TV-lərin 30 aprel imtahanı

TV-lərin 30 aprel imtahanı
2 may 2011
# 10:42
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terrorun 2-ci ildönümündə milli telekanallarımızın monitorinqini apardım.

Qismən ANS istisna olmaqla digər telekanallar bu faciəli günü heç nə baş verməmiş kimi çal-çağırla qeyd etdilər.

Məlum hadisə yalnız xəbərlər proqramlarında xatırlandı.

Beləliklə, İTV - nin “Yeni gün” adlı səhər verilişinə müğənnilər İzzət Bağirov və İlahə İbadova dəvət olunmuşdu.

Yox, yox, onlar terror barədə söhbət etmədilər.

Axı ümumiyyətlə müğənni ilə hansı mövzuda söhbət etmək olar ki?

Xüsusən də əlinə kitab almayan, dünyadan bixəbər Azərbayacan müğənniləri ilə?

Düz tapdınız...

Təbii ki, çəkəcəkləri basmaqəlib kliplərdən, musiqi aləmində hadisə sayılmayan disklərindən, oxuyacaqları ortabab mahnılardan, bir də uzaqbaşı verəcəkləri alababat konsertlərdən.

Proqramın aparıcısı Saleh Bağırov da ki, həmişəki kimi şən əhval-ruhiyyədə idi.

Bircə o qalmışdı ki, qol götürüb oynasın.

Qonaqlarla söhbətləşməyə mövzu tapmayan aparıcı İzzətin mobil telefonla çəkdirdiyi şəkilləri yeni diskində istifadə etdiyini eşidəndə çiçəyi çırtladı.

Üzündə heyrətamiz ifadə ilə “bu yenilikdir” deyə ünvanlamağa bir-iki sual tapdı.

Düzü, mən də onun sual tapdığına görə bir balaca rahat nəfəs aldım.

Ola bilsin ki, “Yeni gün”ün ilk dəqiqələrində faciə haqda xatırlanıb.

Amma hətta xatırlanıbsa belə, terror aktının ildönümündə çal-çağır etmək həlak olmuş insanlara sayğısızlıqdır.

Xüsusən də, söhbət “ictimai” yükünü daşıyan kanaldan gedirsə...

İTV-nin günü adi axarda davam etdi: oynadılar, saz çalıb nağıl danışdılar.

Səhər saatlarında “Xəzər” kanalında yenə müğənni ilə rastlaşdım.

Kanalda Mənsurə Musayevanın ad gününü təbrik edirdilər.

Müğənni bir geyim dükanının qiyafətlərini reklam edərək, müxtəlif əlbisələri geyindi-soyundu.

Sonra kanal məramı, niyyəti bəlli olmayan şıt “Gülüş məkanı”nı, “Aramızda qalsın” komediya serialını yayımladı.

Axşam saatlarında isə “Ay Zaur”un nəğməli qonaqları tamaşaçıları “feyziyab” etdi.

Düyməni “Lider”ə çevirəndə teleməkanın ən mənasız layihələrindən biri “Fortuna” ilə rastlaşdım.

Bu həmin “Fortuna”dır ki, neçə ildir kanaldan kanala gəzir, aparıcılarından biri Ramin Hacıyev isə Azərbaycan dilində normal danışa bilmir.

Küçədə rastlarına çıxan adamı tutub 2-3 günlük Türkiyəyə elə təmtəraqla səfərə göndərirlər ki, sanki insanlara Marsa səyahət təklif edirlər.

“Lider” daha sonra “Zərif güclülər”lə, ekstrasenslərlə, Hollivud aktyorları barədə gərəksiz verilişlərlə adi gününü yaşadı.

ATV 30 apreli hind filmləri, “Bacanaqlar”, “ATV maqazin”lə yola verdi.

“Space” kanalı da hind filmləri, gülüş proqramları ilə dolu gün yaşadı.

AzTV-yə gəlincə, nəinki ölkəmizdə, ümumiyyətlə yer kürəsində baş verənlərin bu kanala heç bir dəxli yoxdur.

Qaldı ANS. Kanal günorta saatlarında çalıb (“Toylar kralı”) oynasa da, hər halda axşam verilişlərində digərlərindən fərqli olaraq bu hadisəni xüsusi xatırlatdı.

Məsələn, “Düzbucaq” da.

Rəşad Abbasovun təqdimatında isə “ADNA günü” sənədli filmini təqdim etdi.

Bu film ötən il də yayımlanmışdı.

Sadəcə bir “əmma” vardı. Filmin ortasında gedən reklamları nəzərdə tuturam.

Heç yeri deyildi.

Yadıma gəlir, ORT-də “İvanın uşaqlığı” nümayiş olunanda A.Tarkovskinin ruhuna ehtiram əlaməti olaraq, film arası reklam getmədi...
# 1437 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #