Öpüşmək qadağan deyil

Öpüşmək qadağan deyil
21 mart 2014
# 08:45

Rövşən yazır...

Yüngül külək əssə də dəniz şıltaq ləpələri yığmışdı ətəyinin altına. Dalğaların hücumunu dəf eləməkdən yorğun düşən sahil dincini alırdı. Dənizin üstündə dövrə vurub acıqlı-acıqlı qıyya çəkirdi ac qağayılar...

Gözlərimi dənizdən alıb əlimi atdım pencəyimin cibinə ki, bir siqaret yandırıb daha ülvi, daha dərin xəyallara qərq olum. Siqareti alışdırıb skamyada yerimi rahatladım. Uzaqdan iki nəfər gəlirdi. Gələnlərdən biri oğlan xeylağıydı ki, sağ əliylə qucaqlamışdı qızın belini. Qızsa döyüşdə yaralanıb qan itkisindən təpərini itirən əsgər kimi başını dirəmişdi oğlanın çiyninə. Xırda addımlarla gəlirdilər mən tərəfə. Qənşərimə yetişəndə qızın əndamını göz yaddaşıma yazdım. İflicə məruz qalıb qeybət qırmaqdan əbədi məzuniyyətə çıxan Xeyransa xalanın ağzı kimi əyriydi qızın ayaqları... Məndən iki skamya aralıda oturdular. Qızın xata-balasız əyləşdiyindən tam əmin olandan sonra oğlan əlini qızın belindən çəkib sol əlində saxladığı bükülünü açdı. Əlində tutduğu iki peraşkidən birini uzatdı qıza. Transformator yağında layiqli şəkildə qızarmış peraşkilər ən küsəyən, cırtqoz iştahanın belə könlünü çox asanlıqla ala bilərdilər. Qız oğlanın əlini geriyə dolu qaytarmayıb aldığı qisməti apardı ağzına. Peraşkidən püskürən bərbad qoxunu tərk-silah eləməkçün yenidən siqaret yandırdım.

Qız bir dişləm alıb dedi ki, istidi, ağzım yandı. Oğlan da ona nəsə dedi. Qız nazlana-nazlana güləndə əliylə ağzının eybini ört-basdır eləməyi unutdu. Ağzının sol yanında sıralanan dişlərdən üç-dördünü karieslə müharibədə itirmişdi. Hələlik salamat qalanlarsa diş fırçasının həsrətiylə sapsarı saralmaqdaydı. Oğlan əlini atdı qızın boynuna. Qız əlini apardı çantasına. Dəsmal çıxarıb ağzının yağını sildi. Peraşkinin qalanını salfetkaya büküb qoydu sağ böyrünə. Üzünü çevirdi oğlana. Şirin-şirin, yumşaq-yumşaq öpüşməyə başlayanda üzümü yana tutdum. Heç iki dəqiqə keçməmişdi ki, amiranə bir səs eşitdim. Bir polis durmuşdu oğlanla qızın qabağında, azad aşiqlərdən sənəd tələb eləyirdi...

Oğlana ürəyim yandı. Bəlkə də bu qızın əlindən ilk dəfə tutanda üç gün sevincindən yata bilməyib. Sonra çirkin və zövqsüz dişisinin məhrəm yerləri barədə dostlarını ətraflı məlumatlandırıb. Uydurduğu yalanlar girib yuxusuna. Neçə gün qüsulsuz gəzib. Xəbər salıb qıza. Deyib inad eləmə. Qalsan mənimsən, ölsən torpağın. Ya da yolunu kəsib qızın. “Səsin anamın səsinə, gülüşün xalamın gülüşünə oxşayır” deyib. Qız da bir xeyli səsli güləndən sonra əksər vətən qızları kimi üzünü tutub oğlana çeynənmiş sualına cavab istəyib: “Alassan məni?” Oğlan bir an belə tərəddüd eləmədən ölüsünün goruna, dirisinin canına, hansısa ağır seyidin cəddinə and içib qəti surətdə bəyan eləyib ki, az, hə, alajam səni.

İçilən andlardan sonra sevgilisini bulvar səyahətinə razı salıb. İndiysə polis imkan vermir ki, içdiyi andlardan yanan dodağını cananının dodaqlarında söndürsün. Polis çəkmişdi oğlanı kənara. Qız skamyada oturmuşdu. Həyəcanlıydı. Yenidən bir siqaret yandırıb dərin xəyallara qərq oldum. İnsan istədiyi yerdə öpüşə bilər. Kitabxanada, kinoteatrda, universitetin oxu zalında, bulvarda, parkda öpüşən cütlüklərə heç kəs “gözün üstə qaşın var” deməməlidi. Əgər tərəflər arasında qarşılıqlı razılıq əldə olunubsa heç kəsin alınan qərara müdaxilə eləməyə haqqı yoxdu.

Gördün xoşdusa bax öpüşə cütlüyə, ləzzət eləmirsə üzünü çevir yana. Qız qalası, Şirvanşahlar sarayı kimi tarixi abidələr qapılarını könül rahatlığıyla öpüşmək istəyənlərin üzünə sonuna kimi açmalıdı. Bu tarixi məkanlarda səhərdən axşama kimi turist qaynayır. Belə yerlərdə öpüşən vətəndaşlarımız xaricdən gələn qonaqlara nə qədər avropalı olduğumuzu sübut eləməklə qalmaz, həm də Şirvanşahın ruhunu şad etmiş olar. Yaşadığı ünvana kimi oğlanla qol-boyun gəlib, məhlə adamlarının gözləri qabağında öpüşüb oğlanın ölümünə bais olmaqdansa belə yerlədə öpüşmək xeyli təhlükəsizdi. Fikirdən ayıldım. Oğlan polisdən ayrılıb gəldi qızın yanına. Qız ayağa qalxıb özünü sahmana saldı. Başını qaldırıb dənizin üstündə süzən ac qağayılara baxdı. Peraşkinin qalanını çantasına qoyub girdi oğlanın qoluna. Uzaqlaşdılar.

Külək əsirdi.

Qağayılar ac idi.

Dəniz abrına qısılmışdı...

# 4319 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #