Şeyx Əbdül: “Yoldaşımla restorana getmərəm”

Şeyx Əbdül: “Yoldaşımla restorana getmərəm”
17 noyabr 2014
# 09:30

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudovdur.

- Şeyx hansı yeməkləri sevirsiniz?

- Süd məmulatları və göyərti ilə aram çox yaxşıdır. Konkret olaraq qaymaq. Şamaxı rayonunda Ceyrankeçməz adlı yer var. Alim Qasımovla ora gedib təzə qaymaq yeyib gəlirəm. Uşaqlıqdan mədəmdə çox ciddi problem olduğuna görə, çalışıram ki, yüngül yeməklər yeyəm.

- Özünüz nə bişirirsiniz?

- Yemək bişirə bilmirəm. Hətta çay da dəmləyə bilmirəm. Son vaxtlar paket çay köməyimə çatır. Adətən gecə saat birdən sonra işləməyə başlayıram. Ailəm təbii olaraq o vaxt yatdığı üçün paket çayı içirəm.

- Böyüdüyünüz aran zonasının mətbəxinin özəlliyi nədir?

- Bütün nəslim tərəkəmə bəyləridir. Bildiyiniz kimi tərəkəmələr köçəri həyat tərzi keçirir. Tərəkəmələrin özlərinə məxsus konkret yeməkləri var. Bu yeməklərin bir qismi süd məhsullarından, digəri isə ətdən hazırlanır.

Mal və quş əti yemirəm. Ancaq erkək qoyun əti yeyirəm. Rəhmətlik nənəm deyirdi ki, kişi gərək erkək quzu əti yesin. Bəzi adamlar deyir ki, qoyun əti ağırdır. Amma ən ağır ət toyuq ətidir. Bir müddət əvvəl mədəmdən əməliyyat olundum və orda mənə dedilər ki, toyuq ətinin şorbası əməliyyat olunmuş insana çox ziyandır. Amma biz bunun əksini edirik. Bu fikri eşidəndən sonra nənəmin sözlərinə bir daha inandım.

- Tələbəlik illəriniz necə keçib?

- Çox ağır bir nəslin nümayəndəsi olmuşam. Yəni bizim nəsli Sovet hökuməti çox incidib. Mən bütövlükdə nənəmin himayəsində böyümüşəm. Allah bir yandan açanda bir yandan bağlayır. Baş verənlərə baxmayaraq nənəm 110, anam isə 97 yaşında dünyasını dəyişdi.

NKVD-nin qara maşınları kəndin içinə girəndə nənəm bizi gizlədirdi. Bütün bunlara görə anam və nənəm istəyirdi ki, mən ya prokuror olum, ya da polis. Özüm də bilirdim ki, kənddən yeganə çıxış yolum oxumaqdır. Ağlıma gəlmirdi ki, instituta imtahan verəm və kəsiləm. O vaxt institutdan kəsilmək həmin nəsil üçün rüsvayçılıq idi. Çünki savadın yox idisə instituta imtahan vermirdin. Əgər bir nəfər instituta girə bilmirdisə, qalıb Bakıda zavodda, ya da tikintidə işləyirdi.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Amma uşaqlıdan kinonu sevirdim. Çünki məktəbdə oxuyan vaxt iki filmə çəkilmişdim. Təsadüf belə gətirmişdi ki, bizim kənddə Nazim Hikmətin əsərinə dahi rejissorumuz Əjdər İbrahimov “Bir məhəlləli iki oğlan “ filmini çəkirdi. O filmdə qatar hərəkət olanda konfet atılacaqdı və o konfeti götürə biləcək uşaqlar lazım idi. Məni də həmin hissəyə çəkdilər.

O vaxt kinoya böyük sevgim yarandı. Mən 9-cu sinifdə olanda yenidən o kinoçəkənlər bizim kəndə təşrif buyurdular. Rəhmətlik Lətif Səfərov “Leyli və Məcnun” filmini çəkirdi. Həmin filmdə də yer aldım.

Ən maraqlısı o idi ki, filmin çəkilişləri zamanı biz 6-7 manat pul alırdıq və bu pul o dövr üçün çox yaxşı sayılırdı. Mərhum yazıçımız Fərman Kərimzadə haqqımda bir yazı yazmışdı. Yazının başlığı belə idi: “Konfetin dalınca düşüb kinoya gələn oğlan”

Sənədlərimi hüquq fakültəsindən götürüb Teatr İnstitutuna verdim. Bəxtimdən aktyor kursunu Adil İsgəndərov qəbul elədi. Bu həqiqətən çox gözəl bir şans idi.

Bizim institut Nizami küçəsində, indiki “Mac Donalds”ın yerində yerləşən iki mərtəbəli bina idi. Söhbət 1961-62-ci illərdən gedir. Həmin institutun yeməkxanasını Seyid adlı bir bakılı işlədirdi. O vaxt bizə 28 manat təqaüd verilirdi. Seyid bizə nisyə yemək verirdi, amma bir şərtlə. Gərək imtahandan yaxşı qiymət alaydıq. Seyidin şərtinə əməl edən yeməkxanada 50 qram araq da içə bilərdi.

- Ovla aranız necədir?

- Diplom filmim “Qeyri-adi ov olub. ” Amma heç vaxt ov ovlamamışam. Ova ancaq təbiətlə təmas üçün gedirəm. Dostlarla ova gedəndə özümüzlə yeyib-içmək aparıb orda yemişik. İmkan vermərəm ki, mənim yanımda kimsə heyvana güllə atsın. Məclis bitəndən sonra oradakı butulkaları qoyub onlara atəş açırıq.

- Hərbi xidmət illəriniz necə keçib?

- Bu, çox maraqlı tarixdir. 1956-cı ildə bizi məktəbdən Hacıqabul rayonuna-komsomola üzv seçməyə apardılar. Mən yaxşı oxuyan uşaqlardan biri idim.

Bu günə kimi yadımdadır. Bizi komsomola Tələt müəllim qəbul edirdi. Uşaqlar bir-bir siyahı ilə girib çıxdılar. Onlar hamısı üzv olurdular. Növbə mənə çatdı. Mən içəri girəndə Tələt müəllimdən başqa üç nəfər var idi. Komissiya üzvləri arasında bir qadın vardı. O qadının sifəti bu günə qədər yadımdan çıxmır. Qara toppuş, çatmaqaş bir qadın idi. O, komissiya sədrinin qulağına nəsə pıçıldayıb sonra mənə dedi ki, oğlum sənin yaşın çatmır. Gələn il gələrsən üzv edərik. Pərt oldum. Yolu necə gəldiyimi heç bilmədim. Həyətə girəndə gördüm nənəm darvazanın yanında oturub. Ağlaya-ağlaya dedim ki, nənə, məni komsomola üzv eləmədilər. Nənəm başımı sığallayıb qəribə intonasiya ilə dedi ki, oğlum bizi komsomola qəbul eləməzlər. İllər keçdi , aylar keçdi. Mən partiyaya üzv olmadım. “Yeddi oğul istərəm” filmində gördüyünüz Leninin imzası ilə olan 7 komsomol biletini Mərkəzi Komitənin qərarı ilə bizə hədiyyə elədilər.

Əsgərlikdən isə imtina etmişəm. O vaxtlar ipə-sapa yatmayan, idarə olunmaz insan idim. Əsgərlikdən yayındığım üçün məni həbs ediblər. Atamın vəzifəli dostu məni həbsdən buraxdırdı. Mənim üstümdə rayon “vayenkomunu ” işdən çıxartdılar.

- Şeyx, göz dəyməsin, bu il 70 yaşınız oldu, amma sizə baxanda maksimum 55 yaş vermək olur. Bunu necə bacardınız?

- Birincisi, bu insanın genetikası ilə bağlıdır. Bizim nəsildə adamların çoxu uzunömürlüdür. Kişilərimizi öldürməsəydilər, bəlkə də onlar çox yaşayırdılar. İndi ailədə 7 uşağıq. Ən balacası mənəm. Mənim də 70 yaşım var. Məndən böyüklər də maşallah, sağlamdırlar.

İkinci səbəb isə odur ki, bizim ailədə çox yüksək səviyyədə etik normalar var. Yəni, mən-şəhər mühitində yaşayan adam-evə gəlirəmsə nəvələrim, övladlarım hamısı qapıya gəlirlər. Yadıma Şeyx Şamilin bir sözü düşdü. Biri Şeyxə deyir ki, Şeyx həzrətləri, sizdə bu hörmət-izzət haradandır? Şeyx deyir ki, arvaddan.

Mənə aid olan bir şey var. İnsanın gərək ruhi, içi təmiz olsun. Ən uzaq adamların yaxşı işinə də uşaq kimi sevinmişəm. 3 dəfə Məkkə ziyarətində olmuşam. Orda xalqıma dua etmişəm, özümə yox.

- İlk dəfə sevgilinizlə harada yemək yemisiniz?

- Bütün uşaqlar kimi ilk dəfə məktəbdə sevmişəm. Bu, platonik məhəbbət idi. Uzun illər həmin xanımı sevdim. O qadın indi başqa bir ailədə yaşayır. Həmin insanla mən də , uşaqlarım da əlaqə saxlayır. Mən 33 yaşımda öz tələbəmlə evləndim. Maddi vəziyyətim və ev məsələmi həll edəndən sonra evləndim. Çünki nə cür məhəbbət olur-olsun kirayə evdə yaşayanda məhəbbətin 50 faizi gedir. Həyat yoldaşım əslən cənub zonasındadır və Bakıda anadan olub. Bizim aramızda qarşılıqlı hörmət var. Mən ailədə çox şən insanam. Övladlarıma, nəvələrimə bütün Azərbaycan folklorunu, ədəbiyyatını öyrədirəm.

Amma yoldaşımla ilk dəfə harada yemək yediyim yadıma gəlmir. Biz ancaq dost-tanışların xeyir işləri olanda restorana gedirik. Amma yoldaşımla ayrıca restorana getməyim mənim xarakterimə ziddir. Yoldaşımla restorana getmərəm...

# 3573 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
# # #