Ölkənin “ən yaxşı” tərcüməçisinin biabırçı cümlələri - İnanılmaz faktlar

Ölkənin “ən yaxşı” tərcüməçisinin biabırçı cümlələri - İnanılmaz faktlar
22 may 2020
# 12:03

Kulis.az yazar-tərcüməçi Təvəkgül Boysunarın “Avtobusdakı gözəl qız, Ayxan Ayvazın son yazısı və Nadir Qocabəylinin tərcümələri” məqaləsini təqdim edir.

Kulisin açdığı tərcümə polemikası ilə bağlı sosial şəbəkələrdə yazılan şərhləri oxuyurdum, qarşıma Nadir Qocabəylinin yazdıqları da çıxdı. Nadir bəy, tənbəllik eləməyib düz beş il əvvəl baş tutan tərcümə müsabiqəsini xatırladır və yenə də qeybət və böhtansayağı şikayətlərini dilə gətirərək qalibin saxta yolla seçildiyini yazırdı. Fikiləşdim ki, Nadir bəyə kiçik bir yazı həsr etsəm, yaxşı olar.

Cəmi iki cümlə yazmışdım ki, atam başımı üstünü kəsdirdi:

- Kompyüteri ver bura, onlayn iclasımız var.

Kompyüteri həvəssiz-həvəssiz atama verib, yazıya telefonda davam etməyə başlayanda isə dostumun mesajı gəldi:

- Yıxılana balta vurursan? Boş-boş işlərlə məşğul olma. Dur, gəl pleysteyşna.

Yazını yazmaqdan vaz keçdim və Nadir Qocabəylinin səhifəsinə girdim ki, sülh və dostluq məqsədiylə inboksuna mesaj yazım. Bir də nə görsəm yaxşıdır? Nadir Qocabəyli uzun bir status yazıb.

Yazıb ki, o Təvəkgül Boysunar adlı cavan oğlanın o vaxtkı tərcüməsi mənim ən zəif tərcüməmdən də zəif idi.

Yazıb ki, o hekayədə istedad-filan yox idi; bu neçə ildə başqa nəyi tərcümə edib?

Sonra da həmişəki kimi böhtanvari ehtimallarına davam eləyərək statusuna nöqtə qoyub.

Yazıya təzədən başlayan kimi evdən gələn “dur, get bunları al” tapşırığı ilə bazara göndərildiyimi, getməmək üçün bir az müqavimət göstərib sonra təslim olduğumu, tələsdiyimə görə avtobusa mindiyimi, avtobusda çox gözəl bir qız gördüyümü, qızı gördükdən sonra Nadir Qocabəyli haqqında yazı yazacağımı unutduğumu və qızın pulunu sürücüyə uzadarkən aramızda hansı dialoqun yarandığını burda ətraflı təsvir etməyə, təəssüf, imkan yoxdur. Amma fikirləşəndə ki, növbəti abzaslarda Nadir Qocabəylinin bəzi tərcümələrindən nümunə gətirəcəm, o zaman həmin abzasların çox da uzun alınmaması və yazının kəskin olmaması üçün az qalıram qızın gözəlliyini və avtobusdan düşərkən etdiyim zarafata necə gülümsədiyini ətraflı təsvir eləyim.

Nadir Qocabəyli ilə ART müsahibə - Layihə | Edebiyyatqazeti.az

Məsələ orasındadır ki, Nadir bəyə qətiyyən yaxşı tərcüməçi demək olmaz. O, misal üçün, “Lolita” kimi ciddi romanı elə pis tərcümə eləyib ki, adam təəccüblənməyə bilmir. Bu cür tərcümə ilə necə iddia etmək olar ki, mən ölkənin ən yaxşı tərcüməçisiyəm. Məsələn, “Qanun” nəşriyyatında çap olunmuş həmin romandan bir cümləyə baxaq:

“Ancaq məndən pərəstiş bəxşişlərini qəbul edən üryanlıq naxışı şeytani bir qəfilliklə bu istili-bürkülü, ümidsiz yay gecəsində lampanın işıqlandırdığı açıq pəncərə qarşısında alt paltarında qəzet oxuyan iyrənc kişi dirsəyinə çevrilirdi”

Başa düşən varsa, inboksda mənə yazar. Kitabdan olduğu kimi köçürürəm. Səhifə 21. Belə qüsurlar o qədər boldur ki, nümunə kimi qeyd etmək üçün çox axtarmağa gərək qalmır. Məsələn, təsadüfən açdığım 8-ci səhifədə belə bir cümləyə nəzər yetirək:

“Əgər üslubum sizi hələ də bezdirməyibsə (nəzarət altında yazıram), yəqin ki, yay vaxtı gəzinti zamanı qaş qaralmağa başlayanda bürkülü-mığmığalı axşamın hansısa təpənin ətəyindəki çəpərli-çiçəkli bağçanın üzərindən asılıb qaldığını hamınız görmüsünüz.”

“Araz” marketdən çıxıb açıq bazara girdim. Diqqətlə və asta-asta badımcanları seçməyə başlamışdım ki, bir az əvvəl avtobusda gördüyüm o gözəl qızın sağ tərəfdən gəldiyini gördüm. Belimi qabağa əymişdim, sol əlimdə xırda bir badımcan vardı. Qızı gördüyüm andaca baxışlarımı qaçırmaq istədim, amma iş işdən keçmişdi. O, mənim hansı vəziyyətdə olduğumu görmüş və anlayışla azacıq gülümsünmüşdü. “Lənətə gələsən, badımcan!” - deyə fikirləşib, alış-verişə davam elədim.

Heyf, səhifə 21-də başqa bir cümlə diqqətimi çəkir:

“Xurmayı saçları çapılmış dizlərinin üstünə düşməmişdən və onunla bölüşdüyüm ağacın kölgəsi buqələmun yanaqlarımın lap yaxınında parıldayan baldırlarında əks olunub əriyəndə mən kitabı əncir yarpağıyla əvəz edərək günəş ləkələrinin altında əridim.”

Nə qəribə cümlədir?! İlk cəhddən başa düşən varsa, halal olsun.

Kitabı tam təsadüfi olaraq başqa bir səhifədən açıram. Görək, bu dəfə bəxtimizə nə çıxır. Səhifə 270-də belə bir cümlə görürəm:

“Ləngiyən səyyahın gözünə dəydiyinə görə təəccüblənən bu cür hərəkətsiz xırda şeylərə tutqun narahatlıqla baxdığım birinci və sonuncu dəfə deyildi.”

“Lolita”dan daha neçə-neçə bu cür misallar gətirmək olar. Tərcüməçinin digər tərcümələrinə isə hələlik toxunmuram.

Nadir bəy, təklifim odur ki, beş il əvvəlki o müsabiqəyə görə dediyiniz fikirləri bir də təkrar səsləndirməyin. Düzünü desəm, bu, məni zərrə qədər də narahat etmir. Amma dedikləriniz yanlışdır və gülməlidir. Yadıma gəlir ki, yanlış ehtimallarınızı beş il əvvəl də gülə-gülə oxuyurdum.

Bir az sonra növbə pomidor almağa çatanda qızı yenidən görəcəyimdən ehtiyatlandığım üçün seçimi satıcıya həvalə elədim və həmin andaca qızın bir az aralıda çiyələk aldığını gördüm. Satıcı isə fürsətdən istifadə edib əlinə keçən pomidorları kulyokuma doldururdu. Sağ böyrü xarab olub içəri batan və xarab olduğu açıq-aşkar görünən yekə pomidoru kulyoka atmaq istəyəndə içimdən keçdi ki, qabağa yeriyib satıcının qolundan tutum, amma qızın yaxınlaşdığını gördüyüm üçün bacardığım tək şey həmin pomidorun kulyokdakı yerini yadda saxlamaq oldu.

Vladimir Nabokov - Lolita - Kod: 37490 | Qiymeti - 6.9 ₼

Nadir bəy, iddia edirsiniz ki, müsabiqədə yer tutan o tərcümə mətni çox zəif idi. Bu iddianızdan bir daha görünür ki, yaxşı mətnlə pis mətnin fərqini duymaq bacarığını tamamilə itirmisiz. Əvvəla, mənim müsabiqədə yer tutan tərcüməmə Ramiz Rövşən, Vilayət Hacıyev kimi mütəxəssislər qiyməti vermişdi, sizin rəyinizin elə də əhəmiyyəti yoxdur. İkincisi, öz mətninizin qüsurlu olduğunu duya bilmədiyinizi feyzbuk səhifənizdə Ayxan Ayvazın tənqidinə cavab olaraq paylaşdığınız kiçik bir mətn parçasından da görə bilərik. Siz bunu guya yaxşı tərcümə etdiyinizə sübut kimi paylaşmısınız:

"Çaydan tövşüyərək fit çaldı. Antuan üzərində iki qızıl gül arasında ay təsviri olan göy fincana hələ də qaynamaqda olan dağ su tökdü. Çay yarpaqları coşqun burulğanda fırlanaraq açıldılar, suya öz rənglərini və qoxularını verdilər, buğ isə burularaq havanın canına hopdu. Antuan tör-töküntülü mənzilinin yeganə pəncərənin qarşısındakı yazı masasının arxasına keçdi.”

Bir çox tərcümələrinizə xas olan qüsurlar burda da var. Cümlələri ilk baxışdan anlamaq bəzi yerlərdə çətindir. Sözlər sanki bir-birinə ilişir. Ahəng, qəti olaraq, yoxdur. İkinci cümlədə yerlik halda olan sözləri (üzərində, arasında, qaynamaqda) ard-arda işlədərək cümləni daha da qüsurlu hala gətirmisiniz. Sonuncu cümləyə baxaq:

“Antuan tör-töküntülü mənzilinin yeganə pəncərənin qarşısındakı yazı masasının arxasına keçdi.”

Yenə də yiyəlik haldakı sözlərin dalbadal işlənməyi cümləni qüsurlu edir. Üstəgəl, yəni siz, doğrudan da, hiss etmirsiniz ki, “pəncərənin” sözünün əvəzinə heç olmasa “pəncərəsinin” sözü olsaydı, nisbətən normal səslənərdi? Bu mətn sizin “yaxşıdır” zənn edib feyzbukda paylaşdığınız tərcümə nümunəsindən idi. Amma bütün bu qüsurları kimsə bir yazıda tənqid edən kimi, başlayırsınız ki, “LGBT-nin tərəfdarları mənə hücuma keçib” və ya “bu yazı siyasi görüşlərimi bəyənməyən xarici qüvvələrin sifarişi ilə yazılıb” və s.

Müsabiqədən sonra hansı əsərləri tərcümə etdiyimi bilmək istəyirsinizsə, kitab mağazalarından Şervud Andersonun “Vaynzburq, Ohayo” kitabını soruşun. Və ya köşklərdən “Xəzər” jurnallarını tapıb, mündəricatlarda Ezra Paundun, Qreqori Rabassanın, Nabokovun, müasir dünya ədəbiyyatından Zeydi Smisin, Lidiya Deyvisin, Elis Manronun adlarını axtarın. Dəyərli nəşriyyatlar “Lolita” səviyyəsində olan bərbad tərcümələrə və orijinaldan yox, 15-ci dildən tərcümə edilmiş “suyunun suyu” mətnlərə daha çox əhəmiyyət verdiyi üçün hələlik kitab şəklində çap edilməyən, amma öz hesabıma nəşr etdirmək istədiyim bir kitabı da bu yaxınlarda mənim tərcüməmdə oxuya bilərsiniz. Ernest Heminqueyin “Paris xatirələri”ni...

Sizə uğurlar arzu edirəm, Nadir bəy!

Feyzbukdakı statusunuzu görməsəydim və dedikləriniz şər olmasaydı, bu yazı yazılmayacaqdı.

Ümid edirəm, bu cür “tatsızlıqlar” təkrar yaşanmayacaq.

Lobyanı elə diqqətlə seçirdim ki, bir az əvvəl təsadüfən rastlaşdığım və indi yanımca gəzən dostum axırda dilə gəldi:

- İstəyirsən bir danışdır da, sorğu-sual elə lobyaları. Belə olmaz.

Bazardan çıxanda qızı bir də görmək ümidiylə ətrafa göz gəzdirdim, amma heç yanda görə bilmədim. Evə çatar-çatmaz aldıqlarımı mətbəxə qoyub kompyüter arxasına keçdim və bir az sonra mətbəxdən gələn səsə heç bir cavab vermədim:

- Bu nə pomidorlardır? Sən nə vaxt bazarlıq eləməyi öyrənəssən?

Yazının üçüncü cümləsinə keçəndə atam içəri girdi:

- Oğlum, bəlkə durasan, həyəti suvaraq?

- Sən Həzrət Abbas, imkan verin, yazımı yazım – deyə yazıq-yazıq dilləndim.

Son cümlədə şəxslərin uzlaşmasıyla bağlı qrammatik yanlışa yol verdim ki, hansısa mənasız bir adam bunu məndə səhv kimi tutsun.

# 13956 dəfə oxunub

Müəllifin son yazıları

# # #