news-inner
clock09:30 calendar-gray 07 Oktyabr 2014 view-gray1067 dəfə oxunub
view-gray1067 dəfə oxunub

Anar Nazim Hikmətin məhbəs dostlarından yazdı

Kulis.Az Anarın “Nazimin məhbəs arkadaşları, yetirmələri” essesinin ikinci hissəsini təqdim edir.

Birinci hissə

* * *

A.Qədir - tanınmış şair, Cəlaləddin Ruminin şeirlərini farscadan türkcəyə çevirmiş Əbdülqədirin ədəbi təxəllüsüdür. Şeirləri, kitabları bu imzayla nəşr olunub. Yazımın əvvəllərində Nazımın və hərbi məktəb tələbələrinin məhkəmə işləri və tutulmalarından bəhs etmişdim.

A.Qədirə 14 il ağır həbs cəzası verilmişdi, ancaq sonra bu müddət azaldılmış, 21 yaşına çatmadığı üçün 5 il 10 ay məhbəsdə yatmışdı. Beş il on ay! 20 yaşında. Bu azmıdır?

A.Qədiri şəxsən tanıyırdım. 70-ci illərdə Bakıya gəlmişdi. Onu dram teatrında oynanılan «Şəhərin yay günləri» pyesimin tamaşasına dəvət etdim, sonra Bakı bulvarını gəzdik, oteldə, nömrəsində dostlarla birlikdə xeyli söhbət etdik. Özü bu görüşlər haqqında səmimi bir yazı yazdı, bizim «Azərbaycan» jurnalında yazısından bir parça dərc olundu:

«Moskvada Azərbaycan yazıçısı Anarla tanış oldum. Günorta yeməyini bir yerdə yedik. Anar bura arvadı və iki uşağıyla gəlib. Yemək zamanı Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmadığından gileyləndi:

- Sizdən bizə çox gələnlər oldu, çox kitablar apardılar, amma hələ bir nəticəsi yoxdur. Nazım, Səbahəddin Əli, Xalidə Ədib, Rəşad Nuri, Orxan Kamal Azərbaycan dilinə tərcümə olunub.

- Bizim şərait sizin şəraitə bənzəmir - deyirəm, - gözləmək lazımdır.

Anar bir şüşə şampan açır və:

- Bu gün biz iki xoşbəxt günü qeyd eləyirik - deyir, biri sizinlə tanışlığımızı, biri də oğlumun ad gününü.

Badələr toqquşdururuq, bununla ikinci dəfədir şampan içirəm. Anarla Bakıda görüşənə qədər ayrılırıq.

Bakıda Anarın bir pyesi oynanırmış, bizi saat səkkizdə teatra dəvət elədi. Tamaşaya baxmağa üçümüz getdik: Vera, Adil Yəhyayev və mən. (Vera Feonova - türkoloq, türk yazıçılarının tərcüməçisi və tədqiqatçısı, SSRİ Yazıçılar İttifaqında türk ədəbiyyatı üzrə məsləhətçi işləyirdi, Adil Yəhyayev Azərbaycan Yazıçılar İttifaqının əməkdaşı idi - A.) Tamaşanın adı «Şəhərin yay günləri» iki pərdəli bir əsərdi. Ətrafındakı adamların təhriki ilə pis işlərə sövq edilən namuslu bir adamın mübarizəsi: arvadı belə onun tərəfində deyil. Amma adam insan olmağın məsuliyyətini daşımaqdadır: «Mən bu uyğunsuz işi görsəm, o zaman həyatın mənası qalarmı? İnsan olmağın mənası qalarmı? Gələcək insanlar mənə nə deyər?»

Bir yanımda Vera, bir yanımda Adil Yəhyayev tamaşa edirik. Birinci dəfədir ki, Azərbaycan teatrına baxıram. Birinci pərdəni bütün incəliklərinə qədər anlaya bilmədim, sağ olsun Adil Yəhyayev - başa salmağa çalışırdı, ikinci pərdəni heç bir çətinlik çəkmədən anlaya bildim. Oyunçuları çox yaxşıydı. Xüsusiylə baş rollarda oynayanlar: Şəfiqə Məmmədova və Həsən Turabov.

Birdən Vera əyilib qulağıma dedi:

- Mən də sənin kimi birinci dəfədir Azərbaycan teatrına baxıram. Düzü, bu qədər gözəl oynayacaqlarını gözləmirdim.

Tamaşadan sonra Anar bizi rejissorla, bəstəkarla (Tofiq Kazımov, Emin Sabitoğlu- A.), bir də Şəfiqə Məmmədovayla tanış etdi. Şəfiqə Məmmədova həm istedadlı, həm gözəl bir artistdir. Şəfiqə Məmmədova tamaşanın axırında bir qız uşağının ona verdiyi gül dəstəsini mənə uzatdı.

- Türk qardaşlarımıza, - dedi.

Bu hörmətin, səmimiyyətin qarşısında nə qədər həyəcanlandığımı izah edə bilmərəm.

Teatrdan ayrılandan sonra Anar bizi bir rəsm sərgisinə apardı. Divarlar boyunca xalq dastanları, əfsanələr ilə bəzənib, al-əlvan rənglərlə süslənib. Rəssamı Toğrul Nərimanbəyovdu, çox böyük bir rəng ustasıdır. Heyran oldum.

Danışa-danışa mehmanxanaya sarı gedirik. Yolda Anar bir dostuna rast gəlir, bizi tanış eləyir: Əkrəm Əylisli. Hamımız bir yerdə mehmanxanaya gedirik. Veranın otağında bir masa hazırlayıblar, keçib süfrədə əyləşirik. Bunlar şair ruhlu insanlardı: ağızlarından şeir tökülür. Daha çox xalq şeirlərini sevirlər. Hamısının da içində insan sevgisi var. Hələ bizlərə qarşı… Artıq sözə ehtiyac yoxdur. Bir sözlə, məni çox xoşbəxt elədilər.»

«On beş gün Sovet İttifaqında». «Azərbaycan» jurnalı, №4 1981

A.Qədir mənə son dərəcə təmiz, namuslu bir ədəbiyyat və əqidə adamı, təvazökar və xoşsifət insan təsiri bağışladı. Nazım kimi onun da, özü də belə gənc yaşlarında günahsız olaraq məhbəslərə atılması, ömrünün gözəl çağlarını zindanlarda qalmasını ürək ağrısıyla qavrayıram. Amma bu gün onu da deyə bilərəm ki, konkret bu şair və yazarların təqiblərə, təzyiqlərə, həbslərə düçar olmasını böyük ədalətsizlik saysam da, bu faktları dövrün ümumi kontekstində, soyuq müharibənin hökm sürdüyü dünyanın qarşıdurma şərtləri içində və Sovet gizli xidmətlərinin «dəmir pərdə» arxasında qurduqları həqiqətən də təxribatçılıq niyyətləri, casusluq planları fonunda dərk etmək lazımdır. Nə yazıq ki, bu acı gerçəklik «dəmir pərdə»nin həm bu, həm o üzündə yüz minlərlə, milyonlarla günahsız insanların faciəsinə bais oldu.

Və o da bizə ancaq son iyirmi-iyirmi beş ildə məlum oldu ki, Türkiyə məhbəslərində kommunistlərə, sollara tutulan divan kimi sağlara, millətçilərə, turançılara da işgəncələr verilib.

* * *

Əgər yaşına görə A.Qədirin cəza müddəti bir qədər azaldıldısa, Nazım bu müddəti, demək olar ki, sonuna qədər çəkdi.

A.Qədir «Rəsul Rza qardaşıma, sevgilərimlə» avtoqrafıyla atama bağışladığı «1938 hərb okulu olayı və Nazım Hikmət» kitabında o hadisələrdən ətraflı bəhs edir. Kitabda məhkəmədə söylədiyi nitqini də gətirir:

«Mən əsgəri oxula füqaralığım (kasıblığım) üzündən girdim. Füqəra olmasaydım bəlkə də doktor, mühəndis oxuluna girərdim. Nə oxumamı istəyirsiniz mənim? Xalid Fəxriləri, Orxan Seyfiləri, Yəhya Kamallarımı? Əlbəttə ki, Qorkini oxuyacam, Nazım Hikməti oxuyacam. Amma bunları oxuyuram deyə üsyan - filan qaldıracağımımı sanırsınız?Əsgəri üsyan hara, mən hara? Bizim ağlımızın içindən keçmiş deyil belə şeylər. Müftə verdiyiniz yeməkləri qursağımızdan çıxarmaq istəyirsiniz? Nədir ki, dünyada zənginlik (var-dövlət), fağırlıq var deyə düşünürüksə buna dərhal kommunizm deyilir. Mən zənginləri (varlıları) sevmirəm. Kommunistlikmi bu sizcə? Məhəlləmizdə biriləri vardı, çox zəngindilər, qonşumuzdular. Bir axşam bir tabaq yemək göndərdilər bizə. Qoyduq yeməyi süfrəyə. İlk loğma boğazımızda qaldı. Yemək iylənmişdi. Namussuzlar bizi insan saymırdılarmı füqərayız deyə? Mən o gündən bəri heç iyi (yaxşı) gözlə baxmam zənginlərə. Zənginləri sevməmək, füqəralara acımaq, Nazımı oxumaq və sevmək kommunistlikmi? Əgər kommunistliksə bu, kommunistəm mən iştə, nə yapırsız, yapın».

Nazıma baxdım, gözləri yaşlı, bir baba şəfqətiylə gülümsəyir. Qapıya doğru gedərkən, məhkəmə üzvlərindən Minbaşı Fuad bəy mənə doğru gəldi. Hərb oxulunun ən yapışıqlı, ən erkək subaylarındandı (zabitlərindəndi). Yaxınlaşdı mənə, əlini üzümə qoydu və dedi:

- İşin içində bir şey yox, bilirəm Əbdülqədir, amma siz hazır olun, nə yapalım, yuxarıdan gəlir əmr, sizə cəza verəcəyəm, oğlum».

Nazımın və gənc tələbələrin tamamilə əsassız olaraq belə ağır cəzalara məhkum edilmələri Fransada Dreyfusun məşhur məhkəməsiylə müqayisə edilirdi, hətta Qalileyin suçlanması xatırlanırdı.

A.Qədir məhkəmədə Nazımın çıxışından da örnəklər verir. Nazım məhkəmə qarşısında mərd-mərdanə: Mən sosyalist deyiləm, mən kommunistəm - deyir. - Bu məndə bir ideal, bir fikirdir. Kommunist propaqandası yapmayıram mən kimsəyə. Mənə əmniyyətdən biri dedi: İyirmi beş lirə versən mənə Nazım, səni önümüzdəki 1 mayısda içəri almaram» (həbsə atmaram).

(O zaman 1 may yaxınlaşanda solları qabaqcadan bir-iki günlüyə təcrid edərmişlər.-A.)

Nazım əliylə bizləri göstərərək: -Yazıq bu çocuqlara - dedi, - çox yazıq. Yandırmayın bunları, heç bir suçu yox bunların. Mən də suçsuzam».

Ə.Qədir yazır ki, məhkəmənin əvvəlki oturumlarının (iclaslarının) birində hakim Nazımı tənbeh etmişdi ki, iclas zamanı bığlarını eşir. Nazım son sözündə bu mətləbin də üstündən keçməyib:

- Bir kiçik nöqtə qaldı, əfəndim, bir kiçik nöqtə. Onu da qısaca ərz edim. Bir iki oturum öncə bəyəfəndi mənim bığlarıma sataşdı. Haqları var, amma mən özümdən asılı olmayaraq oynayıram bığlarımla, adət etmişəm buna. Məhkəməyə həqarət etmək qəsdim qətiyyən yoxdu. Amma baxıram, məhkəmənin ilk günündən bəri bəyəfəndi hey təsbeh çevirir. Bir məhkəmədə bığla oynamaq həqarət sayılırsa, əlbəttə, təsbeh çəkmək də həqarət sayılmalıdır».

Bu, Nazımın 15 illik həbs cəzasına məhkum olunduqdan sonra söylədiyi son sözləridir və bu da onun mətin, mərd xarakterinin daha bir parlaq göstəricisidir.

"1938 hərb okulu olayı və Nazım Hikmət" kitabında bir neçə vacib məqam da var. Onlardan biri Türkiyədə müxtəlif şayiələrə əsas verib. Bu məsələyə İbrahim Balaban da toxunur. 20-ci illərdə SSRİ-dən qayıdandan sonra Nazım Hikmət hər an polis tərəfindən izlənilirdi. Şair hər zaman çeşidli provokasiyalar gözləyirdi.

Bir gün Nazım işdən evə gələrkən asqılıqla bir zabit paltosu və şapqası görür, arvadından: - Bu kimin? - deyə soruşur. - Bir zabit səni görməyə gəlib. Nazım növbəti həbsdən yenicə çıxıbmış, ağlına min cür ehtimal gəlir. Əsəbiləşərək zabitə: - Yenə mənim evimdə nə işiniz var, nə istəyirsiniz? - deyir. Çox gənc zabit: - Ustadım, sizi görməyə gəldim, - deyə cavab verir. Nazım daha da əsəbiləşir: - Gördünmü, çox gözəl, indi paltonu, şapqanı götür get. - Danışmaq istəyirəm sizinlə, şeirlərinizə heyranam. - Təşəkkür edirəm. - Bir şey soruşmaq istəyirəm sizdən, Engelsi oxumalıyammı? - Engelsi oxuyub nə edəcəksən? Haydı al paltonu, papağını, get burdan.

Gənc zabit pərt halda çıxıb gedərkən Nazım dərhal polis müdirliyinə telefon edir:

- Sizin başqa işiniz-gücünüz yoxmu, daima məni güdürsünüz? Evimə adam göndərirsiniz, - müdir diqqətlə dinləyib, üzr istəyir, - yoxlayarıq bu nə məsələdir, - deyir, - siz heç rahatsız olmayın.

Bu əhvalatı Nazımın dilindən dinləyən Balaban: - Daha sizi narahat etmədilər ki? - deyə soruşur, Nazım:- Rahatlığımı o gündən itirdim, - deyir. - On üç ildir bunun acısını çəkirəm. Demə, o gənc polis-filan deyilmiş. Doğru-düzgün şeirlərimi sevirmiş. Telefon etməklə zavallının başına iş açmışam.

Nazımın səmimiyyətlə etiraf etdiyi bu yanlışlığını əldə tutub əleyhdarları ən iyrənc şayiələr yaymağa başlayıblar. Çox sonralar Əziz Nesin haqqında guya onun da polis ajanı olması barədə şayiələr yayılanda və Əziz bu sarıdan pərişan olub Nazıma şikayətlənəndə şair: - Boylə şeylərə fikir vermə, - demiş, - mənim də başıma gəldi belə iş. Sənin haqqında dedi-qodular heç olmasa məmləkət içində qalır, bir zamanlar mənim üçün boylə iftiraları dünyanın hər yerinə göndərirdilər. Bir sürü insan var ki, belə çirkin iftiralar uydurmaq onların peşəsi, həyatlarının mənasıdır.

İftiraçılar hətta hərbi məktəbin tələbələrinin, o cümlədən A.Qədirin tutulmasını da Nazımın bu telefon zəngiylə əlaqələndirirlər. Əcəbdir. Deməli, Nazım özü polisə xəbər verərək özü özünün 14 il həbsə məhkum edilməsinə imkan yaradıb.

A.Qədir namuslu bir insan kimi kitabında bu məsələyə tam aydınlıq gətirir:

«Bu qeydi kitabımın ən gərəkli və önəmli qeydi olaraq burada yazmağı özümə borc bildim Nazımın Əmniyyət müdirliyinə telefon etməsiylə bizim tutulmağımızı əlaqələndirənlər, yəni bizim Nazımın üzündən tutulduğumuzu deyənlər var. Bu, Nazımın da qulağına çatmış və onu çox üzmüşdür. Əmniyyət müdirliyinə telefon etdiyini Nazım özü söyləmişdi məhkəmədə. O zamana qədər heç kim bunu bilmirdi. Nə prokuror, nə hakim, nə biz. Bu bir. Sonra Nazımın telefon etdiyi tarixlə bizim tutulmağımız arasında dörd-beş aylıq bir zaman var. Bu iki. Bizim tutulmağımıza səbəb məktəbimizin öz içindən irqçi tələbələrin xəbərçiliyi idi və bu iki kərə iki dörd edər kimi səhihdir. Yetərmi? Bu şayiələr yalnız Nazıma vaxtliə çirkab atanlara lazım idi. Mən bu cür sözlərə təəccüb qalırdım. Necə olur ki, belə sözlər çıxarırlar - deyə hövsələsizlik edirdim. Amma sonralar alışdım. Bir sıra insan tanıdım və gördüm ki, onlar üçün bu sayaq sözlər danışmaq pendir - çörək yemək kimi, tum çırtlamaq kimi asan və vərdişli bir işdir".

A.Qədirin kitabında başqa maraqlı məqamlardan biri Nazımın gileyləndiyi adamlar haqqındadır. Onun dediyinə görə, üç nəfərdən başqa hər kəs haqqında sevgiylə danışarmış Nazım.

"Çox qurcaladım Nazımı, namuslu adam kimi tanıdığı şəxslər tərəfindən ona atılan ən kiçik daş çox böyük üzüntülər yaradırdı onda. İnsanları sevən, heç kimsəni incitmək, qırmaq istəməyən bir adamdı. Əleyhinə söylənənlərə və yazılanlara çox üzülürdü. Özəlliklə söylənənlər sol tərəfdən gəldiyi zaman."

Bəs Ə.Qədirin dediyi üç adam kimdir? Ə.Qədir onların adını çəkir, biri - çox qəribə olsa da - Vala Nurəddindir. Məlumdur ki, Vala Nurəddin Nazımın ən əski gənclik dostudur. Cavanlıqlarında Anadolunu keçib Batuma gələrkən xəstələnmiş Nazımı arıq, çəlimsiz Vala uzun yol boyu çiynində daşıyıb. Moskvaya birgə gəlmiş, Kommunist Universitetində birgə oxumuşdular. Leninin dəfnində hər ikisi divara dayanıb ağlayırmışlar, Vala Nazımın qolundan tutub: - Nazımciyim, - deyib, - erkək kimi söz verirəm, məmləkətə qayıdanda, ömrümün sonuna qədər sənin yanında olacam, sözümdən dönsəm, namussuzam.

Bəs nə baş vermişdir ki, Nazım A.Qədirə Valadan gileylənirmiş. Nazım özü səbəbini çox komik şəkildə andırırmış. O vaxtlar Moskvada dostuna deyib:

"Mən nədənsə uzun saçlı qızları qısa saçlılardan daha çox xoşlayıram, Valacığım". Vay, sənmi bunu dedin? Məni geri qafalı, kontrrevolyusioner adlandırdı. O özü qısa saçlı qızlardan xoşlandığı üçün "irəli qafalı, revolyusioner" imiş, "Yahu, Vala, yapma, - dedim, - bununla irəliçiliyin, geriçiliyin nə ilgisi var? - Yox, olmaz, sən kontrrevolyusionersən, - deyib getdi. Münaqişəmiz uzandıqca uzandı. Hər gün yenidən başlanırdı bu münaqişə. Səbrim tükəndi, axırda bir professordan xəbər almağa qərar verdim.

Professor çox müdrik bir kəlam bəyan edib: "Bir adam uzun saçlı qadından xoşlanar, revolyusioner ola bilər, biri qısa saçlı qadından xoşlanar, amma kontrrevolyusioner ola bilər. Uzun saç, qısa saç ölçü ola bilməz".

Bərəkallah professora!

Bu məzəli, amma o dövrün səciyyəsini, insanların düşüncə tərzini əks etdirən lətifə bir yana dursun, Vala ömrü boyu Nazıma sadiq dost olub, həbs illərində onun ailəsinə hər cür yardım edib Nazım aclıq elan edəndə onun azad olması üçün imza toplayaraq qapı-qapı gəzib. Nazım həbsdən çıxanda ilk olaraq onun evinə gəlib və bir müddət orda yaşayıb. Türkiyədən qaçdığı günün ərəfəsində də axşam bir yerdə olublar. Qaçmasının sirrini də bilirmiş Vala, bu sirri isə, ən yaxın adama etibar etmək olardı. Bütün bunlar barədə gözəl bir ad tapdığı "Bu dünyadan Nazım keçdi" kitabında ətraflı yazır.

Amma Nazımın Valadan müəyyən qədər narazı olduğu haqqında fikir də əsassız deyil. Türkiyəyə qayıdandan sonra Vala Nazımın etibarlı dostu olaraq qaldısa da, o, kommunist ideyalarından, ümumiyyətlə, siyasi fəaliyyətdən uzaqlaşdı. Bu günün tarixi təcrübəsindən baxdıqda bəlkə də bu, daha müdrik hərəkət idi. Nazımın müəyyən vaxtlarda Valaya qızmasının bir səbəbi də dostunun "burjua mətbuatında" yazılar dərc etdirməsiydi. Yazıların məzmunundan asılı olmayaraq, faktın özünü qəbul edə bilmirdi Nazım. Deyirlər ki, Valanın kənara çəkilməsindən üzülən Nazım "Salxım söyüd" şeirində onu nəzərdə tutub. Amma bu şeirin qəhrəmanı - əgər doğrudan da Vala qəsd olunursa - düşmən gülləsiylə vurulub yıxıldığı üçün dəstədən geri qalır. Bu isə fərarilik deyil, şərəfli ölümdür.

Başqa bir versiyaya görə «Kərəm kimi» şeirini də Nazım Valanın ona verdiyi öyüdlərə cavab olaraq qələmə alıb.

A.Qədirin yazısında Nazımın qızdığı adlar sırasında ikinci adam Şövkət Süreyya Aydəmirdir. O da Nazımın gənclik dostlarındandır, o da Nazımla bərabər Moskvada Kommunist Universitetində oxuyub, sonralar Azərbaycana gəlib. Qarabağda vuruşub, Şəkidə müəllimlik edib, Bakıda Şərq xalqlarının 1-ci qurultayında iştirak edib, buradaca Ənvər paşayla tanış olub. Amma çox tezliklə kommunist ideallarından aralanıb. Daha sonralar Mustafa Kamal, İsmət paşa, Ənvər paşa haqqında sanballı bioqrafik kitablar yazıb, 1968-ci ildə atama bağışladığı "Suyu arayan adam" adlı kitabına Şövkət Süreyya Ramakrişnadan bir epiqraf verir:

"Bir adam vardı və suyu arayırdı, torpağı üç qulac, beş qulac qazdı. Suyu bulamadı. On qulac, on beş qulac qazdı, yenə suyu bulamadı. Sonra yerin dərinliklərində qara qaya qatlarına rastlaşdı. Taqəti sona çatdı və suyu bulamaqdan umudunu kəsdi. Fəqət bir səs ona: Daha dərinlərə en, daha dərinlərə, - dedi... Daha dərinlərə endi və suyu buldu."

Kitabı oxuduqda bu epiqrafın mənası açılır - bu, müəllifin özünün mənəvi axtarışlarının, təkamülünün, "dirilik suyunu" əvvəl-əvvəl gah turançılıqda, gah kommunizm idealında axtaran, çox keşməkeşlərdən keçərək sonda onu həqiqi milli dəyərlərdə tapan adamın ömür yoludur. Amma o da maraqlıdır ki, həmin kitabını Vala Nurəddinə bağışlarkən üstündə: «Qaliba (deyəsən), suyu arayarkən yolu qeyb etdim" sözlərini yazıb. Bu da mənəvi axtarışlarının nəticəsinin o qədər də birmənalı olmadığına işarə deyilmi?

Nazım A.Qədirlə söhbətində onu buqələmun adlandırır. "Hər qəlibə girir. İnanmış kimi göründüyü vaxt heç nəyə inanmadığı zamanlardır".

"Suyu arayan adam" kitabında Şövkət Süreyya Aydəmir Nazım Hikmətdən, daha doğrusu, şairin gənclik çağlarından söz açır. Moskvada Əbdülhəmid zamanında ilk "Jon türklərin" ("Gənc türklərin") liderlərindən olan doktor Nazımla şair Nazım Hikmətin mubahisəsini xatırlayır. Şövkət Süreyyanın kitabı Türkiyədə 1959-cu ildə nəşr olunub, təbii ki, Nazım Hikmətin adını çəkə bilməzdi, onun haqqında sadəcə "şair" deyə yazır və müəyyən rəğbətlə bəhs edir.

Biz üç arkadaşdıq (yəni Şövkət Süreyya, Vala Nurəddin və Nazım Hikmət-A.). Arxadaşlarımızdan biri olan şair - doktor Nazımın adaşıydı (senzura yasaqlarını dəf etməyin əcəb asan yolları varmış - A.). Doktor Nazım nə qədər sakit idisə, şair o qədər həyəcanlı idi."

Üç arxadaş doktorun dilindən onun xatirələrini yazmaq niyyətində imişlər, Doktor Nazım də buna razılıq verib danışmağa başlayır. Amma ilk andan şair Nazım dava-mərəkə qaldırır.

"Şair doktorun nəql etdiyi xatirələrini yazmır, doktorla savaşırdı. Məsələn, doktor məşrutiyyətdən bəhs etməyə başlayanda şair dərhal coşurdu: - Məşrutiyyət inqilabımı dediniz? Boş sözdü. Dünyada tək bir həqiqi inqilab vardır, o da proletar inqilabıdır. Məşrutiyyət nəymiş? Reaksioner burjuaziyanın bir oyunu, hələ sizin məşrutiyyətiniz - Alman imperializminin və istilaçı kapitalizmin bir istismar vasitəsi...

Biz coşan şairi sakitləşdirməyə çalışardıq, Doktor Nazım əsəbiləşməzdi, birər-birər danışardı:

- Canım oğlum. Sən yenə bildiyin inqilabı yap! Amma nə edəlim ki, bizim zamanımızda gözlədiyimiz inqilab məşrutiyyət inqilabı idi. Biz də məşrutiyyətçi olduq. Onu bacararıq, - dedik.

Fəqət şair sakit olmurdu, yerindən sıçradı. Qarşısındakına son və ən susdurucu dəlillərlə ən dayanılmaz zərbəni vurmaq üçün sağ əlinin yumruğunu havaya qaldıraraq bir şeir oxumağa başlardı. Bu şeir proletar inqilabı haqqında olurdu. Sonra gərgin vücudu, pörtmüş üzü, zəfərinin həyəcanından pırıl-pırıl yanan gözləriylə hamımızın üzünə baxar, - Necədir? - demək istərdi, yəni daha deyəcəyiniz varmı? Hamımız gülərdik. Təbii ki, doktor təmkinli və sakit idi. Biz isə doktordan üzr dilər və şairi də toxtatmaq istərdik. Fəqət şair səhnəni buralara qədər gətirməliydi. Birdən kepkasını alar, gur qumral və qıvırcıq saçlarını bu kepkanın içinə iki əliylə sığışdırmağa çalışaraq odadan sıçrar və yəqin ki, parklardan birində yeni bir proletar inqilabı şeiri yazmağa gedərdi"...

NAZIMIN ÇAĞDAŞLARI

Nazım Hikmətin ölümündən sonra SSRİ-yə gələn və Bakıda gördüyüm ilk türk yazarları Əziz Nesin, Yaşar Kamal və Məlik Cevdət Anday idi. Atam o vaxt Moskvadaydı, türk yazarlarla Moskvada görüşmüşdü. Bakıda Yazıçılar İttifaqının “Natəvan” klubunda onlarla görüşə anamla bir yerdə mən də getmişdim. Salon ağzınacan doluydu.

Qonaqlara çoxlu suallar verirdilər, doğrusu, bu sualların bir çoxuna görə xəcalət çəkiləsəydi. Belə cahil sualların birindən sonra Əziz Nesin: - Kendimi Ankarada bəzi Universite xocalarının arasındayım kimi gördüm-dedi. İddialı bir professorumuz: - Nədən müasir türk şeiri belə pis günə qalıb? - deyə soruşanda daha Yaşar Kamal dözmədi: - Nazım Hikməti, Orxan Vəlisi, Məlik Cevdəti olan çağdaş türk şeirinə nasıl da kötü söyləmək olur? - dedi.

Bitəndən sonra Əkbər Babayevin vasitəsiylə türk yazarları evimizə dəvət etdik. Əziz Nesinin nə isə ayrı görüşü vardı. Yaşar Kamalla Məlik Cevdət Əkbərlə atamgilə gəldilər. Mən dostlarımdan Emin Sabitoğlunu, Vaqif Səmədoğlunu, gənc şairlərdən İsa İsmayılzadəni, Ələkbər Salahzadəni də dəvət etmişdim. İstəyirdim ki, “Natəvan” klubunda rastlaşdıqları mühafizəkar çıxışlardan başqa şeirimizdə yeni, çağdaş təmayüllərlə də tanış olsunlar. Çox gənc olan, həm də kənddə böyümüş İsayla Ələkbər bu məclisdə bir az sıxılırdılar, şeirlərini oxumaqdan çəkinirdilər. Kitablarını götürmüşdüm, hərəsindən bir şeir oxudum. Şeirləri açıq rəğbətlə qarşıladılar. Bayaq “Natəvan” klubundakı çıxışları xatırlayaraq Məlik Cevdət «belə dönəmdən biz də keçdik, - dedi - Amma sonda biz yendik».

Vaqif Səmədoğlunun iki misralıq şeiri var:

Dayandırın yer kürəsini, düşmək istəyirəm,

Bir ağac əkin, kölgəsində öpüşmək istəyirəm.

Sonra məlum oldu ki, birinci misrada ifadə olunmuş fikir hansısa bir Qərb şairində də var. Bu obraz Vaqifin sırf müstəqil tapıntısı olsa da, bundan sonra o, həmin misraları heç bir yerdə çap etmədi. Bizdəki görüş zamanı bu misraları türk qonaqlara oxudum. Əvvəl tam qavramadılar, axı «düşmək» Türkiyə türkcəsində «yıxılmaq» deməkdir. Sonra, izah edəndə, özləri demiş, bayıldılar.

Məlik Cevdətin yerindəcə çevirisi yadımda qalıb:

Durdurun kürreyi-ərzi inmek istiyorum.

- sonra gülüb dedi: bu benim Azeri şiirindən ilk çevirim olsun.

Emin pianoda Azərbaycan xalq mahnılarını çalırdı. Qonaqları heç cür buraxmaq istəmirdik, onlar da bu şeir, musiqi məclisindən ayrılmaq istəmirdilər. Bu görüşün bəzi başqa məqamları haqqında Orxan Vəliyə həsr olunmuş «İstanbulu dinləyən heykəl» essemdə yazmışam, burda təkrar etmək istəmirəm. Məlik Cevdət Anday Türkiyəyə dönəndən sonra «Sovetlər Birliyi gəzisi» adlı yol qeydlərini çap etdirdi. Yazıdan bir parça:

«Moskvaya vardığımız gün soruşmuşdum:

- Sovetlər Birliyinin indi ən ünlü şairi kimdir?

Bir az düşündükdən sonra:

- Rəsul Rza - demişdilər.

Mənsə Yevtuşenkonun, Voznesenskinin adının çəkəcəyini sanmışdım.

- Başqa?

- Rəsul Həmzət.

- O kim?

- Dağıstanlı bir ozan.

Romançılarını soruşaq dedim:

- Ən məşhur romançınız?

- Çingiz Aytmatov.

Rəsul Rza ilə bir neçə axşam sonra Yasnaya Polyanadan (Tolstoyun kəndindən) qayıdandan sonra tanış olmuşduq, mən bir az xəstəydim, ayaqütsü danışıb ayrıldıq. Bir axşam birlikdə yemək yedik. Babayev və Aleksandrov da bizimləydi.

Rəsul Rzanın otelində buluşub küçəyə çıxdıq. Mən Rəsul Rza ilə ağır-ağır arxadan gedirik. Müxtəlif məzmunlar üzərində dururuq, uzun sükutlarla danışır Rəsul Rza, mən də «vaz keçdi bu mövzunun üzərində dayanmaqdan» deyə düşünmək istərkən məzmunu can evindən qavrayan ən açıqlayıcı sözü bulur. Doğru, içdən, duyğulu və inandırıcı. Şəxsiyyəti sayqı oyandırır. Şeirlərinə maraq edirəm için-için».

Nə yazıq ki, Türkiyəyə çoxlu səfərlərim zamanı bir dəfə də olsa Məlik Cevdətlə görüşmək təsadüfü düşmədi. Simonovun rəhbərliyi ilə Türkiyəyə səfərimiz zamanı İstanbulda Sovet konsulluğuna dəvət olunanlar sırasında Yaşar Kamal da vardı. Məni görəndə qınadı: babanla annen İstanbula gelerkən ilk beni ararlar, sen neden aramadın?

Proqramımızın əsasən İstanbul dışında olduğunu bəhanə gətirdim.

Konsulluqda qəbul zamanı «Cümhuriyyət» qəzetinin iki lap cavan, sütül müxbiri mənə yanaşdı, nə üzərində işlədiyimlə maraqlandı. - Dədə Qorqud ssenarisi yazıram, - dedim. Gözləri bərəldi: - Nasıl? Bir sovet yazarı Dede Korkud konusunda (mövzusunda) əsər yazarmı? - İndi də mən təəccübləndim: - Nədir ki? -Dede Korkud faşistlərin ilgiləndiyi bir əsər.

Bunu Yaşar Kamala danışanda: - Bok yeyirlər. - dedi.

Yaşar Kamalın «babanla annen İstanbula gəldikdə ilk benimlə görüşərlər» sözlərinin təsdiqini Nigar Rəfibəylinin Türkiyə səfəri haqqında yazdığı «Sağlıqla qal, yaxın qonşu» yol qeydlərində gördüm:

«Səhər yazıçı dostumuz Yaşar Kamal yaşadığımız «Kavak» otelinə bizimlə görüşə gəldi. Həmişəki kimi səs-küylü idi. Bakı səfərini xatırlayır, Qubaya getdiklərini yada salır, deyir, gülür, şaqqıldayırdı. Nəşr etdiyi «Ant» jurnalında keçən il Nazımın ölümünün beşinci ildönümü münasibətiylə xeyli material çap eləmişdi. Jurnalı mənə təqdim edib: -Al, şeirini oxu, - dedi. Nazımın ölümünə yazdığım «Bəşər oğlu» şeirini jurnalın səhifələrində görüb çox sevindim. Şeiri olduğu kimi azərbaycanca nəşr etmişdilər. Səhifənin sonunda bir çox Azərbaycan sözünün lüğəti mənasını vermişdilər. Jurnalın səhifələrini vərəqləyib gözucu öz şeirimi də oxumağa başladım. Rəsul Yaşar Kamal ilə şirin söhbətə girişmişdi. Rəsul Ankarada «Ho» teatrında onun «Tənəkə» əsərinə baxdığımızı söylədi, Yaşar: fəna, fəna, - deyirdi, - məndən dramaturq çıxmadı. Sonra söhbət «İncə Məməd» romanına keçdi, Rəsul xəbər aldı:

- «İncə Məmədin» gerisini yazdınmı?

- Yazdım, əvət, ikinci, üçüncü kitab da basıldı.

Başımı qaldırıb xəbər aldım:

- Onlar da birinci kitab kimi gözəldirmi?

- Birincidən də gözəldilər, - dedi.

- Müəllifin öz əsərindən razı olması yaxşı iş deyil ha! - deyə Rəsul zarafat etdi.

Hər üçümüz bərkdən güldük».

Veranın xatirələri də yadıma düşür. Nazım ona - «İstanbula gedəndə Yaşar Kamalla tanış olarsan - deyirmiş, - çox mərd adamdır, Parisdə mənimlə görüşməkdən qorxmadı».

«Ən böyük şairimiz» adlı məqaləsində Yaşar Kamal yazır:

«Çağımızın böyük şairlərindən Nazım Hikmət, bütün çağların da ən böyük ustalarından biridir. Modern türk ədəbiyyatının da atası, qaynağıdır. Nazım Hikmət dilimizi zənginləşdirmiş, dilimizə yeni dadlar gətirmişdir. 17 il xalqımızın içində yaşaması onu xalqla bütünləşdirmişdi, böyük xalq qaynağıyla aşılamışdır. Bu aşılanma onu bir Yunis İmrə, bir Pir Sultan Abdal, bir Qaracaoğlan, bir Dadaloğlu yapmışdır. Nazım Hikmət böyük xalq ozanlarının son halqası olmuşdur… Bizim şeirimizdə olduğu qədər hekayəmizdə, romanımızda da Nazım Hikmətin böyük təsiri vardır. Əgər bizim ədəbiyyatımızda Nazım Hikmət çapında bir yol göstəricisi gəlməsə idi, ədəbiyyatımız bu səviyyəyə çıxmazdı. Bir ölkənin ən böyük şairini, bir ölkənin dilinin yaradıcılarından ən böyüyünü kim vətəndaşlıqdan məhrum edə bilər? Gələcək nəsillər bir tək Nazım Hikmət hadisəsinə görə bizi bağışlamayacaqdır… Bir ölkənin ən böyük şairini sən 17 il həbslərdə çürüt, ondan sonra da onu öldürməyə qalx, onu qaçmaq məcburiyyətində burax, ardından get onu vətəndaşlıqdan at, o da getsin qürbət ellərdə vətən həsrəti, dilinin həsrəti içində ölsün. Bir insana, özü də ən böyük şairinə bizim ölkəmizin siyasətçilərinin etdiyini bütün çağların ən azğın, ən dəliqanlı diktatorları belə etməmişdir…»

Yaşar Kamalın «İncə Məməd»i də, başqa romanları da çağdaş Türkiyə ədəbiyyatının ən dəyərli örnəklərindəndir, şübhəsiz, həm də dünyaca tanınan əsərlərdir. «İncə Məməd»də bir saf dağ havası duyulur, dağ övladlarının azad, sərbəst, müstəqil davranışları çox incə boyalarla əks olunub. Yaşar Kamalın özü də müstəqil düşüncəli, hərəkətlərində sərbəst adamdır. Onun nə qədər kürd mənşəli olduğunu bilmirəm, bilərəkdən, qəsdən özünü bəzən kürd adlandırması məncə ancaq bir növ etiraz idi. Çağdaş türk nasirləri arasında Yaşar Kamal qədər türk dilinin bütün incəliklərinə bələd olan, türk folklorunu onun qədər sevən, hətta toplayıb nəşr edən ikinci bir yazar tanımıram. Doğrudur, bəziləri Yaşar Kamalın kürd təəsübkeşliyini Nobel mükafatı almaq iddiasıyla bağlayırdılar, amma Yaşar Kamal bu bəyanatlarsız da həmin mükafata çoxdan layiq olan sənətçidir. Elə Nazım Hikmətin özü kimi. Təəssüf ki, bu mötəbər mükafat bəzən bədii dəyərlərə görə deyil, siyasi konyukturaya əsaslanaraq verilir. Yaşar Kamal yalnız Turkiyədə baş verən hər hansı ədalətsizliyə qarşı çıxmır, dünyanın hansı yerində olur-olsun, hər haqsızlığa biganə qala bilmir.

O vaxt Türkiyə Yazarlar Sindikatının Başqanıydı. Sindikatı ziyarət etdiyim zaman Yaşar Kamal, o vaxtkı müavini Bəkir Yıldız və başqa bir neçə yazıçı bir məsələni ciddi şəkildə müzakirə edirdilər. Diktatura rejimi hökm sürən hansısa ölkədə (yadımda qalmayıb, ya Latın Amerikası, ya ərəb ölkəsiydi) öz əsərlərinin çapına izn verməmək barədə danışırdılar. Yazarlardan biri o dövlətin siyasətinə protest olaraq öz əsərinin nəşrinə qadağa qoymaq istəyirdi, Yaşar Kamalın da əsərinin çəkilməsini (məhz «çəkilmək» istilahını işlədirdilər) təklif edəndə o, razılaşmadı. Əksinə, qoy bizim əsərlər bu ölkələrə də yol tapsın ki, oranın da xalqını oyatsın, əsərlərimizi geri çəkməklə nə qazanırıq. Guya o diktatorlar bundan üzüləcəklər?

Yaşar Kamal Bakıya Nəsimi yubileyinə də gəlmişdi və yubiley gecəsində öz çıxışından başqa bütün məruzələrin, nitqlərin rus dilində olmasından çox rəncidə olmuşdu.

Sonuncu dəfə Yaşar Kamalı İstanbulda Memar Sinan Universitetində işlədiyim zaman gördüm - Türkiyə Yazarlar Sindikatının mart ayının 20 və 21-də veçirilən VIII qurultayında… Qurultaya məni o zaman Sindikatın Yaşar Kamaldan sonra Başqanı seçilmiş Oqtay Akbal dəvət etmişdi. Yaşar Kamalla, Əziz Nesinlə səmimi görüşdük.

Qurultayı Oqtay Akbal açdı, qurultaylar arasında Sindikatın fəaliyyəti haqda hesabatda Sindikatın Azərbaycanla bağlı keçirdiyi üç tədbir xüsusi qeyd olundu: 1992-ci il martın 5-də Azərbaycan Yazıçılar Birliyinin Türkiyədə təmsilçisi Tofiq Məliklinin təşəbbüsüylə Qarabağ faciəsinə həsr olunmuş toplantı, 1992-ci li mayın 4-də Anarın, Nəbi Xəzrinin və Tofiq Məliklinin iştirakıyla keçirilmiş, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin genişləndirilməsinə aid toplantı və «Qaraca» teatrında Azərbaycanla bağlı tədbir… Məruzədən sonra qonaqlardan üç nəfər çıxış etdi: Türkiyənin Kultur bakanı Fikri Sağlar, Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykal və mən.

Çıxışımda qurultay iştirakçılarını Azərbaycan Yazıçılar Birliyi adından təbrik etdim. Qarabağ dərdimizdən danışıb, işğal edilmiş torpaqlarımızın tezliklə azad olacağına ümid bəslədiyimizi dedim:

«Bu ümid bu gün ağır, soyuq qışdan sonra qan və göz yaşları çilənmiş Azərbaycan çöllərində qarların altından baş qaldıran fidanlar kimidir, novruzgülü, nərgiz, bənövşə kimidir. O bənövşə ki, ona XVI əsrin böyük Azəri aşığı Qurbani ölümsüz misralar həsr edib.

Qurbani der: könlüm bundan sayrudur

nə etmişəm, yarım məndən ayrıdır

ayrılıqmı çəkib boynu əyridir

heç yerdə görmədim düz mənekşeni.

Mən bu bəndi yalnız iki hərfi dəyişərək oxudum: Siz «mənekşə» deyirsiniz, biz «bənövşə». Eyni kökdən, eyni qaynaqdan olan dillərimiz arasında XVI əsrdə də, ondan əvvəl və sonra da çox az fərq olub».

Çıxışımdan sonra Yaşar Kamal məni bağrına basaraq təbrik etdi və Qurbaninin misralarını bir daha təkrar etməyimi xahiş etdi.

Əziz Nesinlə də dəfələrlə Bakıda, İstanbulda, hətta bir dəfə Misirdə görüşmüşük. (Yazıçının qəbul etdiyi Nesin təxəllüsü Azəri türkcəsində «Nəsən» kimi səslənməlidir). Bakıda Mirzə Cəlil Məmmədquluzadənin yubileyində çıxışı zamanı atamın «Kamança» şeirini oxudu:

Qulaq asın Mirzə Cəlilin sözünə

Nə ədavət saxlayın,

Nə dava-dalaş salın!

İnsanda insan oyadın!

Kaman çalın!

Kim sındırsa kamançanı,

Halaldır qanı!

Və nitqini bu sözlərlə bitirdi: «Böyük Azəri şairi Rəsul Rzanın sözünü eşidin: İnsanda insan oyadın!».

Görkəmli türkoloq Tofiq Məlikli «Əziz Nesin 44 il çapını gözləyən məqaləsində nələrdən yazdı» adlı məlumatında qeyd edir:

«1965-ci ilin iyun ayında üç türk yazıçısı - uzun illərdən sonra ilk dəfə Sovetlər Birliyinə dəvət olunmuşdular. Moskvada olarkən Əkbər Babayev Əziz Nesindən Bakı təəssüratlarını yazmasını xahiş etdi. Əziz Nesin onun sözünü yerə salmadı. «Qəlbdən qəlbə yol var» başlıqlı məqaləsini Əkbər müəllimə verdi. Əkbər müəllimin istəyiylə mən o yazını azəriləşdirib «Ədəbiyyat və incəsənət» qəzetinə göndərdim. Ancaq məqalə çap olunmadı. Doğrusu, çap olunacağına da inanmırdıq. Çünki Əziz Nesin gördüklərini - yaxşısıyla, pisiylə və qardaş səmimiyyətiylə, sevgisiylə qələmə almışdı. Bu isə o dövrün ideologiyasına heç bir şəkildə uymurdu».

Əziz Nesinin Tofiq Məliklinin təqdimatıyla «525-ci qəzet»də dərc etdirdiyi məqaləsindən bəzi parçaları öz qısa şərhlərimlə verirəm:

«Biz üç dost - Məlik Cevdət Anday,Yaşar Kamal və mən Azərbaycanda Türkiyə türklərinin nə qədər çox sevildiklərini gördük. Azərbaycanın məşhur yazıçıları da Türkiyəyə gəlmişdi. Mənə elə gəlir ki, onlar da seyrçilərin çoşqun alqışlarında Türkiyə türklərinin azərbaycanlıları nə qədər sevdiklərini görmüşdülər. Bu sevgi qarşılıqlıdır… Hər insan öz gözünə görə görür, yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə, bir sosialist yazar olaraq gördüm. Gördüklərim içində məni çox sevindirən şeylər olduğu kimi, məni üzən şeylər olduğunu da gizlətməyəcəm. Ancaq üzən şeylər mənim içimdə qalacaq. Çünki Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram… Bu qısa zaman içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyat adamları olmalarına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və firavanlıq içində yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının şair olmadığına şaşıram». (Hörmətli Əziz bəy bu gün yaşasaydı və ölkəmizə gəlsəydi, indi Azərbaycanda da yazıçıların eynən Türkiyədəki hala düşdüklərini görərdi. Amma buna baxmayraq Azərbaycanda az qala bütün xalqın şeir yazdığına da şaşardı. - A.)

Əziz Nesin davam edir:

«Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birimizi tənqid edirik. Siz Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi doğru deyil (Əziz Nesin kimi ayıq başlı adam belə üzə görə tərifləri səmimi ürək sözləri kimi qəbul edibmiş -A.). Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, ancaq aparıcı onu o qədər çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı (Ah, Əziz bəy, keşkə möcüzə baş verəydi, bir anlığa “Natəvan” klubunda keçirdiyimiz tədbirlərdə iştirak edəydiniz. Sıradan bir yazıçı haqqında elə mədhiyyələr söylənir ki, dörd yüz il ərzində nə Füzuli, nə Şekspir belə sözlər eşitməyiblər- A.). Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik (bir-birimizi batırmaqda da sizlərdən geri qalmarıq, Əziz bəy - A.). Hər ölkədə olduğu kimi, Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında müharibə gedir. Kimliyimə (pasportuma - A.) baxılsa mən gənc deyiləm.

Ancaq kimliyim məndən tez qocalıb (!-A.)… Mən gəncliyin tərəfindəyəm. İyirmi yaşında bir ürəyə, otuz yaşında bir beynə sahibəm. «Dünyanın ən gözəl insanı kimdir?» deyə məndən soruşsanız, «yetmiş yaşında da gənc qala bilənlər» - deyərdim (!-A.). Ancaq gənclərin yolunu kəsən insanlar da gördüm. Günah yaşlılarda deyil, yollarının açmasını bilməyən gənclərdədir (altını mən cızdım- A.). Təəssüf olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycanlı aydınlar da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacayıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm».

İstanbulda işlədiyim zaman məni də ənənəvi kitab fuarına dəvət etmişdilər. Bir masanın başında Əziz Nesin, tərcüməçim və dostum İldəniz Qurtulan, bir neçə türk yazarı və mən əyləşmişdik. Adamlar kitabları alıb masaya yanaşır, müəlliflərdən avtoqraf alırdılar. Mənim kitabımı yeddi ya səkkiz oxucu alıb gətirdi. Əziz Nesinin qarşısında isə uzun bir növbə dayanmışdı, azı üç yüz kitabı alındı. O vaxt Nesinin Türkiyədə, SSRİ-də və hətta Avropada satirik yazar kimi ən çox populyar olduğu vaxt idi. Məni o vaxt Türkiyədə çox az tanıyırdılar, İldəniz bəyin çevirisində ilk kitabım «Ağ liman» yenicə nəşr olunmuşdu. Odur ki, oxucuların maraq göstərməməsinə əsla üzülmürdüm, amma yanımdakı türk yazarlarından heç birinin bircə kitabına da müştəri tapılmaması onların yerinə məni pərt edirdi. Bu fuarda Əziz Nesin kitabını avtoqrafla mənə də bağışladı.

1993-cü ildə fevral ayında Yusif Səmədoğluyla Qahirədə Asiya-Afrika yazıçılarının toplantısında iştirak edirdik. Türkiyədən də konqresə Əziz Nesin və qəzetəçi Zeynəb Oral qatılmışdı. Gəmiylə bərabər Luksora da getdik.

1995-ci ildə Abdi İpəkçi idman sarayında Əziz Nesinin 80 illik yubileyində çıxış etdim, onu Azərbaycan yazıçıları adından təbrik etdim, xalça bağışladım.

Türkiyədə Əziz Nesini ürəkdən sevən insanlarla bərabər ona sonsuz nifrət bəsləyənlər də az deyil. Bəlkə, buna görə məzarı qaib bir yerdədir, təhqir olunmasın deyə, hər kəsdən gizlindir.

Bakıda Əziz Nesin Mirzə Cəlilin məzarına əklil qoymuşdu, bunun fotosunu görənlər «Əziz Nesin Lenin abidəsinə çiçək qoyur» deyə onu məsuliyyətə cəlb edirdilər. Ümumiyyətlə, ən əcaib suçlamalarla Əziz Nesini dəfələrlə həbsə atmış, xarici ölkələrdə layiq görüldüyü yüksək ədəbi mükafatları almaq üçün bu ölkələrə getməsinə yasaq qoymuşdular. Türkiyədə onu guya Moskvaya xidmət etməkdə suçlayırdılar, Sovet İttifaqında isə bəzi siyasi və ədəbi dairələr onun müstəqil tənqidi fikirlərindən narazı qalırdılar. Əziz Nesin: Mən Sovetlər Birliyinin dostuyam, amma buyruq qulu deyiləm… Ünlü yazara qarşı ən çirkin üsullara da əl atırdılar. Onun guya ki, istebaratla - Türkiyənin Təhlükəsizlik təşkilatıyla əlaqədar olduğu haqqında şayiə buraxmışdılar. Nazım hələ Türkiyədə olarkən ona bu barədə şikayət edən Əzizə böyük şair: «Mənə azmı böhtanlar atdılar- deyib,- bu yola çıxmısansa bunlara da təhəmmül etməlisən…»

Əziz Nesin və Nazım Hikmətlə bağlı bir epizod mənə çox təsirli gəlir. Nazım Türkiyədən çıxandan bəri Əziz Nesin təbii ki, onu bir daha görməyib, səsini eşitməyib. 1966-cı ildə Sovet İttifaqına gəlir, Moskvada Nazımın məzarını ziyarət edir, şairin mənzilində olur. Şairin ölümündən az qabaq səsini yazdırdığı kaseti Əzizə hədiyyə edirlər. Orada imkan tapıb dinləyə bilmir, Türkiyəyə qayıdarkən dərhal yaxalayıb polisə aparırdılar, əşyalarını axtarırlar, həmin kaseti tapıb qururlar. Əziz Nazımın illərdən bəri eşitmədiyi doğma səsini, gözəl şeirlərini dərin duyğuyla oxumasını polis məntəqəsində, ona düşmən gözüylə baxan əmniyyət zabitlərinin arasında dinləyir, gözləri yaşarır, yarım saata üç qutu siqaret çəkir. Zabitlər ona baxıb gülürlər, - onlar Nazım şeirinin təsir gücünü duymağa qadir olsaydılar, daha polisdə niyə işləyirdilər ki… Əzizə gülürlər. Əsərləriylə bütün Türkiyəni güldürən Əziz Nesinə. Əziz Nesin isə gülmür, güldürmür, ağlayır. Böyük didərgin Nazıma ağlayır, özünə ağlayır, Namiq Kamaldan Yılmaz Güneyə qədər ən dəyərli övladları zindanlarda, sürgünlərdə, qürbətlərdə, «ölümdən betər mühacirətdə» çürüyən xalqın acı qismətinə ağlayır…

Böyük satiriklər güclü yumor hissinə malik olmaqlarına rəğmən, adətən çox dərdli olurlar. Qoqol kimi, Mirzə Fətəli, Mirzə Cəlil kimi…

Əziz Nesin kimi… Hekayələriylə dünyanı güldürən Əziz Nesin qəlbinin dərin kədərini şeirlərində ifadə edirmiş. Bu barədə «Şair Əziz Nesin» essemdə yazdığımçün, burda nöqtə qoyuram.

Ən çox təqiblərə məruz qalan çağdaş yazarlardan biri də tanınmış nasir Fakir Bayqurddur. 1975-ci ildə biz Türkiyədə olarkən onun başı üzərində qara buludlar daha da sıxlaşmışdı. Sovet səfirliyinə Simonovun mətbuat konfransına gəlməsi böyük cəsarət kimi qiymətləndirilirdi. Bu hərəkəti ona baha başa gələ bilərdi. Fakir Bayqurdla da elə mətbuat konfransında tanış olduq, söhbət etdik. Mənə son dərəcə saf və səmimi insan təsiri bağışladı. Bir neçə gün sonra iyunun 4-də «Yeni gün» qəzetində bu görüşümüz haqqında da yazdı:

«Tanınmış şair Rəsul Rzanın və şairə bir ananın oğlu olan Anar Bakıda doğulmuşdur. «Dantenin yubileyi», «Ağ liman», «Molla Nəsrəddin 66» adlı əsərləri ilə tanınmışdır. Özəlliklə sonuncusu çox sevilmiş. Bildiyimiz Nəsrəddin Xocanın azərbaycanlısı olan Molla Nəsrəddin 1966-cı ildə yaşasaydı, nələri dilinə gətirərdi, nələrə gülərdi? Müəllif bunları izləyir. Nə yazıq ki, nəşr olunmuş səkkiz kitabı olan yazarı yetəri qədər tanımırıq».

Sonralar Fakir Bayqurda Moskvaya gəlmək də nəsib oldu və bu səfər nəticəsində belə bir şeir də yazdı:

Moskvanın ünlülər məzarlığında

Yatır bizim Nazım Hikmət,-

İyirminci yüz ilin əzabkeş şairi

Baş ucunda bir çinar ağacı

Üstündə qocaman bir qaya,

Göyərçin mavisi qranit

Bir abidə deyin siz ona,-

Qayanın üstündə yeriyir Nazım.

Yürüyür bizim Nazım Hikmət,

Keçir buludları, okeanları

Beş qitəni gəzir şeirləri,

Ölüsü orda torpağın altında,

Surəti qayaya işlənmiş

Haydı, gedəlim deyir kimi

Öncə Anadoluya, sonra yolumuza,

Yeriyir qranitin üstündə

Yolumuz çox uzun deyər kimi.

O günlərdə məşhur qəzetəçi-yazar İlhan Selcuqla da tanış oldum. İki cildlik kitabını -18-ci ildə Nuri paşanın xilaskar ordusu tərkibində Azərbaycana gəlmiş Çavuş Süleyman əfəndinin xatirələri əsasında yazdığı kitabı mənə bağışladı: amma qızmayın, - dedi, - burada Azərbaycanla ilgili eleştirilər (tənqidi fikirlər) də var. O söhbətimizdə baxışlarını açıqlayarkən İlhan bəyin dedikləri də yadımda qalıb: Biz türk solları Mustafa Kamalın da, Mustafa Sübhinin də məfkurə varisləriyik. O vaxtdan bəri İlhan bəylə görüşmək nəsib olmadı, ancaq 1993-cü ildə İstanbulda dərs dediyim zaman qiyabi dartışmamız oldu.

«Aydınlıq» qəzetində dərc etdirdiyim köşə yazısında belə bir fikir irəli sürmüşdüm ki, Qərb bizdən - Şərqdən qorxur. «Cümhuriyyət» qəzetində bu fikrə etiraz edən İlhan Selcuq yazırdı ki, yanılıram, Qərb bizim nəyimizdən qorxmalıdır? Mətbuatda ona cavab verərək izah etməli oldum ki, mən silahlı gücü yox, ağlımızı, dərrakəmizi nəzərdə tuturdum, daha doğrusu, dərrakəsiz, ağılsız bəyanatlarımızı. Əgər bir müsəlman ölkəsi terrorizmi rəsmi ideologiya kimi qəbul edirsə, başqa bir islam məmləkəti yazıçını kitabına görə edama məhkum edirsə, üçüncüsündə nazir seyfində atom bombası saxladığını bəyan edir və onu düşmən dövlətin paytaxtına atacağıyla hədələyirsə, tək Qərbin deyil, ümumən dünyanın bizdən qorxması təbii deyilmi? Gücümüzdən yox, çılğınlığımızdan, məsuliyyətsizliyimizdən, dövlətlərin və millətlərin qəbul etdikləri beynəlxalq ictimai və siyasi davranış qaydalarına məhəl qoymamağımızdan, gözlənilməz «hoqqalarımızdan» qorxurlar. Təəssüf ki, bu yaxınlarda rəhmətə getmiş İlhan bəylə bir daha görüşməyə və anlaşmağa fürsət düşmədi.

Türkiyədə tanış olduğum dəyərli insanlardan biri də Atilla İlhan idi. Vaxtilə Nazım Hikmət Atilllanın şeirlərini bəyənmiş, təqdir etmiş və Atilla bəy ömrü boyu böyük şairə sayğısını və sevgisini qoruyub saxlamışdır. İstanbulun ən gözəl bulvarlarından birinin adını Atilla İlhan məşhur şeiriylə qoymuşdur: «Sislər bulvarı».

Atilla İlhan sol əqidəli şairdir və türk solundan başqa SSRİ tərkibində olan türkdilli xalqların milli təmayüllü kommunistlərinə də xüsusi marağı və rəğbəti var. Tatar kommunisti, Stalin repressiyalarının qurbanı olmuş M.Sultanqaliyev haqqında Türkiyədə çıxan kitaba ön söz yazmışdır, Nəriman Nərimanov haqqında «Yaşasın Şərq inqilabının başçısı» adlı yazısında Həsən Həsənovdan sitat gətirərək böyük inqilabçının tarixi rolunu dəyərləndirir.

Daima kepkası başında olan Atilla bəylə tanışlığımız zamanı ona onun özünün də şeirlərini daxil etdiyim iki cildlik «Min beş yüz ilin Oğuz şeiri» antologiyamı bağışladım. 2004-cü il 30 iyun tarixli «Cümhuriyyət» qəzetində Atilla İlhanın yazısıyla məmnuniyyətlə tanış oldum. İlhan bəy yazır:

«Önəmli və dəyərli Azərbaycan aydını Anar mənə bir kitab vermişdi: «Min beş yüz ilin Oğuz şeiri». Diqqət edin, yalnız türk və azəri şairlərinin deyil, yer üzündəki bütün türk şairlərinin antolojisi. Bizdə boylə bir əsər yox! Ürəyimdə bir həyəcan duydum, düşündüyümü açıqca söylədim: «Siz bizdən artıq türksünüz».

Türkiyəyə çoxsaylı səfərlərim, özəlliklə də 1993-cü ildə yeddi ay Memar Sinan Universitetində dərs dediyim zaman tanış olduğum, xoş münasibət qurduğum yazarlar arasında Oktay Akbalın xüsusi yeri var. O illər Oktay Akbal Əziz Nesindən və Yaşar Kamaldan sonra çox nüfuzlu yaradıcılıq təşkilatı olan Yazarlar Sindikatının üçüncü başqanı vəzifəsində çalışırdı.

Oktay bəy azəri kökənlidir, əsli Qarabağdandır, soyadı Akbal da əslində Ağabaladır. Bəlkə, bu səbəbdən - qan çəkir, - bəlkə, təbiətcə çox xeyirxah insan olan Oktay bəy yaş fərqimizə baxmayaraq İstanbulda yaşadığımız vaxtda həyat yoldaşı Aylin xanımla bir yerdə bizim ən məhrəm dostlarımızdan, bizə daima diqqət və qayğıyla yanaşan insanlardan oldular. Oktay bəyin sədr seçildiyi qurultayda ona muavin seçilmiş Temirtaş Ceyhun da bizim vətən nisgilimizi, Qarabağ dərdimizi ovutmaqçün əllərindən gələni əsirgəmirdilər. Əcdadlarının şəhəri Şuşanın erməni qəsbkarları tərəfindən işğal edilməsi onu da çox ağrıdırdı. Azərbaycanın faciəsini Türkiyə ictimaiyyətinə çatdırmaqçün əlindən gələn bütün imkanlardan istifadə edirdi. 1993-cü il, may ayında Oktay Akbalın İstanbulda Atatürk Kültur Mərkəzində təntənəylə qeyd edilən 70 illiyində də iştirak etdim. Yubileyi münasibətiylə hökumət onun heykəlinin ucaldılması haqqında qərar qəbul etmişdi. Elə həmin ilin may ayında Yaşar Kamalın da iki şəhərdə (biri İstanbulda, sahid yolunda) heykəllərinin açılışı olmuşdu. Türkiyədə sağ yazarlara da heykəl qoyulur, adlarına küçələr verilir. Hətta nisbətən gənc olan Ataol Bəhrəmoğlunun adına da küçə var. Oktay Akbala heykəl qoyulması haqqında qərar yubiley gecəsində açıqlananda yubilyar özü çıxışında buna böyük təvazökarlıqla və yumorla münasibət bildirdi. - Gərək deyil, - dedi, - heykəl qoyacaqsınız, biri gəlib burnunu qoparacaq, biri qulağını... Oktay bəylə hələ Bakıda tanış olmuşduq. Yazıçılar Birliyində Mirzə İbrahimovun, Ənvər Məmmədxanlının da iştirakıyla görüşmüşdük, təşkilatlarımız arasında əlaqələr qurulması haqqında müqavilə imzalamışdıq. Sonra şəhərə gəzməyə çıxmışdıq.

Türkiyəyə dönəndən sonra Oktay Akbal «Cümhuriyyət» qəzetinin bir neçə sayında «Əvət-Xayır» başlıqlı daimi rubrikasında SSRİ-yə səfəri haqqına silsilə yazılar dərc etdi. Moskva təəssüratlarından sonra Bakı görüşlərinə də geniş yer ayırdı:

«Bir həftə də Bakıda qaldım. Azərbaycan Yazarlar Birliyi başqanı Anarla, əsgi başqanlardan Mirzə İbrahimovla, şair Vahabzadə ilə, bir çox Azəri yazarla ilginc görüşmələr yapdım. Şair Bəxtiyar Vahabzadə öfgə içində. Titrəyir danışarkən, olub bitənləri anladırkən. Rus tankları qalabalığa atəş açmış birdən birə. Yüz, iki yüz azəri oradaca can vermiş.

Bakını təpədən seyr etdik. Kirovun uca heykəli az ötədə. Kirov Stalinin arxadaşı, həm də qurbanı. Kimmi Kirov? Azərbaycanda kommunist rejimi yerləşdirənlərdən. Çox sürməz, özgürlük özləmi (azadlıq həsrəti) çəkən azərilər bu heykəli ortadan qaldırarlar (belə də oldu- A.). Çox istərdim bir dəfə daha Şuşaya gedim. Yəni Qarabağ tərəflərə. Orada savaş gedir. Gedə bilməyəcəyimi dedilər. 1978-də Şuşaya getmişdim. Saysız sənətçilərin yetişdiyi bir yerdir Şuşa. Niyazilər, Bülbüllər, Vaqiflər, Natəvanlar, Üzeyir Hacıbəylilər, daha neçələri… Mənim də dədələrim Qarabağdan gəlmiş. Nağıl kimidir atamdan, əmim oğlu Kamil bəydən eşitdiklərim.

Azərbaycanın Baş bakanı Həsən Həsənovla görüşdüm. Yanımda Azərbaycan Yazarlar Birliyi başqanı, ünlü roman və hekayə yazarı Anar və xanımım var. Həsən bəy Türkiyədən yeni gəlmişdir. Çox xoş bir adamdır. Hey gülən, hey çoşquyla danışan…

Azərbaycan Yazarlar Birliyinin möhtəşəm binası var. İşçiləri, yüksək tirajlı qəzetləri, dərgiləri, yayımladığı kitablar var. Tirajları 20-30 min. Yeddi milyonluq bir ölkədə buna şaşmamaq olurmu? Biz ki ən tanınmış yazarımızın kitabını üç-beş, ən çoxu on min tirajla yapa bilirik. Altmış milyonluq Türkiyədə bir ildə beş min kitab satsaq sevinc duyarıq (Sevgili Oktay bəy, indi biz də bu günə düşmüşük- A.). Yeddi milyon insan ən azından orta təhsilli olursa, kitablar da iyirmi-otuz min adam tərəfindən alınar, əlbəttə. «Bu kitabı oxumusanmı? Mən oxudum, çox gözəldir»… Kitablar əldən ələ keçir. Şairlər, yazarlar ekranlarının baş qonaqlarıdır. Bakı şair heykəlləriylə dop doludur: Füzuli, Nəsimi, Nizamı, Vaqif, Natəvan. Doğu ölkələrində, bəlkə, ilk qadın heykəli Bakıdadır, sanıram: Natəvanın iki yerdə çox gözəl heykəli var.

Anar ünlü şair Rəsul Rzanın oğlu, Azərbaycanın yurd içində və dışında tanınan məşhur yazardır. Kitabları xarici ölkələrdə çap edilir. O, çox sevilən bir şəxsdir. Bu sevgi atasından qalmış, amma özü də öz şəxsiyyətiylə, əsərləriylə azəri xalqının ürəyində yer almış. Küçəylə gedirik, hər kəs onu tanıyır, sayğıyla salamlayır. Anar Sovetlər Birliyi Parlamentində Azərbaycanın təmsilçisidir eyni zamanda. Üç ildir Azərbaycan Yazarlar Birliyinin Birinci sekreteri, yəni Başqanıdır. Türkcəni ən düzgün danışanlardandır. Yazdıqları latın əlifbasıyla yayımlanarsa şübhə yoxdur ki, ölkəmizin ən çox oxunan, sevilən yazarlarınan biri olacaqdır.

Latın əlifbasına keçmiş Azərbaycan aydınlarının bu sıralarda dartışdıqları baş mövzudur. Latın əlifbasına keçmək, Kiril əlifbasından qurtulmaq…

Azərbaycan Yazarlar Birliyiylə Türkiyə Yazarlar Sindikatı arasında bir dostluq anlaşması imzaladıq. Bizdən Bakıya, Bakıdan İstanbula yazarlar, şairlər gedib gələcək, Türkiyədə Azərbaycan ədəbiyyatı antolojisi, Azərbaycanda da Türkiyə ədəbiyyatı antolojisi nəşr ediləcək. Qarşılıqlı yubileylər yapılacaq. TV-lər, radiolar günlərcə bu anlaşmadan söz etdi. ANAP hökumətinin Kültur bakanı Namiq Kamal Zeybək də Bakıdaydı o günlərdə. Operada, daha sonra ziyafətdə bir az danışmaq imkanı bulduq. Bakanın da Azərbaycanla yaxın ilişgi qurmaq niyyəti var. Bizim müqavilə haqqında da ona məlumat verdim. Sanıram ki, bu məsələylə bağlı Bakanla yaxın görüşlərimiz olacaq. Azəri və Türkiyə xalqları arasında kültur bağının düzlənməsinə hamımız birliklə çalışmalıyıq».

Nazım Hikmət və musiqi... Bu özü geniş bir mövzudur, şairin sözlərinə çağdaş türk və azəri bəstəkarları onlarla mahnı yazmışlar. Nazımın poeziyası çoxsəslidir. Onun şeirlərinə müraciət edən müxtəlif bəstəkarların fikirləri üst-üstə düşür: Nazım şeirinə musiqi bəstələmək yox, bu sözlərin içindəki melodiyanı, ritmi tapıb üzə çıxarmaq önəmlidir. Həqiqətən şairin öz ifasında şeirlərini dinləyərkən bu melodiya daha gözəl, aydın duyulur. Bəzən üsyankar, bəzən həzin melodiya. Elə Bakıda Xəzərə yazdığı şeirini oxuyarkən: “Xəzər rüzgarların səsini qonuşuyor, balaaam...” - deməsi, həm də bunu necə ahənglə, səslə oxuması hazır mahnı deyildimi? O üzdən Nazım şeiri ilə işləmək, bu sərbəstliyin içərisindəki ahəngi tapmaq, tempi duymaq sadə deyil. Məşhur türküçü Ruhi Su Nazımın “Qadınlarımız” şeirini oxuyub.

Türküləriylə minlərin, milyonların ruhunu, qəlbini ovsunlamış Ruhi Su da Nazım şeirləri haqda eyni fikirdədir. Hətta bəzi misralarda şeirin daxili melodiyasını pozmamaqdan ötrü sözləri musiqisiz səsləndirir. Nazım poeziyasına Cem Karaca, Məsud Cəmil, Tarik Öcal, Nadir Göytürk və başqa bəstəçilər müraciət etmişlər. Onun “Fərhad və Şirin” pyesi əsasında Azərbaycan bəstəkarı Arif Məlikov «Məhəbbət əfsanəsi» baletini yaratmışdır. Məşhur türk bəstəkarı (o həm də nasir, romançıdır) Zülfü Livanelinin bir etirafı ilgincdir. Livaneli yazır:

«Nazım Hikmətin Moskvada vətən həsrətiylə yazdığı «Qarlı qayın ormanında» şeiri mənə də çox təsir etdi. Çünki o vaxt mən də Türkiyəyə gedə bilmirdim, Stokholmda yaşayırdım. Yeməkləriylə, havasıyla, insanlarıyla bizə əsla bənzəməyən soyuq bir ölkədə, hardasa bir Ay qədər bizdən uzaq başqa bir məkanda… Yaşadığımız müəllim evinin yaxınlığında qayın ormanı vardı və qar içindəydi. Mən də o yolla yeriyib düşünürdüm. Bu bəstələri düşünürdüm. İçimdə Nazımla bir yarış hissi vardı».

Nazımın seirlərinə yazılmış ən gözəl nəğmələrdən olan və Zülfü Livanelinin özünün ifa etdiyi «Qarlı qayın ormanında..» mahnısı vətən həsrətindən yaranmış ən təsirli sənət əsərlərindəndir. Hələ 1978-ci ildə, Türkiyədə Nazım adının, əsərlərinin yasaq olduğu bir zamanda Zülfü Livaneli “Nazım türküsü” adlı bir albom buraxır. Alboma Nazımın “Arhavili İsmayıl”, “Memetçik Memet”, “Qız cocuğu”, “Üç saz”, “Qarlı qayın ormanında” və başqa şeirlərinə bəstələdiyi və özünün ifa etdiyi mahnıları daxil edir Livaneli. Bu albom həmin o yasaqlar, qadağalar zəmanəsində o qədər populyarlıq qazanır ki, düz 51 həftə ən çox satılan, dinlənən albom siyahılarında birinci olur. İllər sonra Ankarada, dünyanın müxtəlif şəhərlərində yüzlərlə, bəzən də milyona yaxın adamın ayaq üstə birgə ifa etdikləri marşlara, dillərdən düşməyən xalq mahnılarına çevrilir. Heç şübhəsiz ki, burada Livaneli musiqisi, peşəkarlığı və Nazım sözünün ideal harmoniyası, birliyi rol oynayır. Zülfü Livaneli bu ideallığı, harmoniyanı tapmağın çətinliyini bir yazısında belə ifadə edir: “Nazım estetikası fərqliydi və onu saza bağlı xalq musiqisiylə oxuduqca nə qədər uğursuz alındığını hiss edirdim. Çünki Nazım xalq ozanı deyil. Veysəl üslubunda yazmırdı ki, o cür də oxuna bilsin. Nazım şeirinə uyğun musiqidə həm xalq, həm Qərb, həm də divan musiqisi xalları olmalı idi.”

Elə həmin illərdə dünya şöhrətli yunan müğənnisi Mariya Fraunduri Teodorakis bu mahnılara maraq göstərir və özü Zülfü Livaneliyə təklif göndərir. Zülfü Livaneli Mariya ilə birgə Avropanın bir çox şəhərlərində, böyük səhnələrdə bu türküləri ifa edir, minlərin, milyonların alqışlarını qazanır. Əlbəttə, Nazım sözünün, şeirinin də xüsusi payı vardı bu alqışlarda.

Sonralar Zülfü Livaneli Nazımın başqa - “Saat dörd yoxsan”, “Günəş topla mənim için”, “Xoş gəldin, bəbək” və başqa şeirlərinə musiqilər bəstələyib, ifa edib, albomlar buraxıb. Amma lap son illərdəki konsertlərində də kütlənin Livaneliyə qoşulub “Qarlı qayın ormanında” oxuması, ayaq üstə alqışlaması insanda qürur hissi doğurur, adamı əsl sənətin ölməzliyinə, ən müxtəlif ictimai-sosial durumlarda, vəziyyətlərdə də seviləcəyinə inandırır. Və, heç şübhəsiz ki, Nazım şeirinin, sözünün kütlələrə çatdırılmasında, sevdirilməsində musiqinin də rolu danılmazdı.

Nazım və musiqi mövzusunda çox danışmaq, çoxlu misallar gətirmək olar. Ancaq bu mövzuda danışmışkən gənc bəstəkar, pianist Fazil Sayın da xidmətini vurğulamağı özümə borc bilirəm. Fazil Sayın yazdığı “Nazım Hikmət oratoriyası”nı dinləyərkən adama elə gəlir ki, bu musiqini Nazım özü yazıb. Bu oratoriyanın parçaları üstündə Gənco Erkal şairin şeirlərini səsləndirir. Fazil Say musiqisi, Nazım sözü və Gənco Erkalın həm musiqini, həm də sözü öz ruhu, qəlbi ilə duyması, o cür oxuması, heyrətamizdir sadəcə. Bəzən bunu dinlədikcə göz yaşlarını, bəzən sevincini, bəzən sənətin böyüklüyündən doğan qürurunu cilovlaya bilmirsən... Elə bu yerdə Nazım hərtərəfliliyinə heyrət içində onun rəssamlıqla əlaqəsini, rəssamlara, bu sənətə aid düşüncələrini yadıma salıram. Və Nazım Hikmətin yalnız çağdaşları deyil, həm də ən yaxın dostları olan rəssamlardan da söz açmaq istərdim. Veranın xatırladığı kimi Parisə gələrkən Nazımın ilk aradığı adam rəssam Abidin Dino olardı.

Siyasi mühacirlər kimi Abidin bəy və arvadı Güzin xanım xeyli vaxtdır Parisdə yaşayırdılar.

Abidin bəylə Bakıda görüşmüşdüm. Bu barədə «Sertellər» essemdə yazmışam. Amma o yazıda qeyd etmədiyim bir məsələni burda nəzərə çatdırmaq istəyirəm. Bakıda Abidin bəyi Toğrul Nərimanbəyovun emalatxanasına apardım. Toğrulun işlərini böyük maraqla seyr etdi. «Bu istedadlı rəssamın hər işindən görünür ki, o Azərbaycan rəssamıdır, - dedi. - «Muğam» şəklinə diqqət edin. Müğənni, çalanlar təsvir olub, ancaq hər boyada, hər yaxıda sanki neftdən bir nişanə, bir əlamət var».

Nə yazıq ki, bu, Abidin bəylə ilk və yeganə görüşümüz oldu. Parisə yolum düşəndə telefon etdim, Güzin xanımla danışdım. Abidin bəy Parisdə yoxdu, nəhayət ki, çoxdan həsrətini çəkdiyi vətəninə - Türkiyəyə gedə bilmişdi. Güzin xanım evlərinə dəvət etdi. Parisin lap mərkəzində Sen-Mişel bulvarıyla Sen Mişel sahil küçəsinin tinində yerləşən mənzillərində Güzin xanımdan başqa Türkiyənin məşhur siyasi xadimi, o vaxt Böyük Millət Məclisinin İşçi partiyadan deputatı olan Bəhicə Boran da vardı, Parisə Parlament xəttiylə bir toplantıya gəlmişdi. Bu görüşlər haqqında Fransa səfərimdən bəhs edən «Gəzməyə qürbət ölkə» adlı yol qeydlərimdə ətraflı yazmışam.

Abidin Dino ilə Nazımın tanışlığı hər ikisinin gənclik illərinə təsadüf edirdi. Abidin Nazim Hikmətin kitablarına illüstrasiyalar çəkib. Nazımın on üç şeir və pyes kitabının qapaq rəsmləri Abidinindir. Bolqarıstanda türk dilində çıxan səkkiz cildliynin ilüstrasiyaları da italyan rəssamı Renato Quttuzonun və Abidin Dinonundur. Abidinlə Nazımı yaxınlaşdıran cəhətlər, ilk növbədə, sol siyasi əqidələri, həyatda olduğu kimi, sənətdə də güclü yenilik hissi idi. Maraqlıdır ki, Abidin də Nazım kimi bu, siyasi baxışlarının altını çəkdi. 1941-ci ildə Dino siyasi səbəblər ucbatından Türkiyənin içində başqa şəhərlərə sürgün edilir. Bir müddət sonra İstanbula qayıdan Abidin xaricə çıxmaq qadağası götürüldükdən sonra, 1951-ci ildə Parisə gedir və ömrünün sonuna kimi, ara-sıra Türkiyəyə gəlsə də, orda yaşayır.

Nazım Abidin sənətinə çox yüksək qiymət verirdi. Və bu qiyməti, münasibəti ara-sıra şeirlərində də ifadə edirdi. Hər ikisi Parisdə möhtəşəm tələbə nümayişlərinin şahidi olmuşdu və Nazım şeirində Abidinə müraciətlə: - bu adamlar, nərəyə gedir, Dino, - deyə xəbər alır və özü də cavab verirdi: - Sən də, mən də, Dino, onların arasındayıq Biz də, biz də, Dino, gördük açıq mavini.

Nazımın son eşqi Veraya ithaf etdiyi “Saman sarısı” şeiri həm də Abidinə müraciətləri, Abidin sənətinə aid fikirləri ilə diqqət cəlb edir. Nazımın ictimai-siyasi mövzuları, müxtəlif şəxsiyyətləri sevgi şeirlərinə gətirməsi haqda “Kərəm kimi” romanımda yazmışam. Amma məhz bu “Saman sarısı” şeirinin ovqatı, ruhu tamam başqadı. Şeiri oxuduqca sarsılmış, qəribsəmiş, narahat, amma həm də xoşbəxt bir insan göz önünə gəlir. Və, heç şübhəsiz ki, bu insan elə Nazımın özüdür. Nazım “saçları saman sarısı, kirpikləri mavi” qadından təsirlənib, ilham alır, amma qarışıq fikirlərini, narahat ruhunu da cilovlaya bilmir: şair Nikolas Gilyeni, Koperniki, Puşkini, Məryam Ananı, Qaqarini, daha kimləri, nələri, haraları yada salır, yazır, danışır, bölüşür, dərdləşir… Abidinlə dərdləşir həm də.

Nazım bu şeiri 1961-ci ildə Parisdə yazıb. Otelin Sena irmağına-çayına açılan pəncərəsindən baxa-baxa, Saçları Saman sarısı gözəlin uyxusunu, yatışını seyr edərək. Ölümündən iki il öncə. Son eşqin səadətini duyaraq, dadaraq. Və birdən elə bu qarışıq ovqatın içində Abidindən “Mutluluğun (xoşbəxtliyin) rəsmi”ni istəməsi nə qədər təbiidir:

Sən mutluluğun rəsmini yapabilirmisən Abidin

İşin asanına qaçmadan amma

gül yanaqlı bəbəsini əmizdirən mələk üzlü anneciyin rəsmini deyil

nə də ağ örtüde almaların

nə də akvariumda su qabarcıqlarının arasında dolanan qırmızı balığınkını

sən mutluluğun rəsmini yapabilirmisən Abidin

1961 yayı ortalarında Kubanın rəsmini yapabilirmisən

çox şükür çox şükür bu günü də gördüm ölsəm də

Və Abidin Nazımın istəyindən, arzusundan ilhamlanıb… rəsm çəkmədi, ona rənglə yox, sözlə cavab verdi:

Qoxusu buram buram tüten

Limanda simit satan çocuklar

Martıların təlaşı bam-başka

İşçilər gözlər yolunu.

Enə bilsəydin o vapurdan

Ayağında Varnanın tozu

Ürəyində incə bir sızı.

Mavi gözlərində yanıb tutuşan

həsrətlə qucaqlaya bilsəydim

səninlə, bir daha.

Davullar çalsa, zurnalar söyləsəydi

Bağrımıza bassaydıq səni Nazım,

Yapardım mutluluğun rəsmini

Başında dəliqanlı şapqan,

qolların sıvalı, qovğaya hazır

Bahriyəli adımlarla düşüp yola

Gedə bilsəydik Meserret Qəhvəsinə,

İlk qarşılaşdığımız yerə

Və bir acı qəhvəmi içsəydin.

Danışsaydıq

o günlərdən, keçmişdən, gələcəkdən,

Nə günlər bitərdi,

Nə gecələr...

Dincələrdi bütün acılar səninlə

Bir yuxu olardı ayrılığımız, anılarda qalan

Və dolaşsaydıq Türkiyəni

bu başdan o başa.

Yatdığımız yerlər muzey olmuş,

Sürgün şəhərləri cənnət.

İştə o zaman Nazım,

Yapardım mutluluğun rəsmini

Buna da nə tuval yetərdi;

nə boya...

Abidin Dino

Bu rəsmi, şeirdə təsvir etdiyi mutluluğu heç bir zaman çəkə bilməyəcəkdi Abidin. Çünki Nazımın o vapurdan enməsi, ayağında Varnanın tozunu daşıması, Türkiyəni dolaşması mümkünsüzdü... Bəlkə, xəyalında canlandırıb, fantazi edib çəkərdi... Amma özü demiş, buna nə tuval yetərdi, nə boya... Şeiri oxuduqca Zəkəriyyə Sərtəllə Abidinin Bakıdakı görüşünü, Zəkəriyyə bəyin dediklərini xatırladım. Görünür, Abidin də Mutluluğun formulunu dəqiq bilirdi, öz vətənində özün olmaq, acı qəhvədən dadıb, şirin-şirin yaşamaq... məhbəslərə, sürgünlərə baxmayaraq... Nazım isə bu mutluluğu yaşamayacaqdı. Abidin də rəsmini çəkməyəcəkdi bu səadətin.

Amma bir neçə il öncə Türkiyə mətbuatında Abidinin rəsmlə “cavabı” da yayıldı. Abidin bir neçə il sonra “mutluluğun rəsmi” adlı bir tablo çəkib. Dar bir çarpayıda bir-birinə qısılıb yatmış kasıb ailə... Sonradan bu rəsmin Amerika rəssamı Diana Dancelə məxsus olduğunu yazdılar. Abidinsevərlər bu faktı inkar edib Diananı plagiatda suçladılar. Yəqin, əslində, bu rəsmin müəllifini ayırd etmək müəllif hüquqları agentliyinin işidir. Ancaq rəssamın kimliyindən asılı olmayaraq, rəsmin əsas çəkiciliyi, üstünlüyü kasıb simalardakı səadətdir. Öz evində xoşbəxtlik, kasıb komanda rahatlıq, yuvandakı arxayınlıqdır.

Zülfü Livaneli də bu mövzuya, şeirə biganə qalmayıb. “Sən mutluluğun rəsmini çəkə bilirmisin Abidin” misrasıyla başlayan parçaya musiqi bəstələyərək ifa edib. Abidin Dino Musiqidən təsirlənib, Livaneliyə məktub yazıb: “Yeni türkülərin, Güzinin diliylə desəm, “türk musiqisində yeni mərhələ”dir. “Mutluluğun rəsmi”nə gəlincə isə deyim ki, Zülfü Livaneli bu səadəti yaxalaya bildi və bundan sonra da buraxmayacaq. Gerçəkdən, insan dinlədikcə sevinir, özünü xoşbəxt hiss edir, həyatın dadını duyur. Qəribədi, əslində: bəziləri Nazımın özünü tanıyıb, amma onu heç anlamayıb, sən onu şəxsən tanımamısan, amma yaxşı anlamısan. Sağ ol, var ol…”

Parisdə görüşdüyüm məşhur fransız sənətkarı Andre Fujeron Abidin Dinonu tanınmış müasir rəssamlardan biri adlandıranda məmnun odum.

Parisdə maraqlı görüşlərimdən biri türk rəssamı Avni Arbaşla oldu, Avni də Abidin və böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadənin oğlu rəssam Səlim Turan kimi sol əqidəli sənətçidir. Hər üçü o vaxtkı Türkiyənin dözülməz siyasi mühitindən qurtularaq Fransaya sığınıblar. Toğrulla bərabər Avninin evində qonaq olduq. Çox yapışıqlı, ünsiyyətli insandır Avni Arbaş. Azərbaycan sənətiylə maraqlanır. Bakıda sərgi açmaq arzusunda olduğunu bildirir. Amerika, Fransa, İsveç sərgilərində nümayiş etdirilən tablolarının reproduksiyalarını göstərir. Avninin rəsmlərini ilk dəfə görürəm, ancaq bu reproduksiyalardan birinə - atlı şəklinə baxan kimi, dərhal: - Avninin atları bumu? - deyirəm.

Avni gülümsünür: - öylədir - deyir. - Nazım şeirini bu tabloya yazıb.

Bu atlar Avninin atları

Qüvveyi-Milliyyə atları

Qara yamçı altında ağ sağrı dolğun

Titrər burun qanadları

Bu atlar Avninin atları

Mənə Avninin atlarına

minmək nəsib olmasa

amma Məməd minəcək

Gələcək düşmənlə topuz-topuza

Gülüm, Qüvveyi-Milliyyə atları,

Gözüm, Qüvveyi-Milliyyə atları.

Məmləkəti satanları bağlasınlar quyruğunuza.

Avni də Abidin kimi, Nazımın ən yaxın dostlarından idi. «Saman sarısı» şeri yadınızdamı:

Matiss bir manavdır kosmos yemişləri satar

Bizim Abidin də oylə, Avni də, Levni də…

Avni böyük şairlə dostluğundan maraqlı söhbətlər edir, bir tablosunun fotosunu mənə bağışlayır. Nazım Hikmətə həsr olunmuş o şəkil indi qarşımdadır. Avninin sözlərini xatırlayıram: «Mən Nazımı iş başında, yəni döyüşdə, səngərdə təsvir etmişəm. O, şeir oxuyur, türk xalqına şeir oxuyur. Onu dinləyənlər türk xalqının əməkçi insanlarıdır».

Nazım Hikmətə həsr olunmuş tabloda maraqlı bir işıq effekti var - şairin surəti sanki projektorla işıqlandırılaraq qaranlıq fondan çıxır - bu müəyyən ideyanın plastik ifadəsidir.

Nazımın çağdaşları haqqında bu yazını onun faciəvi şəkildə həlak olmuş dostu, gözəl türk yazıçısı Səbahəddin Əlinin sözləriylə bitirmək istəyirəm:

«Nazım, sənin yalnız dostun olmaqla deyil, müasirin olmağımla qürur duyuram».

Yəqin ki, bu sözləri Nazım Hikməti tanıyan və sevən bütün çağdaşlarına şamil etmək olar.

news-inner-user

16146 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020