Mən tələsmirəm

Mən tələsmirəm
3 noyabr 2014
# 13:23

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər –

Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər güllə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən – dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən?

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm,

Mən tələsmirəm!

# 3411 dəfə oxunub

Oxşar xəbərlər

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər