Dəmir barmaqlıqları saymaq

Dəmir barmaqlıqları saymaq
10 oktyabr 2014
# 13:19

Bu gün gənc şair Fərid Hüseynin 25 yaşı tamam olur. O, yaşının azlığına baxmayaraq özünün çoxşaxəli ədəbi fəaliyyəti ilə (şair, nasir, essesit, kitab tərtibatı) istedadını, bacarığını təsdiq etmiş ədəbiyyat adamlarındandır. Ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Kulis.Az Fərid Hüseynin “Həbsxana haykuları"nı təqdim edir.

Zindanı sökdülər –
daşlar azadlığa qovuşdu,
məhbuslar "təzə ev"lərinə.

***


Əlini asacaqlar deyə
dinməzcə
ürəyində kəndir əyirirdi gecələr...

***

Təbiət vəfalıdır –
səhərlər Günəş, axşam Ay gəlir –
nəzarətçi dəftərə qeyd eləmir bu görüş günlərini.

***

Hamı haqqında
bircə sual düşündürür məhbusları:
görəsən o neyləyir?

***

Külək sellofanları azadlığa oğurlayır,
nəzarətçilərin gözü önündəcə –
xəbərçilər belə satmır onları.

***
Əllərini başının altına çarpazlayıb
divara elə zəndlə baxırdı ki,
küçəyə çıxırdı baxışı.

***

Adamları yuxudan yox,
xəyaldan oyandırırlar səhərlər –
nəzarətçilər...

***

Qadınını öldürmüşdü –
oğlunun anasını... qızının sirdaşını:
günahı çoxalırdı düşündükcə.

***

Nəzarətçinin gözünü oğurlayıb
qarışqanı divara dırmaşdırdılar ki,
heç olmasa o azadlığa qovuşsun.

***

Siqaret kötüklərinin sayını
ana söyüşünə vururdular
dənlədikcə

***

Vəkillər gəlib...
dustaqlar günahlarını
sənədləşdirir

***

Məhkəmədən qayıdan cani
içində hakimin çəkic səsini
də gətirib.

***

Qızının saçlarını oxşayıb görüşdə
Əl verib salamlaşmaq istəmir
heç kəslə

***

Telefon növbəsində dayanıblar:
Addım-addım
səsə yaxınlaşırlar.

***

Əlinin oğlu məktəbə gedir, Murad ata olub
yolları düzəldiblər, pullar dəyişib...
Vaxt keçmir.

***

Əli bu gün arvadıyla görüşüb,
ovuclarını iyləyəcək gecə
arvadı qızılquş xəyalına sap bağlayıb yenə.

***

Yemək növbəsinə dayanmışıq,
dəmir boşqabdan kilsə zənginin səsi. –
Aşpaza yaxınlaşdıqca kasam kiçilir

***

Azadlıq sözünə – biri ata deyir, biri oğul
biri qadın, birisə susur dişinə sıxır

tale sözünü.

***

Müddət azaldıqca divarlar kiçilir
Qadın səsinə yox,
qapı səsinə oyanırıq səhərlər.

***

Dövlət “göndərən” meyvələri yeyib
Allaha şükür edib, özümüzə sual edərək:
Nübar edibmi evdəkilər?

***

Küçədəki maşınların

həbsxanada eşidilən siqnal səsinə

hələ də səksənir qəza törətmiş sürücü.


***

Dəmir barmaqlıqları sayır,
bölür aylara,
əfvə düşmək ümidiylə.

***

Gözlərini ova-ova
yuxularını danışırlar bir-birlərinə
yenicə baş vermiş hadisə kimi.

***

Döyüb gətiriblər dustağı:
qanı təcridxanadan zindanacan
təqib edib onu.

***

Damarlarını doğrayırlar,
başlarını çərtirlər, –
qandan qorxan dustaqlar yuyacaq asfaltı.

***


Alnındakı qırışlar
Barmaqlıqların əksi idi
Qoca dustağın.

***

Hər dustağa yenidən danışır cinayətini –

hər dəfə
başdan başlayır iztirabları

***

Azadlıqda sevdiyi musiqiləri
Dinləyir hələ də
15 ildir cəza çəkən məhbus

# 3833 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #