Həkimlər deyəndə ki…

Həkimlər deyəndə ki…
4 avqust 2017
# 17:35

Kulis.az Elnaz Eyvazın “Qizima məktub” essesini təqdim edir.

Qızım, adətən, məktubu uzaqdan yazarlar. Sən yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir döşəmənin üstündə, amma Sənə məktub yazıram.

Bütün qızların içində ilahidən bir hiss, bir arzu var: ana olmaq. Körpə ikən qızlar gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər, sənin kimi. Mən də belə idim. Böyüdükcə bu hiss də, arzu da böyüyər, özün boyda, özündən də böyük olar. Ana olmaq istərsən, istərsən bir qızın olsun, saçlarını hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən əyninə. Gözəl olsun, hamının qızından gözəl, sən də qürrələnəsən: gözəl qızın anası kimi. İstərsən oğlun ola, qəşəng kostyumlar geydirəsən əyninə, balaca qalstuk bağlayasan boynuna, qürrələnəsən: balaca “kişi”nin anası kimi. Mən də bu arzuları yaşamışam, qızım.

Ana olanda anladım həyatın dəyərini. Onda anladım o gəlinciklərə olan sevginin ibtida olduğunu. Ölümlə həyat arasında çırpınanda anladım Ana olmaq nədir. Həkimlər anama deyəndə ki, soruşmaq borcumuzdur, ikisindən birini xilas etmək ehtimalı böyükdür, hansını seçirsiniz? Anam da: “Balamı da, balamın balasını da!" - demişdi. Mənsə ürəyimdə Sən yaşayasan deyə dua edirdim... İlk dəfə onda hiss etdim, kimdənsə ötrü canından keçməyə hazır olmaq nədir. İkimiz də qaldıq. Həkimlər buna “möcüzə” dedi.

Ürəyimdə o qədər arzum var ki... Ən böyüyü və önəmlisi budur ki, dünyaya gətirdiyim övladım sağlam, gözəl həyat yaşasın, ləyaqətli vətəndaş olsun, özü öz ayaqlarının üstündə durmağı bacarsın. Bir də... bir də ən böyük arzum odur ki, sənin gözəl ailən olsun. Bir ana üçün bundan gözəl nə var ki...

Çox uşaqsevən olduğumdan hamı deyirdi ki, o qədər uşağın olacaq, doydurub- dolandıra bilməyəcəksən. Ancaq mənim bir qızım var, bircə balam... Bu gün mən özünü çox sevən, dünyanın ən gözəl və ağıllı qızı hesab edən, yaşından çox irəli düşünən bir qızın anasıyam. Qız anasıyam!

İllər öncə o gecə yük atmadım, əksinə, zərif çiyinlərimə çox ağır, fəqət gözəl bir yük götürdüm. Qız yükü, duz yükü...Həyat o zaman mənalı, gözəl olur ki, sən onu kimin üçünsə yaşayırsan...

Hərdən sənə acıqlanıram, hərdən kobudluq da edirəm. Bilirəm, heç nə ilə bunlara haqq vermək olmaz. Sən heç nəyin: nə yaşadıqlarımın, nə də yaşaya bilmədiklərimin günahkarı deyilsən. Ancaq mənim səndən başqa, heç kəsə bu qədər ərkim çatmır. Çünki sən, mənsiz yaşaya bilməyəcək qədər mənə bağlı yeganə adamsan. Hələ ki...

Bilirsənmi, səni incidəndən sonra çəkdiyim əzab əzablarımın ən ağırı, ən bağışlanmazıdır. Çünki sonra məni rahat buraxmayan bir şey qanımda bütün vücudumu gəzir. Bu, mənim vicdanımdır. O, məni ağladana qədər danlayır. Sonda yenə səni incidirəm. Çünki mən ağlayanda dözmürsən, qoşulursan mənə, bu da çox acı bir səhnə yaradır. Mən niyə ağladığımı bilirəm, sənin niyə ağladığın bir az mübhəm qalır. Təbii ki, özün bilirsən, niyə ağlayırsan. Bəlkə, doğrudan da, mənim göz yaşlarıma dözmürsən, axı özün belə deyirsən, bəlkə, gəlinciyinin qırılmış qoluna, itmiş kinder sürprizinə, nə bilim, başqa nəyə. Ancaq mənim üçün fərq etməz, göz yaşları sənin totuq yanaqlarından, dərin baxışlı gözlərindən axır. Bu, çox dözülməzdir. Çox zaman göz yaşlarımı qəlbimə axıdıram ki, sən görməyəsən...

Bilirəm, sən ən fundamental əsərsən, heç bir şeir, roman, daha nələr sənin qədər mükəmməl ola bilməz. Səni hər öpüb-oxşayanda Tanrımla görüşürəm. Şükür edirəm, edirəm, bitmir...

Yatanda nə qədər məsum görünürsən... Əllərini tuturam, yanaqlarından öpürəm, bilirsən də, yanaqlarını öpəndə yorğunluğum çıxır, dincəlirəm. Saatlarla belə oturub sənə baxmağa hazıram. Sənə baxa-baxa düşünmək, arzulamaq, qorxmaq, ağlamaq, gülmək...

Bilirəm, nə boyda yükün altına girdiyimi, bilirəm. Ana olmaq, övlad böyütmək, insanlara lazımlı,Vətənə gərəkli, vicdanlı, tərbiyəli, təhsilli, ürəyim istəyən kimi, hərtərəfli övlad böyütmək nə qədər çətindir, məsuliyyətlidir. Bu məsuliyyətin, bu ağırlığın həsrətində olanlar var, onu da bilirəm.

Həm də çox narahatam. Bilmirəm ki, sabahın necə olacaq. Qorxuram, çox qorxuram, qızım... İnandığımız adamlar, təəssüf ki, hərdən məyus edir bizi. İndi başa düşürəm ki, niyə atalar qız yükü, duz yükü deyiblər...

Normal mühitdə böyüməyin üçün hansı əzablara qatlandım, nələrdən keçdim... Bu, mənim analıq borcumdur. Qarşındakı bütün borclarımdan çıxmağa, üzüağ çıxmağa çalışacağam, qismət olsa...

Sən çox düşüncəlisən, yaşından tez və gözəl dərk edirsən hər şeyi. Suallarından qorxmuram, qorxmadığım yeganə olan budur qarşında. Üç yaşın vardı, bir dəfə mənə: “Ana, ölsən, ilan paltarı geyib gəlib yanına girəcəm,”- demişdin. Bir ara da hər gecə əllərini balaca yanaqlarına dirək verib uzun-uzadı üzümə baxardın. Soruşdum ki, niyə elə baxırsan? Dedin ki, axı sən öləndən sonra darıxacam sənin üçün. Bir də dedin ki, səndən sonra anam kim olacaq? Axı özgədən adama ana olmur.

Ağıllı balam, bunları hardan bilirsən, kimdən öyrənirsən?

İndisə, hələlik, bəlkə, zaman-zaman bu məktubuma əlavələr etdim, bilmirəm. Və bu yeganə məktubdur ki, sahibinə çatınca çoxları oxuyacaq... Yanaqlarından və alnından öpürəm.

Anan

# 2561 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #