Gözlənilməz qızılgülün adı-SEYMUR BAYCAN YAZIR

Gözlənilməz qızılgülün adı-<span style="color:red;">SEYMUR BAYCAN YAZIR
12 noyabr 2014
# 09:45

Qızılgül olmayaydı

Saralıb solmayaydı

Bir ayrılıq, bir ölüm

Heç biri olmayaydı

Bir nəfər zənən xeylağı demişdi: - otuz yaşa çatmışam, hələ mənə tək qızılgül hədiyyə edən olmayıb. Dünən aşağı düşüb marketdən yeməyə bir şeylər alıb qayıdanda otuz yaş, qızılgül söhbəti yadıma düşdü. Dedim bir yaxşılıq edim. Ürək sevindirim. Girdim gül mağazasına. Bir ədəd qızılgül aldım. Düşündüm əgər mağazaya girmişəmsə bir dənə də dibçək gülü alım… Fürsət düşmüşkən bir az da satıcıyla söhbət etdim. Satıcıdan soruşuram, dibçək gülü alan var? Kimlər alır? Deyir, var . Daha çox ruslar alırlar. Bizimkilər o qədər də çox almırlar. Hərdən alırlar.

Sovet dövründə yaxşı ənənə vardı. Məktəblərdə, uşaq bağçalarında xəstəxanalarda, idarələrdə çoxlu dibçək gülləri olurdu. Çox vaxt məktəblilər, işçilər bu gülləri evdən gətirirdilər. Çünki evlərdə də çoxlu dibçək gülləri olurdu. Adamlar bir-birlərinə kök, budaq verib gülləri çoxaldırdılar. Daha çox boya qablarından istifadə edirdilər. Köhnəlmiş vedrələrdən də istifadə edənlər olurdu. Evlərin qabağında da güllər əkirdilər. Sanki rəqabət-fason bir şey vardı. Yaxşı ənənə idi. İranın, Turanın yolu açılanda adamlar bilmirəm nədənsə dibçək güllərini yaddan çıxarıb qaçdılar süni güllərin üstünə. Ağlıma iki səbəb gəlir. Ya təbii güllərə qulluq etməyə, saxlamağa ərindilər. Ola bilsin sovet dövründə bu ənənə yaradılmışdı. Bəlkə də inzibati resurslardan istifadə olunub. Yönləndirilib. Motivasiya edilib. Sovet dağılan kimi ənənə də yox çıxdı. Ya da adamlar görməmişlik etdilər. Ola bilsin süni güllər onların daha çox xoşuna gəlir. Süni güllər onların zövqlərinə daha çox uyğundur. İranın, Turanın, Çinin yolları açılan kimi evləri doldurdular süni güllərlə. Düzdü sovet dövründə də süni güllər vardı. Özü də baxan kimi bilinirdi ki, süni güllərdi. Bu kobud süni gülləri bəzən güzgünün-filanın qabağına qoyurdular. Maşının güzgüsündən asan da olurdu. Amma vəziyyət daha bu qədər biabırçı gündə deyildi. Evlərə gedirsən adamın ürəyi sıxılır. Harda nə bayağı suvenirlər, şit, parıldayan, işıldayan şeylər var alıb doldurublar evlərə. Elə bil uşaqdırlar. Oynamağa oyuncaq axtarırlar. Şadlıq evlərinin, restoranların həyətinə mərmər döşəyirlər. Halbuki güllər əkilsə daha gözəl görünər. Adamlar da özlərini az-çox təbiətlə ünsiyyətdə hiss edərlər. Özü də indi gül əkmək, evdə dibçəkdə gül saxlamaq, böyütmək, qulluq etmək daha rahat, daha asandı. Hər yerdə güllər satılır. Rahat, səliqəli, maraqlı qablar var. Evdə o şit suvenirləri, süni gülləri yan-yana düzüncə dibçək gülü saxlasaq daha yaxşı olar deyə düşünüyorum. Niyə ad günlərində, bayramlarda bir-birimizə dibçək gülləri hədiyyə etməyək? Bunu bir ənənəyə çevirməyək? İdarələrin, restoranların, şadlıq evlərinin, marketlərin qarşısına güllər, çiçəklər əkilsə mənzərə nə qədər dəyişər. Əgər təbii güllər saxlamaq imkanı varsa ora-bura süni güllər qoymaq, hara gəldi asfalt, mərmər döşəmək nə dərəcədə doğrudur? Restoranların həyətlərindəki bayağı şir, pələng heykəlləri adamın iştahını küsdürür. Bu heykəllərə çəkilən xərclə yaxşı, könül oxşayan yaşıllıq ərsəyə gətirmək olmazmı? Nə çətin işdir. Həm allaha xoş gedər, həm də bəndəyə. Gələn də razı olar, qulluq edən də həzz alar.

İndi evdə altı ədəd dibçək gülüm var. Onları görmək adama rahatlıq gətirir. Yaxın vaxtlarda güllərin sayını iyirmiyə qədər artırmaq fikrindəyəm. Özü de köhnə güllərdən axtarıb tapacam. Lap təbii güllərdən. Dostlara və tanışlara da dibçək gülü almağı, bir-birlərinə ad günlərində, bayramlarda dibçək gülü hədiyyə etməyi tövsiyə edirəm. Maraqlı, həm də faydalı məşğuliyyətdi. Dibçək gülü, təbii güllər nə qədər yayılsa, nə qədər artsa bayağılıq da bir o qədər küncə sıxılar.

O ki, qaldı tək qızılgülün aqibətinə... Bilirəm, bununla da maraqlanan oxucular var. Gülün başına nə gəldi. Qırıldımı, sındımı? Soldumu? Hədiyyə edəndə nə oldu? Tikanlı idi, yoxsa tikansız? Ona görə də davamını yazmağa dəyər. Təcrübə bunu diktə edir. Bu kimi mövzularda suallar daha çox ortaya çıxır. Bəli, sevindi. Orasına-burasına baxdı. Nələrsə dedi. Nələrsə danışdı. Deyəsən duyğulanmışdı. Amma evə qayıdanda qızılgülü özüylə apara bilmədi. Dedi, apara bilmərəm. Qalsın burda. İstəsəm apara bilərəm eee, amma qalsın burda. Evdə suallar yaranacaq. Hardandı? Kim verib? İstəmirəm...

Öz-özümə düşündüm. Bu hələ guya az-çox sərbəstidi. İşləyir. Maaş alır. Özü-özünü dolandırır. Ali təhsillidi. Hərdən kitab oxuyur. Axırıncı dəfə Floberin “Sadəlövh” əsərini oxumuşdu. Bir də görürsən adamla söz güləşdirir. Qandı-qanmadı fəlsəfədən, ədəbiyyatdan danışır. Mövzu verir. Elə yazsan daha yaxşı olar, belə yazsan pis olar deyir. Yaş çatıb otuza. Ömründə bir dəfə tək qızılgül hədiyyə almayıb. Bunun arzusundadı. Alıb hədiyyə edirsən qorxusundan evə apara bilmir. Başa düşürəm. Ona görə də çox incimədim. Reallıq budu. Deməyin ki, özümdən problem, qaşınmayan yerdən qan çıxarıram. Axı doğurdan da problemdi. Ata var. Qardaş var. Ana var. Mövzu axtarırlar. Boş-bekarçılıqdan əziyyət çəkirlər. Çətindi. Hamımıza çətindi. Hədiyyə alana da çətindi. Hədiyyə verənə də çətindi. Mağazada gül satana da çətindi. Anlamaq olar. Amma bütün bunlara baxmayaraq siz yenə də bir-birinizə gül hədiyyə edin. Atalar demişkən, balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək.

Bilmirəm mövzuya nə qədər dəxli var. Nədənsə yazının sonuna Günelin şerini əlavə etmək tələbatı yarandı. Yəqin nəsə hardasa əlaqəsi var.

30 yaşımın şeiri

İndi mənim başıma
Od ələnən yaşımdı
Söykənib bir divara
Güllələnən yaşımdı.

Sərxoş oyanmalıyam
Özgə yataqlarında
Özümü asmalıyam
Otel otaqlarında

Bir sevgili uduzub
Dost itirən yaşdayam
Gecə küçədən evə
it gətirən yaşdayam

Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram
Ayaqqabım narahat
Əynim nazik çıxıram.

Boğazımı göynədən
Qəhər yox, soyuq olur
İt yerinə əlimdə
Bir buzlu toyuq olur…

# 4965 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #