ANS niyə uşaqları susdurur?

ANS niyə uşaqları susdurur?
27 aprel 2011
# 09:21
ANS–in “Uşaqdan böyüyə kimi” proqramını izləyəndə müasir kinonun ən ümidverici rejissoru kimi qiymətləndirilən tailandlı Apiçatpong Virasetakulun bir fikrini xatırladım.

Virasetakul nə deyib? Bunu sonda yazaram.

İnsaf naminə deyim ki, “Uşaqdan böyüyə kimi” layihəsi digər telekanallarda yayımlanan uşaq verilişlərindən bir az fərqlənir.

Heç olmasa ona görə ki, başqa kanalların təqdimatındakı uşaq verilişlərində balacalara müğənnilərlə, yeyib-içməklə, “mamanı yoxsa papanı çox istəyirsən” kimi səfeh suallar ünvanlamır, zavallı balacalar da gözlərini döymür, kameraya küt nəzərlə baxıb mənasız cavablar vermirlər.

“Uşaqdan böyüyə kimi” proqramında insan haqlarından tutmuş rüşvətə qədər müxtəlif mövzular müzakirə olunur, uşaqlar da başa düşdükləri kimi mövzunu anladırlar.

Düzdü ara-sıra konyunktura da hiss olunur.

Amma hər halda televiziyanin vəziyyətini nəzərə alsaq olmayan yerdə buna da şükür.

Proqramı bəzən izləyirəm. Orda rəğbət bəslədiyim bir neçə uşaq var.
Onlardan biri iti zəkası ilə seçilən 6 yaşlı Sədidir.

Proqramın son buraxılışlarından birində maraqlı məqam oldu.

Aparıcı İrəm Nəbiyeva Sədiyə sual verdi: “Böyüyün yanında susmaq lazımdır ya danışmaq?”.

Aparıcı sualı səsləndirəndə vurğu düz cavabın “böyüyün yanında susmaq lazımdır” olduğunu bəlli edirdi.

Sədinin cavabı: “Böyük danışıb qurtarandan sonra uşaq danışmaıdır. Uşağın danışmaq hüququ var”.

Aparıcı onun cavabını yanlış saydı.

Halbuki, proqramda uşaqların hansı hüquqlara sahib olması bir neçə dəfə müzakirə edilib.

Azərbaycanın da qoşulduğu Uşaq Hüquqları Konvensiyasının 12-ci maddəsində deyilir: “Uşaq öz baxışlarını azad ifadə etmək hüququna malikdir”.

Əslində sualın qoyuluşu məntiqi cəhətdən yanlışdır.

Dünyanı yeni öyrənməyə başlayan uşaqlara susmağı təlqin edəndə, acizliyə, qorxaqlığa alışdıranda nəticəsi çox ağır olur. Necə ki, bu gün biz onun altını çəkirik.

Uşağa elə gələcək ki, böyüyün yanında danışmaq tərbiyəsizlikdir, o haqsız danışsa da susmaq, onun səhvlərini gözüyumlu qəbul etmək gərəkir.

...A.Virasetakul müsahiblərindən birində ölkəsindəki vəziyyət haqda deyirdi: “Etirazlar ölkədə nifaq saldı, amma bu həm də zəruri bir prosesdir. Çünki insanlar birinci dəfə idi ki, bir-biri ilə polemikaya giridilər”.

Polemika... Polemika mədəniyyətinin və ənənələrinin olmadığı toplum bədbəxtdir, o inkişaf edə bilməz.

Polemikanın cəmiyyətdə təkamülə təkan verəcəyinə çox inanıram.

Verilişi izləyəndə düşündüm ki, polemika, başqa fikirlərə tolerantlıq ənənəsini ailədə qoymaq lazımdır: böyüklə uşaq, atayla oğul, ağsaqqalla cavan arasında...

Susmaq qızıl deyil. Uşaqlarınıza susmağı öyrətməyin. Onları danışmağa, polemikaya alışdırın.
# 5600 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #