Mini yubkanın  fəlsəfəsi ...

Mini yubkanın  fəlsəfəsi ...
13 noyabr 2014
# 13:37

Qış fəsli yavaş-yavaş gəlib çıxır. Havalar soyuyur, sular donmağa başlayır. Ağaclar tamamilə çılpaqlaşır. Hə bir də bəzi insanlar çılpaqlaşır...

Yayda çılpaqlaşan insanlar çox diqqət çəkməsələr də, payız-qış aylarında çılpaqlaşanlar tez nəzərə çarpırlar. Sanki onlarda olan istilik sistemi heç başqa ölkənin məktəblərində belə yoxdur.

Bu gün müşahidələrimə əsasən deyə bilərəm ki, şəhərdə parça qıtlığı var. Günbəgün qısalan paltarların izahını başqa cür vermək olmaz axı. Bu qısa paltarları geyinən insanlar da narazıdırlar bu haldan, yoxsa geyindikləri yubkaları niyə dartışdırsınlar ki, aşağıya doğru ?!... Yubkaların qısalığından əziyyət çəkən bu gözəl insanlarımız ən çox əziyyəti bu yubkaları aşağı dartışdırarkən çəkirlər. Heç ürək dözmür bu zülmə...

Geyinib mini-mini bir yubka, ya da don... getməyə çalışır şəhərin göbəyi ilə məğrur-məğrur. Ancaq bu məğrurluq çox vaxt biabırçılıqla nəticələnir...

Necəmi? ...

Danışım qulaq asın.

Keçən dəfə bir xanım bu səbəbdən çox utandı. Sırf o yubkanı elə qısa edən dərzinin və yaxud o firmanın, markanın sahibinin ucbatından.

Yazıq xanım nə etsin axı? Başına hansı daşı salsın axı?

Biz Nyu-Yorkda yaşamırıq axı... Bizdə paltar tapmaq çətindi, tapa bilmir də normal ölçüdə, normal uzunluqda paltarı yazıq xanım. Bu cür qısa, mini paltarlardan savayı heç nə yoxdur bizim mağazalarda. O əslində heç istəmir ki, çılpaq dolaşsın şəhərin küçələrində. Məcbur alır bu yubkanı, keçirdir bədəninə. Dikdaban ayaqqabı ilə də kombin edir geyimini. Sonra çıxır şəhərə, iki addım atmamış bir qaqaş çıxır böyürdən xanımı o qədər bezdirir ki, xanım yerişini itirir üzü üstə yıxılır küçənin ortasına...

Ya da başqa bir fakt, bu cür qısa geyimlə minir marşruta, avtobusa və sair bu kimi nəqliyyat növlərinə, maşına minəndə xanımın çəkdiyi zülmü yazmaqda qələm aciz qalır. O pillələri zülm ilə çıxır, iki-üç dəfə səndələyir, az qalır yıxılıb-ağzı burnu qanasın, yubka o qədər dardı, o qədər qısadır ki... Yazıq xanım lap qalır əlacsız... Hamısı o firmanın, o markanın, o dərzinin günahıdır axı... Hələ zülm bununla da bitmir, qadın tez-tez bunları eşitməyə başlayır “xanım gözəl ayaqlarınız var” (ayaqlar əyri olsa da, çirkin olsa da yenə də eyni sözlər təkrarlanır nədənsə), xanım 0505... və sair və ilaxır... yazıq xanım nə qədər zülm çəkir bir biləniz...

Bu anda bir neçə qol uzanıb xanımı yad planetlilərdən qorurmuşcasına qalxan rolunu oynayır. Latoklar, sözlər, sürtünmələr, dürtünmələr nəhayət ki, dayanacaqda dayanır nəqliyyat növü. Xanım və arxasında ordu yola davam edir.

Mağazalarımızda satılan 36-38 ölçülü lasinalar və taytları demirəm hələ... Xanımlarımız bu lasinaları əyinlərinə təpişdirərkən çox əziyyət çəkirlər.

Doğrudur, bizim qadınlarımızın hamısı 36-38 ölçüdədir. İncə millətik axı biz. Səhv bu paltarların emblemlərindədir. Yoxsa bizim xanımlarımız dəhşət incədirlər.

Mağazalarımızdakı paltarların emblemlərində olan səhvlər qadınlarımızda psixoloji gərginlik yaradır. Kimisi 36 ölçülü lasinanı əyninə təpişdirməkdə ona kömək etməyən sevgilisindən küsüb inciyir, kimisi partlatdığı lasinanın ya da yubkanın pulunu almaq istəyən satıcıdan. Allah bu emblemləri yalandan yazanlara insaf versin.

Xanımlarımızın göz yaşlarının, əsəb gərginliklərinin haqqını necə ödəyəcək onlar bilmirəm. Mağazada gərginlik yaşayan bu xanımlar rahatlamaq üçün şaurmaçıya, ya da dönərçiyə gedirlər. İki dönər və iki ayrandan sonra yazıq xanımlarımız ruhsal rahatlıq tapırlar.

Mən sonda xanımlarımıza səbir diləyir, onlara sağlam psixologiya, sağlam həyat tərzi, sağlam seçim etmək qabiliyyəti arzulayıram ...

# 2583 dəfə oxunub

Oxşar xəbərlər

# # #