Ayxan Ayvaz
Məncə, hekayə qəliz janrdır, az sözlə çevrəni tamamlamalı, mesajı ötürməlisən. Bu mənada dünyada, eləcə də Azərbaycanda hekayə ustaları barmaqla sayılacaq qədərdir.
Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanından sonra “Alman malı” adlı hekayələr kitabı çap olundu.
Mən Mirmehdini “Proloq” qəzetindəki yazıları ilə tanıyıram. Deməli, səhv eləmirəmsə, 2009-cu ildi. İndi 2016-cı ildəyik və üstündən yeddi il keçib.
Bunu nəyə görə deyirəm? Əlinə təzə qələm almış bir adamı tənqid etmək, lap belə desək, yıxıb-sürümək düzgün deyil, bunu doğru hesab etmirəm. Hər halda nəsə yazıb, kimisə qətlə yetirməyib ki? Mirmehdi isə çoxdandır yazır.
Kimisə tənqid etmək də çətindir indiki zamanda. Birincisi, deyəcəklər, sən kimsən, sənin yaşın nədir, adımı demaqoq çıxaracaqlar. Sonra əlavə edəcəklər ki, ilin-günün bu vaxtında birtəhər kitab çap eləyən adamın üstünə əlində balta getmək olmaz.
Ona görə də bəri başdan özümü sığortalamaq üçün deyim ki, mən burda bir oxucu kimi öz ürəyimin səsinə qulaq asacağam. Və sizi əmin edirəm ki, yazının sonuna qədər də buna sadiq qalacam.
Əvvəlcə, mövzulardan başlayaq. Hekayələrin demək olar ki, hamısı sosial mövzudadır. Özü də ard-arda. Bu, əlbəttə, oxucunu sıxacaq. Çünki bir əhvalatın müxtəlif versiyalarını nə qədər çevir-tatı, vur-tatı təqdim elə, yenə də gözümüzün qabağında eyni mənzərə yaranacaq.
Mirmehdinin səhvi burdadır ki, o hadisənin arxasınca qaçır, oxucunu məhz süjetin qeyri-adiliyi ilə şaşırtmağa çalışır. Halbuki oxuyanda görürük ki, bu heç də qeyri-adi deyil.
Bir məsələyə fikir verək. Oxuyanlar da eyni fikri təsdiq edəcəklər. Mirmehdi yazdığı bütün hekayələri – bəzilərini çıxmaq şərti ilə – adi bir adam kimi qələmə alıb. Yazıçı baxışı, müşahidəsi, alt qata enmək – çox azdır. Mirmehdi ağır mövzunun altına girir və güc sərf eləmir, yazıçının tab gətirmədiyi hadisə öz-özünü əzir, tapdalayır. Beləliklə, oxucunun fikri bir neçə dəfə dağılır.
Mirmehdi tamam ayrı bir mövzuda yazdığı hekayədə heç bir iştirakı olmayan obrazlar yaratmağa cəhd edir, başqa hadisələrin arxasınca qaçır. Belə olanda oxucu onların arasında ən maraqlı olanı seçir və fikri orda qalır, həmin hadisə isə yarımçıq kəsilir. Sonra oturub fikirləşirsən ki, bəs görəsən, o filankəsin axırı noldu. Halbuki hekayədə həmin abzaslar olmasa yazıçı heç nə itirməz.
Gəlin, Mirmehdinin hekayələrinin adlarına fikir verək: “Nisyə”, “Mərəz”, “Çərçivə”, “Qoca və şir”, “Alman malı”, “Baş tutmayan iş görüşməsi”, “Elektron poçt sifarişi”.
Fikir verin, bu adlar bizə elə bil Mirzə Cəlili xatırladır. “Poçt qutusu”, “Rus qızı”, “Saqqalı uşaq”, “Danabaş kəndinin əhvalatları” və s. Hətta tematika baxımından da Mirmehdi Mirzə Cəlilə çox oxşayır. Amma və lakin. Mirzə Cəlilin hekayəsində göstərdiyi avamlıq bəşəri rəng qazanır, Mirmehdidə isə bu gün var, sabah yoxdur. Bu, yenə təkrar edirəm, yazıçının öz gücünə bələd ola bilməməsinin nəticəsidir. Mirmehdi bilməliydi ki, bu tematika onluq deyil. Onun yeri dekanstruksiya – Quran motivindən yazdığı hekaylərdədir. Və bu bütün dünya ədəbiyyatında belədir: hər bir yazıçının öz tematikası olur.
Kitabda “İmamın şəkli”, “Gülüstan müqaviləsi bağlanan gecə”, “Fasilə” və “Fransız” hekayələri xoşuma gəldi. Xüsusilə, “İmamın şəkli”. Mirmehdi yeni yazan biri deyil, kifayət qədər tanınan müəllifdir. Bu hekayələr yuxarıda sadaladıqlarımla bir sırada olmamalıdır. Məncə, yazıçının özünün oxuya biləcəyi mətnlər alınıb. İnanmıram ki, Mirmehdi nə vaxtsa bu hekayələrini – bir neçəsini çıxmaq şərti ilə – oxuya bilsin.
Bütün bunlara baxmayaraq, kitab çıxartmağı cəsarətli addım hesab edirəm. Mirmehdinin hekayələri saçı dağınıq, üst-başı çirkli qızı xatırladır. Onun hekayələrini “daramaq” lazımdır. Ümid edirəm ki, tənqidlərimdən inciməyəcək. Yeni və daha uğurlu kitabların çap olunması diləyi ilə Mirmehdi Ağaoğlunu “Alman malı”na görə təbrik edirəm.