Gənc yazar həmkarını tənqid etdi: Banal, bayağı, xırdaçılıq...

Gənc yazar həmkarını tənqid etdi: Banal, bayağı, xırdaçılıq...
19 oktyabr 2021
# 17:15

Kulis.az Vüqar Babazadənin gənc yazar Şah Selimi Türkayın “Ev Dustağıyam” əsəri haqqında tənqidi yazısını təqdim edir.

"Baku book center"in satış analizərinə görə, iyul ayı üzrə Azərbaycan dilində bestseller olmuş, Şah Selimi Türkayın “Ev Dustağıyam” adlı kitabı haqqında.

Görək Azərbaycanlıların iyul ayında ən çox aldıqları, diqqət göstərdikləri bu kitab nədir, nədən bəhs edir və oxucularımız nə üçün bu kitabı alıb oxuyublar?

Bədii əsərdə oxucunu hekayətin həssas iştirakçısına çevirən və oxucuda reallıq hissi yaradan şey "təsvir" adlanır. Yaxşı təsvir qazanılmış qabiliyyətin nəticəsidir və bu qabiliyyət yalnız çox oxuyub, çox yazmaqla qazanılır. Yazıçının işi gördüyünü yazmaqdır. Kasad təsvir oxucunu karıxdırır və çaşdırır, izafi təsvir isə onu fraqmentlərin, detalların, şəkillərin altında basdırır. Kasad təsvir yazmaq nə qədər asandırsa, izafi, detallı təsvir yazmaq da o qədər asandır. Türkay xanımın uzun-uzadı, mənasız təsvirlərini oxuyarkən düşünürdüm ki, "yazıçı nə istədiyini bilmir". İlk səhifələrdə doğan bu şübhəylə artıq məni bir sual düşündürürdü:

"380 səhifəlik kitabı, nə istədiyini bilməyən yazıçı ilə yan-yana nə qədər çapa bilərəm?”.

Kitabdakı bəzi izafi təsvirləri misal üçün qeyd edirəm:

“Saçlarına dən düşsə də tökülməmiş, geniş alnı mərmər kimi işıldayırdı. İri almacıqlı yanaqları (?) xeyli arıqlasa da, hələ də qabarıq və gözəl idi. Burnu enli və uzun, nazik dodaqlarında isə hər zaman kəm, sanki yarımçıq bir gülüş görsənərdi. Çənəsi onun üzünə əcnəbilər sayağı bir ifadə verərək, sərt dördkünc şəkildə bitirdi. Üzünün ağ dərisi isə incəliyindən parıldayaraq bütün simasına işıq tuturdu. ...açıq mavi gözləri və səssiz dəniz qədər sakit və dərin (!?) baxışları idi. Bu gözlərə yaxından ən təşvişli insan belə sükunətin dincliyinə qovuşub rahatlıq tapa bilərdi”.

Yaxud:

“Ağarmış boza çalan saçlarını məktəbli qızlar kimi həmişə ortadan ikiyə ayırıb hörərdi. Üzündəki ən şirin nöqtəsi isə, sözsüz ki, qabağa doğru bükülüb oval formasında bitən balaca çənəsi idi (?). Burnu, dodaqları çox kiçik, sanki hamısı uşaqlığından bu yana dəyişməmiş, zərifliyini heç itirməmişdi. Badamvari (?) qəhvəyi gözlərinin üstünü qırışlar örtsə də, qalın qara qaşları yuxarıya – alnına doğru tarım formada durmuşdu. Məhluqənin əlləri, ayaqları bədəninin bütün hissələri sanki qısacıq idi. Odur ki üçkünc qaşlarını nə qədər çatsa da, zahiri görüntüsünü heç cür acılaşdıra bilmirdi”.

Müəllifin təsvirləri o qədər çox və uzundur ki, təsvirləri kitabdan çıxarıb, yeni bir kitab yaratmaq olar. O hər şeyi təsvir edir. Ən xırda detalına kimi təsvir verib, oxucusunu bezdirir, darıxdırır.

Nə demək istədiyimi başa düşmək üçün yuxarıda göstərilən misallar bəs etməyəcək. Fikrimi tam izah etmək üçün azı 15-20 səhifəlik yazı yazmalıyam. Bunun üçün isə nə hövsələm, nə də vaxtım var. Bir misalla buna cəhd edəcəyəm:

“Üzünün ən incə damarlarındakı qan belə tir-tir əsirdi”.

Belə banal, bayağı xırdaçılıqla, ştamp-qəliblərlə oxucunun vaxtını almağın nə mənası var?

Yeni-yeni yazmağa başlayıb, mütaliəsi az olan bu cür yazıçılar, əsasən, başa düşülməmək qorxusundan, ağıllı görünmək dərdindən, yazmaq xətrinə bu cür uzun-uzadı təsvir yazırlar.

Cümlələrin başı-ayağı harda bitir, harda başlayır anlamaq olmur. Cümlələr o qədər dağınıq idi ki, bəzən özümü Sədərək bazarında hiss edirdim. Müəllif, dilimizin qaydalarını kəskin şəkildə pozub cümlələri tərsinə, baş-ayaq, əyri-üyrü yazıb. Bir cümlədə iki-üç eyni sözü bir yerdə işlədərək, abzasın canlılığını, koloritini itirib. Üstəlik, ən böyük bəlamız olan, türk sözləri və ifadələrindən gen-bol istifadə edir. Misal üçün:

“Kaş ki belə məhv etməsəydiniz təbiəti, onda tapmazdı bizləri heç bir bəla”.

Və yaxud:

“...Məhluqə acığa daha da xoşlanmadığı formalara salacaqdı canım yeməkləri, onunçün yaxşısı, altdan almaq, heç nə olmamış kimi susmaq idi”.

Yaxud:

“Həyəcan qəribə məfhum imiş, insanı qəfildən yazdan qış fəslinə atıb, tam donacaqsan, deyə düşünəndə isə yenidən yaza döndərəcək qədər güclü və əcaib bir hiss imiş. Eynən indi Şahsuvarın yazın günündə qışı yaşayıb, yenidən yaza qayıtması kimi fövqəladə bir duyğu imiş – deyə eyninden keçirirdi”.

Bu abzasda üç dəfə "imiş" hissəciyi işlənib, "eynilə" sözünün yerinə, dilimizdə olmayan "eynən" sözü istifadə edilib. Üstəlik müəllif qərar verə bilmir ki, həyəcan nədir. Qəribə məfhum, əcaib hiss yoxsa fövqəladə duyğu?

Yaxud da:

“...hər halı karda (???) nəticə dəyişməz idi”.

Müəllifin daha bir ciddi və yolverilməz səhvi, təhkiyədə dialekt sözlər işlətməyi, bəzi feilləri tələffüz formasında yazmağıdır. (Deyəmmədi, qovuşammadan, olammazdı, tanıyammadıq və s.)

Bu üslub, forma məsələsi deyil, xətadır. Müəllifimiz təhkiyə ilə dialoqunun fərqini, deyəsən, bilmir.

Kitabın sonunda müəllifin bioqrafiyası yer alıb. Qeyd olunur ki, o, yazıçılıq sənətinin sirlərini ingilis romançısı, hekayəçisi və dramaturqu Ceyn Rocersdən, Riçard Skinner və Keith Ricvey kimi məşhur yazıçılardan öyrənmişdir. Əsərin bədii cəhətdən zəif olmağının səbəbi kimi mən bu dünyaca məşhur üç yazıçını da günahlandırıram. Öyrətməyi bacarmayıblar. Yaxşı olardı ki, Türkay xanım bir az da Azərbaycan klassiklərinin əsərlərindən oxuyub, mütaliə etsin və onlardan da nəsə öyrənsin.

Bu əsərdə heç bir dilə aid olmayan çoxlu söz var. Olduqca qəribə haldır. Görəsən, müəllif real həyatda da bu sözlərdən istifadə edir? Edirsə, bu sözlərin hansı dildə olduqlarını aydınlaşdırmaq istəyirəm:

“Bürütmək, birləşimi, baxınmaq, gəzinmək, oldum-olalı” və s.

Qəhrəmanlar kartondan, cansızdır. Müəllifin dialoqlarında nəyin doğru olmadığını demək çox çətindir, belə ki, hər şey üzdədir, bərkimiş və cansıxıcıdır. Köhnəlmiş musiqi aləti kimi qəhrəmanların danışığı adamın qulağını cırmaqlayır. Müəllif göstərə bildiyi hər şeyi danışır. Bunun üçün kitabdan hansısa dialoqu misal üçün vermək lüzumsuzdur, çünki bütün dialoqlar hamısı eynidir. Kitabda istənilən bir dialoqu oxusanız nə demək istədiyimi başa düşəcəksiniz.

Yaxşı dialoq yazmağın başlıca prinsipi səmimiyyətdir. Yazıçı olmağı istəmək, lakin həqiqətdən yayınmaq, qəhrəmanlara qarşı səmimi olmamaq, onların ağzından çıxan sözləri bəzəyib-düzəyib, ütüləyib, səmimi dialoqlar yazmaq istəməmək mümkün olan şey deyil.

Türkay xanım zaman təsvirlərini təbiət təsvirləri ilə assosiasiya edib özünü tələyə salır. Yaxşı təsvirə gedən yol aydın görüntü ilə başlanır və aydın yazı ilə bitir. Təşbeh və metafora yerində olmayanda nəticə həm məzəli, həm də utancverici olur. Müəllifin bu cür cümlələri ilə heç cür özümü hekayətin içində hiss edə bilmirdim. Bir neçə misala baxaq:

“Səhərin gözü açılmamış, dan yeri ağarmadan” – zəruri qeyd: bu kitabın ilk cümləsidir.

“Sübh günəşinin doğuşu ilə boz rəngli səma yavaş-yavaş açılmağa başlayırdı.

Səmanı boz buludlar tərk etməmiş, Günəş bu sabah nurunu paylamaqdan boyun qaçırmış...

Gündüzlər uzanmış, gecələr isə qısalmağa başlamışdı. ...günəş çoxdan doğmuş, gecənin toranlığından əsər qalmamışdı.

Havalar isinmiş olsa da, günəş batdığından axşamın sərin mehi eyvana çökmüşdü.

Açıq mavi səmada günəş şüalarının şərqdən qərbə doğru meyllənməyə başladığı bu günorta saatları...

İyunun əvvəlləri idi. ...yay fəslinin qızmar günləri gəlib çatmışdı.

İyulun qızmar günəşli səhəri...

Sübh günəşinin işıldadığı balkon...” – bu təsvirlər çeynənilmiş, yadda qalmayan, heç bir detaldan ibarət olmayan, heç nəyi özündə ehtiva etməyən təhlükəli tələlərdir. Korafəhm, naşı yazıçı ilk belə tələlərə düşür. Diqqətli olmaq lazımdır.

Əsər koronavirus dövründə evə həbs olunmuş, dustaq edilmiş bir müəllimin həyatından bəhs edir. Bu cür mövzular ağır, çətin mövzulardır. Mən oxuyarkən nə qədər əziyyət çəkdimsə, əminəm ki, müəllif də yazarkən on qat artıq əziyyət çəkib. Onun əzmini, iradəsini və səbrini təqdir etmək lazımdır. Həm də kitab qismən bioqrafik, xatirə romanıdır.

Əsəri oxuya-oxuya pandemiya dövrünün ürəkağrıdan, cansıxıcı mənzərəsi gözlərimin önündə canlanırdı.

Müəllifə uğurlar arzulayıram, ilk kitabındakı səhvlərindən xəbərdar olub, növbəti əsərlərində bu səhvləri təkrar etmədən daha yaxşı əsərlər yaratmağına ümid edirəm.

# 8028 dəfə oxunub

Müəllifin son yazıları

# # #