Əllərinə toxuna bilmədiyim o qız

Mirmehdi Ağaoğlu. Yazıçı

Mirmehdi Ağaoğlu. Yazıçı

31 dekabr 2021
# 15:31

Mən Sabunçuda böyümüşəm. Bütün uşaqlığım Sabunçuda, onun küçələrində, meydanlarında, buruqlarının arasında, bazarında keçib. Necə deyərlər Sabunçu uşağıyam. Sabunçunun hər daşı ilə bağlı xatirəm var, hər dəfə köhnə yerlərə gedəndə gözlərimi nəvazişlə o küçələrin, daşların, meydanların üzərində gəzdirirəm. İstər-istəməz uşaqlığımı, xatirələrimi axtarıram. Beynim film kimi fləşbəklərlə dolub daşmağa başlayır. Ovqatım təzələnir, ani də olsa dinclik tapıram.

Halbuki uşaqlığımda gördüyüm mənzərələrdən əsər-əlamət qalmayıb. Hər şey dəyişib. Bizim Yeni il bayramında zırpaket (vızrıvpaketə həmişə belə deyirdik) partlatdığımız ağaclığın yerində neçə ildi Bərgüşad şadlıq sarayı tikilib.

Doqquzuncu sinifdə oxuyurduq. Yeni il ərəfəsi idi. Cibimiz zırpaketlə dolu getdik həmən ağaclığa. Partlat ki, partladasan. Elə bil müharibə idi. Uşaqlardan biri zırpaketi yandırıb gürcüstanlı Romanın gödəkçəsinin kapşonuna tulladı. Roman oxuyan olmasa da, ayıq oğlan idi, o dəqiqə əlilə qulaqlarını tutdu ki, səs başını gic eləməsin. Heç nə olmadı, bir az kapşonun yunu yandı. Hamımız gülüşdük. Sonra mən də bundan həvələsənərək birini yandırıb Bəhruzun şalvarının cibinə tulladım. Ağıla bax, sən Allah! Bəhruz heç nə eləyə bilmədi. Nə eləsin yazıq. Bircə onu bacardı ki, şalvarının cibindən yapışıb bir az bədənindən aralı tutsun. Zırpaket partladı. Deyəsən ona da güldük. Amma Bəhruzdan başqa. O, küsüb evlərinə getdi, mən onun dalıyca. Şənlik dağıldı. Bütün yolboyu ona yalvardım ki, məni bağışlasın, evdə deməsin. Boyun olmadı. Mən də kor-peşman evə qayıtdım və axşama kimi gözlədim ki, Bəhruzun anası nə vaxt bizə şikayətə gələcək, bizdə mənim təqsirimdən xəbər tutacaqlar, sonra da...

Amma Bəhruz evdə deməmişdi. Səhər məktəbdə mənə budundakı yanığın yerini göstərdi. Qaz yumurtası boyda bir yer qaralmışdı. Yenə elədiyim axmaqlığa görə üzr istədim. Barışdıq. Pərtlik keçdi. Həmən dəqiqə də bütün sinif Allah eləməmiş zırpaketin onun bədəninin daha əhəmiyyətli yerlərini partlatmamağı barədə şit zarafatlar eləməyə başladıq. Siz başa düşdüz hansı yerini deyirəm.

İndi fikirləşirəm ki, gör o vaxtı nə qədər axmaq olmuşam. Deyirəm yəni mən həmən Mirmehdiyəm? Dəyişmişəm? Əgər əməlimdən peşmanamsa deməli dəyişmişəm. İnsan bu qədər dəyişə bilərmi? Dəyişə bilərsə, daha başqa yerdə möcüzə axtarmaq lazım deyil. Əsl möcüzə budur. Həmin axmaqlığıma, məsuliyyətsiz hərəkətimə görə Bəhruzdan indi də üzr istəyirəm və mənə elə gəlir ömrüm boyu hələ bir neçə dəfə də istəyəcəm.

Hə, onu deyirdim axı, küçələr elə bil qocalıb qarın buraxıb. Maşın nədir, adam yeriməyə yer qalmayıb. Uşaqlarla gəzdiyimiz parkın yerində təzə bina tikilib, avtopark salınıb, 67 saylı məktəbin qabağındakı geniş yol olub dar cığır. Bir adam güclə keçir. Xoşbəxt günlərimi keçirdiyim, tarix dərsliyi olmadığından dərsləri ensiklopediyadan oxumaq üçün hər gün gəldiyimiz, çar vaxtı kilsə, sovet vaxtı kitabxana olmuş yarı dairəvi köhnə tikili isə bütün bunların arasında yiyəsiz kimi boynubükük dayanıb, söküləcəyi günü gözləyir.

O vaxt sevdiyim sinif yoldaşımla tez-tez o kitabxanaya gedər, bir vaxtlar keşişin ibadət yeri, indi isə oxu zalı olmuş otaqda saatlarla oturub dərs oxuyar, kitabları qarışdırardıq. Hər dəfə də özümə söz verərdim ki, bu dəfə mütləq qızın əlindən tutacam, amma utandığımdan heç barmağımı barmağına toxundura bilməzdim. Fərsizliyə bax.

Qısacası, bu gün də Sabunçuya getmişdim. Hər yerdə darlıq, sıxlıq gördüm. Hər yeri tikiblər, bircə qarış boş yer saxlamayıblar. Kefim pozuldu. Hər şey dəyişib, daha uşaqlıqdan bir əsər yoxdu. Bircə xatirələrim olduğu kimi qalıb, heç kəs ona toxuna bilməyib. Öz saflığını, genişliyini qoruyub. Bu mənzərəyə baxa-baxa fikirləşdim ki, uşaqlığımızda həqiqətən nə qədər geniş dünyada yaşamışıq. Yəqin bu genişlik, ənginlik həyatımıza da sirayət edirmiş. Daha bunların heç biri yoxdur. Hər şey çox sürətlə dəyişir, darlaşır, sıxılır. Görünür bizə indi həm də genişlik lazımdır. Qəlb genişliyi, həyat genişliyi, ömür genişliyi.

Uzun sözün qısası, hər birinizə təzə ildə genişlik arzulayıram ki, heç nədən sıxılmayasız, darlıq çəkməyəsiz, firavan, gözəl həyatınız olsun, uşaqlıq xatirəsi kimi.

Yeni iliniz mübarəkdi!

# 3222 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #