Atasını ermənilər öldürdü, oğlu onu illərlə aldatdı – Güləndə ürəyi partlayan Xalq artistimiz...

Atasını ermənilər öldürdü, oğlu onu illərlə aldatdı – Güləndə ürəyi partlayan Xalq artistimiz...
29 aprel 2022
# 12:20

Kulis.az görkəmli gülüş ustası, Xalq artisti Əliağa Ağayev haqqında maraqlı faktları təqdim edir.

1913-cü ildə Bakıda anadan olan Əliağa Ağayev anasını 2 yaşında olanda itirib. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilir. Ailədə üç qardaş olublar. Qardaşlarından biri, Mirzəağa 1937-də ildə repressiyaya uğrayıb.

***

Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurur. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə, gecikmə, yaxınlaş”.


***

Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Oynadığı “Hacı Qara” tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır. Oynadığı obraza görə heyranlığını ifadə edir. Ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə “Əməkdar artist” fəxri adı verilir.


Əliağa Ağayev SSRİ Xalq artisti fəxri adından imtina edib. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Lakin o, heç bir partiyaya üzv olmaq istəməyib. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti Əliağa Ağayev olub.


***

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.

Quranı o dərəcədə yaxşı bilirmiş ki, yas məclislərində mollalara səhv tuturmuş ki, bu yerini düz oxumadın.

***

İki oğlu bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Ancaq oğlu Vaqif ondan gizlin ovaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmağı bacarıb. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi.

***

İşə ictimai nəqliyyatla gedib-gəlirmiş ki, arıqlasın. Sonuncu çəkildiyi film olan “Evlənmək istəyirəm”in çəkilişləri zamanı Əliağa Ağayevin səhhətində nasazlıq olub. Filmin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik:

“Dedim, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

1983-cü il noyabr ayının 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə kafedə oturub yeyib-içən zaman danışdığı lətifəyə necə ürəkdən gülübsə, ürək damarları partlayıb və aktyor elə güldüyü yerdəcə dünyasını dəyişib. Hətta onun bu ani ölümünü dostları Əliağanın növbəti zarafatı hesab ediblər, əvvəl inanmayıblar. Sonra görüblər, doğrudan da dünyasını dəyişib.

# 33197 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #