Cümə, iş həftəsinin sonuncu iş günü bir rusiyalı xanımın bloqunda oxudum: Çində suda boğulan adamı xilas etmək qadağandır. Çünki bu, insanın şəxsi həyatına müdaxilə etmək, taleyini dəyişmək anlamı verir.
– İt qızı, indi çinli olmadığıma görə sevinim, ya bu sərsəm qanuna görə çinlilərə gülüm! – deyə özüm də bilmədən düşündüyümü ucadan dedim.
Beynim qarışmışdı və elə bu qarışıq düşüncələrlə evə gələndə fikirləşirdim ki, həyətimizdəki it artıq ölüb. Və heyvan dəfnindən anlayışı olmayan evdəkilər indi başlarını itiriblər.
Qapıya çatanda mişar daşlarının səliqəsiz düzümüylə qurulan yuva gözümə boş dəydi. Və düşündüm ki, yəqin, qonşular köməyə çatıb, “dəfn mərasimi” bitib və artıq evdə soyuq hüzn sükutu hökm sürür.
***
Mən itləri heç sevmirəm. Bəlkə də özüm Pişik İlində doğulduğum üçün. Üstəlik, itin murdar heyvan olması haqqında şəriət hökmü də daim hafizəmdədir.
Kiçik həyətimdə necə peyda olması indi heç yadımda deyil. Deyəsən, gölün yanından kiminsə dalınca düşərək gəlmişdi.
– İt qızı, bu küçüyü kim gətirib!? – deyə qəzəbimi püskürdükdə, məni hasarsız həyətdə keşikçi heyvanın nə qədər vacib olması ilə bağlı dəlillərlə sakitləşdirməyə çalışdılar. Süddən tez kəsilmiş qoyun itiydi. Kiçik boyu ilə yekə, totuq dalını oynada-oynada həyətdə hamını ovsunlamışdı. Həyətə tez bağlandı. Və özü kimi dördayaqlıların gözünün odunu aldı – bir pişik belə qapı-bacaya yaxın dura bilmirdi. Amma gecələr qorxudan durmadan hürürdü, yaxınlıqdakı qamışlıqda azca qaraltı görən kimi qapıya çırpınır, sanki “məni tez evə buraxın!” deyirdi.
Qarmı tox, gözü ac idi. Evin dörd adamı boynumda ola-ola, itə yemək almaq mənim üçün təkcə əlavə məsrəf anlamı vermirdi. Həm də heyvan saxlamaq – istər evdə, istər çöldə – bir növ, öhdəlikdir. Vaxtlı-vaxtında yeməyini, suyunu ver, altını təmizlə. Bizim evdə isə mən təpinməsəm, bu iş kimsənin yadına düşməz. Buna görə də düyünü biryolluq kəsdim: “Suda boğulanın xilası onun öz işidir. İtinizin qayğısına özünüz qalın, bəlkə, bundan sonra məsuliyyətin nə olduğunu anlayarsınız!..”
***
...Üç gün əvvəl küçüyün xəstələndiyindən xəbər tutdum. Bundan qabaq hürmədiyindən şəkkə düşmüşdüm. Sonradan bildim ki, aramsız yağışlardan bərk soyuqlayıb, üşüdür. Son gördüyümdə yuvasının ağzında leş kimi tərpənməz uzanmışdı; yamanca arıqlamışdı; baxışlarından yazıqlıq, acı tale ilə əlacsız barışıq yağırdı; gözündən durmadan su axırdı, bədəni titrəyirdi, başını azca qaldırıb mənə baxdı və tez də yerə qoydu və hətta mən – hissləri betonlaşmış insan onunla göz-gözə gəlməmək üçün üzümü kənara çəkdim...
***
Bəlkə də itlərə nifrətimin bir səbəbi – müvəqqəti qaldığım yad evlə bağlı bir xatirədir. Ora köçdüyümüz gün həyətdə bir dördayaqlı gördüm. Ev sahibinin deyildi. Yəqin ki, atılmışdı. Görkəmindən cins olduğu bilinirdi. Bir ayağı da azca zədəliydi.
Məndən xəlvət itin yaralı ayağını sarıdılar, ətin piyli tikələrini, qalın toyuq dərisini qazandan oğurlayıb itə verməklə heyvanın sevgisini, üstəlik, bəlkə də savab qazandılar. Və günlərin bir günü gördüm ki, heyvan işə, yaxud dərsə gedən kim varsa, hamını bir-bir avtobus dayanacağına qədər ötür. Hətta məni.
Yayın istisində ayağı hələ də azca axsaya-axsaya arxamca düşüb uzaq dayanacağa qədər gedirdi. Arada yorulub ləhləyəndə onu geri döndərmək istəyim də faydasız olurdu. Dincini alıb yenə arxamca düşürdü. Avtobusun qapıları bağlanandan sonra sanki ruhi rahatlıq tapıbmış kimi geriyə, evə dönürdü.
İtin bu sədaqəti qonşu Tahiri də məəttəl qoymuşdu. Şəhərə köçmüş kənd adamının arada-bərədə mənə itin vəfası haqqında danışdıqlarını zorən dinləyirdim. “Bizim kənddə bir it vardı, yiyəsi öləndə qırx gün qəbrinin başından çəkilmədi...” Tahirin bu itdən xoşlanmadığını hiss edirdim. Və bir gün...
Müvəqqəti qaldığım evin həyətində kiçik bir sahəyə keşniş, şüyüd və reyhan toxumu səpmişdim. Tahirin toyuqları torun altından keçib bostanıma daxil olan kimi dördayaqlı heyvan irəli cumur və toyuqlara yerlərini göstərirdi. Sonra bildim ki, mərhəmətimizə görə bizə hər cür iltifatlar edən şüursuz varlıq ehtiyacını ödəmək üçün Tahirin bostanını seçib. “Özümüz gördük, tağın yanına getdi, arxa ayağını qaldırdı...” – deyə evdəkilər qulağıma pıçıldadı. – Tahir də pəncərədən itə qışqırırdı...”
Ya Tahirin qarğışı, ya da qonşuların paxıllığı ucbatından bir gün it dayanacaqda, elə gözümüz qarşısında yolla şütüyən bir maşının altında qaldı. Sədaqətli köpəyin ölümündən təsirlənmiş faciə şahidindən biri göz yaşını axıdanda hirsimi cilovlaya bilmədim.
– İt qızı, niyə ağlayırsan!?
***
...O vaxt-bu vaxt evdə, həyətdə heyvan saxlamaya yazılmamış qadağa vardı.
***
...Evdə sakitlik idi, amma düşündüyümün əksinə, hüzn ruhlu deyildi. Düzü, buna heyrətlənmişdim. Amma bir azdan heyrətimin gözümün hədəqəsindən çıxdı. Pəncərə qarşısında durub siqaret çəkərkən həyətdə dolaşan iti sapsağlam gördüm. Evdəkilər yenə ara xəlvət iş görmüşdülər. Baytardan alınan peyvənd təsirini büruzə vermişdi.
Axşam bürkü idi, həyətdə gəzişdim və gözucu yuvaya baxdım. Boynundakı xaltadan qurtularaq həyat eşqilə mənə sarı qaçmaq istəyən iti görəndə özümdən asılı olmadan qışqırdım:
– İt qızı, bu itə su vermisiniz!?
P.S. Bəlkə, həmkarlarımdan kiməsə mövzu olaraq gərək oldu:
- Danimarkada həbsxanadan qaçış cinayət sayılmır. Məhbus tutulduqdan sonra isə cəzasının yerdə qalan hissəsini çəkir.
- İngiltərədə kişi ictimai yerlərdə kiçik ehtiyacını ödəyə bilər, bircə şərtlə ki avtomobildə olsun, sağ əli ilə sükanı saxlayır və maşını geri verirsə.
- Fransada uçan boşqabları üzümlüyə endirmək və donuzlara “Napoleon” adı vermək qadağandır.
- Cənubi Koreyada yol polisi sürücülərdən aldıqları rüşvətin miqdarını açıqlamağa məcburdur.
- Əgər Tailandda asfalta saqqız atsanız, 600 $ cərimə ödəməli olacaqsınız. Pulunuz olmadığı təqdirdə həbsə atıla bilərsiniz. Bu ölkədə milli valyutanı tapdalamaq da təhqir sayılaraq cəzalandırılır.
- ABŞ-da, Alabama ştatında dəmir yoluna duz səpməyin cəzası – ölüm hökmüdür...
İt qızı
29 iyun 2011
10:31
6818 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024