Yarım milyonluq maşını olan müğənni

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

7 aprel 2023
# 15:00

Kulis.az Ulucay Akifin "Bapbalaca adam" adlı yeni yazısını təqdim edir.

Ötən gün dostumla kafelərin birində çay içib dərdləşirdik. Yaxşı, yalan deyirəm, eləcə pivələyirdik. Xüsusi bir dərdimiz olmadığı üçün də ağzımıza gələni danışıb, deyib-gülürdük.

Birdən dostum mənə bizdən xeyli aralıda olan stollardan birinin arxasında əyləşmiş qadını göstərib dedi:

– Alaaaa (zarafat eləyirəm, “ala” yox, “Ulucay bəy” demişdi), bu o məşhur müğənni deyil? Filankəs...

Çəkdiyi adda müğənni tanımasam da, marağımdan qanrılıb (məhz qanrılıb) dostum göstərən ünvana boylandım.

Çox gözəl, cazibədar (yəni sinəsi, ombası müəyyən standartlara cavab verən) müğənni Filankəs xanımı gördüm. Müəyyən standartlara nə qədər cavab verdiyini 3-4 saniyə izlədikdən sonra yenidən dostuma tərəf çevrildim.

Dostum həyəcanla soruşdu:

– Odu, həəə???

– Bilmirəm. – dedim.

– Alaaa, necə yəni bilmirəm?! Odu da! Korsan?!

Bu dəfə, doğrudan, “Ulucay bəy” yox, “ala” dedi.

– Bilmirəm də. Tanımıram. – “ala” sözündən mütəəssir olduğumu gizlətməyə çalışaraq dedim.

– Ulucay bəy, necə yəni müğənni Filankəs xanımı tanımırsan? ­– dostum təəccüblə məndən soruşdu.

– Bəli, təəssüf ki, mən bu adda müğənni tanımıram ­­– söylədim.

Yenidən öz söhbətimizə davam elədik.

Birazdan müğənni Filankəs xanım kafeni tərk edəndə, dostum yenə dedi:

– Alaaa, onun mindiyi maşına bax eee! Bıy içini...

Yenidən qanrılıb kafenin çölünə boylandım. Yenidən Filankəs xanımın müəyyən standartlara cavab verən bədənini bir neçə saniyə nəzərdən keçirdikdən sonra mindiyi maşına baxdım.

Maşınların qiymətlərindən qətiyyən başım çıxmır. Bircə onu bilirəm ki, 10 minə yaxşı bir dənə “çeşka” almaq olar.

Dostum isə söylədi ki, o qancığın mindiyi maşının ən az yarım milyon qiyməti var. Müğənni Filankəs xanımın dostumun gözündə qəfil “qancığa” çevrilməsi məni xeyli düşündürdü.

Zarafat eləyirəm. Heç vecimə olmadı. Suxaridən ağzıma 2-3 dənə atıb pivəmi qurtumladım.

Bu məqamda dostumdan hikmətli olduğunu düşündüyü o əttökən, düşük cümləni eşitdim:

“Yarım milyonluq maşını olanda nolur ki? Olsun da! Oyunun axırında piyada ilə şahı eyni qutuya qoyurlar”.

Oyunun axırında piyada ilə şahı eyni qutuya qoyurlar.

Bu əttökən, düşük cümlə üç-dörd dəfə qulağımda sədalandı.

İstədim çox kiçik, balaca, lap balaca, bapbalaca bir adama çevrilib pivə bakalımın qulpundan yapışıb dırmaşım bakalın üstünə, əllərimi dalğıclar kimi üzümün qabağında birləşdirib pivəmin içinə kəllə vurum. Pivə bakalının ən dərinliyinə enim ki, dostumun səsini, sözlərini eşitməyim, uzağı “blublublublu” kimi səslər gəlsin qulağıma.

Oturub pivə içdiyimiz yerdə mənə dediyi cümləyə bax!

Nolsun eyni qutuya qoyurlar?

Əsas odur ki, biri meydanda piyada olur, biri isə şah.

Həqiqət burdadır.

Həqiqət meydanda kimin kim olmağındadır.

Həqiqət onların oyun sonunda eyni qutuya qoyulmağında deyil.

İlk cümlə şübhəsiz ki, sadəcə və sadəcə piyadaların təsəllisidir. Bunu ancaq piyada deyə bilər. Şah heç vaxt deməz ki, onsuz da oyunun sonunda hamımızı eyni qutuya qoyacaqlar.

Çoxdur ətimi tökən belə “hikmətli” kəlamlar.

Məsələn, kasıblar (həmçinin mənim O dostum) tez-tez özünə təsəlli verir ki, nolsun filankəs varlıdır, hamımız öləcəyik də.

Yenə tüküm biz-biz oldu.

Necə böyük həqiqətin üstü açıldı.

Hamımız öləcəkmişik.

Ay şəngülüm, sənə deyən oldu ki, hamımız ölməyəcəyik? Biz də bilirik də hamımız öləcəyik. Bunun sənin acından günorta durmağına, ya müəyyən standartlara cavab verən bədən ölçülərinə sahib müğənni Filankəs xanımın yarım milyonluq maşın sürməyinə nə dəxli var?

Çoxdur belə mənadan milyon kilometr uzaq, təsəlli axtarışına çıxmış cümlələr.

İnsan gərək ki, belə cümlələrlə özünü aldatmaya.

Zira (zira* - bu sözü bizim dildə dəbə mindirmək qərarına gəlmişəm) adamın özünü aldatmağından daha təhlükəli nəsə görməmişəm həyatda.

Hesab gələndə dostuma dedim ki, mənim pulum yoxdu, sən ver. Üstümə qışqırdı ki, necə yəni pulun yoxdu, doğ! Böylə də söylədi: “Doğ!”.

Sual etdim ki, nədən əsəbiləşirsən? Yoxdur, yoxdur da... Onsuz da hamımız öləcəyik. Eyni qutu-zad...

# 2882 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #