Bir şəklin tarixçəsi

Bir şəklin tarixçəsi
27 oktyabr 2014
# 12:04

Bir şəklin tarixçəsi

esse

Vaqif Səmədoğluna ithaf olunur

Orta məktəbdə bir köntöy rus dili müəllimimiz vardı. Məktəbdə foto işini canla-başla boynuna götürmüşdü. Bu ağır və şərəfli işin öhdəsindən böyük həvəs və təmkinlə gəlirdi. Müəllimliyin demirəm, fotoqraflığın… “Tvar”ın da yekəsiydi.


Bacımla bir sinifdə oxuyurduq. Günlərin bir günü kollektiv şəkil çəkdirirdik. Əlbəttə hər ikimiz sinif yoldaşlarımızın arasındaydıq. Birdən bu fotoqraf müəllim zəvzək qulaqaparan səslə soruşdu:


- Siz hər ikiniz şəkil götürəcəksiniz, yoxsa?

Mən də uşaq vaxtı bekara kəkələyirdim. Dedim:

- Нı-yı-yı-yox, i-i-ikimizə bi-bi-bi…

Sözümü deyib qurtarmamışdım qayıtdı ki, onda tez biriniz çıxın kadrdan, plyonkanın rəngi boş-boşuna getməsin!

Açığı bərk utandım. Başımı aşağı salıb çəkildim bir kənara. Yenicə kəsilmiş ağacın nəm kötüyünü xırda-xırda təpiklədim. Həmin gün heç axırıncı dərsə də girmədim. Gedib sakitcə çantamı götürdüm, sürütləyə-sürütləyə üz qoydum evə sarı.

Ertəsi gəlib bir “məmməd”dən (indiki 20 qəpik) pul yığdı. 2-3 gün sonra şəkilləri payladı. Hamı həvəslə cumdu şəkillərə. Mən yenə utanaraq, keçdim arxa partaya. Sinif yoldaşlarım bir-bir əllərindəki şəklə baxır, ilk olaraq özlərini tapıb şəkildə necə düşdüklərini ləzzətlə seyr eləyir, daha sonra şəkildə özlərini başqaları ilə müqayisə edirdilər. Hətta “Şaqqulağ Orxan”a da elə gəlirdi ki, hamıdan yaxşı o düşüb. Üzündə təxminən qalibiyyət hissinə yaxın bir ifadə vardı. Lənətə gəlmiş maymaq!

Mən isə oğrun-oğrun yanlarından keçib gedirdim. Və gözaltı bütün şəkillərə baxıram. Ki, bəlkə hansındasa düşmüşəm. Sovxaya qalsın o şəkilləri! Heç birində yox idim. Barı qolumun biri, ya ayaqqabımın burnu düşsəydi bu dəqiqə bir manat… yox, on manat… Əşşi, nə isə. Xərci nə qədərdirsə həmin şəkildən alardım.

İllər sonra bacımın albomunda həmin şəkillə rastlaşdım. Heç demə kadrdan çıxandan sonra sıxlaşıb mənim boş qalan yerimi doldurmayıblarmış. Baxdım, şəkildəki yoxluğum çəkilmiş diş yeri kimi görünürdü. Ən ağrılısı isə bilirsiniz nədir: şəkildə bütün uşaqlar obyektivə baxır, bacım isə bir neçə addım kənarda dayanmış mənə... Özü də elə baxır, elə bil o, yenicə kəsilmiş ağacın nəm kötüyünü təpikləyə-təpikləyə harasa la..a..p uzaqlara getmişəm. Və bir daha geriyə qayıtmamışam. Ey, kaş böyük istedadım olaydı, Allah haqqı daha dəqiq bənzətmə tapardım.

Bu boyda ömrün içində yeganə fotoşəkildir ki, orda necə varam, elə də düşmüşəm. Hətta mənə elə gəlir həmin şəklim bütün ömrümü ifadə eləyir. Məndən olsa həmin şəkildəki boşluğu çıxartdırıb, böyütdürüb evdən, iş yerimdən, ofisimdən asardım (İş yerim, ofisim-filan yoxdu, zarafat edirəm). Hətta başdaşıma da həmin şəklin həkk olunmasını istəyərdim. Di gəl, o səadət hardan? Elə bilirsiz başdaşılı qəbirdə olmaq asan şeydi? Ümumiyyətlə qəbri olmaq böyük səadətdi. Ən gözəli isə dənizdə boğulmaqdı. Heç kəs öldüyünə inanmır. Hamı səni gözləyir. Mütləq, mütləq e mütləq, haçansa bir gün, lap yaxınlarda qayıdıb gələcəksən. Sənsə yubanırsan. Hər gün yubanırsan. Və heç vaxt da gəlmirsən. Amma, səni tanıyan bütün adamlar dənizə baxanda səni görürlər. Allah haqqı, düz sözümdü, suda boğulan adamlar dənizdə yaxşı "düşürlər". Necə ki həmin şəkildə mən düşmüşəm…

Belə...

# 4278 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #