“Azərbaycan kinosunun cinsi kişidir, amma...”

“Azərbaycan kinosunun cinsi kişidir, amma...”
5 noyabr 2014
# 23:33
"Əhməd haradadır" filminin kəm-kəsirini məndən yaxşı bilən yoxdur. Amma tamaşaçı filmə baxanda bu kəsirləri görə bilməz. Deyirlər ki, qız qaldıqca qızıla dönür, məncə, kino qaldıqca qızıla dönür". Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, “Əhməd haradadır” filmində sürücü Əhməd obrazını canlandıran əməkdar artist Elxan Qasımov səsləndirib. Onun fikrincə, Azərbaycan kino məktəbi yoxdur demək asandır: "Elə isə bu rejissorlar haradan yetişib, filmlər necə çəkilib? Mütəmadi olaraq kino öz işini görür, çünki yaradıcı işdir. Film böyük bir dövrü əhatə edir, aylarla, bəzən isə illərlə çəkilişlər olur, film ərsəyə gəlir. O dövrdə də sənətlərin birləşmiş forması kino idi. Təsəvvür edin ki, əgər Azərbaycan teatrı olmasaydı, Azərbaycan kinosu olmazdı, Azərbaycan ədəbiyyatı güclü olmasaydı, kino olmazdı. Azərbaycan kinosunun görkəmli nümayəndələri olub, tərbiyəvi filmlər çəkilib. Məsələn "Ögey ana" filmi orta səviyyəli kino sayılır, amma görün nə qədər böyük iş gördü. Kino ögey ana problemini ortaya qoydu və bu problem ekranda bədii həllini tapdı". Aktyor kino sənətinin xalqa tanıdılmalı olduğunu deyib: “Evə qonaq çağırmaqdan əvvəl evi təmizləyir, sonra qonağa buyur əyləş deyib, süfrə açırıq. Kino sənəti də belədir, biz də gərək özümüzü xalqa göstərək. İndiki filmlərin tamaşaçısı yoxdur. Mən kinonu müdafiə edirəm, bilirəm ki kino var, amma məktəb keçmək lazımdır. Tamaşaçı baxa biləcəyi film istəyir. Bəzən kino bitməmiş onun haqqında fikirlər söylənilir, amma kinonun çəkilişi başlayıb qurtarmalıdır, qurtarmamış onu şedevr adlandırmaq olmaz. Tamaşaçıları aldatmaq düzgün deyil. Film bitəndə mən filmi sizə verirəm artıq film mənim deyil, işıqlar sönəndən sonra əgər qəbul etsəniz, film oldu sizin olacaq”. Elxan Qasımov Azərbaycan kinosunun uzun illər yaşayacağını bildirib: “Mən optimist adamam, inanıram ki, Azərbaycan kinosu ölməyəcək, onu ölməyə qoymayacağıq. Gərək mövzulara münasibət aydın olsun, ölkəmizdə senzura yoxdur, amma beyində senzura olmalıdır. Açıq-saçıq səhnələrdə də estetik zövq olmalıdır. İki yüz ildir belə bir fraza var: “Belə getsə yüz ilə dünyanın axırıdır”. Amma dünya davam edir, biz dəbə uyanda bizə gülürdülər, amma hər şeydə bir əndazə olmalıdır". Sərbəstliyə qarşı olmadığını deyən rejissorun fikrincə görüntü göstəriş olmamalıdır: "Müəyyən qaydalar var ki, hamı bunu bilir, çərçivəyə alınmayan, çətin olmayan hər şey ucuz görünür. Kino sənəti də belədir. Azərbaycan kinosunun cinsi kişidir, təəssüf ki, kinoda da cinsiyyəti dəyişmək istəyirlər, amma alınmır. Azərbaycan kinosu hələlik ağdır, bəzən başqa rənglər olur, onda mavilik hələlik yoxdur”. Müəyyən filmlərə münasibət bildirən aktyor deyir ki "Girov" filmində heç də qıcıqlandırıcı bir şey yoxdur: "Biz gərək bir tərəfdən ağlayanda bir tərəfdən gülməyi də bacaraq. Adətən müharibə filmləri müharibədən 20-30 ildən sonra çəkiləndə gözəl olur. Müasir həyatdan film çəkmək çətindir. Sənətdə də bəzən insanın fikrini cəlb edən mənfi şeyləri az göstərmək, bilməyərək müsbət göstərmək lazımdır. Serialların səviyyəsindən razı deyiləm, mən istəyərdim ki yaxşı seriallar olsun. Bizdə hər şey bünövrədən zəifdir, amma yavaş-yavaş düzəlməyə doğru gedir. Əlbəttə ki pul istedadı əvəzləmir, amma bizim texnikamız yaxşı olmalıdır ki, yaxşı seriallar alınsın. Seriallar olacaq, materiallar çoxdur. Düşünürəm ki, Türkiyə kinosu bizdən sadəcə yarım addım qabaqdadır, onlarda pafos çoxdur. Bizdə birinci olmayan sənətkarlarımız orda ali səviyyəli sənətkardır. Kino sintezdir, əlbəttə ki, yenə də "Dəli Kür”lər olacaq, "Axırıncı aşırımlar" yazılacaq. Mənim də ürəyimdən dramatik əxlaqi filmlər çəkmək keçir, təxminən "Qılınc və qələm" səpkidə. İstəyirəm aktyor oyunu olsun, kinoların insanlara əxlaqı köməyi dəysin, çünki sənətdə əxlaq birinci növbədə olmalıdır”.
# 714 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər