Məşhur yazıçının qızı: “Atam bacıma görə əzab çəkirdi” - Müsahibə

Məşhur yazıçının qızı: “Atam bacıma görə əzab çəkirdi” - Müsahibə
1 may 2022
# 18:00

Bu gün İsi Məlikzadənin doğum gündür. Kulis.az “Atamın xatirəsi” layihəsindən yazıçının qızı Xatirə Məmmədli ilə söhbəti təqdim edir.

- Gəlin, əvvəl-əvəl tanış olaq...

- İsi Məlikzadənin ikinci övladı, böyük qızıyam. Məndən böyük bir qardaşım vardı. Saleh. İnşaatı bitirmişdi. Rəhmətə gedib. Balaca bacımın adı Arzudur. O da mənim kimi müəllimədir. Hazırda 189-190 nömrəli orta məktəbdə sinif müəlliməsi işləyirəm.

- Mən bilən, İsi müəllim sizinlə yaşayırdı...

- Bəli. Bir yerdə qalırdıq. Mən ailə qurandan sonra atam bizimlə yaşamağa qərar verdi. Seçim özünün idi. Təbii ki, bizim üçün də böyük şərəf idi.

- Sizin həyat yoldaşınız onun qohumudur?

- Qohumu deyil.

- Yazı-pozu əhlidir?

- Yox. Xalq Təsərrüfatını bitirib. İndiki İqtisad Universitetini.

- Bizim layihə ilə yəqin ki, tanışsız...

- Qismən tanışam.

- Ənənəvi sualımız var: layihəyə dəvət alanda hansı xatirə yadınıza düşdü.

- Bunu söyləmək mənim üçün çətindir. Xatirələr çoxdur. O, elə bir insan idi, unutmaq mümkün deyildi. Hər bir hərəkəti, jesti, dediyi söz yadımda qalıb. Elə gün olmur ki, onun ünsiyyətə girməyim Hətta, bəzən özümə söz verirəm ki, bu gün onu yada salmayacam. Ancaq mümkün olmur. Hardasa bir sözü hökmən yadıma düşür və həmin an əlimdən tutur, mənə yol göstərir. Bircə söz deyə bilərəm: onsuz mənə çətindir!

- Çox zarafatcıl, baməzə adam olub. Əsərlərində də yumor hissi güclüdür.

- Hə. Zarafatcıl idi. Amma zarafatın həddini də bilirdi. Birdən elə ciddiləşirdi ki, heç səsimizi çıxara bilmirdik. Zəhmli idi. Biz onu bircə baxışından başa düşürdük. Hətta çay istəyəndə də söz deməmiş anlayırdıq. Hər ata uşaqların otağına keçmir. Ancaq o, keçirdi, bizimlə oynayırdı. Dizlərini yerə atıb at olurdu bizim üçün. Bütün uşaqlar çox sevirdilər onu. Ətrafımızdakı uşaqlar deyirdilər, kaş bizim atamız da İsi olaydı. Bir dəfə Ağcabədiyə gedəndə maşında yol yoldaşı olduq. Özü sürürdü. Xeyli söhbətləşdik. Orda düşəndə mənə təşəkkür etdi ki, sağ ol, yaxşı yol yoldaşısan. Hər şeyin yerini və dəyərini bilirdi.

- Sizinlə qalmağının özəl bir səbəbi vardımı? Bəlkə, sizi o biri övladlardan çox istəyirmiş...

- Yox hamımızı çox istəyirdi. Konkret səbəb deyə bilmərəm. Biz ailə quranda iki uşaqla kirayədə qalırdıq. Atam Hüsü Hacıyev küçəsindəki təzə evi alanda qardaşım köhnə evdə qaldı, bizi yığdı yanına. Bilmirəm, bəlkə yazılarına mən daha yaxın idim, ona görə bir yerdə qalmağımızı istədi. Yazılarını çap edirdim, yaradıcılığı ilə yaxından maraqlanırdım, oxuyurdum. Əsərləri haqqında nələrsə bölüşürdük. Adəti idi, əlyazma bitəndən sonra bütün ailəni yığıb oxuyurdu, hamımızın fikrini dinləyirdi. Birdən yalvarırdıq ki, bu qəhrəmanı öldürmə, yaxud filankəsi elə yox, bu cür yaz. Gülümsünürdü, razılaşırdı, amma çap olunanda görürdük, öz bildiyi kimi edib. Daha biz də üstünü vurmurduq. Anlayırdıq ki, bu yaradıcılıq prosesidir. Arzulamaqla deyil.

- Siz ixtisas seçəndə, ailə quranda müdaxilə etdi?

- Müdaxilə deyəndə, bu ixtisası o seçib mənə. Mən rəssam olmaq istəyirdim, razılaşmadı. Dedi, bizim mühit üçün bir qadına çətin olar. Sinif müəlliməsi olmağımı istədi.

- Peşman olmadınız ki?

- Qətiyyən. Zaman keçdikcə hiss edirəm ki, o, məni mənim özümdən yaxşı tanıyıb.

- Ailə quranda...

- Atam yeddi bacının bir qardaşı olub. Bibilərimlə çox yaxın idim. Onlar həyatımda olan hər şeyi bilirdilər. Atam da onlardan eşitmişdi və yaşımın elə bir dövrü idi ki, mənə güvənirdi. Ona görə seçimimə qarşı çıxmadı. Hörmətlə yanaşdı. O biri bacım ailə quranda da belə oldu. Anam da onun kimi...

- Ananız bakılı olub, mən bilən...

- Bəli. Anamın bacısı atamın bibisi oğlu ilə ailə qurmuşdu. Atam Bakıda oxuyanda onlarda qalırdı və həmin qohumu vasitəsi ilə anamla tanış olmuşdu. Anam tibb bacısı idi. 2013-cü ildə rəhmətə getdi.

- Əsərlərində də Bakıya gələn, burda sevib-sevilən, şəhərdə yaşamağa başlayan qəhrəmanlar var.

- Onun az qala bütün qəhrəmanlarını tanıyıram. Həmişə özündən və yaxın ətrafından yazırdı. Amma, təbii ki, bədii səviyyəyə qaldıra bilirdi. Elə yazıçılar var ki, hekayəsini, povestini oxuyanda bəzi səhifələrini ötürmək, irəli getmək istəyirsən. Hiss edirsən ki, yalan yazır, yaxud, şişirdir. İsi Məlikzadə belə deyildi. Onun yalan bir cümləsi də yox idi. Şişirtmirdi heç nəyi. Necə var, elə yazırdı. Amma gözəl yazırdı.

- Deyirlər, atası da baməzə adam olub...

- Həə... Çox...

- Bərbər olub, deyəsən.

- Dəllək... Həm də türkəçarə ilə məşğul olurmuş, dərman-filan düzəldirmiş.

- Mən bilən, “Qatar”da tamaşasındakı hadisə bir qohumunun başına gəlib. Deyəsən, Ağcabədili bir pinəçinin...

- Yox, məncə, oxşar hadisə rəhmətlik Həsən Turabovun başına gəlmişdi.

- Bəs tamaşada özü niyə oynamayıb görən?

- Bilmirəm. Tamaşanı Həsən Əbluc çəkmişdi.

- Qardaşı Ənvər Əbluc da İsi müəllimin ssenarisi ilə “Pəncərə” filmini çəkdi. Yaxşı filmdir, məncə. Heyf, az tanınır.

- Əsər ondan güclüdür.

- Ümumiyyətlə, belə olur. Nadir hallarda film əsərdən güclü olur.

- “Ağ atlı oğlan”ı da atam yazıb, Ənvər Əbluc çəkib. Hətta buna gör aralarında inciklik də oldu. Atam filmi şəhidlərimizə ithaf etmək istəyirdi. Həmin vaxt Ənvərin qardaşı Həsən Əbluc rəhmətə getmişdi, Ənvər filmi atamdan icazəsiz ona həsr elədi. Bundan çox incimişdi. Həsənlə atam yaxın dost idi. Ancaq, “Ağ atlı oğlan” başqa film idi axı.

- Ən yaxın dostları kim idi?

- Fikrət Qoca, Anar, Əkrəm Əylisli, Qabil gəlirdi bizə... Bəxtiyarla Vahabzadə ilə yaxın idilər...

- Tez dəyişdi dünyasını.

- Hə. 61 yaşında.

- Ürək?

- Ürək. Bir dəfə infarkt keçirmişdi. İkinci dəfə keçirəndə dünyasını dəyişdi. Ağır illər idi. Torpaqlar getmişdi. Bir Qarabağlı kimi o bu məsələləri çox ürəyinə salırdı. Zaman da dəyişmişdi. Sözünü eşitmirdilər, əvvəllər o gələndə ayağa duran adamlar, indi saymazlıq edirdilər. O da həssas adam idi. Bəzən, gileylənirdi, deyirdi, görün, mətnimi necə dəyişib çəkiblər. Halbuki, vaxtında ən məşhur yazıçıları İsi redaktə edirdi və onuna hesablaşırdılar.

- Amma Qarabağ hadisələrindən bəhs edən heç bir əsərini oxumamışam.

- Çox sevdiyim “Qırmızı şeytan” adlı gözəl bir əsəri var. Sonuncu əsəridir. 20 Yanvar hadisələrindən bəhs edir. Həm də 1918-ci ildə rus ordusunun Qarabağa gəlməsindən bəhs edib. Zamanlar müqayisə olunub. Onun əsərlərinin içində ən sevdiyim odur.

- Sizin Ağcabədidəki evinizdə də olmuşam. Qaçqınlar yaşayırdı.

- Hə. Hələ öz sağlığında ikinci mərtəbəni qaçqınlara vermişdi. Biz rayona gedəndə birinci mərtəbədə qalırdıq. O evi atamın babası İsiyə hədiyyə olaraq tikdirmişdi. Tək oğlan olduğu üçün ovuclarında saxlayırdılar. Bəzən, çoxu inanmır ki, İsidə kənd, rayon adamı tipi yox idi. Adi bir mıx vursa çəkiclə əlini əzəcəkdi. Yazmaqdan başqa əlindən heç nə gəlmirdi. O cür əzizləyib böyütmüşdülər.

- Rayondakı otaqların birində nəhəng portreti vardı.

- Hələ də ordadır. Rəhmətə gedəndə çəkmişdilər, tabutun qabağında aparırdılar.

- Ağcabədidə basdırılıb...

- Bəli. Öz arzusu ilə. O qədər həssas insan idi ki. “Qırmızı şeytan”da bir məqam var, məndən sonra doğulan və dörd ayında rəhmətə gedən bacımdan bəhs edir. Mən həyatı boyu inanmazdım ki, atam o körpədən ötrü bu qədər əzab çəkirmiş. Özünü günahkar bilirmiş. Bunu bizdən həmişə gizlədib.

- Son gününü necə xatırlayırsınız?

- Ağcabədidə Milli Qəhrəman vardı, Etibar İsmayılov – onunla bağlı çəkilişə gedəcəkdilər. Ssenarisini yazıb hazırlamışdı. Radiodan evə gəldi. Dedi, özümü pis hiss edirəm. Elə həmin gün də dünyasını dəyişdi.

- Arada Milli Məclisə namizədliyini də verdi.

- Əslində, o, deputat olmaq istəmirdi. Elə bir dövr idi ki, Ağcabədi üçün o qədər işlər görən adam diqqətdən tamam kənarda qalmışdı. Bu da təsir edirdi ona.

- Yerlisi, rayondakı qonşusu, xanəndə Yaqub Məmmədovla arası necə idi?

- Çox yaxşı. Yaqub Məmmədov atama öz tarını bağışlamışdı. Atam həmişə böyük sevgiylə danışırdı ondan.

- Filmoqrafiyası zəngindi. Kinostudiyada işləyib. Ancaq, nədənsə, mənə elə gəlir, İsi Məlikzadənin yazıçı kimi gücü filmlərində görünmədi.

- Yaxşı filmləri də var, alınmayanları da. Rejissordan çox şey asılıdır. Adətən onun dediklərini etməyəndə, filmləri alınmırdı. Ssenarist kimi yaxşı idi. Bəzən, yazıları gəlirdi, əsəbiləşirdi. Ordan onu çıxart, burdan bunu çıxart. Olmazdı axı belə.

- Qarabağa aparırdımı sizi?

- Uşaq vaxtı Şuşada – Cıdır düzündə bir daşa adını yazmışdı. Hər gedəndə axtarıb tapırdı. Ömrünün sonlarında deyirdi, siz nə vaxtsa Şuşaya getsəniz, o daşı yenə axtarıb tapar, məni xatırlayarsınız. Pis olurdum, deyirdim, ölümdən danışma, Şuşaya bir yerdə gedəcəyik. Deyirdi, yox, mən görməyəcəm, amma siz görəcəksiniz.

- Neçə nəvəsi var?

- Altı. Hər övladdan iki nəvə.

- Balaca İsi varmı?

- Mənim oğlum var, eynən atama oxşayır. İnşallah, onun oğluna İsi adını qoyacam, soyadını da Məlikzadə yazdıracam. Özüm də 55 yaşda pasportu dəyişəndə soyadımı Məlikzadə yazdırmağı düşünürəm.

- İsi Məlikzadənin yaradıcılığına münasibət sizi qane edir?

- Etmir. Layiq olduğu münasibəti görmürəm. İllah da yaxından tanıyanlar, dostam deyənlər unudurlar onu.

- Amma gənclərin o dövrdən az-çox yada saldığı imzalardan biridir İsi Məlikzadə. Elə yazıçılar var, heç adını bilmirlər.

- Bunu da bilirəm və sevinirəm.

2016

# 39150 dəfə oxunub

Oxşar xəbərlər

# # #