news-inner
clock08:57 calendar-gray 08 Oktyabr 2014 view-gray1053 dəfə oxunub
view-gray1053 dəfə oxunub

Cücəsatan alim HEKAYƏ

hekayə

“Mən neyləyim ki, dünən qar yağdı. Bu günsə yollar buz bağlayıb”. Elmlər Akademiyasının nə vaxtdır avtobusa minməyən əməkdaşı Hövsan qəsəbəsinə gedəndə bunu düşünüb az qalırdı başına vursun. Neçə illərdən sonra birinci dəfə idi ki, adamlarla bir yerdə avtobusa minmişdi.

Sabah necə olur-olsun maşınını buz üzərinə çıxaracaqdı. Sadəcə, hava proqnozunu efirdə söyləyən aparıcı qızın “dəhşətli hava şəraiti gözlənilir” sözlərindən elə üşənmişdi ki... Səhər tezdən durub maşınını qarajdan çıxarmayıb dayanacağa tərəf addımlamışdı. Həm də neçə illər buz üzərində addımlamadığından altı sürüşməyən ayaqqabısı da yox idi. Avtobus dayanacağına altı hamar tufli ilə yeriyib iynə ilə gor qazmışdı. Birinci avtobusdakı sıxlığı görüb ikincini gözləmişdi. Akademiyanın şöbə müdirinə zəng etmişdi ki, işə gələ bilmir. Dəstəyin o üzündən səs eşidilmişdi ki, özünü çatdırmasan Yaponiyanın nümayəndə heyəti ilə görüşə bilməyəcəksən.

Bu vaxt maşınının təkərlərinə zəncir bağlayan qonşusu pəncərəni açıb ona “Sabahın xeyir, şəhərə gedirəm, gedirsinizsə aparım” – demişdi. O da sevinə-sevinə əyləşib canını avtobusdan qurtarmışdı.

Axşam işdən çıxanda isə avtobusa minməyə məcbur qaldı, çünki onun yaşadığı qəsəbəyə iş yoldaşlarından kimsə getmirdi. Əlbəttə ki, maşını olanlar...

Onun dayanacağa gələrək avtobusa minməsi lap gülməli olmuşdu. Maşının pilləkənlərinə çıxıb qarşıdakı sərnişinin irəli getməsini gözləmişdi. Arxadakı sərnişin qışqırmışdı:

- Yeri də qabağa. Donub qalıb e.

Mədəni adam da qarşısında işıq dirəyi kimi durub tərpənməyən enlikürək kişiyə demişdi:

- Üzr istəyirəm, bir az qabağa keçsəz, sizə zəhmət olmaz ki?

Qarşısındakı saqqallı kişi də qışqırmışdı:

- Avtobusun üstünə çıxım?

“Neçə də mədəniyyətsizdir. Bunun saqqalına bax. Səhər evdən çıxanda 5 dəqiqə vaxt ayırıb o saqqalını qırxa bilməzdin? Üç gün də qırxmasan arasında bitlər gəzişəcək”.

Avtobus ləngər vuran sərxoşlar kimi yola düşdü. O, özünə birtəhər yer edib dəmir dirəkdən tutub çölə baxırdı. Hesablamasına görə qəsəbəyə saat yarıma çatardı. Sükanın yanındakı elektron tabloda maşının hansı sürətlə getdiyini görməsə də, çox güman ki, 20-30 arası idi. Söhbətlər, qışqırıqlar, təkərlər hər çalaya düşəndə çiyinlərin bir-birinə dəyməsi, sərnişinlərin dala-qabağa səntirləməsi bezdirici idi. Üstəlik, sürücünün yolda hər əl edənə avtobus saxlayıb mindirməsi onu lap bezar edirdi. Hərdən də öyüməyi gəlirdi.

“Ay Allah, içəridən nə pis qoxu gəlir?! Ya yanımdakı kişidən gəlir, ya da əyləşən qadının dizinin üstünə qoyduğu çantadan. Yox, iy yanımdakı kişidən gəlir. Məgər, bir vedrə suyu qaynadıb yuyunmaq olmazdı ki? Qoltuq altına vurulan dezodrant 2 manatdır, onu da almağa canınız çıxır? Qoxunun kəskinliyindən gözümdən yaş axır. Burnumu tutmaq istəyirəm. Yox, sonra deyərlər ki, fors eləyir. Dözməliyəm. Üstümə elə hücum çəkərlər ki... Hələ yaxınlıqda əyləşən qadınların danışdıqları mövzuya bax”.

O, qadınların söhbətinə qulaq asmaq istəmirdi. Avtobusun buz üzərində sanki ayı ağırlığı ilə yeriməsindən bezməmək üçün söhbəti dinləyib vaxtı yola verməyə məcbur qaldı.

- Axşam bizimki evə gec gəlmişdi. Bildim ki, adamuşkasının yanından gəlir.

- Neylədin?

- Qabağına yemək qoymadım. Gedib özü qızdırıb boğmalandı. Səninki nağarır?

- Mənimki çoxdan gəzir. Gəzsin də. Qoy gedib hansı qadının damında banlayır banlasın, axırda evə gəlir ki...

“Ay Allah, bunların danışığına bax. Nə səviyyəsiz adamlardır. Biri ərinə “adamuşka” deyir, o biri “xoruz”. Utanmazlar! Belələri ilə necə mədəni cəmiyyət qurasan? Hələ şöbə müdirimiz hər gün deyir ki, elmi kəşflərimiz barədə efirə çıxıb xalqa mütəmadi məlumat verməliyik. Bunlara məlumat verəcəyik? Adi gigiyena qaydalarına əməl etməyi bacarmayan bunlara? Bunları qoyasan səslərinin qalın yerinə salıb adamı divara dirəyələr. Hələ bu iki kişinin danışdığı mövzuya bax”.

- Aldıqlarımı qoydum qabağına ki, hesablasın. Çıxarıb pulu verdim. Gördüm mənə 2 manat artıq qalıq verib.

- Qaytardın?

- Hərif-zadam?!

- Haram iş görmüsən.

- Get tullan e... Allah bilir, mal satanda mənə nə qədər atır, 2 manatla kasıblamaz.

“Kaş, sabah buzlar əriyəydi. Kaş, bu gecə günəş çıxaydı. Gecə də günəş çıxar? Elə gülməli danışıram ki. Amma nə olaydı elə qızmar isti olaydı ki, bütün şəhərin buzu iki dəqiqənin içində əriyəydi. Dayan, bəs mən binamızın yaxınlığında düşəndə necə deyəcəyəm ki, avtobusu saxla, burda düşürəm. Məncə, sürücü dayanacaqda saxlayacaq, əslində belə də olmalıdır. Ancaq bayaqdan baxıram ki, dayanacaqlarda saxlamır, kim düşmək istəyirsə, qışqırır. Qışqırıb avtobusu saxlatmaq etikadan kənardır. Axı buralarda hardasa düymə olmalıdır ki, sərnişin düşəcəyi yerdə onu bassın. Düyməyə toxunanda siqnal sürücünün elektron tablosunda yanıb-sönməli və budur, avtobus saxlamalıdır. O düymə hardasa buralarda olmalıdır, Avropaya elmi konfransa gedəndə oradakı avtobuslarda görmüşdüm. Qarşımdakı lövhədə, arxaya dönüm... Arxada da yoxdur. Onda belə çıxır ki, mən də bunlar kimi qışqıracam?! Qışqırsam, bütün diqqət mənə yönələcək, pıçıldaşıb gülüşəcəklər, hələ bəlkə şaqqanaq çəkənlər də olacaq. İşə düşmədik?”.

O, qara çantasındakı qeydiyyat dəftərçəsindən bir səhifə cırıb üstünə belə yazdı: “Xahiş edirəm, Hövsanda “7 gözəl” adlanan yerdəki dayanacaqda saxlayın”. Sonra səhifəni büküb yanındakı ağsaçlı kişiyə uzadıb pıçıldadı ki, o da bunu qarşısındakı sərnişinə versin, sonda sürücüyə çatdırılsın. Beş sərnişinin əlbəəl ötürdüyü bükülmüş kağız parçası nəhayət sürücüyə çatdı. Siqaretin külünü pəncərədən çölə tökən qıvrımsaç sürücü kağızı oxuyub təəccüblə arxaya baxdı. Onu gördü. Əlbəttə ki, bu nişastalı ağ köynəkli, qəhvəyi qalstuklu, gözlərinə yumruca eynək taxan kişi ola bilərdi. Sürücü pul yığmaq üçün 3 gün əvvəl tutduğu və “Malış” adlandırdığı cavan oğlanı telefonunda oyun oynamaqdan ayırıb yanına yaxınlaşmasını istədi. Cavan oğlan da kağızı oxudu. Və ikisi də qalstuklu kişiyə baxıb qəhqəhə çəkdilər. Elmlər Akademiyasının Fizika İnstitutunun əməkdaşının üzündəki qaraltını uzaqdan görə bilməzdilər. Həm məsafə uzaq idi, həm də alim başını aşağı salmışdı. Sonra o rəng qırmızı çalar aldı. Utandığından.

Avtobus bu dəfə timsah kimi sürünürdü. Ona görə timsah ki, qəsəbəyə aparan yolun bu hissəsini uşaqlar gecədən lap sürüşkən etmişdilər. Lap sürüşkən olması üçün su töküb gecə 3-ə qədər şıllaqlamışdılar.

“Güldülər. Belə gözləmirdim. Arxalarındakı sərnişin də başını irəli uzadıb o kağızı oxudu. Deyən lazımdır, sən burnunu ora soxmasaydın ölərdin? Lənət şeytana, avtobus lap ayağı sınan dovşan kimi axsayır. Bəlkə qalstukumu çıxarım? Bayaqdan gözlərini zilləyiblər ki, qalstuklu kişinin avtobusda nə işi var? Çıxarsam yaxşıdır. Çıxardım. Bəlkə o sürücü kimi köynəyimin düymələrini açım sinəm görünsün? Açdım. Yenə də ürəyim bulanır. İlahi, insan övladından da belə pis iy gələrmiş? Həyatımda ilk dəfədir ki, belə tünd və qatı iy hiss edirəm. Görəsən, evdə həyat yoldaşı demir ki, ayıbdır, yuyun! Həyat yoldaşının yerinə olsaydım, ona ad günündə qoltuqaltı dezodrantı alardım, özü də bəzəkli qablaşdırmada, ya da balaca mücrüdə”.

Gözlərini yummaq istəyəndə, qadın sərnişin zil səslə “Şofer, saxla!” qışqırdı, dizinin üstündəki çantanı da sürüyüb düşdü. Alim onun yerində əyləşdi. Yanındakı kişi ona baxıb dedi:

- Necə də yavaş gedirik e. Görəsən, özü bezmir belə sürməkdən?

- Qorxur qəza törədər də. Axı o, hamımızın həyatına görə məsuliyyət daşıyır.

- Danışığınızdan belə... elə bil alimsiz, hə?

O, qərara aldı ki, alimliyini gizlətsin. “Desəm ki, aliməm, özü ilə mənim aramda uyğunsuzluq tapacaq və söhbəti yarıda kəsəcək, üzünü çevirib pəncərədən çölə baxacaq. Ya da sürücü kimi qəhqəhə çəkəcək”.

- Yox, alim deyiləm. Uşaqlıqda atam çoxlu kitab oxutdurub, hərdən çaşıb kitab dilində danışıram. – “Yaşıl bazar”a cücə aparmışdım satmağa, - inandırıcı çıxması üçün kişidən bir siqaret alıb odladı. İlk dəfə siqaret çəkdiyindən ağ ciyərinin sıxılıb elə indicə güclü öskürək püskürəcəyini duydu, o, öskürəyi böyük bir əzmkarlıqla dəf etdi. Ayaqlarını aralı qoyub başını yuxarı qaldırdı.

- Alver gedir?

- Allah bərəkət versin. 6 cücənin hamısını satdım.

O, bir dəfə Balakənə regional elmi konfransa gedəndə fasilə zamanı yay restoranının yaxınlığında cücə satan bir kişinin rolunu oynayırdı. Alimlər yemək yeyəndə onun fikri cücəsatan kişinin hərəkətlərində qalmışdı. Nəyə görəsə o anda ürəyindən onun kimi sərbəst hərəkət edən kişi olmaq keçmişdi.

Avtobus buzlu yollarla candərdi şütüyürdü. Yanındakı kişi təzədən sual verdi:

- Həyətdə hinin var?

- Eeeee, hinim nə boydadır, burdan Pirallahıya qədər.

- Maşallah. Dənini-zadını çatdıra bilirsən?

- Dəni qardaşım kənddən göndərir. Hökumət sağ olsun, taxılçılığa pul ayırandan o da 2 hektar əkmişdi.

Alim hiss etdi ki, yaxınlıqdakı sərnişinlərin qulaqları bundadır. Özü də maraqla qulaq asırlar. Daha da həvəsləndi. Və səsini nisbətən qaldırdı:

- Cücələrimin də, maşallah, bir yağlı budları var ki, gəl görəsən. Arvad hərdən deyir, özümüzə də saxla qızardaq. Onun xətrinə 3-4-nü həyətdə saxlayıram ki, qəfildən qonaq-qara gələr.

- Həəəə, həyətdə toyuq-cücənin olması yaxşıdır. Qonaq gələndə mağazaya qaçmırsan.

- Allah bərəkət versin, dolanıram də. Şəhərə ancaq qənd-şəkər almağa gəlirəm, bir də pampersə.

- Pampersi özünə alırsan?

- Özümə? Ha ha ha. Allah səni güldürsün. Özümə aaaa....

Qulaq asan sərnişinlər də qəhqəhə çəkib güldülər.

Alim lap həvəsləndi:

- Rəhmətliyin nəvəsi, sən lap məzəlisən e. Pampersi nəvəmə alıram.

- Aaaaa, Allah saxlasın. Nəvə şirin olur.

- Şirin olur dedin qoydun?! Hər axşam qapıdan içəri girəndə üstümə elə qaçır ki...

Sərnişinlərdən biri də söhbətə qoşuldu:

- Mənim nəvəm məndən kompüter istəyir. Almıram. Başı-beyni indidən xarab olar.

Alim bu yerdə uşaqlara kompüter almağın əhəmiyyətindən danışmaq istədi. Düşündü ki, az əvvəl qazandığı reytinqi və ona olan marağı itirə bilər:

- Uşağa kömpüter alma! İndidən başı xarab olar, düşərsiz çöllərə. Uşaq ördək kimi şeydir, burax həyətə, bir də ayılacaqsan ki, böyüyüb.

O biri sərnişinlərin də marağı bura yönəldi. Sürücü ilə “Malış” ləqəbli cavan oğlanın da fikri arxada bərkdən danışan eynəkli kişidə idi. Təəccüblə bir-birinə baxdılar.

- Nəvənə kompüter almaqdansa, apar bazara, qoy pul qazanmağı öyrənsin. İndi dünyanı bazar fırladır.

Sərnişinlərdən biri deyəsən tələbə idi:

- Dayı, uşağı bazara göndərmək olmaz e. Uşaq oxumalıdır.

- Pahhhh... Bəs sabah quru diplomla pampers alacaq?

Ordakılar lap qəhqəhə çəkdilər. Yanındakı kişi onun telefon nömrəsini istədi:

- Nömrəni ver, cücə lazım olanda görüşək.

- Bu da nömrəm, - o, ağzına gələn bir nömrə dedi:

- Məndən cücəni 10-15 cüt götürürlər. Kiminin xeyir işi olur zəng edir “Moskviç”in baqajında çatdırıram.

Avtobus Hövsanın “Yeddi gözəl” adlanan hissəsinə yaxınlaşırdı. Ayağa qalxanda hamı ilə sağollaşdı:

- Sağ olun, salamat qalın.

Sərnişinlər də sağollaşıb cücəsatan kişinin arxasınca baxdılar.

Alim fıştırıq çalaraq qışqırdı:

- Ayə şofer... heyyyy!!! Saxla burda!

Sürücü avtobusu saxladı. Alim avtobusdan enib dərindən nəfəs aldı. Sanki özündə güc tapmışdı. Elə bil ürəyinə güc qabiliyyəti yüksək olan su mühərriki qoşulmuşdu. Nazlana-nazlana yağan qardan bir-ikisini ağzını açaraq uddu. Və pıçıldadı:

- Cəhənnəm olsun maşın! Buz ərisə də bundan sonra işə avtobusla gedib-gələcəm.

son

news-inner-user

12578 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Əlyazmalarını 15 qəpiyə satan azərbaycanlı dahi
13:15 18 Sentyabr 2019
Özbək ulduzlar Bakıda
12:42 18 Sentyabr 2019
Elçin: "Azərbaycan ədəbiyyatı bu gün parlaq dövrünü yaşamır" – Müsahibə
12:01 18 Sentyabr 2019
Yazıçıların seks travması – Müşfiq Şükürlü yazır...
11:40 18 Sentyabr 2019
Filmimiz festivalda Kim Ki Dukun filmi ilə yarışacaq
10:52 18 Sentyabr 2019
Boğazı kəsilən Əminə Bulutun adı Luvr muzeyində
10:20 18 Sentyabr 2019
Müşfiq Hətəmov “Azərbaycanfilm”dən getdi, yerinə təyinat oldu
09:53 18 Sentyabr 2019
Mirzə Cəlilin Şuşada dəfn olunmaq arzusu – Bilmədiyimiz gerçək
08:50 18 Sentyabr 2019
Atatürk dahi memarın qəbrini niyə açdırdı? - Araşdırma
21:00 17 Sentyabr 2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib - Sərəncam
18:25 17 Sentyabr 2019
Üzeyir Hacıbəylinin xatirəsi anılıb
18:11 17 Sentyabr 2019
Mən Vicdanam – Şamxal Həsənovdan hekayə
17:29 17 Sentyabr 2019
Gedənlər və yol gedənlər... - Esse
16:40 17 Sentyabr 2019
Teatrımız Beynəlxalq Festivalda səhnə alacaq
16:06 17 Sentyabr 2019
Bu universitetin tələbələri indi məşhur yazıçılardır – “Qorki” xatirələri
15:37 17 Sentyabr 2019
Əlif Şəfəq plagiat iddialarına cavab vermir
14:45 17 Sentyabr 2019
Tanınmış caz ifaçısı Bakıda çıxış edəcək
14:07 17 Sentyabr 2019
Həyat Şəminin kitabları təqdim olunacaq
13:26 17 Sentyabr 2019
ŞAH MAT-da absurd tamaşası olacaq
12:53 17 Sentyabr 2019
Diqqət! Diqqət! Kulis.az şeir müsabiqəsi elan edir! – Şərtlər
12:15 17 Sentyabr 2019