Kulis.az Zamin Hacının “Orleanlı bakirənin əhədinin kəsilməsi” adlı yazısını təqdim edir.
Türkiyədə müğənni Sezen Aksunun Adəm və Həvva haqda mahnı oxuyandan sonra rəhbərliyin və böyük türk xalqının qəzəbinə tuş gəlməsi əhvalatından yəqin xəbəriniz vardır. Kimin yoxdursa, tapıb öyrənsin, hərçənd, elə bir maraqlı və yeni mövzu deyil. 1400 ilə yaxındır bütün müsəlman aləmində cərəyan edən əhvalatın növbəti bölümüdür: dini müqəddəslərə sataşıblar, dindarlar da qəzəblənmişdir. O üzdən mən bunun ölkəmizdəki müzakirəsindən müşahidə elədiyim bir detalı yüngülvari yazmaq istərdim, başqa dərdim yoxdur.
Canlı yayım platformlarından birində Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli ilə jurnalist Vüsal Məmmədov o temanı dartışırdılar. Əhəd müəllim nədənsə bütün söhbət ərzində... Janna d Arkın erotik-pornoqrafik kinosuna, türkün sözü, taxılmışdı. Düzü bilmirəm Əhəd müəllim Janna xanımdan nə istəyirdi, Freydi çağırsaq temanı nə cür açardı. Vüsal Məmmədov nədən danışsa, Əhəd müəllim belə kontr-arqument qoyurdu, ya da elmi dillə desək, mövzunun ortasına şəpləyirdi: “Niyə Qərbdə Janna d Arkın erotik videosu çəkilmir? Çünki fransızlar üçün o qadın müqəddəsdir. Onların müqəddəsinə sataşanın gözünü çıxararlar. Həvva da bizim müqəddəsdir. Gərək bizim müqəddəsimizə sataşmasınlar” və sairə. Yalan olmasın, bəlkə, on dəfə Janna xanımı yada saldı. Tam dəqiq olaraq cümlələri, bəlkə, belə deyildi, amma dəqiq məzmun bu cür idi, yenə kim istəsə axtarıb baxsın, necə deyərlər, həzrəti-Ququl köməyiniz olsun, amin.
Verilişdə Vüsal Məmmədov nədənsə bu məsələni çox açıqlamadı, onun bu temada bilgilərinə şübhəm olmadığı üçün yazıram, istəyirəm onun əvəzindən bir-iki cümlə bildirim.
Birincisi, Qərbdə, sivil dünyada insan hüquqları ən müqəddəs dəyərdir, hər hansı müqəddəsdən üstün sayılmaz. Onlar dinləri, ideologiyaları artıq çoxdan qatlayıb qoyublar dizlərinin altına. Dinlər haqda çəkilən erotik, karikatur, komediya, satira və sairə temalı yüzlərlə filmlər var, burda yalnız Kevin Smitin 1999-cu ildə çəkdiyi “Doqma” filmini hörmətli oxucularımıza məsləhət görərdim. “Good Omens”, “Preacher” və “The Pope” seriallarının isə heç adını çəkmirəm, çünki hörmətli Əhəd müəllim onlara baxsa alov püskürər, daha qandonduran açıqlamalar verər və ola bilsin şoka düşüb həyatını itirər. Mən isə bunu qətiyyən arzulamıram. Çünki gəncdir, ölkəmizin gələcək siyasət aləmi bu kimi canlıların üzərində qurulur.
Ancaq elə bu gələcəyimizin qaranlıq gəlməməsi üçün də bəzi dezinformasiyaları vaxtında yalana çıxarmasaq olmazmı? Qısa yazsam, Janna d Ark temasını Ağ partiya funksioneri ağ yalan olaraq söyləmişdir. Janna xanımın seksual-pornoqrafik təsvirlərini araşdırmağı gənc siyasətçiyə buraxaq, hərçənd burda da internetin yardımıyla yəqin çoxlu nümunələr tapılar. Biz yalnız erotik-satirik yanaşma olubmu, bunu yazaq.
Nəinki olub, özü də Qərb düşüncə tarixinin nəhənglərindən biri tərəfindən! 18-ci əsrdə Volter “Orleanlı bakirə” adlı satirik poemasını yazıb və Əhəd müəllimin təbiriylə desək, fransız xalqının müqəddəs qızının tumanını başına keçiribdir. Sözün əsl mənasında. Məsələn, poemada Volter yazır ki, Orlean şəhərinin və Fransa xalqının taleyinin açarı Janna d Arkın... tumanının altında bir yerdədir.
Doğrudur, insaf naminə onu da qeyd etməliyik ki, Volter müəllim dini mövzuda satirik-tənqidi görüşləri üzündən Fransada təqiblərə məruz qalıb, uzun illər xaricə qaçıb “Yutub” üzərindən canlı yayımlar açmağa məcbur olmuşdur, ancaq ömrünün sonunda onu Parisdə bəh-bəhlə qarşılayıblar, üstəlik şəhərin göbəyində, Panteon adlı yerdə (bir növ Fəxri Xiyaban kimi yerdir – bu müqayisəni yazanda özüm də heyrətə gəldim) dəfn edilmişdir. Şəxsən Panteonda Volterin qəbrini ziyarət eləmək qismətim olmuşdur – bunu da həm şəhadət üçün, həm yanıq vermək üçün yazıram.
Ancaq, hər halda, Volteri tənqidi görüşlərinə görə sıxma-boğmaya saldıqları illər 1700-cü illər idi. Əgər Əhəd müəllim bizim də hazırda 1700-cü illərdə yaşadığımızı bəyan edirsə, mən pas.
Sonda Ağ Partiya başqanı Tural bəyi bu yaxınlarda evlənməsi münasibətiylə təbrik edirəm, ümid eləyirəm bu partiya heç vaxt bizim siyasətdə hansısa yer tutmasın, çünki əsl toy tutma onda olar. Uğurlar və can sağlığı - əlimdə işim var, Janna xanımın 18 plyus kinolarını axtarmağa gedirəm.
Şəkildə Volterin “Orleanlı bakirə” poemasının 1780-ci il nəşrinin titul vərəqi: