Ağzına gələni yazıb

Ağzına gələni yazıb
18 may 2016
# 15:42

Ayxan Ayvaz

Bizdə qəribə bir xasiyyət var: öz yazıçılarımıza qarşı çox qəddarıq. Azərbaycan yazıçısının yazdığı əsərlər heç nədir, dünyaya çıxa bilmir, geridə qalmışıq və s.

Bu cür iddiada bulunanlar iki yerə bölünür: oxucular və yazarlar.

Əvvəlcə oxuculardan başlayaq. Onu deyim ki, bizim oxucu hazırlıqlı deyil, əlinə nə keçdisə oxuyur. Məsələn, Kafkanı oxuyub özünü intellektual göstərmək istəyir, ancaq İsa Muğannadan, İsi Məlikzadədən xəbəri yoxdur. Demirəm, Kafkanı oxumaq olmaz. Ancaq öz ədəbiyyatını oxumayıb qəfil Kafkanın çıxılmazlığı ilə üz-üzə gəlmək doğru deyil. Nədən? Çünki Kafkanı, Dostoyevskini oxuyan biri üçün ədəbiyyat yalnız bu iki adamdan ibarət olacaq.

İndi gəlin təsəvvür edək ki, Kafka və Dostoyevskini oxuyan adamın əlinə Seymur Baycanın kitabı düşür. Başlayır ona nə gəldi deməyə: “Bu da ədəbiyyatdır?”, “Belə də yazmaq olar?”

Onlar bizim yazarlardan da Kafka və Dostoyevski olmağı istəyirlər. Halbuki ədəbiyyat rəngarəngdir və orda hər kəsin öz yeri var. Azərbaycan oxucusu başa düşmür ki, öz yazıçıları geridə qalmış deyil, bu ədəbiyyatın da böyük yazıçıları var və olacaq. Gözəl əsərlər yazılır və yazılacaq. Təəssüf ki, onlar bizim yazıçıya qarşı qəddarlıq nümayiş etdirirlər. Fikir bildirəndə də yekə-yekə oxuduğu bir-iki kitabdan sitat gətirir, guya öz ağılları ilə yazıçını yıxıb-sürüyürlər. Guya bunlar dünya sənətinin cikinə də, bikinə də bələddirlər, dünya ədəbiyyatında baş verən proseslərdən xəbərləri var, müasir yazıçıları eninə-boluna oxuyublar.

Nədir bu qəddarlığın səbəbi? Doğurdanmı, onlara elə gəlir ki, bizdə ədəbiyyat yoxdur? Müasir yazarlara qarşı həddən artıq qəzəblidirlər. Nədir onların dərdi, anlamaqda acizik. Çoxusu da nəyi düşünür? Bu belə yazırsa, mən ondan qat-qat yaxşı yazaram. Ədəbiyyatı yarış kimi görür bizim oxucular. İstəyirlər ki, yazıçı onların köləsi olsun, istədiyi ilə oturub-dursun. Onlara elə gəlir ki, xarici yazıçıdırsa, deməli onun yazdığı şedevrdir. Yox, azərbaycanlı müəllifdirsə, apar tulla. Bizim oxucular o qədər hazırlıqsızdırlar ki, elə də tanınmayan bir xarici müəllifin əsərini tərcümə edib, orasını-burasını düzəldib çap eləsəm, bundan heç xəbərləri olmayacaq. Və bilirsiniz, nə olacaq? Başlayacaqlar məni yıxıb sürüməyə: “Ağzına gələni yazıb”, “Mənasızdı” və s. Ancaq eyni mətn xarici müəllifin adından çap olunsa, o zaman fikir belə olacaq: “Super”.

Bizim oxucu ancaq dünya ədəbiyyatına rəğbət bəsləyir. Yerli müəllifləri oxumadan rəy bildirməyi sevir. Məsələn, onların belə bir bəhanəsi var: “Əşşi, Umberto Eko olan yerdə, niyə mən Səfər Alışarlını oxumalıyam? O nə yazacaq ki?”

Haqlı deyənlərə cavabım: qətiyyən elə deyil. Biz öz ədəbiyyatımızı oxumuruqsa, onu dəyərləndirmiriksə, daha ingilis, fransızdan nə gözləyək? Deməzlər ki, səni öz ölkənin vətəndaşı saymır, vecinə almır, məndən nə istəyirsən?

Özü də belə adamlar milli düşüncədən dəm vurur. Axı sən öz yazıçını Robinzon Kruzoya çevirəndə, kitabını təbliğ etməkdən ötrü dəridən qabıqdan çıxardanda, bu cür münasibət göstərəndə heç millilik yadına düşmür. Azərbaycan yazıçısı kitab yazır, mağazalara özü daşıyır, özü öz kitabını reklam edir və s. Hələ kitab mağazalarında satıcıların ağız-burun əymələrini, sənə üstdən-aşağı baxmalarını demirəm.

Hara baxırsan, dünya ədəbiyyatı ən yaxşı rəflərdə, yerli müəllif isə it-bata çevrilib. Kitab mağazasına girən adamın rastlaşdığı mənzərə budur. Elə bil biz öz ölkəmizdə yaşamırıq, öz ədəbiyyatımız gözə dəymir. Bütün bu əngəllərdən, zülmlərdən çıxan müasir Azərbaycan yazıçısına hələ oxucu mız da qoyur, oxumadan ittiham edir, oxuyanda da deyir, sən Orhan Pamuk ola bilməzsən. Axı biz o şəraitdə yazmırıq, sözün həqiqi mənasında fəhləçilik edirik, enerjimizin az bir qismini ədəbiyyata xərcləyirik. Bununla belə yenə də gözəl əsərlər yazılır bizdə. Hələ də ədəbiyyatımız var və ədəbiyyatımız heç də digər xarici ədəbiyyatdan geri qalmır.

Oxucuları keçdik, bir də var yazarların qəddarlığı.

Bir-birimizə qənim kəsilmişik sanki, əlimizə keçən həmkarımızın əsərini yıxıb sürümək üçün az qala növbəyə düzülürük. Ortalığa mətn qoyan, az-çox maraq yaradan əsərə lağ-lağı etmək, şəbədə qoşmaq ədəbi mühitin ən böyük əyləncəsinə çevrilib.

Eyni xarakter yazarlarımızda da var: xaricidirsə yaxşıdır, yerli müəllifdirsə, apar tulla.

Bunun səbəbi nədir?

Paxıllıq?

Özünü təsdiq etmək problemi?

Yoxsa nə?

Mənim fikrimcə, hamısı.

Bizim yazıçı həmişə özünü ən aşağı pillədə görür, aciz, boynubükük olduğunu düşünür. Ona elə gəlir ki, heç vaxt yaxşı əsər yazıla bilməz.

Nə özü yaza bilər, nə də başqası.

Bu düşüncə heyf ki, bir-birimizə olan qəddarlığı ortaya çıxardır. Adam bu qəddarlığa görə heç kitab çap etdirmək belə istəmir...

# 1786 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #