İntihar edə bilmirəm

İntihar edə bilmirəm
27 avqust 2014
# 11:00

Ölümündən sonra tanıdım Suranın səsini. O, oxudu, mən qulaq asdım. Bir də oxudu... Bir də... Bir də... Qulaq asdım və beləcə bu şirin səslə tanış oldum.

Sura içdən oxuyurdu, mən içdən qulaq asırdım. Bir tel düşmüşdü üzündən aşağı. Bir qızın öləcək telləriydi, öləcək saçlarıydı üzündə intihar kimi oynayan.

Hiss edirdim ki, Sura kədərlidi və bu kədərdə ölüm kölgəsi varıydı. Bunu hiss etmək o qədər də çətin deyildi. Bunu Suranın intiharından qabaq çox adam deyib. Bəziləri deyir ki, o qızın üzündə ölüm varıydı. Mən də bu ölümü axtarırdım onun üzündə. Ölüm aydın görünürdü. Gözlərində, tellərində, dodaqlarında, əllərində... səsində. Bəlkə ölümündən sonra dinləyirdim deyə, elə bilirdim ki, oxuyan ölümdü. Ölüm oxuyurdu, ölüm əsmər bir qızı oxudurdu.

O kədərli görüntüdən əlimi içəri salıb Suranı çıxartmaq istədim birdən. Niyə belə kədərlisən, soruşmaq istədim. Hətta əlimi irəli uzatdım da... Əlim sadəcə ekrana dəydi. Amma mən Suranın saçlarını oxşamaq, bu sərçəcik qızı ölümün ağuşundan qoparmaq istədim. Ölmə, demək istədim... Amma Suranın üzünə baxanda, hiss elədim ki, bu an ona ölümdən başqa heç nə yaraşmır. Ölüm özünü ona elə yaraşdırmışdı ki, ölümsüz bəlkə də üzündəki ifadə adama bu qədər doğma, şirin gəlməzdi. Bir şirin qızın üzündə ölüm necə şiriniydisə, o şirinlikdə intihar eləmək mənə də qorxulu gəlmədi. Amma həmişə intihardan qorxmuşdum.

Sura oxuyurdu... Çox kədərli oxuyurdu. İçimdən ağlamaq gəlirdi… Ağlayırdım.

- Son sözünü söyləmədən...

Səsinin intiharında həyat daha da boş və mənasız görünürdü. İntihardan o yana gedən yolda nə var görən? Nə var, axı, uşaqlar! Dayanın, uşaqlar! İntihar etməyin. Mən bacarmadım, sizlər nə qədər güclüsünüz. Ölüm sizə nə vəd edir ki, belə cəsarətli, ölümə atılmağa belə cəsur olursunuz?..

Neçə vaxtdır sütül uşaqlar intihar edir. Gah özlərini dənizə atır, gah balkonlardan quş olub uçur, gah da kəndiri göy qurşağı kimi boğazlarına keçirib sonra göyə çəkilirlər.

Başımı qaldırıb göyə baxıram. Göydə nə qədər uşaqlar var.

- Eyyy, göy uşaqları! Oralar necədir?

- Buralarda buludlardan şəhərlər var.

- Mən də gəlimmi?

- Yoxx, sən uşaq deyilsən.

- Amma mən də buludları sevirəm…

- Onda yağışları dinlə…

...Qəfildən yağış yağmağa başlayır, mən islanıram. Ruhum islanır, içimdə gəzişən sözlər islanır və… Sura oxuyur.

Gözündən bir damla yaş süzülür. Əlimi ekrana uzadıram. Suranın göz yaşını silirəm. Barmaqlarımın ucunda ölümün göz yaşı göynəyir. Kaş deyirəm, bu axırıncı intihar edən uşağın göz yaşı ola.

Suranın səsini nəfəsimlə içimə çəkirəm. İçimdə bir sərçəcik qızın ürəyi çırpınır. Sura son çırpıntıda ölmək istəməyib heç demə. Amma çox gec idi… Ölüm Suranın səsindən tutub göyə qaldıranda.

İndi hardasa bir oğlan Suranı düşünür. Bəlkə də ilk sevgisi olub onun. Bəlkə də ilk sevgilər intihar edir. Sonra gələn sevgilər ilk sevginin kölgəsində çox solğun görünür.

Birdən Sura ekrandan çıxır və yağışa qoşulub gözlərimdən uzaqlaşır. “Sura! Sura!” – çağırıram. Anidən dönür və səsinin intiharıyla mənə baxır…

Sonra göydə Suranın göy uşaqları ilə mənə əl elədiyini görürəm. Sonra da göy uşaqları harasa gedir və mən boş ekrana baxıram. İçimdəki ağırlıq əlimi kəndirə uzanmağa qoymur. Əlim göy qurşağına çatmır.

Ölümündən sonra bir sərçə qız tanıdım. Özünü səsindən asmışdı... Son sözünü söyləmədən…

- Bu gecə heç də yaxşı deyiləm… İntihar edə bilmirəm.

# 4389 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #