Dörd ziyanlı vərdiş

Dörd ziyanlı vərdiş
12 dekabr 2019
# 11:41

Düşüncə sferamızdakı bir neçə ziyanlı vərdiş, müstəmləkə şüurunun yaratdığı kompleks bizi qarabaqara izləyir. Bunlardan birincisi maraqlandığımız, az-çox məlumat sahibi olduğumuz mövzular haqqında opponentlərin rəyini, əks fikirləri görməzdən gəlməkdir. Bu vərdiş bizi daim doqmalar axtarmağa sövq edir, buna görə də bilgi həyatımıza dinamik şəkildə daxil olmur, tezliklə quru, hərəkətsiz, effektiv olmayan bəyənat şəklinə düşür. Dindar ateistin, ateist dindarın hansı nöqtədən çıxış etdiyini anlamaq əziyyətinə qatlaşmaq istəmir, beləliklə, bir-birini qidalandıran düşüncə axınlarının diskussiyası əvəzinə, qəzəbli qütblər yaranır.

İkinci problem istinad mədəniyyətinin yoxa çıxmasıdır. Bu, intellektual etikadır. Əgər sən hər hansı bir informasiyanı, qənaəti başqasında görmüsənsə və həmin məlumatı, qənaəti təqdim edəndə qarşı tərəfi öz xeyrinə yoxa çıxarırsansa, deməli sənin məramın bilginin dövriyyəsi yox, özünü təsəllidir.

Üçüncü problem bizim kimi “ləngiməli cəmiyyətlərə” xas olan informasiya görməmişliyidir. Bunu sadə bir misalla izah etməyə çalışım. Bir dəfə bir az yaşından böyük görünmək üçün, bir az da son illərdəki dəbin təsiriylə saqqal saxlamağa başlayan bir tələbəyə dostyana dedim ki, saqqal sənə yaraşmır, bəlkə bir də fikirləşəsən? Hiss etdim ki, razı deyil, çox dərinə getmədim. İki gün keçdi, “saqqallı uşaq” nahar vaxtı bufetdə mənə yaxınlaşdı, bildim ki, üzünə çəkməyə qıymadığı ülgücü mənim üçün itiləyib gəlib. Əvvəlcə axırıncı yazımı bəyənməyindən söz salaraq mövzunun üzünü köpükləndirdi, sonra jiletlərini çıxarıb işə başladı: “Müəllim, məncə, sizdə poqonofobiya var!” Bu termini ilk dəfə eşitdiyimi deyəndə, təsdiq gözləyən bir təbəssüm saqqalın altından üstünə çıxdı. Həyəcanla izah etməyə girişdi: poqonfobiya saqqaldan, saqqallı adamlardan qorxmağa deyilir. Düşmən məğlub olmuşdu, artıq saqqalını haracan istəsə uzada bilərdi.

Dördüncü problem nətər-gəldi inkarçılıqdır. Vaxtilə Nabokovun mühazirələrini tərcümə edəndə, ordan Floberdən bir sitata rast gəlmişdim: “İnsan on kitabı yaxşı bilsə, alim olardı.” Bu sitatı hansı auditoriyada çəkirəmsə, tezcə məndən on kitablıq siyahı istəyirlər. Söhbət konkret on kitabdan getmir, hərənin öz onluğu ola bilər. Flober demək istəyirdi ki, əgər insan bir kitabı bütün şaxələriylə, bütün qatlarıyla öyrənməyə girişsə, həmin kitab qaçılmaz şəkildə səni başqa ünvanlara aparacaq, beləliklə, bir kitabı bilmək üçün on kitab lazım olacaq, on kitabı bilmək üçün yüz kitab...

Bilmək – sahib olmaqdır, yiyələnməkdir, mənimsəməkdir. Bu, asan başa gəlmir, tez-bazar olmur. Bilmədiyi şeylərdən danışan, yazan adamların dilində çox vaxt eyni cümlə olur: “Mən filan şeydən imtina edirəm, filan şeyi inkar edirəm...”

Məncə, adam bilmədiyi şeydən imtina edə bilməz.

# 5998 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #