Yarım milyonluq fahişəlik  

Yarım milyonluq fahişəlik  
22 oktyabr 2014
# 11:16

Bizim kəndin Böyük Vətən Müharibəsi görmüş mollaları hələ də bu duanı deyirlər: “Allah xalqımızı bir də heç vaxt müharibəylə, aclıqla imtahana çəkməsin...” Və bunu duanı elə içdən deyirlər ki, müharibənin, aclığın şahidi olduqları aydınca hiss olunur...

İtalyan dramaturq Eduardo de Filipponun (Xalq artisti Ramiz Novruzun quruluşunda) “Silindr” tamaşası da bu fikirlə başlayırdı: “Müharibə daha çox İtaliya əhalisinin yoxsul təbəqəsinə təsir etmişdi. İnsani dəyərlər aşınmış, aclıq, xəstəlik, fahişəlik, quldurluq geniş yayılmışdı... Və buna laqeyd qalıb demə ki, bu hadisə mənim xalqımın da başına gəlməz...”

Bu fikirlərdən sonra səhnə aydınlanırdı...

Tamaşada hadisələr İkinci Dünya Müharibəsi zamanı baş verir.

Aqostino Muskarello, onun birlikdə yaşadığ qadın Bettina kirayə yaşadıqları mənzilin haqqını ödəyə bilmirlər. Evdən çıxarılmaq təhlükəsi ilə üz-üzədirlər. Onlarla birlikdə gənc ər-arvad Riya və Rudolfoda yaşayır. Rudolfo nə vaxtda ofisiant olmaq istəyib. O, hətta müsabiqədən də keçib. Amma restoran onu işə götürməyib, arada işçilərdən kimsə xəstələnəndə əvəz etməyə çağırır.

Aqustino da nə vaxtsa teatrda qarovulçu işləyib. Onun işlədiyi “Apollon” teatrını dağıdıb yerində otel tikiblər. Aqustino da işsiz qalıb. Ona teatrdan qalan yadigar isə nə vaxtsa illüzionistin istifadə etdiyi silindr şlyapadır. Aqustinoya elə gəlir ki, nə vaxtsa illüzionistin möcüzələr göstərəndə istifadə etdiyi bu silindir yenə də möcüzələr göstərəcək. Ona görə silindiri öz kələklərində həvəslə işlədir. Hələlik şlyapa ona uğur gətirir...

Kələyi isə təkcə Aqustina eləmir. Kirayə pulunu ödəmək üçün bu dördlük bir hiyləyə əl atmalı olur. Rita hər gün pəncərənin qarşısında yuyunaraq “fahişə” adıyla müştərilər cəlb edir. Onları “ov”layıb evə salır, müvafiq məbləği- 10 min lirə-alır, yatağa girmək anı yetişəndə isə məlum olur ki, çarpayıda ölü var. Ölü kimdir: Ritanın əri Rudolfo. O, özünü ölülüyə vurur. Rita da müştəriyə elə dünəncə ərini itirdiyini söyləyir, min cür rola girib ağlayır, beləcə müştərini əliboş yola salır. Müştəri üzlülük edəndə isə silindirli Aqustina peyda olur. O, teatrda işlədiyi illərdə əxz elədiyi oyunbazlığını işə salaraq müştərini uzaqlaşdırmağa müvəffəq olur. Bu məharətini də silindirə bağlayır.

Lakin bir gün Ritanın qarmağına “iri balıq” düşür. O, qoca Attilionu tovlayıb mənzilə salır. 20 aydır qadın görməyən Attilio Ritanın gözəlliyinə heyran qalır və qıza 10 min lira yerinə 20 min lira təklif edir. Rita yenə də “əri ölmüş qadın” roluna girir. Lakin Attilio sadəlövh müştərilərdən deyil. O, Rudolfonun özünü ölülüyə vurduğunu dərhal anlayır. Attillio bundan sonra da öz istəyindən əl çəkmir və Ritanı əldə etmək üçün məbləği dəfələrlə qaldırır. Artıq məbləğ yarım milyon olub. Bu pulla nəinki borcları vermək olar, hətta əlavə xərclik üçün də nəsə qalar. Rita imtahan qarşısında qalıb. Onun ləyaqəti imtahan olunur. O, ya ərinə xəyanət edərək Attilio ilə yatmalı, ya da bu böyük məbləğdən imtina etməlidir. Ritanın tərəddüd etdiyini görən Aqustina da işə qarışır, hətta birlikdə yaşadığı yüngül əxlaqlı Bettina da. Amma bu dəfə Aqustinanın silindiri kömək etmir. Çarəsiz Rudolfo belə arvadının başqası ilə yatmasına göz yummağa məcburdur.

Yarım milyonla üç insanın ləyaqətini asanlıqla almaq olar. Təkcə Rita tərəddüt içindədir. Onun ləyaqəti “yarım milyonluq” məhək daşından salamat çıxmaqdadır.

Budur, Attilio yatağa uzanıb Ritanı gözləyir. Lakin skleroz olan qoca Attillio yatıb qalır. Burda Aqustinonun kələyi də işə yarayır. O, evdəki saatları qabağa çəkir, yatağın yanındakı şamın yarısını kəsib götürür.

Attillio yuxudan ayılandan sonra Rita ilə yatdığını hiss edir və əynini geyinib məmnun şəkildə çıxıb gedir.

Bundan sonra heç kəs Ritanı düşünmür. Hamı pulu bölməyə çalışır. Hər kəs özünə daha çox pay düşməsini istəyir. Rita birdən başa düşür ki, o Attilio ilə yatağa girməsə belə qocanın nəzərində elə yatağa girmiş sayılır. Deməli, o da ləyaqətini satıb. Deməli onun nə Aqustinodan, nə Bettinidən, nə də arvadını satan Rudolfodan fərqi var. O, baş götürüb evdən gedir.

Səhnə qaranlığa bürünür və biz yalnız üzərinə silindr qoyulmuş qlobusu görürük.

Deməli, qalib o kəslər deyil ki, başında silindir var. Qalib o kəslərdir ki, ciblərində pulu var və əsl silindirlilər də elə onlardır. Silindirlə həqiqi möcüzəni də onlar göstərirlər. Həyatda onlar nəyi diqtə edirlərsə o da olur. Nə yaxşı ki, heç olmaya arabir onların arasında sklerozu da tapılır. Bununla onları aldadıb ovunmaq olur.

Aqustinonun tamaşanın sonunda silindri qlobusun üstünə qoymasının amansız mesajı da bundan ibarətdir. Dünya yalnız onlarındır: başında silindr olanların, pulla hər şeyi əldə etmək istəyənlərin.

# 6793 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #