Homoİnternet

Homoİnternet
13 noyabr 2014
# 13:53

İnternetin yaratdığı insan tipi

Cem Yılmazın məşhur zarafatını xatırlayaq: “Mobil telefonlar olmadan nə edirdik? İndi guya nə edirsən ki?!”

Axşam telefonunu bağlayıb, modemin düyməsin söndürüb, köhnə yazıçılar demişkən, papağını qabağına qoyub düşünürsən ki, bu sürət əsri adlandırdığımız yeni dövrdə nə edirik?

Mən klişe yanaşmaları bir kənara qoyuram: yox, Facebookda insanlar çox zaman xərcləyir, yox, virtual aləm insanı özgələşdirir və s.

Hər gün önümüzə axan bu informasiya seli bizi öz axarına salıb aparır.

Biz bu sürətə hazırıqmı?

Xəbər lentlərində gördüyümüz zorlama, intihar, qəza xəbərləri bizim beynimizi kütləşdirir, ölümün statistika kimi qəbul olunduğu bir dövrdə yaşayırıq.

Yeni dostluqlar, yeni tanışlıqlar və əlbəttə ki, yeni düşmənçiliklər bizə nə verir?

Biz də daxil olmaqla dünya indi bu nəhəng sürəti idarə etmək haqqında düşünür.

Sürətlə gedən və idarəetməsi itmiş maşın kimiyik, təcrübəmiz çox azdır.

Özəl həyatımızla sosial həyatımızın keçid nöqtəsi haradır?

Doğrudanmı, bizim kiminləsə qəhvə içməyimiz dost siyahımızda olan bir neçə min adam üçün çox maraqlıdır?

Minlərin gözü qarşısında sevirik, nifrət edirik, qəzəb püskürürük, kimisə lağa qoyuruq, kiməsə tərif yağdırırıq.

Və bu “axan ulduz işığının selində” özümüzü tapmaq, qədim müdriklərin dediyi kimi, özümüzü dərk etmək doğrudanmı prioritet deyil?!

Bütün bu virtuallıqların fonunda gerçək həyatımızı yaşaya bilirikmi?

Bəlkə insan övladı bu nəhəng sürətə əsrlərdir ehtiyac duyurmuş...

Uçan xalça nağıllarını biz qoşmadıqmı?

Əslində vəziyyətin pis olduğunu iddia edən pessimistlərlə bir cərgədə durmuram.

Sosial şəbəkələr, internet insan həyatını asanlaşdırır, ünsiyyəti daha da sıxlaşdırır, bizi birləşdirir, daim əlimizin altında olan o cihazla öyrənmək istədiyimiz hər şeyi öyrənə bilirik.

Artıq heç kimin yaddaşında ensiklopediya gəzdirməsinə gərək yoxdu.

Artıq heç kimin tarixləri, illəri əzbərləməyinə ehtiyac yoxdu.

Bununla belə analitik təfəkkürə ehtiyac hər zamankından daha çoxdur.

Bütün bu informasiyalar əl altındadır, bəs ondan lazımi dərsləri kim çıxardacaq?

Bu bilik tıxacı içində təfəkkürümüz tıxacdan çıxıb həqiqətə doğru yol almalıdır.

İndi insanın özünü yetişdirməsi çox daha asandır.

İndi insanın mənəviyyat haqqında düşünməyə daha çox vaxtı var.

Texnikanın sürətli tətbiqindən, biliyin sürətli yayılmasından qənaət edilən zaman insanın özünə xərclənməlidir.

Yüzillərdir bilik təbii inhisarda olub, Orta Əsrlərdə bir kitab indiki qiymətlə götürsək 3-4 min dollar idisə, bu gün biz kitabı internetdən havayı oxuyuruq.

Sovet zamanında Quranın rusca tərcüməsini oxumaq üçün Axundov kitabxanasına xüsusi ərizə yazmaq lazım idisə indi bir toxunuşla onlarla Quran tərcüməsini əldə edirik. Hətta səsli variantlarını dinləyirik.

Sovet senzurasının icazə vermədiyi kitabları oxumaq mümkünsüz idisə, indi bu, ancaq bir xəyal kimi görünür.

Min bir əziyyətlə tapılan xarici mahnılar Youtube ilə evimizə gəlib.

Bu mənada insanı özü haqqında düşündürməyə, özünü tapmağa kömək edən bütün məxəzlər əl altındadır.

Bu mənada insan irqinin internetlə imtahanı fonunda məhv olacağı kimi qorxunc proqnozlarla razılaşmaq mümkün deyil.

İnsanlar bu gün bir neçə il əvvəlki vəziyyətdən daha asan bilik əldə edə bilirlər.

Gələcəkdə pulsuz olacağı deyilən internet zatən indi də çox ucuzdur. Aylıq xidməti 2 kitabın qiymətinədir.

20 il qabaq kiməsə fantastik görünə bilərdi, indi dağ başında oturub telefonla dünyanın bütün qəzetlərini oxumaq mümkündür.

Məsələ yalnız biliklə də məhdudlaşmır, internet insanları getdikcə daha tolerant olmağa məcbur edir.

Dünənə qədər bir-birini tanımayan ən müxtəlif dini, milli qruplar indi bir-birini virtualda tanıyır, bir-biri haqqında mifləri dağıdır və ortaq nöqtələr tapırlar.

Biz əslində insanlığın intibahı dövründə yaşayırıq.

İnsan olmaq heç bir dövrdə indiki qədər asan olmamışdı!

# 1821 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #