Yaza bilməyənin qeydləri

Yaza bilməyənin qeydləri
25 aprel 2011
# 15:58
Ağ bir «word» səhifəsi qarşımda. İçimdəki, beynimdəki boşluğu ifadə edir. Əlimin altında hərflər… «Nə yazmalı?» deyə tək-tək soruşurlar… Hər hərf tək tək təzyiq edir, ağ səhifə üzümə dirənir, yadıma qara üzdən bəhs edən bir misranı salır səhifə öz ağlığı ilə: «əlim boşdu, üzüm qara…».

Yazmağa məhkumam, amma yaza bilmirəm.

Vaxt var. Elə vaxtın olmağı qoymur yazam.

Dibçəkdəki güllərin tərpənməzliyi qoymur məni yazmağa.
Televizordan gələn maqazin proqramının anonsu qoymur.
Şüşənin o üzündəki soyuqda qalan, içəri dürtülə bilməyən milçək imkan vermir. Eyvanda asılmış paltarlar qollarını yelləyə-yelləyə qabağımı kəsir.

Soyuducu içində soyumağa ehtiyacı olmayan şeyləri soyudur.
Aşağı mərtəbənin qapısını döyürlər. Çağıra-çağıra «Nüşü! Nüşü!» Nüşü açmır. Adam elə qapını döyür, çağırır. «Nüşü! Nüşü!»

Stolun üstündəki yığışdırmağa çəkindiyim, varlığına dözdüyüm toy güzgüsü tavandakı yaşıltəhər boşluğu əks etdirir.
Dəhlizdə mobil telefonumun batareyasının öldüyü barədə xəbərdarlıq siqnalları eşidilir.

Bu səliqəli, yaraşıqlı divanın altındakı saxlancda köhnə ayaqqabılar var. Divanı açmasan bilə bilməzsən. Mən bunu bilirəm bədbəxtlikdən.

Qızılı, çərçivəsi və zövqsüz dizaynı olan ştoy şəklimizin yanında, ən yuxarıda üstünə qızılı hərflərlə, dünyanın ən gözəl əlifbası ilə «Qurani-Kərim» yazılmış kitab var. İçini heç kim açmayıb, səhifələrindən heç kim bir cümlə oxumayıb bu kitabın. Üzündən nə qədər adam öpüb. Nə qədər adam altından keçib onun. O kitab öldürür məni. Onun yerini dəyişməyə gücüm çatmır.
Hərflər, sözlər əlimin altında. Sözlərə gücüm çatmır. Yaza bilmirəm.

Kitab şkafının qapısı aralı qalıb. Şüşə iç tərəfdən tozlanıb. Rəfdə nə qədər oxunmamış kitab...

Qapını döyürlər. Evdəkilərdən biri qapını açır: qonşudu, damın açarlarını istəyir- kimsə liftdə qalıb; özünüz deyin, əfv edərsiz, bundan sonra yazmaq olar?

Aliyə
# 1139 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #