Ramalın “Həyata baxış”ı

Ramalın “Həyata baxış”ı
19 may 2011
# 10:28
Şənbə günü bizim teleməkanda qadın proqramları və hind filmləri günüdür. Keçən həftə qadın proqramlarını izləyib yazmağı düşünürdüm. ANS-in “İncə maraqlar” verilişindən başladım.

Nə başınızı ağrıdım, verilişin ilk dəqiqələrində aparıcının uzun-uzadı reklam səsləndirməsindən, “Toy olsun”un xanım iştirkaçılarından birini həvəssiz bəzəyib-düzəyən stilist Samir Əliyevin biganə simasından, şomu şorbası bişirən aşpazın arada mətləbə dəxli etməyən söhbətlərindən darıxdım, sıxıldım.

Və nəfəsimi dərmək üçün pultun düymələrini dəyişəndə “Xəzər” TV-də “Həyata baxış” proqramına rastladım. Qonaqları görəndə ( yazıçı Yaşar, filosoflar Niyazi Mehdi, Ağalar Məmmədov), müzakirə olunacaq mövzunu biləndə seçim qarşısında qaldım. Jurnalist kimi qadın proqramını izləyim, yoxsa tamaşaçı marağına tabe olub “Xəzər” TV-ni?

Həmin anda Mirşahinin “Axı biz meymun deyilik” tənəsini xatırlayib ikincini seçdim.

Ən azı ona görə ki, efirdə intellekti ilə hesablaşdığın, həmişə nəsə öyrəndiyin, səni düşündürməyə vadar edən insanları görmək nadir hadisədir.

Ramal Hüseynovun “Həyata baxış”ını əsasən mövzunu, qonaqların kimliyini nəzərə alıb izləsəm də, ümumən proqramı bəyənirəm.

...Bir əcnəbi yerli telekanallara baxsa onda belə təsəvvür yaranacaq ki, ölkəmizdə düşünən insan kapitalı yoxdur. Məmləkətimizdə ancaq çalıb- oxuyurlar.

“Həyata baxış” televziyadan itələnmiş intellektual kapitala müəyyən mənada meydan verir, vacib mövzuları araşdırır.

Məsələn, az maaş alan, amma işinin fanatı olan alimlərin problemləri ilə bağlı maraqlı mövzunu aradşdırmışdı.

Qıasası, bu o verilişdir ki, orda ciddi ziyalı iştirak etməyə utanmır.

Proqramda bu dəfə postmodernizm, yazılan əsərin insan əxlaqına, tərbiyəsinə təsiri müzakirə edilirdi. Hərçənd, bəzi suallar sovet dövrünün ruhunu xatırladırdı. Hər halda mövzu ilə fikirlərimi paylaşmaq niyyətim yoxdur. Çünki onun öz ustaları var.

Sadəcə proqram və aparıcıyla bağlı diqqətimi çəkən məqamları bölüşəcəm.

Ramal Hüseynov yaddaqalmayan, xarizması olmayan aparıcılar kateqoriyasına aiddir. Birincisi özünə inamsızdır. Hətta efirdən belə qabarıq bəlli olan həddə qədər. Görünür, inamsızlığın bir səbəbi onun müzakirəyə çixartdığı mövzulara yetərincə bələd olmamasına bağlıdır. Sualları qonaqlara elə ehtiyatla ünvanlayır ki, sanki nəyisə səhv deyəcəyindən çəkinir. Həmin məqamlarda imtahan zamanı müəllimdən çəkinən tələbəyə daha çox oxşayır, nəinki aparıcıya.

Hər dəfə sualı qısa, konkret yox, bir neçə formada, lazımsız izahatlarla verir. Bu isə verilişin vaxtını alır.

Vaxtdan söz düşmüşkən, məni ən çox çox qıcıqlandıran şeylərdən biri proqramın yarısına çatmamış aparıcıların “vaxtımıza az qalıb, fikrinizi qısa deyin” kəlmələridir.
Ədəbiyyatın, sənətin, elmin müzakirə olunduğu proqramların gecə efirində yer alması dünyada qəbul olunmuş standartdır. Türkiyə telekanallarında identik mövzuları səhərə kimi müzakirə edən proqramlar var. Ekspertlər fikirlərini rahat, ətraflı ifadə edir, vaxt sarıdan narahatlıq olmur, polemika daha marqlı, canlı keçir, səmimi atmosfer yaranır.

Proqramların formatını turk kanallarından götürən “Xəzər” niyə də analoji nümunədən yararlanmasın? Onsuz da gecədən bir az keçən kimi efirində ancaq musiqi səslənir.

Ciddi verilişlərin publikasının azlığını iddia edənlərə isə deyim ki, kütləvi mədəniyyətin dominantlığı bütün dünyada mövcuddur. Amma o demək deyil ki, ciddi proqramların tamaşaçısı yoxdur.

“Həyata baxış”ın efirinə telefonla sıradan adamların yox, tənqdiçilərin, professorlarun qoşulması o deməkdir ki, belə bir auditoriya bizdə də var.

Dünya TV-lərində bəlli auditoriyanın tələbatı nəzərə alınsa da, milli efir məkanı onları vecinə almır.

Hər gün- səhər, günorta, prime-time saatlarında bəsit, ağlamalı- gülməli şoularla geniş tamaşaçı kütləsinin marağını təmin edən tv-lərin efirində həftədə bir dəfə, istirahət günlərində gecə ciddi proqramın yer alması ilə Dəccal zühur etməyəcək axı.

Qayıdaq “Həyata baxışa”. Proqramın sonunda publisist Nazim Ələkbərovla filosof A. Məmmədovun fikirlərinin kəskin toqquşması gərginlik yaratdı. Aparıcı sonda yaranmış vəziyyətə görə üzr istəyəndə çaşdım.

Polemika zamanı emosionallıq, gərginlik təbiidir. Onun cazibəsi də elə bundadır.

Üstəlik, söhbət– telekanallarda adi hala çevrilən, ictimai əhəmiyyəti olmayan şou əhlinin qarşıdurmasından yox, ciddi insanların ciddi mövzuları müzakirə etməsindən gedir.

Freyd inanırdı ki, instinktlərə ancaq intellekt nəzarət edə bilər. Psixoanalitikin fikrini sonucda qonaqlar davranlşları ilə hər halda təsdiq etdilər.

Daha önəmlisi isə düşünən insanların, vacib mövzuların efirə intensiv gətirilməsi və ən müxtəlif mövqelərin diskussiyasıdır. Diskussiyalardan doğan emosional vəziyyətdən isə çəkinmək lazım deyil.

Sonda bir məsələni də qeyd edim.

Yeni nəsil yazarların açıq-saçıq yazmasına, “ədəbsizliyinə” qarşı çıxan N.Ələkbərov “ədəbiyyat” sözünün etimologiyasını bir daha yadımıza salıb onun “ədəb” sözündən qaynaqlandığını dedi. Əksər dillərdə ədəbiyyat – “literature” deməkdir. Başlanğıcını latıncadan götürən “literature” isə hərf anlamına gəlir və ədəb-ərkanla heç bir əlaqəsi yoxdur.
# 3497 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #