writer1

Türkan Turan

Məqalə sayı

3
clock17:41 calendar-gray 24 Oktyabr 2014 view-gray1029 dəfə oxunub
view-gray1029 dəfə oxunub

Hər dəfə ilk dəfə sevirmiş kimi sevmək

Hər şeyin keçdiyinə ilk dəfə aşiq olanda inandım. Uşaq ruhu və ağlı ilə aşiq oldum, elə düşünürdüm ki, o olmasa öləcəm. Amma o olmadı və mən ölmədim. İlk dəfə həmin vaxt əmin oldum ki, hər şey keçir.

Üzərindən illər keçdi. Yolum klinikalara düşdü. Həkimlər, professorlar, çarəsiz baxışlar, ard-arası kəsilməyən analizlər, deşilən damarlar, alınan cavablar, ümidsiz təhlillər... Başqa klinikalara göndərilmələr, hər klinikada fərqli fikirlər.

Hətta həkimin “gecikmisiniz” ifadəsi məni çökdürmüşdü. Bu ifadə məni etdiklərim yox, edə bilmədiklərim üçün ağrıtmışdı. Günlərlə davam edən analizlərdən, xəstəxana qoxularından, həkimlərdən, tərəddüdlərdən sadəcə qaçmaq istəyirdim. Planlaşdırmışdım da, amma gerçəkləşdirmədim.

O ərəfələr sadəcə yuxu kimi görünürdü. Hətta əməliyyatdan imtina edən həkimlərin olması belə məni qorxuda bilməmişdi. Həkimlərdən birinin “Təcili əməliyyat olunmalısan” deməsi içimi titrətsə də gülümsəmişdim. Gülümsəməklə vecimə almadığımı göstərmişdim. Halbuki içim qan ağlayırdı. Həmin an bütün sevdiklərim gözümün önünə gəlirdi. Qəlbin qırdığım insanlar, incitdiklərim, küsdürdüklərim... Düşünürdüm ki, bir daha o otaqdan-əməliyyat masasından qalxa bilməyəcəm. Qorxular, tərəddüdlər içimdə tüğyan edirdi. Amma elə əzəldən qorxuları içimə gömməyi, dəf etməyi öyrəndim.

Əməliyyata qədər hazırlanma prosesi oldu, yenə də qorxu tərəddüdlər məni rahat buraxmırdı. Amma çarəm yox idi. Əzizlərim aşağıya, mən isə yuxarıya yollanmışdım. Əməliyyat otağına girdikdə oranın necə dəhşətli olduğunu gördüm. Soyuq, buz kimi otaq. İliyimə qədər üşüyürdüm. Qanım donurdu damarımda. Gözümün önündə olan kəsici alətlər, qayçılar. Bütün otağı sadəcə gözdən keçirib analiz edirdim. Birdən həm içimdəki qorxu ilə, həm də otağın verdiyi soyuqluqla titrəməyə başladım. Təhtəlşüurum artıq önümdə diz çöküb “çıxaq burdan” deyirdi. Masaya uzananda gözlərimdən sadəcə bir damla axdı. Həkimin “Qorxursan?” sualı isə o ana aid ən son veriləcək sual idi ki, ona belə “yox” deyə cavab verdim. Amma o an təhtəlşüurum qışqırırdı, görmürsən titrəyirik deyirdi?! Narkoz verilənə qədər insan hisslərinin nə qədər əclaf olduğunun fərqinə vardım. Təsəvvür edin, ölümlə qalım arasında savaşa girirsən. Ya ölüb yerə girəcəksən, ya sağ qalıb hər şey edəcəksən.

Əməliyyat bitdi. Özümə gələndə artıq palatada idim. Gözümü açan kimi əlimi qarnıma apardım, hesab edirdim ki, kəsilən yerlər açıq qalıb. Əlimlə yoxladıqdan sonra əmin oldum ki, əslində hər şey qaydasındadır. Narkozun təsiri ilə heç bir ağrı hiss etmirdim. Sadəcə yatırdım. Üstündən bir gün keçdi. Artıq necə sızladığımı gördüm. İynə fobiyam olduğu üçün həkimə tez-tez “ağrıyıram” deyə bilmirdim. Klinikada növbəti gecə idi, ağrıdan nə edəcəyimi bilmirdim, sadəcə ağlayırdım. Həmin gecə dəhşət idi... Saat 6-ya qədər gözlərimi yuma bilmədim ağrıdan. Sonra təslim oldum, həkimi çağırdım. Yenə iynə dəhşəti. Bu dəfə isə ombaya vurmağa başlamışdılar, çünki əllərimdə, qollarımda yer qalmamışdı.

İlk dəfə klinikada özümü çarəsiz hiss elədim. İnsanın əslində nə qədər yazıq, aciz, bədbəxt, eyni zamanda da nə qədər güclü, ümidli, qətiyyətli olduğunu o vaxtlarda gördüm. Həmin dönəmlərdə klinikanın bir otağında saatların necə keçdiyini, gündüzlərin necə açılıb, gecələrin necə gəldiyini müşahidə edirdim. Həkim 10 gün sonra ayağa qalxacaqsan demişdi. Elə bəlkə də ilk dəfə Allaha əl açıb, 10 günün tez keçməsində mənə səbr verməsini dilədim. Halbuki illərlə yatağa bağlı olan insanlar var. Ömür boyu ayağa qalxa bilməyəcək, gözləri gün işığına həsrət qalan, bir heç nəyə toxuna bilməyəcək əlsizlər var. O gecəni hələ də unutmamışam. Bir sıxıntı olan zaman düşünürəm ki, o dəhşəti geridə qoymuşamsa, hər şey keçəcək.

Gülümsəyərək, bəzən şəkk edərək, bəzən güc göstərərək, bəzən üsyan edərək bu günə qədər çox şeyi geridə qoydum. Bildiyim budur ki, heç nə daimi deyil. Hər şey ötüb keçəndir. Güc, dözüm lazımdır sadəcə. İnsan dərdlərini geridə qoymaq üçün ən böyük dəstəkçisi özüdür.

İnsan Allahın möcüzəsidir. Özünə Allahlıq edəcək qədər böyük möcüzə. Bəzən çarəsiz vəziyyətə düşürük, düşünürük ki, bir daha özümüzə gələ bilməyəcəyik. Sevirik, ayrılırıq, düşünürük ki, bir daha sevə bilməyəcəyik. Ayrılırıq. Dəfələrlə ayrılmağımıza rəğmən hər dəfə canımız eyni dərəcədə yanır, hər dəfə sevəndə ilk dəfə sevirik kimi həyəcanlanırıq. Hər dəfə xəstə olanda öləcəyimizi zənn edirik.

Üstündən bir müddət keçəndən sonra yenidən doğulmuş kimi oluruq. Hər sıxıntı keçir, hər şey geridə qalır, hər şeyi atlatmaq olur, yetər ki, güclü olaq. Bütün yaşadığımız dərdlər nə ilk deyil, nə son. Nə qədər ki, yaşayırıq ağlayacağıq, yaralanacağıq, sevəcəyik, ayrılacağıq, itirəcəyik, qazanacağıq. Bircə güclü olmaq lazımdır.

P.S. Hər şey sadəcə gözəl olacaq. Güclü ol!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020