Əziz Ukrayna!

Afaq Məsud, Xalq yazıçısı

Afaq Məsud, Xalq yazıçısı

13 aprel 2022
# 17:40

Kulis.az Afaq Məsudun "Əziz Ukrayna!" yazısını təqdim edir.

Sənə necə qıydılar?.. Uca, saf göylərini, bəmbəyaz buludlarını, buğda ətirli, bərəkətli torpaqlarını nədən bu hala saldılar?.. İndi buludların Sənə göz yaşı axıtmaqda, Qəlbinə sancılan mərmilərin od-alovunu duman örtüyünə bürüyüb, yağışları, çiskini ilə söndürməyə çalışmaqda, canını uğrunda fəda edən igid oğullarının, mərd qızlarının, günahsız körpələrinin qanı ilə suvarılan torpaqların adını bəşər tarixinin Əbədiyyət Zirvəsinə yazmaqdadır...

İndi o buludlarla bir, mərdliyin və yenilməzliyinlə qəflət yuxusundan oyandırıb ayıltdığın İnsanlıq da göz yaşı axıtmaqda, Sənin ağrı-acının, yaralarının sızıltısıyla sızıldamaqdadır... Bu sızıltı – min illərin sinir ağrısı, axan yaşlar – əsrlərin göz yaşıdır... İnsan dəyərləri və ruhsallığının tarix boyu güc və zor qarşısında təsliminə axıdılan ağrı yaşlarıdır. Bu, səbirli, Ulu Tarix Yaddaşının Xocalıya, Ağdabana, Van, Xatın, Srebrenitsa, Holokost soyqırımlarına axıtdığı qan yaşlarıdır...

Özünü qoru, igid Ukraynam! Doğma torpaqların, azadlığın uğrunda qalxdığın bu savaş, savaşların ən müqəddəsi – insan zülmü və zorakılığına açılan Haqq Savaşıdır! Bu, buludla mərminin, göz yaşıyla yumruğun döyüşü – Yer üzünün düzənini, İnsanlığın mənzərəsini dəyişməyə başlamış, taleyüklü Səmavi Qarşıdurma, İnsan və İnsanlıq naminə müqəddəs ölüm-dirim Savaşıdır.

Ruhdan düşmə, cəsur Qardaşım! Dünya – Sənin mərd oğullarına, həyatlarını mərmi zərbələri altında itirən körpələrinə, lal xarabalıqlara çevrilmiş susqun şəhərlərinə axıdılan bu göz yaşı çayında durulmaqda, pisliklərdən, çirkab və saxtalıqlardan yuyulub-təmizlənməkdədir...

Qəm yemə, əziz Bacım... bil ki, axşamlar – qürub çağının səssiz ala-toranlıqlarında küskün ruhlarıyla Kiyev küçələrində dolaşan dahi oğullarının – Qoqolun, Bulqakovun, Dovjenkonun, vətənpərvər şair qızın Lesya Ukrainkanın qəhər dolu lal iniltilərini Səninlə bir biz də eşidirik... Böyük şairin Taras Şevçenkonun usanmaz oğul sevgisi ilə yazdığı sətirlərin ağrısını Səninlə bir yaşayır, yenilməz mərdliyin, şücaətinlə qürur duyuruq...

Bir gün ölüm gəlib qapımı döysə,
Doğma Ukraynamda basdırın məni.
Bu göz işlədikcə uzanıb gedən
Çöllərin qoynunda qazın qəbrimi.

Uyuyum torpaqda, laylamı çalsın
Qosqoca, möhtəşəm Dnepr çayı.
Çatsın qulağıma coşub-çağlayan,
Doğma dalğaların dəli harayı.

Gün gələr, yurdumdan yağı qanını
Bu çayın suları yuyub aparar.
Bax onda qalxaram mən məzarımdan,
Bax onda ruhum da təskinlik tapar.

# 3532 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #