Hərdən adam, istəyir kar olsun. Eləcə boş-boş gülümsəyərək, təəccüblə ətrafa baxsın. Dərk etməyə, anlamağa çalışsın insanların ağzı tərpəndikcə nə dediklərini. Bir sözü anlayanda, o birini anlamasın. Oturub gün içində gördüyü adamların ağzından oxuya bildiyi sözləri birləşdirib günün sonunda bir-iki cümlə qursun. Xoş cümlə olsun, oxuduqca yaşamaq istəsin, gülümsəsin, qəhqəhələr eşitmək istəyib, gələn dəfə gülən insanların gülüş səslərini eşitmək istəsin. Hər ağızdan bir gülüş şəkli çəkib, axşam yatanda baxsın.
26 yaşı var. Hündür, ali təhsilli, uzun qəhvəyi saçlı, gülərüz qızdır. Yanımdakı qız dedi ki, ondan heç nə soruşma, danışanda kəkələdiyinə görə utanır. O qızı tanımırdım. Onsuz heç nə soruşmayacaqdım. Qəfildən bir qadın gəlib onu danışdırdı. O da əlini yanağına qoyub, başını buladı. Mənə ondan nəsə soruşmamağımı tapşıran qız həmin qadına, qızı göstərərək dişinin ağrıdığını dedi. Qadın uzaqlaşdı. Qızla üz-üzə gəldik. Utanan gözlərini gördüm. Utanaraq gülümsədi mənə. Axı niyə utanmışdı? Nə vardı utanmalı? Yadıma uşaqlıq dostum düşdü. Danışanda kəkələyirdi – dili qüsurlu idi. O, danışanda məktəb yoldaşlarımız, məhəllədəki uşaqlar ona gülürdü. 7-8 yaşımız olardı. Ona gülməyənlər valideynləri, bir də o uşağı çox istəyənlər idi.
Mağazaya gedirdik, sözünü qurtarmamış “başa düşdüm” deyərək gülüb ona istədiyini verirdilər. Dalaşdığı uşaqlar ona “pəltək” deyirdilər. Qohumları zarafatlaşırdı kəkələməyi ilə. Həkim demişdi ki, onun dediyinə sona kimi, səbirlə qulaq asın. Siz ona qulaq asmasanız, o da bunu özünə kompleks edib içinə qapanar, danışmaz və yavaş-yavaş danışmağı tərgitə bilər. Anası gördüyü uşaqlara, mağazada çalışanlara həkimin tapşırığını demişdi. Bu tapşırığa əməl edənlər edirdi, etməyənlər yenə də lağa, gülməyə davam edirdi. İndi o uşaq böyüyüb. Normal danışır. Amma uşaqlığından danışanda - “Çox utanırdım, indi mənə etdikləri gülməli gəlsə də”- deyir.
O 26 yaşlı qızı isə uşaqlıqda qorxudublar. Əvvəllər heç danışa bilməyib. Həkimə aparıblar. Zamanla yavaş-yavaş danışmağa başlayıb. Bir neçə dəfə danışmağa cəhd edəndə gülüblər. O cəhdlərindən sonra bir də danışmayıb. İndi kimsə ondan nəsə soruşanda hamıya eyni şeyi edir - əlini yanağına qoyub, guya dişi ağrıyırmış kimi başını bulayır. Təkcə ailəsiylə danışır. Onu tanıyan biri isə o qız barədə deyir ki, çox mehriban qızdır. Qorxudulandan sonra heç danışmayıb. Sonralar asta-asta danışmağa başlayıb. Əvvəl daha pis idi, nə dediyi başa düşülmürdü. İndi isə qismən başa düşülsə də, ona gülürlər deyə utandığından danışmır. Amma danışmalıdır. Danışdıqca danışmağı öyrənəcək yenidən.
Naçi Ormeçi adlı ispan bir fotoqraf küçədə təsadüfən gördüyü insanların şəklini çəkir, əgər elə demək doğrudursa, onların sonra siluetini çəkib içlərinə başqa görüntülər yerləşdirib. O, işi barədə deyir: “Biz, insanları fərqli yerlərdə fərqli görürük, amma hər şey göründüyü kimi deyil, yaşlı bir kişinin içində bəlkə də gəncliyinin, sevgilisinin həsrəti var, bəlkə də velosiped sürmək gücündə hiss etmək istəyir. Yolda gördüyümüz bir gözəl qız bəlkə də indi dünyanın hansısa ölkəsində piano dərsi alarkən xəyal edir özünü. Bir gənc hansısa sərgidə görür özünü. İnsanların nə hiss etdiyini biz dəqiq bilə bilmərik.”
O 26 yaşlı qıza da gülən, lağ edən, ona danışmağa imkan və şans verməyən insanlar, yəni biz də o qızın nələr hiss etdiyini bilə bilmərik. Sadəcə utandığını bilirik. Amma o, onun kimi insanlar daha nələr hiss edir? Görəsən intihar etməyi düşünübmü? Özünü sayəmizdə lazımsız hiss edirlərmi? Onların içindən nələr keçir? N. Ormaçi o qızdan - “İçinə hansı görüntünü, hansı rəsmi yerləşdirmək istəyərsən” deyə soruşsaydı nə cavab verərdi görərsən?
O qız biz ona güləndə şəklimizi çəkir yəqin. Sonra o fotolara baxanda bizi necə görür?! Yəqin ona güldüyümüz, dinləmədiyimiz üçün qorxulu bir şeyə oxşayırıq.