23 yaşlı məşhur aktrisa Belçim Bilginlə ikinci evliliyinə imza atdı. Cütlüyün Rodin Ərdoğan adlı övladı var.

“Kelebeğin Rüyası” filmindən sonra cütlük Amerikaya köçüb. Türkiyədə olduğu kimi, ölkə xaricində də böyük diqqət görən, hətta “Oskar” mükafatına namizəd göstərilən film Ərdoğan ailəsinin tamamilə başqa bir həyat qurmağına səbəbkar oldu. Filmin “Oscar” tanıtımları üçün uzun müddət Amerikada qalmalı olan Belçim buradan ayrılmaq istəmədi. Gözəl aktrisa oğlu Rodinlə birgə burada böyük villada yaşamağa başladı. Daha sonra Yılmaz Ərdoğan da onların yanına getdi. Bundan sonrakı həyatlarını ABŞ-da davam etdirməyə qərarlı olan cütlük oğulları Rodinin burada təhsil almasını istəyir. Cütlük artıq İstanbula qısa müddətlik gəlib geri qayıdırlar. Ərdoğanın ilk evliliyindən olan qızı Berfin də Vaşinqtondakı “Johnson and Wales University”də aşpazlıq təhsili alır.

Aforizmləri

- Acdığını deyəndə “qalx özün götür” cümləsini eşidəndə, ümumiyyətlə acmaqdan imtina edər Türk insanı.

- "Adam kimi" sevmələrin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər ağrı çəkərsən. Sonramı? Çəkdiyin ağrıyla qalarsan...

- Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.

- Bəzən sən belə "vay bə!" deyərsən özünə. Tək sətirlik adamları necə roman etmişəm könlümə.

- Çirkli bir uşaq üzüyəm qapında, amma dünyanın ən təmiz gözləriylə baxıram sənə!

- Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm.

- Əvvəllər eşqindən yataqlara düşənlər var idi, indi də eşq deyə yatağa düşənlər var.

- Fikir vermə! Eşqmi qaldı artıq? Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub.

- Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam."

- Güc kişiyə, gözəllik qadına verilir, amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur.

- Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adamdan soruşmazlarmı, bunları haqq edəcək nə etdin.

- Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir. 6 milyard insanın içində səni tapıb, daha nə etsin?

- İndi sən gedirsən deyə hər kəs sənə bənzəyəcək.

- Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanılan qız, sənin qızın ola bilər.

- Qısqanclıq deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilmərəm. Bu qədər.

- Mən gedərkən ən çox səni apardım.

- Mən də bilirdim getmə deməyi, amma meyitxanada yatan bir cəsədə, qalx gedirik demək kimi bir şey olardı bu.

- Mən sənin, məni sevə bilmək ehtimalını sevdim.

- Nəymiş? Birini seviriksə, sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş, dönməzsə heç bizim deyilmiş. Göyərçin bəsləyirik elə bil.

- Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm "Allah sevdiyinə qovuşdursun" deyər deyə.

- Sənin kimi olmaq var idi, amma Allah məni "insan" olaraq yaratdı.

- Sənə baxmaq bir möcüzəni anlamaqdır.

- Səninlə qarşılaşmağım həyatımın ən böyük səhvi idi. Sırf səninlə digər tərəfdə qarşılaşmamaq üçün halal edirəm haqqımı!

- Son siqaretim kimi idin sən, sevgilim, qıya bilməzdim çəkməyə. O, cibimdə qırıldı, sən ürəyimdə.

- Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var. Kiminin üzünə, kiminin gəlmişinə-keçmişinə...

- Tarakan başı qopsa belə 8 gün yaşayarmış. O da bir şeymi? Bəzi insanlar, bir ömür boyu beyinsiz yaşaya bilərkən.

- Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik...

- Yaxşı, qəbul edirəm, uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi udub?

- Yaşamaq sürətli ölməyin formasıdır.

- Yazıçılıq, yazmaq-uydurmaq deyil, seçməkdir.

- Yıxılıram hər keçən gün, yoxluğunun üstünə.

- Zəmanə çox dəyişdi... Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər.

# 5939 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #