Məşhurların hobbiləri: ölənlərə baxmaq, qəbir yazıları oxumaq, silah yığmaq

Məşhurların hobbiləri: ölənlərə baxmaq, qəbir yazıları oxumaq, silah yığmaq
17 oktyabr 2014
# 08:30

Kulis.az yazıçılar, sənət adamları arasında “Hobbiniz nədir?” sualı ilə sorğu keçirib. Cavabları təqdim edirik.

Aqil Abbas: “Hobbim çoxdu. Məsələn, gitara çalmağı çox xoşlayıram. Amma yanımda adam olanda çala bilmirəm. Ona görə də yalnız tək olanda ifa edə edirəm.

Kitab yığmaq da sevimli hobbilərimdəndi. Ağdamda kitabxanamda 15 mindən çox kitab vardı. Hamısı qaldı ermənilərə. Yenə də kitab kolleksiyam var. Hazırda kitabxanamda 10 minə yaxın kitab yığılıb. Özü də mən təkcə ədəbiyyat kitabları, bədii əsərləri deyil, başqa sahələrə aid olan kitabları da yığıram. Bunlardan başqa qələm kolleksiyam var. Amma bunları özüm yığmamışam. Dostlarımın hədiyyələridir. Özüm isə qol saatları kolleksiya etməyi xoşlayıram.

Bir də ov tüfəngləri kolleksiyasından xoşum gəlir. Kolleksiyamda ən qədim silah babamdan qalma tüfəngidir. O vaxt dayıma çox yalvardım ki, o tüfəngi mənə ver, üstündə nə qədər istəyirsən pul verim, başqa tüfəng də. On il yalvardım xeyri olmadı. 50 yaşım olanda dayım tüfəngi mənə bağışladı”.

Etimad Başkeçid: “Bilmirəm, buna hobbi demək olarmı, amma uzun illərdir, kitab oxumadığım, yazı yazmadığım vaxtlarda ikitəkərli motosikletimə minib, küçələri dolaşıram, Bakı kəndlərindəki dostlarıma qonaq gedirəm. Motosikletin bir yeri xarab olanda, fikrim onun yanında qalır. Odur ki, onu həmişə saz saxlamağa çalışıram”.

Şərif Ağayar: “Saza qulaq asmaq, yağışda maşın sürmək və dostlarla məclis qurub gap eləmək... İlk yadıma bunlar düşdü. Saza lap aludəyəm. Xüsusən yaxşı yeyib-içəndə. Bir dəfə Hacıkənddə belə bir məclis vardı, şair Sücaətin şeirini səhv oxuduğu üçün aşığı az qala döyəcəkdim”.

Aqşin: “Heç vaxt hobbim olmayıb, heç vaxt, heç nəyə vərdiş edə bilməmişəm. Hobbi insanın cəmiyyətdən müvəqqəti gizlənmək, özüylə, öz zövqü, öz eqosu ilə əlləşmək üçün düzəltdiyi sakit bir qaladır. Xəqani Has demiş, bu qalada düşmən səni narahat etmir, amma sən özün də onun içində xoşbəxt deyilsən. Mən özündən bezəndə başqasına, başqasından bezəndə özünə qaçan adamlardan olduğum üçün ömrüm yollarda keçir, amma bu qaçaqaç Buddasayağı yolçuluqdu; sükunətin və sükutun səyahəti”.

Mübariz Cəfərli: “Dəniz sahilində piyada gəzmək, pişikləri yedirtmək, sığallamaq və bir də qəbir daşlarının üstündəki yazıları oxumaq... Bir dəfə bir qəbir daşının üstündə "Nə baxırsan mənim kimi, çox baxmışam sənin kimi" - sözlərini oxudum və çox qorxdum. Sonralar "Bənna" romanında bu detaldan istifadə etdim”.

Mirmehdi Ağaoğlu: “Məktəb vaxtı paralel sinfə bir oğlan gəldi. O, akvarium balıqları saxlayırdı, marka yığırdı, pul kolleksiya edirdi. Başqa sinif yoldaşlarımdan, məndən fərqlənirdi. Qısa zamanda onunla dostlaşdıq. Mən də ona qoşuldum. Onun həvəsinə balıq saxlamağa başladım, marka, pul toplamağa başladım.

Xeyli kolleksiyam var idi. Pul kolleksiyamın içində XIX əsrdə kəsilmiş pullar belə vardı. Əsl nümizmatiklərə bu gülünc gələ bilər, onlarda daha qədim pullar olur. Amma bir məktəbli üçün bu böyük “xəzinə” idi.

Sonralar bu hobbilərimi davam etdirə bilmədim. Vaxtı olmadı; dərslər, hazırlıq... Həvəsim öldü. Amma məktəb illərində yığdığım markaları, pulları saxlamışam, deyirəm birdən oğlum ağlı kəsəndə hobbisi yaranar.

Balıq saxlamaq bir az əziyyətli işdir. Bir az imkan olan kimi balıq saxlamağa başlayacam.

Mütaliəni isə hobbi hesab etmirəm, bu mənim işimdir”.

Rəşad Məcid: “Aşırı hiss ediləcək hobbim yoxdur. “Qarabağ”ın oyunlarına baxıram. Əvvəllər hərdən futbol oyunlarına proqnoz verirdim. Hərdən orta məktəb dostlarımla otururuq. Bir də sevimli insandan gələn sözləri bloknotlara köçürmək. Bəlkə səfərlərə getməyi də hobbi adlandırmaq olar”.

Qismət: “Məktəb illərində xatirə dəftərlərinə hamı yalandan yazırdı ki, kitab oxumaq, musiqi dinləmək. İndi həmin uşaqlara bu sualı təzədən versək, yenə yəqin eyni cavabı verərlər, balaca fərqlə: kitab oxumaq yerinə, mütaliə etmək deyərlər.

Hobbilərim bir deyil, beş deyil. Birinci növbədə kitablar. Mən təkcə kitab oxumaqdan zövq almıram, həm də kitabxanam üçün kitab yığıram. Kitab evlərində gəzməkdən, kitabları vərəqləməkdən, annotasiyalarını oxumaqdan sonsuz zövq alıram. Əgər gözaltı elədiyim bir kitab olsa, onu alana qədər fikrimdə onu kitabxanamda hansı kitabın yanına qoyacağımı xəyal edirəm. Bu prosesdən hədsiz ləzzət alıram.

Eləcə də filmlər. İkinci kursdan “Kino-literatura”, “Nastoyaşie kino» seriyasından rejissor kolleksiyaları və dokumental filmləri toplayıram. Son illər film toplamağım axsayıb bir az.

Sonra deyim ki, balıq-rakı və yaxşı pivə süfrəsində dostlarla söhbətləşməyi sevirəm. Yüksək qrafik göstəriciləri olan və tapmacaları qəliz olan kvest janrındakı video-oyunları sevirəm. Hər yerdə qulağıma dəyən absurd dialoqları, gözlənilməz cavabları, maraqlı sözləri toplamağı sevirəm və s.!”

Qəşəm Nəcəfzadə: “Təyyarə qəzalarına və okeanda batan gəmilərə, orda ölən insanlara baxmaq mənim hobbimdir. Bir də maşınlarla həddindən artıq maraqlanıram, bütün maşınları tanıyıram, hətta müxtəlif maşınların detalları ilə də maraqlanıram. İstəyirəm ki, bu gözəl maşınlardan mənim də olsun”.

Ayşad Məmmədov (aktyor):

“Ağac üzərində oyma. Bununla Şəki Teatrında işlədiyim vaxtlardan məşğulam. Oynadığım obrazları taxtada üzərində işləyirəm. Məsələn “Master və Marqarita”da İsa Məsihi oynayırdım, bu obrazı işləmişəm. Bəzən işlərimdən dostlarıma hədiyyə verirəm”.

Cavid Təvəkkül (rejissor): Kitab oxumaq, filmə baxmaq və yazmaq hobbi sayıla bilməz bizə, bu peşənin bir hissəsidir... Bu peşədən getdikdən sonra onlar hobbi ola bilər. Fəqət digər məşğuliyyətlər sadəcə baş qatmaqdır ki, nə etiraf, nə də fikirlərin səni gəbərtməsin.

# 4587 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #