Kafka qan qusanda

Kafka qan qusanda
28 aprel 2011
# 12:42
Ünlü filosof Ziqmund Freydin bir fikri uzun müddətdir ki,mənə rahatlıq vermir. O, vaxtilə deyirdi ki, böyük zaman məsafəsi olan kitabları, əsərləri yeni dövrdə təkrarən nəşr etdirmək, yaymaq o qədər də məna kəsb etmir. Həmin əsərlər yalnız yazıldığı dövrün xronikasıdır, onlar bu günü özündə ehtiva edə bilməz.

Z. Freyd doğrudanmı belə yanlış qənaətə gəlib? Axı insanlığın keçdiyi tarixi inkişaf yolu haqda bildiklərimizə görə biz məhz kitablara, klassiklərə borcluyuq.

Ola bilsin ki, bu ifadə zamanlar arasında kəskin fərqlilikdən deyil, müəllif-oxucu anlaşılmazlığından, onlar arasındakı uçurumun zamanın da yardımı ilə dərinləşməsindən doğmuşdu.

Frans Kafkanın qan qusaraq ölümünü gözlədiyi halda yazdığı “Amerika” əsərini yaşamaqdan dördəlli yapışmış dünyagir oxucu heç vəchlə anlaya bilməz. Norveçli Nobelçi Knut Hamsunun küçələrdə səyyar satıcılıq etdiyi, bir qarnı ac, bir qarnı tox yaşadığı anları, şaxtalı Oslo gecələrində acından ölməmək üçün minbir əziyyətlə qəzetlərə məqalələr yazmasını təsvir etdiyi avtobioqrafik səciyyə daşıyan “Aclıq” romanını isti evində oturub toxluqdan qarnını sığallayan oxucunun anlaması sizcə, asandırmı?

Özü də bu günün oxucusu o vaxtın Hamsununu heç sevməz. Çünki yazıçı 40-cı illərdə faşizmi təbliğ edib. Axı dünyanın ən yüksək əməkhaqqını alan norveçli Hamsunu necə başa düşə bilər?!
N. Ostrovski “Polad necə bərkidi”ni ölüm yatağında arvadı Raisaya diktə edib. Mən bu əsəri oxuduqdan sonra yazıçının yırtıcı iradəsi qarşısında baş əydim. “Satqın bədənin xəyanətləri” ona göz açmağa aman vermirdi, amma o, durmadan, fasiləsiz olaraq əsər üzərində işini davam etdirirdi.

Ostrovskinin ən çox sevdiyim cümləsidir:
“Həyat dözülməz olanda da yaşamağı bacar!”

Pavel Korçaginin dilindən deyilib. Axı bizə həmişə Pavel Korçaginlər lazım olacaq?! Mübarizədən yorulmayan, bezməyən, usanmayan qəhrəmanları məhz belə əsərlər yetişdirir. O yazıçılar o şeylərdən yazıblar ki, onlar insanlıq üçün əbədi dəyərlər olaraq qalır və bundan sonra da qalacaq.

Məgər dahi Freyd bu adi həqiqətləri bilmirdimi? Bilirdi, sadəcə, Freyd oxucunun yazıçını heç vaxt anlaya bilməyəcəyini də anlayırdı.

Freyddən sonrakı insan kosmosa yol açdı, texniki inqilablar etdi. Amma nə olsun? İnsan beyninin mikrosxemasında zərrə qədər də dəyişiklik oldumu? Xeyr. Kafkanın həşərata çevrilən Qreqor Zamzası isə yazıçı laboratoriyasında hazırlanmış xüsusi insan tipidir.

Gəlin, bu yerdə Freydlə razılaşmayaq. Onun fikrinə qarşı Sartrın insanını qoyaq. Sartrın insanı isə prosesin sonudur. Bu nəzəriyyəyə əsaslansaq, insan özünüsübutun, özünütəsdiqin sonuna hələ çatmayıb. Belə olduqda, ona yardımçı olacaq yeganə nəsnə zamanca bizdən uzaq olan kitablardır, o kitablara qayıtmaq, onları dönə-dönə oxumaq, kamilləşməyə doğru can atmaq insanın gündəlik qida rasionunda həmişə yer tutmalıdır. Mənəvi qida dietanı sevmir. Aramsız mütaliə nəticəsində insan özünü kəşf edə bilər. Mənim gəldiyim qənaət budur.

Cənab Freyd, icazə verin, sizinlə razılaşmayım!
# 1425 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #