Qadağan olunmuş yerdə çəkilmiş film

Qadağan olunmuş yerdə çəkilmiş film
29 oktyabr 2014
# 09:30

“Ən yeni Azərbaycan kinosu” LAYİHƏ

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “Niyyət”

Çəkildiyi il: 2010

Xronometaj: 82 dəqiqə

Rejissor: Samir Kərimoğlu

Ssenari müəllifi: Yavər Rzayev

Operator: Nadir Mehdiyev

Rollarda: Fuad Axundov, Rövşən Məmmədli, Nahidə Əliyeva, Elşən Rüstəmov, Münəvvər Əliyeva

İstehsalçı şirkət: Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

Süjet: Filmin baş qəhrəmanı Cahangir qumarbazdır, digər qəhrəman Arif isə dindar, zəhmətkeşdir. Günlərin birində müxtəlif həyat tərzi olan qəhrəmanları tale rastlaşdırır.

Film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çəkilib.

Dosye: Samir Kərimoğlu 1974-cü ildə Bakıda doğulub. 1990-cı ildə Futurologiya İnstitutunun menecment fakültəsinə daxil olub, 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb. Antalyada turizm sektorunda çalışaraq qazandığı 6 illik uğurlara baxmayaraq, 1999-cu ildə Azərbaycana dönür.

Rejissorluq fəaliyyətinə ilk dəfə 2002-ci ildə çəkdiyi kliplə başlayan Samir, 2003-cü ildə keçirilən Beynəlxalq AudioVizual Festivalda MUSİC LEE qrupuna çəkdiyi klipə görə -“ən yaxşı klip” nominasiyasında diplom qazanır. “Qanadlarıma sığal çək”, “Sirat körpüsü”, “Niyyət”, “Mən evə qayıdıram” filmlərinin müəllifidir.

Rejissorla söhbəti təqdim edirik.

- Sizin bütün filmlərinizdə kriminal element var. Kriminal element sizin üçün sadəcə ifadə vasitəsidir, yoxsa kriminal filmlərə maraqdan doğur?

- Bəlkə də həmişə aktual olduğundan kriminal hadisələr hər kəsin diqqətini cəlb edir. Ona görə döyüş, detektiv janrında olan filmlər-hətta kitablar ən gəlir gətirən filmlər siyahısındadır. Doğrusu, kriminal elementlər mənim hər filmimdə yoxdur, sadəcə, "Sirat körpüsü" və hərbi-vətənpərvərlik mövzusunda olan “Mən evə qaydıram” filmində yer almışdı. Bəlkə gələcəkdə daha geniş şəkildə bu mövzuya toxundum, amma hazırda başqa janrlarda çəkdiyimə görə buna hələ ki, ehtiyac görmürəm.

- Dediniz ki, kriminal elementləri olan filmlər gəlir gətirir. Bu mənada “Sirat körpüsü” və Mən evə qayıdıram” gəlir gətirdimi?

- Mən xarici filmləri nəzərdə tuturam. Azərbaycanda isə kommersiya filmləri istehsalat inkişafına yeni başladığı üçün hər hansı gəlirdən danışmaq çox tezdir. Gələcəkdə isə bu filmlərin Azərbaycan sərhədlərini aşıb keçəcəyinə inanıram.

- “Niyyət”in ssenari müəllifi Yavər Rzayevdir. Çəkiliş zamanı hansısa dəyişikliklər etdinizmi? Yoxsa ssenari tam ürəyinizcə oldu?

-2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" layihəsində Orxan Fikrətoğlunun "Küçə" hekayəsi əsasında çəkdiyim "Qanadlarıma sığal çək" filmi ilə qalib oldum və mənə tam metrajlı film çəkmək həvalə olundu. Təklif olunan ssenarilər arasında "Həcc" diqqətimi cəlb etdi. Ssenari müəllifi Yavər Rzayevdi. Yavər müəllimlə görüşdüm və məlum oldu ki, o, bu ssenarini özü üçün yazıb. Yəni bu filmi həm də rejissor kimi həyata keçirmək istəyirdi. Ssenaridəki qəhrəmanları isə Cahangir Novruzov və Arif Quliyev üçün yazıb.

- Məlumatınız varmı niyə məhz bu aktyorlar üçün?

- Mən daha artıq informasiyaya malik deyiləm. Ona görə bu suala Yavər müəllim özü dəqiq cavab verər.

- Çəkilişlərdə Yavər Rzayev iştirak edirdimi? Edirdisə müdaxilələri oldumu? Çünki o da rejissordur.

- Mən Yavər Rzayevin razılığı ilə qəhrəmanları dəyişdim və ssenariyə çoxlu yeniliklər gətirdim. Yavər müəllim özü də rejissor olduğuna görə heç bir müdaxilə etmədi. Ümumiyyətlə, onunla davamlı olaraq filmi müzakirə edirdik. Çəkilişlərdə isə Yavər müəllim iştirak edə bilmirdi, çünki özü “İlahi məxluq” bədii filminin üzərində çalışırdı. Amma film tam hazır olandan sonra baxdı və dedi ki, Samir, bu, çox yaxşı filmdir, amma mənim deyil. Nə vaxtsa öz düşündüyüm kimi ssenarini çəkərəm. Yavər müəllim çox fərqli yanaşardı və mənə də bu film maraqlı olardı.

- Məkkədə çəkilişlər necə keçdi?

- Biz Məkkəyə sıxlıq olmasın deyə, Umrə zamanında beş nəfərlik qrupla getdik. Ziyarətə gələnlər hədsiz çox idi. Beş gün çəkiliş apardıq. Çox maraqlı və həddən artıq çətin oldu. Maraqlı ona görə ki, hər dəfə fotolardan, televiziyadan, filmlərdən izlədiyim möhtəşəm Kəbə evinin bir addımında dayanmışdıq. Çətin ona görə ki, burda çəkiliş etmək qəti qadağandır. Həddən artıq böyük stress yaşadım, çünki bu çəkilişlər filmin əsas nöqtəsi idi və həmin epizod olmasaydı film çəkilməyəcəkdi. Amma şükür ki, çətinliklərə baxmayaraq çəkilişlər alındı.

- Məncə, “Niyyət” dinin təbliğatı üzərində qurulan filmdir. Məqsədiniz bu olub?

- Niyyətim hara idisə məqsədim də ora oldu.

Film boyu iki qəhrəman özünün kimliyini, şəxsiyyətini göstərir. Eyni dərəcədə. Hətta Cahangir obrazı daha parlaqdır, nəinki Arif obrazı. Cahangir Arifi öz yoluna dəvət eləsə də, Arif Cahangirə heç bir öyüd-nəsihət vermir. Sadəcə, o, saflığı, səxavəti, mənliyi ilə qalib gəlir. Yəni düzgün ifadə eləsək, bu film daha çox insanlığın təbliğatıdır.

- Sonda ərinə xəyanət edən qadın, qumarbaz qəhrəman tövbə edir. Və filmdə katarsis dindən doğur, filmin dramaturji yükündən gəlmir. Yəni bir növ dini motiv çox qabardılır, ümumən danışılan əhvalatı kölgədə qoyur. Yoxsa mən yanlış anlamışam?

- Razılaşın ki, bütün normal cəmiyyətlərdə xəyanət də, qumar da pis əməllər siyahısındadır. Bu əməlləri edən hər insan vəziyyəti dərk elədiyi zaman peşman olar və imkan daxilində pis yoldan uzaqlaşmaq istəyər.

Universiteti qırmızı diplomla bitirmiş, cəmiyyətə lazımlı sağlam kadr kimi itmiş Cahangirə bu imkan düşür, (Arifin simasında) o, bu ipdən yapışır və yaşam tərzini dəyişməyə qərar verir. Diqqət etsəniz, film boyu heç bir dini termin işlədilməyib...Arif deməyib ki, gəl namaz qıl, oruc tut, qumar oynama... Ona görə "katarsis dindən yox, dramaturji xəttə uyğun olaraq Arifin uşaqların sevincindən danışdığı zaman baş verir.

- Ərinə xəyanət edən qadını xristian olaraq göstərmisiz. Düşünülmüş şəkildə bunu etmisiz? Yəni müsəlman qadın xəyanət edə bilməz, namusludur və sairə. Yoxsa filmdə kilsənin də yer alması multikulturalizmin əlamətidir?

- "Niyyət" filmini istər Azərbaycanda, istər başqa ölkələrdə festivallar zamanı çox müsbət qarşılayıblar: Qazaxıstanda yaşlı rus qadının dilindən eşitdiyim təşəkkürlər, bir rahibin dediyi müsbət fikirlər-qeyd edim ki, film Vatikanda da göstərilib-, neçə il atasının qəbrini ziyarət etməyən alman qadının filmdən sonra təsirlənməsi və atasının qəbrini ziyarət etməsi, Braziliyada konqresmenlərin alqışlaması, Nyu-Yorkda nümayişdən sonra amerikalı tələbələrin duyğulanması...

Azərbaycanda da “Niyyət”in Zirvə mükafatı alması filmin əsas məqsədinə çatmasını göstərir.

Ümumiyyətlə öz filmlərimdə bir neçə dildən istifadə eləməyi xoşlayıram. O, qadının katolik olması ilə həm Azərbaycanda tikilmiş kilsənin gözəl vizual görüntüsünü, həm də digər bütün dinlərə eyni dərəcədə hörmət qoyulmasını vurğulamaq istəmişdim. Bu mövzu daha ətraflı Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə birgə istehsal etdiyimiz tolerantlıq haqda çəkilən “İnam” filmində göstərilib. Onu da deyim ki, aktrisa Nahidə Əliyevanın real həyatda da katolik olması onun obrazına daha da rəng qatdı. O ki qaldı müsəlman qadınının xəyanət edib -etməməyinə. Təbii ki, edə bilər. Müsəlman olmaq heç kəsi məsuliyyətdən azad etmir. Yalnız imanlı qadın və ya kişi dinindən asılı olmayaraq buna yol verməz.

- Filmdən belə çıxır ki, Arif dünyaya hamını doğru yola qaytarmaq üçün gəlir. Hətta öləndən sonra Cahangirin gözünə Məkkədə görünür. Burda onu az qala peyğəmbər səviyyəsinə qaldırmaqla şişirtməyə yol verməmisiz ki?

- Doğru yola qaytarmaq hamımızın borcudur. Halal, haram, günah, doğru, yaxşı, pis məfhumu varsa, artıq hər şey açıq və bəllidir. Bir kimsə sənin yanında pis iş görürsə və sən onun qarşısını almırsansa istər-istəməz ona şərik olursan. Peyğəmbər səviyyəsində artıq heç kəs ola bilməsə də, o səviyyəyə qalxmağa hər kəs cəhd eləməlidir. Arif də Cahangirə məhz islam peyğəmbərinin buyurduğu kimi heç bir zor (məcazi mənada) tətbiq etmədən öz mənliyi, dürüstlüyü ilə qalib gəlir, onu pis əməllərdən çəkindirir.

“Niyyət” filminin sonu çox tanınmış hədislər əsasında formalaşıb, simvolikdir. Yəni imanlı kəs Həcc ziyarətinə gedə bilmədi, amma özü təmiz və niyyəti o qədər saf idi ki, onu orda ziyarət edən görüblər.

- Dinə bağlı olan əhvalatı birbaşa təsvir etmisiz. Yəni sanki bir dindar hədis danışaraq deyir ki: ey insanlar dinə, imana gəlin. Yəni əhvalatı başqa cür interpretasiya mümkün deyildi?

- Başqa cür interpretasiyaları başqa rejissorlar başqa ssenarilərlə, başqa filmlərdə edər… Məsələn, Pedro Almodovar bu filmi tamam başqa cür çəkərdi.

- Cahangir rolunun ifaçısı Fuad Axundov peşəkar aktyordurmu, yoxsa?

- Xeyr, Fuad Axundov peşəkar aktyor deyil, amma professional aktyor ansamblını çox gözəl tamamladı.

- Yeni nə üzərində işləyirsiz?

- Bu yay komediya janrında "Xoxan"adlı film işlədim. Fərda və Elməddin baş roldadılar. Hazırda isə çox fərqli layihə üzərində işləyirəm,- “Məlik Məmməd: Zülmətdən Nura”. Bu həm film, həm tamaşa olacaq.

Ssenarini Rəşad Süleymanoğlu nəzmlə yazıb. Ümidvaram ki, bu tamaşadan sonra suallarınız üç dəfə artıq olacaq.

# 6109 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #