Adam öldürmək istəyirdim

Adam öldürmək istəyirdim
14 yanvar 2020
# 17:33

Bu dünyada elə şeylər olur ki, Tanrının buna niyə icazə verdiyini anlamıram.

“Yaşıl yol” filmindən

Tovuzda baş verən hadisə hamını alt-üst elədi. Hərə öz düşündüyü kimi reaksiya verdi; biri qatilin şəklini paylaşıb onu söydü, başqa biri uşağın valideynlərini günahkar çıxardı...

Əksəriyyət isə... ölüm hökmünün bərpa olunmasını istədi.

Bir hadisəyə görə konstitusiyamızda ölüm cəzası olsun?

Mən başa düşürəm ki, toplum olaraq çox qəzəbliyik. Buna qədər də dəhşətli hadisələr eşitmədikmi? Elinanı nə tez unutdunuz? Yaxud adını unutduğumuz digər uşaqlar...

Dünyanın hər yerində bu cür hadisələr törədilir. İnsanlar vəhşicəsinə qətl edilir. Qərbdə əvvəlcədən planlaşdırılmış casusluq, vətənə xəyanət, əxlaqsızlıq, satqınlıq, oğurluq kimi cinayətlər, müsəlman ölkələrində isə zina, pedofiliya kimi cinayətlər, həmçinin dinini dəyişənlər ölüm hökmü ilə cəzalandırılırdı.

İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.

Səudiyyə Ərəbistanında dini inanclara qarşı çıxan, Allaha şəkk gətirən, narkotik maddə satan, Çində adam oğurluğu ilə məşğul olanlar, adam öldürənlər ölümə məhkum olunurlar.

İnsanın edamı istənilən halda çözüm deyil. Ancaq cəmiyyət ölüm hökmünün bərpasını istəyir. Sadəcə mətbuat bu hadisəni daha da şişirdir, qabardır, belə olan halda da hər kəs əlinə Roskolnikovun baltasını götürüb cinayətkarın üstünə getmək istəyir. Lap tutaq ki, günahkarı baltaladınız. Bu nəyi dəyişəcək?! Cəmiyyət düzələcək, yaxud tərəqqi edəcəyik?! Dünya mövcud olduqca biz bundan da betər hadisələr görəcəyik. Bəlkə bu qabaqdangəlmişlik sizə qəribə gələ bilər. Ancaq gələcəyin anonsunu vermək elə də çətin deyil. Çünki müasir dünyamız şütüyən qatar misalı sürətlə bozluğa doğru gedir.

“Yaşıl yol” filmi yadıma düşür. Qaradərili adam azyaşlı qızların təcavüzə uğramasına görə ölüm cəzasına məhkum edilir. Ancaq o, günahsızdır. Film gərçək hadisə əsasında çəkilib. ABŞ-da ölüm cəzasına məhkum edilən gəncin 14 yaşı vardı. Qaradərili olduğuna görə ona qarşı irqçi bir münasibət göstərilmişdi. Məhkəmə vaxtı, öldürüləcəyi ana qədər əlində müqəddəs kitab İncili saxlayaraq günahsız olduğunu demək istəyirdi. İki saat davam edən məhkəmə ona ölüm hökmü oxudu və öldürüldü. 70 il sonra gəncin günahsız olduğu bilindi, nə çarə ki, bunun heç bir faydası olmadı. Günün bu günü də Amerikanın bir çox ştatlarında ölüm hökmü qalmaqdadır.

Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxuduqdan sonra məndə insanlara qarşı qəzəb hissi yaranmışdı. Heç kimlə kəlmə kəsmirdim. Özümü Roskolnikov kimi hiss edirdim. Əsərin o qədər təsirinə düşmüşdüm ki, xoşuma gəlməyən adamları öldürmək haqqında düşünürdüm. Amma tezliklə bu psixoloji gərginlikdən qurtula bildim. Sonralar mənə aydın oldu ki, əsəri çox erkən yaşlarımda oxumuşam. Yeniyetmə insanın bu cürə ağır əsərə girişməyi təhlükəlidir. Hər halda “Cinayət və cəza” ölüm təbliğ etmir. Cəmiyyətdə, bəşəriyyətdə bərabərhüquqluluq istəyir. Ədəbiyyat heç vaxt insan öldürməyi aşılamır, əksinə yaşamağı, sevməyi səsləyir.

Misallar çoxdur. Tutaq ki, Leonid Andreyevin “Yeddi məhbusun hekayəsi”. Edama məhkum olanların son anları.

Hələ Kşiştof Kyeslovskinin “Öldürmə” filmini də xatırlayıram. Musanın “Öldürmə” əmrinin qarşılığında müasir zamanımızı çəkən rejissor həm dövlətin, həm də şəxsin qatilliyi fonunda insanın necə acımasız bir yaradılış olduğunu göstərir.

Öldürmək, ölüm hökmü vermək asandır. Başqa birini yaşatmaq isə çətin. Biz birini öldürmək üçün yox, ölən insanlığımızı oyatmaq üçün bir olmalıyıq.

# 3253 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #