Qarovulçu işləyən alim

Qarovulçu işləyən alim
21 iyul 2011
# 16:00
Nobel prospektində yerləşən Avtomobol zavoduna bir tanışımı görməyə getmişdim. Həmin zavod fəaliyyətini çoxdan dayandırıb, zavodun ərazisi müxtəlif iş adamlarına icarəyə verilib. Şirniyyat sexindən gələn peçenye qoxusu bütün ərazini bürüyüb. Binanın fasadındakı iri hərflərlə yazılmış “Avtomobil zavodu” sözləri yazılmasa, çoxu zənn edər ki, bura biskvit fabrikidir.

Zavodun ərazisinə daxil olarkən baxımsızlıq dərhal nəzərə çarpır. Daş sexi, qapı-pəncərə sexi və digər xırda sexlər pərakəndə şəkildə əraziyə səpələnib. Hər kəs öz xırda biznesiylə məşğuldur. Məqsədim zavod haqda nəsə yazmaq deyil. Sovet dövründən qalmış zavodların söküləni sökülüb, qalanlarının isə ərazisi bütünlüklə icarəyə verilib. Bu, təbii haldır. Qeyri-təbii olan başqa şeydir.

Bu zavodun qarovulçusu haqda yazmaq istəyirəm. Əli müəllim haqda. Qarovulçu və müəllim! Təzadlı təyinatlardır, amma zaman müəllimi bu zavodun qarovulçu işləməyə məcbur edib. Əli müəllim Qubadlı qaçqınlarındandır. Yaşı yetmişi keçsə də, təqaüd dolanışığına yetmədiyindən işləmək məcburiyyətindədir. Uzun illər orta məktəbdə dərs deyib, məktəb direktoru olub. Rayon təhsil şöbəsində metodist, baş metodist işləyib. Gəncliyindən bəri şeirlər yazır. Bir neçə şeir kitabı çıxıb.

Və ən nəhayət, o, alimdir! Filologiya elmləri namizədidir və indi zavodda qarovulçu işləyir...

Yadıma xalq artisti, mahnıları dillər əzbəri olan müğənni Oqtay Ağayevin ömrünün son illərində Mahnı Teatrında gözətçi işləməsi düşdü. Ölümündən bir az əvvəl ondan müsahibə götürmüşdüm və o boyda sənətkar mənə əməlli-başlı yalvarırdı ki, bu faktı qəzetə yazmayım.

Vaxtilə məktəb direktoru işləmiş şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əflatun Cəfərlinin indiki halını görmək istəyənlər “28 may” metrosunun yaxınlığında yerləşən çayxanaya baş çəksinlər.

Əli müəllimlə çox tez dostlaşdıq. Əlimdəki kitabı görəcək maraqlandı, kitabı alıb vərəqlədi və xahiş elədi ki, sən gəl bu kitabı mənə bağışla. Dedim öz kitabımdır, özüm yazmışam, götürün. Gözləri işıqlandı:

- Pah! Sən yazıçısan?!

- Bir neçə kitabım çıxıb.

Bundan sonra kişinin dərdi açıldı. Öz tərcümeyi-halını qısa nəql edəndən sonra qolumdan tutub öz gözətçi köşkünə tərəf apardı. Yarım saatdan çox onunla dərdləşdik. Əli müəllim nələrdən danışmadı?!..

- Mənim pərəstiş etdiyim iki şəxs var. Məmməd Əmin Rəsulzadə və Şıxəli Qurbanov. Şıxəli Qurbanov mənə dərs deyib, o böyük şəxsiyyət idi. Novruz bayramının dövlət səviyyəsində keçirilməsi birbaşa onun təşəbbüsü ilə olmuşdu. Millətini sevən bir insan idi. Allah ona qəni-qəni rəhmət eləsin!

Əli müəllim mütaliəli adamdır. Dediyinə görə kitabxanasında 3 mindən çox kitab var. Klassiklərdən tutmuş Salam Sarvana qədər hamısının yaradıcılığına bələddir. Füzulinin “İstədim mərhəm oxundan cigərin yarəsinə, Atdı bir ox ki, dəyər hər biri bir parəsinə” mətləli qəzəlini əzbər dedi və sonra misra-misra qəzəli şərh etməyə başladı.

Zavodun yaxınlığında bir çayxana var, orda bir ofisiant qız işləyir. Əli müəllim ona şeir həsr etdiyini deyir və qımışır.

- Sevgi şeiridir? - deyə soruşuram.

- Nə bilim e, yazmışam da. Şairinki məhəbbətdir, məhəbbət olmayan yerdə şeir yazılmaz.

Əli müəllim cibindən qatlanmış kağız parçasını çıxarıb şeiri eynəksiz oxuyur.
- Maşallah! - deyirəm. – Gözünüz yaxşı görür.

- Hələ indiyədək gözüm mənə xilaf çıxmayıb. Bilirəm, mənim yerim bura deyil, amma neyləyim, ay oğul?!

Söbətin şirin yerində orta yaşlı, qalstuklu bir şəxs pilləkənlə aşağı düşüb kobud şəkildə Əli müəllimin üstünə çımxırdı:

- A kişi, sənə deyilməyibmi ki, əraziyə heç kimi buraxma?!

Əli müəllim yazıqlaşıdı elə bil, dilini sürüyə-sürüyə:

- Noolub ki, ay rəis, insandı da, deyib filankəsin yanına gedirəm, mən də demişəm get, - dedi.

- Olmaz! Başa düşmürsən? Onda sən burda niyə oturubsan? Birdəfəlik yadında saxla, kim gəlsə, bizə məlumat ver, biz məsləhət bilsək, buraxarsan. Bura karvansaray deyil ki, yoldan keçən gəlib içəri girsin!

Əli müəllim daha bir söz demədi. Qalstuklu şəxs məni əyri-əyri süzüb pilləri qalxdı. Əli müəllim üzrxahlıq elədi:

- Sən Allah, bağışla! Ona fikir vermə. Bu, bizim söhbətimizə xələl gətirə bilməz. Sənin kitabını mütləq oxuyacağam. Sən, o bir tənqidçi var ey, Vaqif Yusifli, onu tanıyırsan?

- Əlbəttə, bir vaxtlar şeirlərim haqqında yazı da yazıb.

- Hə, onun çox yaxşı yazıları var. Füzulini dərindən bilir, çox savadlı adamdır.

- Onunla tanışlığınız varmı?

- Hə, məni tanıyır. Amma sən canın, ona burda işlədiyimi demə.

- Demərəm. Burda öz kitabınızdan yoxdur?

- Yox, arada gəl, səninçün gətirərəm. Səninlə söhbətdən çox xoşhal oldum. İndi kitab oxuyan adamı əldə çıraqla gəzirlər. Hiss olunur ki, kitab oxuyansan. Xoşum gəldi.

- Çox sağ olun.

Əli müəllim o balaca köşkündə mənə çay da hazırladı, qənddanı tumbada saxladığı konfetlərlə doldurdu və məni məcbur elədi ki, çayı konfetlə içim.
Onu yenə gələcəyimə əmin edib sağollaşdım.

Peyğəmbərimiz “Alim öldü, aləm öldü!” deyib. Orda, qarovulçu köşkündə bir alim ölür. Zərrə-zərrə, misqal-misqal... Bir kimsənin də xəbəri yox...

# 950 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #