Yataqda fəlsəfə dərsi

Yataqda fəlsəfə dərsi
26 may 2014
# 15:36

Neftçalada doğulub-böyümüş adamçın Ucarın ilan mələyən çöllərində yaşamağa nə var? Bacarırsan ömrünün 60 ilini Laçının yamyaşıl düzlərində, başı qarlı dağlarında keçirib də gəl yaşa bu çöllərdə. Tək təsəllin, səni ovudacaq, içini sərinlədəcək tək ümid yerin də adın olsun - Boran.

Yataqdayıq. Ucarda, Müsüslü kəndinin girəcəyində çölün düzündə bir yerdi. Şərif Ağayar bizi dəvət edib. Onu da atasının əmisi oğlu Boran kişinin nəvəsi Qalib.

Boran kişigilə axşam çatdıq. Gün batmaq üzrəydi. Qoyun-quzu tövlələrə salınmış, biz tərəflərdə deyildiyi kimi farağatlanmışdı. Yorğun çoban itləri də axşamın sərinliyində imkan tapıb oynaşırlar.

Bizi gülərüzlə qarşılayırlar. Hal-əhvaldan sonra yuyunuruq. Daha sonra daxala dəvət edirlər. Şərif deyir, o “Daxal” hekayəsində bəhs etdiyim daxal budur. Bu kürsüsüz, qamışdan tikilmə, fərşi torpaqdan evə maraqla baxırıq. Elə bil Orxan Pamukun Məsumiyyət muzeyindəyik.

Şərif Boran kişi ilə söhbət edib qohum-əqrəba barədə xəbərləşəndən sonra elə bil bizi - məni, Turalı, Ağanı da söhbətə cəlb etmək, darıxmağa qoymamaq üçün Boran kişini sorğu-suala tutur, ayı vurmağı barədə danışdırır. Boran kişi də elə maraqla danışır ki, elə bil dastan deyir; asta-asta, rahat-rahat, hər şeyi yerli-yataqlı, izahla.

Danışdıqca da həsrətlə o yerlərin, o dərələrin, o təpələrin adını çəkir. Bu adlar bizə heç nə demir. Amma Şərif bu adları eşitdikcə elə bil səksənir, xatırlayır, yadına salır, soruşur, ora haraydı, filan yeri deyirsən...

Daxala girəndə divardakı kondisioner diqqətimi cəlb etmişdi. Bir küncdə də televizor durur, türk musiqi kanallarının birində mahnı səslənir. Qalibgil də, maşallah, hərəsinin əlində bir taçskrin telefon, bütün günü facebookdadırlar.

Bu təzad çox qəribə təəssürat yaradır adamda; bir tərəfdə köhnəlik, qədimlik, ibtidai həyat, digər tərəfdə ən müasir texnologiyalar... Qalib də qardaşı Boranla facebookdan elə xəbər verir, elə adamlardan danışır ki, mən Bakıda ola-ola çoxunu tanımıram. Qalib dərhal məni facebookda tapıb dostluq göndərir. Vallah, Mark Zukenberq bu mənzərəni görüb öz qalibiyyətinə ürəkdən sevinərdi; gör facebook haralara gəlib çıxıb.

Bir azdan süfrə açılacaqdı. Hamımız süfrə başına yığışacaqdıq. Təkcə Boran kişi üçün yerdən süfrə açacaqdılar. Onun içkiylə arası yoxdur axı. Laçında o qədər qaban vurub, amma bir dəfə də dilinə toxundurmayıb. İlk badələri Boran kişinin şərəfinə qaldırırıq; o gün olsun tezliklə Laçında içək sağlığına.

Və mənə elə gəlir ki, artıq lağlağıya çevrilmiş bu “Qarabağda qeyd edək...” sağlığına ilk dəfə səmimiyyətlə, qəlbən qədəh qaldırıram.

Gecə keçir, məclis qızışıb, Boran kişi isə bizə baş qoşmur. Bayaqkı yerində oturub səsi alınmış televizora baxır. Baxırmı, baxmır. Gözləri ekranda olsa da uzaqlara zillənib, lap uzaqlara... O yerə ki, orda indi sərindi, axtarsan dağların quzeylərində qar da taparsan, hər tərəf yamyaşıldı, çaylarında balıqlar qaynayır, səmalarında kəkliklər, qırqovullar uçuşur, dağlarında marallar, düzlərində qabanlar qaçışır...

Boran kişi isə bir azdan tüfəngini çiyninə alıb... gedəcək... Gedəcək ayı, qaban, maral ovlamağa...

# 4955 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #