Başından bezən adam haqqında esse 

Başından bezən adam haqqında esse 
19 oktyabr 2015
# 16:51

Zəhəri içmək lazımsa,

Biryolluq içəsən gərək,

Vaxtı uzatmaqla sovuşmur bəla.

A.S .Qriboyedov, “Ağıldan bəla”

Sakif çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süst, qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur edirdi. Gözünü açanda daxilində üzücü bir boşluq hiss edirdi, elə bil, labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son iki ildə başqalarının əzab-əziyyətinə qarşı çox həssas olmuşdu. Kobudluğa, laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o, özü ilə əzablı mübarizəyə başlayırdı. Ümidsizlikdən və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl qırış-qırış olmuş, beli bükülmüşdü. Hava qaralanda ağır dərdlər sirli bir dərinlikdən baş qaldırıb onun ruhunu və bütün vücudunu göynədirdi. Bu göynərtiyə daha dözmək mümkün olmadıqda evdən çıxıb küt baxışını yerdən ayırmadan qaməti bükük halda əlləri cibində hara getdiyini özü də dərk etmədən, yan-yörəsindəkilərə fikir vermədən yeriyirdi. Onun heç nəyi yox idi. Nə pulu, nə qüvvəsi, nə söykənə biləcəyi dayağı, nə də arzusu... Hər şeyə təzədən başlamaq üçün özündə qüvvə hiss etmirdi. Sağlamlığı qalmamışdı. Gözləri çuxura düşmüşdü. Bir vaxtlar hər şeyə qadir olan bədəni indi limon kimi sıxılmış, büzüşmüş, meyitə dönmüşdü. Gözlərini divara dikib otururdu. Uzanmaqdan, oturmaqdan, bir yerdə dayanmaqdan təngə gəlmişdi. Bu dünyada tənhalığını, canlı meyitə çevrilməsini, nə üçün bu vəziyyətə düşməsini başa düşmürdü. Hər gün bir anın yaxınlaşdığını hiss edirdi. Bu an onun səhvlərinin faciəsini aşkara çıxaracaqdı.

Meylini kitablara salmışdı. Başqalarının qələbəsi və məğlubiyyəti, sevinci və kədəri ilə tanış olduqca öz şəxsi fəlakətini, az da olsa, unudurdu. Mütaliə ona bir balaca rahatlıq gətirirdi. Adamların həyatı, onların kiçik qələbələri, böyük məğlubiyyətləriylə tanış olmaq onun yeganə dərmanı idi. Öz-özünə tez-tez sualla müraciət edirdi: İndi mən nə etməliyəm? Nəyə yarayıram? Bu dünyada əsl yerim haradadır? Həddindən artıq yorulmuşdu. Onun qəlbində heç bir yaradıcı hissə yer qalmamışdı. İllərlə daxilinə dolmuş iztirablar üzə çıxmış və onun bütün vücudunu dərd-qəmə, ümidsizliyə bürümüşdü. Həyatının ən ağır çağlarını yaşayırdı və bunu özü də dərk edirdi. Doğurdanmı hər şeyin sonudur, doğurdanmı onun ömrü sona çatıb. Axı o, az da olsa, insanlara xeyir verə bilər. Bu suallar səhər, günorta, axşam, gecə onun beynində dayanmadan elə hey fırlanırdı, ancaq bu suallara heç cürə cavab tapa bilmirdi. Fikirləşirdi, fikirləşirdi, həyəcandan dizləri əsirdi. O bilirdi ki, nəsə bir qəti qərara gəlmək vaxtıdır. Necə yaşasın? Harada yaşasın? O istəyirdi ki, həyatında baş vermiş hadisələri araşdırsın, bu vəziyyətə necə düşdüyünü anlasın, fikirləri dolaşırdı, boğazına ilişən qəhər ona düşünməyə mane olurdu. Gələcəyi zülmət kimi qaranlıq idi. Əsəbləri gərginləşmişdi, yorğunluq onu ruhdan salmışdı. Bəzən o, elə ağır vəziyyətə düşürdü ki, başqası onun yerində olsaydı, ya özünü asar, ya da güllə ilə vurub özünü öldürərdi. Çalışırdı ki, heç olmasa ağlını itirməsin. Yox, belə yaramaz. Əgər, doğurdan da, dəli olubsa, ən azı, başqaları bunu bilməməlidir. Cəmisi on il əvvəl o, xoşbəxt bir gənc idi, özündə böyük bir güc hiss edirdi, həyata şən və yüngül münasibət bəsləyirdi, indi isə güzgüyə baxdıqda dərin mənəvi iztirablardan əziyyət çəkən, tamam dəyişmiş bir sifət görürdü. Gözlərindəki nur, bədənindəki enerji, ürəyindəki şadlıq birdəfəlik itmişdi. Bütünlüklə öz keçmişinə qapılmışdı. Arxada qalan həyat ona xeyli təcrübə qazandırmışdı. Keçmişdə baş verənləri dönə-dönə xatırlayırdı.

Keçmişi xatırlayanda səbəbini özü də bilmədən stulda yox, çarpayıda oturardı. Bir xatirə bütün xatirələrdən ayrılıb onun ürəyini daha bərk göynədirdi. Bu xatirə bir tilişkə kimi sinəsində qalmışdı. Hər nəfəs alanda onu incidirdi. M şəhərində gəzdiyi zaman telefonuna mesaj gəldi. İki il bir yerdə yaşadığı qız abortdan çıxmışdı. Mesaj da bu haqda idi: həll etdim, narahat olma. Dörd sözdən ibarət olan bu mesaj onu dondurdu. Kürəyinin düz ortasından bir damcı, bircə damcı soyuq tər axdı. Bir damcı soyuq tərin adamın kürəyinin düz ortasından axması nə pis olurmuş! Bu soyuq tər onu iki yerə böldü. Uşağı heç cürə saxlamaq olmazdı. Buna heç bir imkan yox idi. Nə qədər düşündülər, nə qədər axtardılar, uşağı saxlamaq üçün bir yol tapa bilmədilər. Çətin olsa da, aborta qərar verdilər. Sakif Bakıda qalmaq istəmədi. Başını götürüb M şəhərinə getdi. Qıza da abortdan çıxandan sonra ona heç nə yazmamasını bərk-bərk tapşırmışdı. Onsuz da, hər şey danışılmışdı. Qız Sakif Bakını tərk etdikdən sonra aborta girəcəkdi. Lakin qız onun tapşırığına əməl etmədi. Bəlkə də bu dörd sözdən ibarət mesajla dərdini bölüşmüşdü. Sakif bu mesajı alanda kilsənin yaxınlığında idi. Yanında da bir rus qızı vardı. Qız aktrisa idi. M şəhərinə teatr festivalına gəlmişdi. Sakif kilsəyə girdi. Şam yandırdı. Üzünü mehraba tərəf tutub dayanmadan təkrar etdi:

- İlahi, bağışla, İlahi, bağışla! Özün şahidsən ki, məcbur oldum. İlahi, bağışla, İlahi, bağışla! Günahkaram…

Kilsədən çıxdı. Qız onu kilsənin qarşısında gözləyirdi. Sakifin halının qəfil dəyişməsindən nəsə pis bir hadisənin baş verdiyini hiss etmişdi. Bir müddət danışmadan addımladılar. Qız sual vermirdi. Sakif qızdan soruşdu:

- Sən heç abort etdirmisən?

Qız bu sualı eşidəndə üzünün ifadəsi dəyişdi. Özü də çox dəyişdi. Qız susdu. Yenə bir müddət danışmadan addımladılar. Haçandan haçana qız dedi:

- Bu, çox tərbiyəsiz sualdır. Bu sualı vermək haradan ağlına gəldi?

Sakif baş verən hadisəni, niyə kilsəyə girdiyini danışdı. Danışdıqca gözlərindən yaş axırdı. Kafeyə girdilər. Kafedə az adam vardı. Divarlardan məşhur italyan aktyorlarının portretləri, əqrəbsiz saatlar, qadın çətirləri, kişi şlyapaları, bir dənə də köhnə yazı makinası asılmışdı. Boş masalardan birində əyləşdilər. Ağ döşlüklü ofisiant qız yaxınlaşıb, gülümsəyərək dayandı. Qəhvə və isti qırmızı şərab sifariş verdilər. Sakitlik idi. Arada masalara düzülən qab-qacağın, çəngəl-bıçağın cingiltisi eşidilirdi. Qız öz əhvalatını danışmağa başladı. Danışdıqca yuxarı qaldırdığı qədəhin arxasından ətrafa baxırdı. İspaniyaya gedibmiş. Orda bir ispanla yatıb. Qorunmaqlarına baxmayaraq, necə olubsa, qız ispandan hamilə qalıb. Uşağı heç cürə saxlaya bilməyib. Qız danışdıqca gözlərindən yaş axırdı. Sonra onlar uzun müddət susdular. Ancaq elə çaxırdan qurtum-qurtum içib siqaret çəkirdilər. Siqaretin birini söndürüb, o birini yandırırdılar. Axşam teatra tamaşaya getdilər. Tərslikdən tamaşanın mövzusu çox ağır idi. Tamaşanın rejissoru hər ikisinin tanışı idi. Sakif zalda oturan adamlara baxdıqca düşünürdü. Bu adamlar haradan bilə bilərlər ki, bu gün onun ən ağır günlərindən biridir. Axı adamlar haradan bilsinlər?! Adamları qınamaq olmaz. Budur, Sakif oturub zalda tamaşaya baxır. Yanında gözəl, zövqlə geyinmiş, ağıllı, təmkinli bir qız. Sakif özü də çox yaxşı geyinib. Həyat nə qədər qəribədir. Kimin ürəyində nə dərd gəzdirdiyini axıra qədər heç kim bilə bilməz. İnsanlar nə qədər tənhadırlar! Onların iztirabları həqiqidir, sevincləri isə çox vaxt yalana bənzəyir. Həqiqət nə qədər banaldır! Tamaşadan çıxıb restorana getdilər. Hər ikisi banketə dəvətli idi. Məclisdə tanınmış yazıçılar, dramaturqlar, aktyorlar, rejissorlar, teatr direktorları, kulturoloqlar, sənətsevər biznesmenlər iştirak edirdilər. Adamlar deyib-gülür, sənət haqqında danışır, bugünkü tamaşa haqqında fikirlərini bölüşür, sağlıqlar deyirdilər, zarafatlaşırdılar.

Danışıqlar, musiqi səsləri, toqquşan stəkanların cingiltisi, hər bir səs xəstəlik vaxtı kimi səslənirdi. Elə bil, evdə tək-tənha, xəstə halda uzanmısan. Ətrafda isə sənə laqeyd, yad olan, hətta ədavət doğuran gündəlik həyat davam edir. Ziyafətdə iştirak edən bütün qadınlar üçün ayrı-ayrılıqda tost deyildi. Onların şərəfinə badələr qaldırıldı. Sakifin beynində dörd sözdən ibarət cümlə dayanmadan fırlanırdı - həll etdim, narahat olma… O, söhbətlərə qoşulur, sual verir, suallara cavab verir, siqaret çəkir, şərab içir, hətta arada gülür, yenə də öz danışığı ilə adamlarda diqqət oyadırdı, amma yenə də beynində fırlanan dörd sözdən ibarət cümlə ona olmazın əziyyət verirdi - narahat olma, həll etdim… narahat olma, həll etdim… narahat olma, həll etdim… narahat olma, həll etdim…. Sakif heç cürə beynində fırlanan bu dörd sözdən ibarət cümləni dayandıra bilmirdi. Həmin gecə onun gözləri gövşəyən bir heyvanın gözləri tək laqeyd və sönük idi. Restorandan çıxdılar. Restoranın qabağında içkili adamlar bir-birlərinə xeyli nəvazişli sözlər dedilər. Qucaqlaşdılar, öpüşdülər. Hərə bir tərəfə getdi. Kimisi tək, kimisi cüt. Sakiflə qız da bir taksiyə oturub otelə gəldilər. Otelin həyətində yerləşən restoranda ağacın altında oturub çaxır sifariş verdilər. Danışmadan çaxırdan qurtum-qurtum içib siqaret çəkdilər. Gecə yarını keçmişdi. Otağa qalxdılar. Paltarlarını soyunmadan yatağa uzandılar. Nə Sakif qıza toxundu, nə də qız Sakifə. O fikirləşirdi ki, bu gecə heç vəchlə gözünə yuxu getməyəcək və səhərə kimi kədərlə aciz-aciz bir böyrü üstdən o biri böyrü üstə çevriləcək. Buna görə də, sonra heç olmasa, otaqda var-gəl edərək, özünü yormaq üçün paltarını soyunmadan yatağa uzanmışdı. Lakin onun başına qəribə iş gəldi. Ona elə gəldi ki, yalnız bircə dəqiqəliyə gözünü yumdu. Gözlərini açdıqda isə pərdənin arasından nazik, uzun günəş şüasının otağı iki yerə böldüyünü gördü…

Bəzən o, keçmişdə baş verənləri kiməsə danışmaq ehtiyacı duyardı, lakin nəinki xatirələri danışmağa, heç hava haqqında danışmağa da münasib bir adam tapmırdı. Anasıyla danışmırdı. Axşam düşəndə ana-bala sobanın yanında oturub parıltısını itirmiş gözlərini alova zilləyirdilər. Daşa dönmüş kimi əyləşən və azacıq belə tərpənməyən bu iki adam bir-birlərinə çox şey danışmaq istəyirdilər, lakin ürəkləri kədərlə o qədər dolmuşdu ki, danışmağa taqətləri də qalmamışdı. Hər ikisi həyata təslim olmuşdu. Əgər siz ana-balanı bu vəziyyətdə görmüş olsaydınız, onların hər ikisinə də yazığınız gələrdi. Hərdən arvad vaxtsız ölmüş qızından danışırdı. Danışa-danışa köhnə boz şalının ucunu dartışdırırdı. Elə gözlərinin yaşını da bu şalın uclarıyla silirdi. Anası bacısından danışanda Sakif lap çoxdan baş vermiş bir əhvalatı xatırlayırdı. Bir dəfə kəmağıl bacısını gecə yarısı yuxudan oyatmış, geyindirmiş, məktəbli çantasını belinə keçirmişdi. Bacısı qapıdan çıxmağa hazırlaşanda dözməmiş, zarafat etdiyini, gecəyarısı olduğunu, dərsin başlamağına hələ çox qaldığını demişdi. Anadan kəmağıl doğulmuş qız isə qardaşının bu şit zarafatından inciməyərək bir neçə saat yatacağına sevinərək təzədən soyunaraq yatağına girmişdi. Bu əhvalatı xatırlayanda o qədər kədərlənirdi ki, balacalaşırdı. Sanki yer üzündə mümkün qədər az yer tutmağa çalışırdı. Əlini hara qoymaq barədə xeyli düşünməli olurdu. Evin tavanı elə alçaqdır ki, əllə toxunmaq olardı. Tavada buludların arasında uçmaqda olan gülərüz, dolu bədənli bir qadın surəti çəkilmişdi. Qadının ətrafında qanadlı uşaqlar var idi. Otuz-qırx il əvvəl adamlar evlərin tavanına, divarlarına, hətta təzə aldıqları mebellərin üstünə belə rəsmlər çəkdirirdilər. Sakif başını qaldırıb tənhalığının şahidi olan şeyləri nəzərdən keçirməyə başladı. Evdə çoxlu köhnə şeylər var idi. Vaxtı ilə bu şeylər ev sakinlərinə lazım idi, indi isə onlara baxan kimi zamanın qaraltdığı hər bir əşyanın insanlara müddətindən artıq qulluq etdiyi hiss olunurdu. Bu əşyalar otaqda necə də qəribə görünürdü! Qocaldıqlarına görə ev sakinlərindən dönə-dönə üzr istəyirdilər. Evin döşəməsi aralanmışdı. Divardakı ləkə isə əlində ağac harasa addımlayan qocanı xatırladırdı. Ucqar rayonlarda poçt kontoru, hökumət idarələri necə darıxdırıcı, cansıxıcı olursa, bu ev də o cür darıxdırıcı, cansıxıcı idi. Bəzi evlər gündüz, bəzi evlər gecə cansıxıcı olur. Bu ev isə gündüz də, gecə də eyni dərəcədə boğucu və cansıxıcı olurdu.

Səhərin açılmağı kənd daxmalarının hamısında eyni cür olur. Qocalar ah çəkir, uşaqlar ağlaşıb yemək istəyir, toyuqlar dəhlizdə qaqqıldaşır. Daxmaların bacalarından qıvrıla-qıvrıla, oğrun-oğrun sarımtıl tüstü qalxır. Kənddə qarılardan və əldən düşmüş qocalardan, iki-üç fağır, vecsiz kişilərdən, dul qalmış arvadlardan, qorxaq böyüyən uşaqlardan savayı heç kim qalmamışdı. Kəndin uşaqları küçədə yad adama rast gəldikdə həmişə başlarını aşağı salırdılar. Əgər gözlərini qaldırıb adamın üzünə baxsalar, bu gözlərdə elə inamsızlıq, elə acizlik, elə ümidsizlik görərdin ki, adamın ürəyi kədərdən dayanardı. Adamlar çox tez yatırdılar. Qaranlıq düşən kimi yerlərinə girirdilər. Gecə cəmisi üç-dörd evdən işıq gəlirdi. Bu da xəstələri, balacaları olan evlər idi. Kənddə cavan kişilər demək olar ki, yox idi. Cavanlar doğma evlərini çox tez tərk edib gedir və çıxıb gedərkən heç dönüb geriyə də baxmırdılar. Sakif də iyirmi il əvvəl evlərini tərk etmişdi. Universitetdə oxumuşdu, mitinqlərdə, piketlərdə iştirak etmişdi. Çoxlu kəndlər, qəsəbələr, şəhərlər gəzmişdi, saysız hesabsız kafelər, restoranlar, məclislər görmüşdü. Vağzallar, yollar, pulsuzluq, pul, dayanmadan günlərlə içmək, bir kafedən çıxıb başqa kafeyə girmək, bir qatardan düşüb başqa qatara minmək…

Səxavətlə pul xərcləyirdi. Nə hesabına yaşadığı barədə heç bir şey bilinmirdi. Vəzifə dalınca qaçmağa, qrafikli həyata nifrət edirdi. Başa düşmürdü, adamlar necə hər səhər qalxıb işə gedirlər. Haradan biləydi ki, azadlığı ona qənim kəsiləcək. Sərbəstliyi onu məhv edəcək. Təbiət ona həssas qəlb bəxş etməklə böyük bir səhvə yol vermişdi. O, bu həssas qəlblə adamların həyatının dərkolunmaz qapalılığına nüfuz etməyə cəhdlər edirdi. Axıracan çəkilməyən pərdələr, divarlardakı insan kölgələri, gecənin səssizliyi ilə dolmuş qaranlıq həyətlər, avtobusda kiminsə unudub qoymuş olduğu jurnal, güzgünün qabağında hansısa qadının unudub qoymuş olduğu dodaq boyası, oteldə gecələyərkən üst mərtəbələrdə döyülən qapıların taqqıltısı onun qəlbində insanların həyatına nüfuz etmək duyğularını alovlandırırdı. Qəribə bir ustalıqla idealist cildinə girsə də, özünü dərdli bir zahid kimi göstərsə də, əslində, şiddətli bir hedonist idi. Hər cür adamla rastlaşmışdı. Elə adamlar var ki, əgər özləri istəyirlərsə, nə yolla olursa, olsun, təmasda olduqları insanların rəğbətini qazana bilirlər. Xarici görkəmləri, danışıq və davranış tərzləri onların səmimi qəlbini əvəz edir. Sakif də belə adamlardan idi. O, asanlıqla adamların hörmətini qazanır, çoxlu dost-tanışının olmasıyla fəxr edirdi. Onunla bir dəfə söhbət edən adam onu ikinci dəfə görmək istəyirdi. Sakifdə xüsusi bir istedad vardı. Tez-tez günah işləyir, lakin heç kəsin şiddətli qəzəbinə düçar olmurdu. Çox vaxt hətta ondan şikayətlənməyə tam əsası olan adamlarda belə özünə qarşı mərhəmət hissi oyatmağı bacarırdı. Şöhrət naminə qələbə qazanmaq lazım olduqda heç nəyə məhəl qoymazdı. Nə təhlükələr, nə də vicdan əzabı, bir sözlə, heç nə onun qarşısını kəsə bilməzdi. Adətən, coşqun arzular, məhəbbət məsələlərində tələsmək kişiləri özlərini səfeh kimi aparmağa vadar edir. Sakif isə məhəbbət məsələlərində təcrübəsi olan adam kimi sevməkdən, sevilməkdən daha çox xoşa gəlməyə cəhd edirdi. Kişi öz məhəbbəti barədə ağılla danışa bilirsə, deməli o, ürəkdən vurulmamışdır. Sakif isə bu məsələdə müstəsnalıq təşkil edirdi. O, öz hislərini gözəl ifadə etməyi, həmin hislərə qapılıb qızğın həyəcan keçirməyi bacarırdı. Sakifi natiq edən onun çılğınlığı deyildi. Əksinə, natiqliyi onda çılğınlıq oyadırdı. Hər hansı bir qadını xoşlayanda onu alovlu nitqləri ilə ələ almağa cəhd edirdi və bu cür cəhdləri göstərərkən özü də həmin qadına vurulurdu. O, qan-tər içində başqalarının qəlbini riqqətə gətirmək istəyərkən, özləri də göz yaşı axıdan vaizləri xatırladırdı. Bu cür adamlar hətta istəməsələr də, əzab çəksələr də, sevdikləri qadınları da bədbəxt etməyi bacarırlar. Qadınlar onun ehtirasına təslim olarkən, bu ehtiras onların həyatını mühafizə edəcəkdimi, ya onları fəlakətə doğru sürükləyəcəkdimi, bu barədə düşünmürdülər. Sakif kimi adamlar başqalarının səadətini pozub tapdalayarkən öz təbiətlərinin hökmünü yerinə yetirirlər. Əlbəttə, ona təcrübəli qadınlar da rast gəlirdi. Belələri onun coşqun məhəbbət səhnələrinə, natiqliyinə inanmırdılar, ancaq Sakif məhəbbət naminə ağılsız hərəkətlər etməyə də qadir idi. Məhəbbət naminə ağılsız hərəkətlər etməyə qadir olan kişilərə qadınlar laqeyd qalmırlar. O, maneəyə rast gələndə coşan adamlardan idi. Məhəbbətə həyatı mənalandıran bir sənət əsəri kimi baxırdı. Sakif məhəbbətini elə bir məharətlə nümayiş etdirir, danışdıqca sözlərindən tədricən elə ilhama gəlirdi ki, özü də öz sözlərinə inanmağa başlayırdı. Üzündəki çapıq ona çox yaraşırdı. Çapıq adamlarda ona qarşı maraq oyadırdı. Adamlar istər-istəməz bu çapığın tarixçəsi ilə maraqlanırdılar. Sakif isə çapığın tarixçəsini çox məharətlə danışırdı. Çapığın tarixçəsini danışmağa başlayanda onun əlləri, üzü və gözləri də danışığında iştirak edirdi. Uşaq idi. Böyük əmisinin oğlu hərbi xidmətdən qayıtmışdı. Hərbi dəniz donanmasında xidmət edən əmisi oğlu dənizçi papağını ona hədiyyə etmişdi. Bu papağı əldə etməyi çox uşaq arzulayırdı. Əmisi oğlu isə onu seçdi. Bir gün o başında dənizçi papağı qaçarkən ayağı nəyəsə ilişdi. Qızılgül kolunun üstünə yıxıldı. Nəticədə onun sifətində ömür boyu gəzdirəcəyi bir çapıq yarandı. Çapığın tarixçəsi ilə maraqlanan qadın cinsinə mənsub olduqda o, bu tarixçəni elə məharətlə, elə şirin danışırdı ki, dinləyicisi də istər-istəməz onun yaratdığı ovqatın təsiri altına düşərək uşaqlığında baş vermiş ən şirin və kədərli əhvalatları xatırlamalı olurdu. Beləliklə, o, dinləyicisi ilə öz arasında ruhi bir bağlılıq, doğmalıq yaradırdı. Onun danışmaq qabiliyyəti hamının diqqətini cəlb edirdi. Sakif öz iradəsini başqalarına aşılamağı bacarırdı. Şöhrət və şəhvət naminə kiminsə qəlbini fəth etdikdən sonra düşünürdü: görəsən bu işin axırı necə olacaq? Qəlbi bu işlərdə kifayət qədər bərkiməyinə baxmayaraq, qadınların göz yaşlarına qarşı son dərəcə həssas idi. Nə qədər vicdan əzabı çəksə də, içindəki sirli yanğı onu yeni-yeni günahlar işləməyə vadar edirdi. Ehtirasın ən güclü çağında belə başqası haqqında düşünürdü. Jonqlyor kimi eyni anda bir neçə qadın ürəyini oynadırdı. Canlı, hərarətli qadın qəlbini tutmaq, ürəklərin döyüntüsünü duymaq ona özü üçün də dumanlı, müəmmalı olan qəribə bir zövq verirdi. Hərəsinin özünəməxsus sirri vardı. Hərəsi bir cür gülürdü, hərəsi bir cür öpürdü, hərəsi bir cür utanırdı. Hamısı bircə-bircə gəlib gedirdi. Onların hər biri Sakifi ömürlük yanında saxlaya biləcəklərinə ümid edirdilər, amma nə qədər möhkəm yapışsalar da, bir müddətdən artıq saxlaya bilmirdilər. Artıq həyat Sakifə sonu faciəli sonluqla bitən roman kimi görünürdü…

Lap taun epidemiyası da yayılsaydı, bu kənd yenə də belə bomboş boşalmazdı. O, kəndinin adamsız yollarıyla yavaş-yavaş addımlayırdı. Torpaq, elə bil, onun ayaqlarını tutub saxlayır, aşağıya tərəf çəkirdi. Kənardan o, adamdan daha çox böyük kərtənkələyə oxşayırdı. Evlərdən birinin qabağında balaca uşağa rast gəldi. Uşaq əldəqayırma skamyada oturmuşdu. Burnundan axan fırtığı diliylə silirdi. Uşaq ağacla sınıq bir vedrəni döyəcləyir, dəmirdən çıxan səsdən ləzzət alırdı. Uşağın həndəvərində qoca bir toyuq gəzişirdi. Bir az dayanıb uşağa, qoca toyuğa baxdı, sonra yoluna davam etdi. Sakif bağların arasıyla özünə çətinliklə yol aça-aça axan, adam dilindən azca uzun, adsız çaya çatdı. Başını qaldırıb buludlara baxdı. Buludlar islanmış qoyunlara oxşayırdı. İtələşə-itələşə göydə gəzirdilər. Adsız çayın hər iki sahilindəki bağlarda ağaclar qızılı rəngə boyanmışdılar. Qızıl payız, bax, buna deyərlər. Elə bil, mahir ustalar ağacların hər bir budağını, yarpağını qızıldan döyüb düzəltmişdilər. Əgər yer üzərindəki qızılın, misin hamısını bir yerə yığıb onlardan minlərlə nazik yarpaq hazırlasaydılar, bu bağlardakı payız bəzəyinin çox az bir hissəsini təşkil edərdi. Bir də ki, qızıldan, misdən döyülmüş yarpaqlar əsl yarpaqlarla müqayisədə çox kobud görünərdi. Adsız çayda ada halında üzən sarı yarpaqlar ağac kötüklərinə ilişib qalırdı. Arxadan yenə qalaq-qalaq yarpaq üzüb gəlirdi. Yarpaqlar adsız çayın qabağını saxlayır, sonra aramla dönüb kötüklərin caynağından xilas olur, nəhayət azadlığa çıxır, üzüb gedirdilər. Haradasa bir it tez-tez hürürdü. Adsız çayın o tərəfində bağda, ağacların arasında enli tuman geyinmiş eybəcər bir qoca arvad gəzişərək çır-çırpı yığırdı. İyirmi il əvvəl də bu qoca arvad ağacların arasında gəzib çır-çırpı yığırdı. Elə zənn etmək olardı ki, qoca arvad bu işi o vaxtdan bəri davam etdirir. Sakif xəyalında bu qoca arvadı lüt şəkildə canlandıraraq onun eybəcərliyindən dəhşətə gəldi. Əlini aşağı sallayıb soyuq suya toxundurdu. Suyun soyuqluğu barmaqlarının ucundan ürəyinə axdı. Bizim essenin qəhrəmanı məqsədsiz yerə alışqanını yandırdı. Bir dəfə, iki dəfə, üç dəfə... Alışqanın qazı yanıb qurtardı. Alov lap azalıb söndü. Alışqanın diyircəyini bir daha fırlatdı. Qırmızı qığılcım görünüb yox oldu. O, qazı qurtarmış alışqanı şalvarının cibinə qoydu. Ona əzab-əziyyət verən başından möhkəm yapışdı. Bütün gücünü toplayaraq başını bədənindən qoparıb adsız çaya atdı.

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #