Onu ağaca oxşadardım

Onu ağaca oxşadardım
8 iyul 2016
# 10:31

Kulis.Az tanınmış yazıçı Saday Budaqlının “Dostum Etimad Başkeçidin 50 yaşına” məqaləsini təqdim edir.

Əvvəl-əvvəl onu soyuq, qapalı adam bilirdim. Kənardan elə görünür. Kənardan gülüşü də adamı çaşdırır. Deyərsən, dünyanın ən qayğısız bəndəsidi. Özünü tanıtmağa, gözə soxmağa çalışmır, vaxtı tələsdirmir, papağını yan qoyub gəzir – özünə güvənən adamlar belə olur.

Hər birimizdə Allahın yaratdığı heyvandan, quşdan, güldən, çiçəkdən nəsə var. Onu ağaca oxşadardım. Zirvədə bitən, başında küləklər oynayan, gün işığının üstündən əskik olmadığı ağaca yox, dərə yamacında, ayağını dağ çayının yaladığı, gövdəsini mamır basmış qollu-budaqlı ağaca. Gün işığına çatmaq üçün uzandıqca uzanıb, torpağın şirəsini çəkmək üçün kökləri dərinlərə işləyib. Mamırlı gövdəsini bıçaqla cızıq-cızıq ediblər: kimlərsə ad yazıb, ox dəlmiş ürək çəkib, altından tarix qoyub. Adlar kimi, illər də müxtəlifdi. Zaman keçdikcə həmin o cızılan yerlər böyüyür, qaysaq bağlayır, itir, hərflər, rəqəmlər bir-birinə qarışır, get-gedə çətin oxunur. Kənardan belə görünür. Ancaq həmin adlar, rəqəmlər, onu cızanlar ağacın yaddaşındadı.

Image result for etimad başkeçid

Yaddaşındakı şırımları dərinə işləməyə qoymayıb, həyatı düzgün, halal yaşamaq, sınmayıb ayaqda qalmaq, pisdə yaxşını axtarmaq, bunu tapanda sevinmək asan iş deyil. Sözə tapınan, sözün müqəddəsliyinə inanan adam üçün bu bir az da çətindi. Çünki söz dilin ucunda deyil, könlün dərinliyindədi, gərək könlünün güzgüsünü təmiz saxlayasan ki, həm səni isidə, həm də başqalarını.

Sən bunu bacarmısan. 50 yaşında bunu sənə demək olar. 50 yaş heç nə eləməmiş adam üçün az, rahatlıq bilmədən gecə-gündüz öz içində çapan adam üçün çoxdu. Başkeçiddən vurub Moskvada təhsil alan, Rusiyanı dolaşıb, axırda Bakıda toxtayan Etimad Başkeçid. Tərcüməhalının görünən tərəfidi. Yaxşı ki, başqa görünən tərəflər də var: şeirlərin, nəsr əsərlərin, tərcümələrin. “Böyük sənətkar”, “Böyük türk”, “Böyük şəxsiyyət”. Kimlərəsə müraciət eləyəndə işlətdiyin ifadələrdi. Bunları elə özünə aid etmək olar. Sən heç kimi kiçiltmək istəmirsən, hamını böyük görmək istəyirsən. Hərdən-hərdən vur-tut “böyük” sözünü ixtisar eləyirsən. Buna şükür. Qoy hər kəs payını götürsün.

Yaşadığın həyata dönüb baxanda adamı istər-istəməz qüssə bürüyür. Həyat belədi, qazandıqlarımızla bir yerdə, itirdiklərimiz də var. 50 yaşın astanasında sən də yəqin bu hissləri keçirirsən. Ancaq ləyaqətlə yaşadığına görə təsəllin var. İndi qarşıda bir əlli il də durur. Təki həyat imkan verə, düşündüklərini kağıza köçürə biləsən.

Mən səni gec tanıdım. Ancaq həyatın bir lütfüdü ki, sənin kimi dostu gec də olsa qarşıma çıxartdı. Səni verənə şükür.

# 1481 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #