Dişləyib daddım gözündəki işıq şüasını - Dalğadan şeirlər - Sözün Güneyi

Dişləyib daddım gözündəki işıq şüasını - Dalğadan şeirlər - Sözün Güneyi
20 iyul 2020
# 15:02

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair, esseist, tərcüməçi Dalğa Xatınoğlunun şeirlərini təqdim edir.

Qıyma

Bilirəm,
O boyda dənizə gərək yox
Adam göz yaşında da boğula bilər
Bunu çəkməyə nə var ki?
Sonra ölümə baxıb,
Öyrənir göz yaşları
Oturub ağlasan da gəlmir...
Bilirəm o boyda zora gərək yox,
Adamı bir baxış da çökdürə bilər,
Adamı bir "yox" da yıxa bilər...
Bilirəm,
Bu şəhərdə qəbir azlığı yox
Dişsiz ağızlarını açıb qəbirlər
Çeynəyib, udarlar ikini sayınca,
Səni də,
Boğazında qalan ömürlük qəhərləri də.
Ama sən üzülmə,
Suçlu aramağa gərək yox
Səndən öncə,
Beyninə dayadığın tüfəngin ax səsi çıxar,
Səndən öncə onun nəfəsi çıxar...
Köç
“Haralardasan?”, illərdir soruşub, durdum,
Ah bə sərsəm başım,
Harada ola bilərsən ki,
Ürəyimin içindən başqa?
Amma mən,
Divar kimi öz başıma,
Ev kimi öz içimə çökdüm,
Axı kim məni çökdürə bilərdi,
Gözlərinin köçündən başqa?

Sadəcə sinirlənmişdik bir az

Sadəcə sinirlənmişdik bir az,
Gənc və yoxsuldum,
Bir az da bilməzdim,
Ki,
Qadınlar bir öpüşlə dolur,
Və qulağına pıçıldadığın bir sözlə boşalırmış.
Ansızın, züyüb, getdin əllərimdən bir balıq kimi,
Mənsə gəlinlik paltarının torunu,
Və sırğa qarmağını düşünürdüm,
Qulağından tutmağa
Bir az da böbürlənən o mənasız qurdu...

Sonra bir göz qırpımında uçdu ömür.

Bu yaşda sevgidən danışmaq da ayıb, bilirsən....
Sadəcə sinirlənmişdik bir az,
Hamısı bu,
Amma sonra bədənə iyələr çıxdı arxasından,
Sonra yalnız saç deyil, baş da qarışdı,
Sonra uşaqlar doğuldu başqasından.
Sonra sevgini gizləmək istədim tələsik,
Diri-diri gömdüm,
Arzular qəbristanı olan ürəyimə.
Ah, Çiçək,
Amma biz bir zaman, bir an,
Sadəcə sinirlənmişdik bir az...

Yenə bir şeylər söylə

Yenə də heç nə yox
Hadı, bir şeylər söylə Çiçək,
Hər şey sözdən doğmuş...
Səbəbsizmi sevişib, nədənsizmi ayrıldıq?
Yox canım,
15 il sonra uşaqlar doğulmaq istərmiş,
Biri səndən mənsiz
Biri məndən sənsiz.
Heç də eybi yox.
Yenidənmi sevim yoxsa ömrün tən-ortasında?
- Yaş amansız, yaş qəddar...
Yenə bir şeylər söylə,
İyirmi il olar bir göz qırpımında sevişib,
Elə orada ayrıldığımız.
Nə olacaq ölümdən sonramız?
- Doğumdan öncəki kimi heç bir şey...
Səbəbsizmi sevişib, nədənsizmi ayrıldıq?
Yox canım,
Yoxsa,
Hansı dəli günəşin batışına əl yellədəcəkmiş?
Yoxsa,
Hansı ağıllı əl verib, bir ağacın budağını sıxacaqmış?
Yoxsa,
Hansı çiçək əsnəyib, ayılırkən bir “salam” eşidəcəkmiş?
Sənin heç oğlun oldumu?
Ama mənim heç qızım olmadı
Bəs, hansı kişi qızına “siz” deyəcək ilk kəz?...
Səni unutmayım deyə,
Hər gün əyilib gözlərimin içinə baxdım,
Hər gün yalanlarımı çıxardım...

Heç nəyini sevdim

Utanırdı,
Qulağıma söylədi astaca,
Yalnız bir qulağım eşidəcək qədər asta:
"Sevirəm".
Ah bə,- bağırdım:
Bu sayaq sevməyini sevdim.

Üzülürdü,
Üzünü üzümə söykədi astaca,
Yalnız bir gözüm görəcək qədər yaxın
Dişləyib daddım gözündən saçan ışıq şüasını
Özü kimi duzlu-duzlu gəlirdi göz yaşı,
Ah bə, - bağırdı:
Mən sənin heç nəyini sevdim.

Gözəlsən

Bir yanımda:

Gözəlsən,
Utanıb, gözlərimi bir kəz qaldırıb,
Üzünə baxa bilməsəm belə gözəlsən,
Kor olsam, heç olmasam belə,
Yenə gözəlsən.

Yazı gözlərəm,
Qarşıma çıxan hər gülə əyilib salam söyləməyi
Yerinə, hər yetən ağacın budağını sıxıb, əl verməyi.

Gülləri solduran,
Ağacları donduran qışa rəğmən,
Otağının buğlanmış camının arxasından da,
Hətta, üzünə tutan şalın altından belə gözəlsən.

Gözəlsən.

Bir yanımda:
Fotografçı kişi çaşıb, durdu sonra,
Nə mənə, nə də başqasına bənzəyən şəklimi görüncə,
Sonra şofer gözlərinə inanamadı bir tür,
Güzgüdən baxınca, mənə sım-sıxı sarılmış,
O, içində olmadığın paltarları
Sonra önümü kəsdi bir polis
Adın nə?- bağırdı,
Ürəyimdə, adım Heçkim- deyincə, hürkdü.
Sonra bir qəssab gördüm
Başından tutub, balığa üzmək öyrətdi
Evimə baxıb, bir quş uçmağı öyrəndi,
Ah evim, evim.
İçinə keçdim yorqun,
Saatı qiyamətə qurub yatasım gəlir.

# 7304 dəfə oxunub

Oxşar xəbərlər

# # #