Facebook qüssəsi

Facebook qüssəsi
19 aprel 2011
# 11:24
Çexovun bir hekayəsi var: “Qüssə”

Oxumayanlara məzmunu yazaq. Çox da böyük hekayə deyil zatən.
Faytonçu İonna Potapov bütün günü müştərilərinə dərdini danışmaq istəyir.

Gənc yaşda oğlu ölüb.

Bir həftə əvvəl ölüb. Əslində o ölməli idi, oğlu yox. “Qəribə işdir;
ölüm qapını dəyişik salmışdır; mənim yanıma gəlmək əvəzinə oğlumun üstünə gedir...”

Birinci müştəriyə danışır. Müştəri soyuqqanlılıqla yalnızca ölüm səbəbini soruşur..

Qızdırmadan ölüb. Cəmi üçcə gün yatıb xəstəxanada. Amma bu müştərinin vecinə deyil.

Növbəti müştərilər oğlu yaşda sərxoş gənclərdilər. Onlar yaşlı faytonçu ilə məzələnirlər. Onlara da maraqlı deyil, oğlanın ölümü.

Əylənməyə gedirlər.

Küçədən keçən minlərlə adamın içində onun dərdini dinləyəcək bircə nəfərdə yoxmu? Yox.

Sinəsi yarılıb qüssəsi çölə tökülsə bütün dünyanı doldurar.

Gecələdiyi yerdə də bir nəfər yoxdur dərdini dinləməyə.

Kimi var ki, qocanın dərdini danışası. Arvadı çoxdan qara torpağa qarışıb. Oğlunu bir həftə əvvəl itirib. Qızı Anisiya isə kənddə qalıb. Tək qalanda isə oğlu haqqında düşünə bilmir, qorxunc və dəhşətlidir.

Kimi var ki, bu böyük şəhərdə?

Bircə atı. At demişkən gedib ata da baxmaq lazımdır.

“Bəli, mənim əzizim madyan at... Kuzma İonıç daha yoxdur...”

Dərdini deməyə bir adam tapa bilməyən qoca dərdini ata nağıl edir.

Nitşe də bir zamanlar dərdini ata söyləmişdi. Ağlamışdı.

Dərdin ola danışmağa adam da tapmayasan.

Dəli kimi dolanasan bütün günü.

Dərdin özündən də ağır dərddir bu.

Dərd adamı düşməninə də danışdırar.

Bir də baxırsan ki, heç salamlaşmağı çox gördüyün birinə bütün dərdini anlatmısan, sirdaş etmisən könlünə.

Sosial şəbəkələr də zatən bunun için deyilmi? Tanımadığın, üzünü belə görmədiyin insanlara bir də baxırsan ki, içini tökmüsən.
Makedonyalı İskəndərin zamanından bu yana dünya çox dəyişdi. İnsanlar əvvəllər dərdlərini quyuya danışırdı.

Keçən yüz ildə ata söyləyirdi dərdini insan.

Günümüzdə balaca bir cihaza söylənir dərdlər.

Facebookda ikicə gün tanıdığım biri dərdini anlatdı mənə. Dərdi böyükmüş, ya kiçik bilmirəm. Öyüd vemək də mənlik deyil. Mən yalnızca qəmxarlıq etdim vəssəlam. Mən olmasaydım başqasını tapacaqdı.

Onu mənlə danışmağa məcbur edən nə idi? Məni ki, tanımırdı?

Üzümü belə görməyib.

Dostluğumuz belə yox. Varsa da facebookda yalnızca “dost” sözündən ibarət. Bilmir, mən nəyəm, nəçiyəm, söz saxlaya bilirəmmi? Sirdaş ola bilərəmmi?

Bunları düşünmədən ilk anda dərdini söylədi mənə. Sonra da yüngülləşdi.

Bəli, yüngülləşdi. Çünki dərd paylaşdıqca azalar.

Onu anlayıram.

Dərdini danışmalı idi onu tanımayan birinə. O məşhur əfsanədə quyuya danışan bərbər kimi. Neyləsin, danışmağa bir sirdaşı da yox. Atı da yox.
# 4325 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #