Əli Məsimli niyə Kafkaya nifrət edir?

Əli Məsimli niyə Kafkaya nifrət edir?
29 aprel 2016
# 13:27

Şəki 2016-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Lakin mədəniyyət paytaxtı elan olunan qədim və böyük şəhərdə kitab mağazası yoxdur. “Tissot” saat firmasının nümayəndəliyi var, butiklər var, bahalı-bahalı mağaza şəbəkələrinin şöbələri var, amma bircə dənə kitab mağazası yoxdur.

Həqiqətən biabırçı mənzərədir. Şəhərdə mədəniyyətin ən bariz göstəricilərindən biri yoxdur. Özü də bu acınacaqlı vəziyyət təkcə Şəki ilə bağlı deyil, demək olar ki, bütün rayonlarda eyni mənzərə yaşanır. Kitab mağazaları yoxdur, Bakıda çap olunan kitablar rayonlara çatdırılma mexanizmi işləmir. Oxucular kitab əldə etmək üçün ya mütləq Bakıya gəlirlər, ya birbaşa müəllifə müraciət edirlər ki, sən allah mənə kitab yolla.

Belə bir şəraitdə yazıçı Hədiyyə Şəfaqət də Şəkidə kitab mağazasının açılması təklifi ilə çıxış etmişdi. Bu qədər vaxtı fil qulağında yatmışıq, ta neyləyək, heç olmaya indi, Şəkinin mədəniyyət paytaxtı elan olunduğu ərəfədə bir addım atmaq, normal kitab mağazası açmaq olar.

İlk baxışda adama elə gəlir ki, Şəfaqət xanımın bu mədəni təklifinə qarşı çıxan olmaz, heç olmaz!

Sən demə elə deyilmiş.

Etiraz edən tapılarmış.

Özü də kim?

Şəkinin millət vəkili Əli Məsimli.

Onun məsələyə münasibətinə baxın: “Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan üçün böyük fəxrdir. Belə bir zamanda problemləri qaldırmaq, xoşniyyətli işlərə kölgə salmağa çalışmaq, ancaq müəyyən insanların bəd niyyətindən xəbər verə bilər. Heç olmasa, indiki məqamda belə işlər etməsinlər.”

Vallah, mədəniyyət paytaxtı seçilən şəhərdə kitab mağazasının olmamasından daha tragikdir, bir millət vəkilinin bu cür çıxışı. Üstəlik, bu deputat iqtisadçıdırsa, elmlər namizədidirsə onda vəziyyət ümumiyyətlə çıxılmaz olur.

Belə fikri adi bir çilingər desəydi adamı o qədər yandırmazdı. Bilərdin ki, çilingərdir, kitab marağında deyil və normal qarşılamaq olardı.

Amma bu sözü millət vəkilinin deməsi artıq sözün bitdiyi yerdir. Hadi Rəcəblinin “Müəllimlər dərsdən sonra gedib bənnalıq etsinlər” fikri bunun yanında toya-bayrama getməli oldu.

Millət vəkili deməkdən ki, doğru təşəbbüsdür, dəstəkləyirəm, Şəkidə qısa müddətdə kitab mağazasının açılması üçün əlimdən gələni etməyə hazıram, deyir ki, heç olmaya indiki zamanda belə işlər etməsinlər.

Əli müəllim, tamam etməyək. Zatən bu ölkədə kitaba laqeydlik yaşanması, kitab adına heç bir iş görülməməsi, kitab adamlarının da Sizif əməyi ilə məşğul olması hamıya bəlli. Və yaxın illərdə də bu münasibətin dəyişməyəcəyi apaydın.

Amma sizə bir təklifim var. O ki, türk dünyasının mədəni paytaxtı seçilməsi ilə bağlı Şəkidə tədbirlər keçiriləcək, onda qorxuram, qonaqlardan kimsə sizə sual verə; bu necə mədəniyyət paytaxtıdır ki, bircə dənə də kitab mağazası yoxdur.

Bax, o zaman paxırımız üzə çıxmasın deyə and içmək üçün bir dənə kitab mağazasını açılmasına indidən çalışın. Eybi yox, qonaqlar gedən kimi o dəqiqə bağlayarsız, yerində telefon mağazası filan açarsız.

Əsas odur and içməyə bir kitab mağazası olsun.

# 1511 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #