"Ya Rusiya ilə birgə, ya da..." - Rəsulzadənin partiyadan çıxartdığı azərbaycanlı

"Ya Rusiya ilə birgə, ya da..." - Rəsulzadənin partiyadan çıxartdığı azərbaycanlı
27 fevral 2025
# 15:22

Kulis.az Dilqəm Əhmədin "Əziz Alpautun elmi və publisistik irsi" məqaləsini təqdim edir.

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından sonra qürbətə üz tutan şəxsiyyətlərimizdən olan Mirəziz Seyidovun (mühacirətdə Aziz Alpaut) elmi və publisistik irsi, təəssüf ki, mühacirətşünaslıqda yetərincə araşdırılmayıb. Mühacirətə getdikdən sonra Almaniyada təhsil alması, mühacir siyasi çevrələrlə yanaşı, Türkiyə siyasi dairələri ilə əlaqələr qurması onu Türkiyədə yaşayan azərbaycanlılar arasında ön plana çıxarıb. O, Türkiyədə yaşadığı müddətdə ixtisası olan dəriçiliklə bağlı qiymətli əsərlər yazıb, həmçinin mühacir mətbuatda silsilə məqalələr qələmə alıb. Mərhum yazıçı, tədqiqatçı Zakir Sadatlının onun ailəsi ilə əlaqələr qurması və xatirələrini nəşr etməsindən sonra Əziz Alpaut şəxsiyyəti ölkəmizdə gündəmə gəlib, haqqında bir neçə məqalə qələmə alınıb. Lakin onun qiymətli irsi hələ ki yetəri qədər tədqiqata cəlb olunmayıb. Bu yazımızda əldə etdiyimiz bəzi yeni məlumatları təqdim etməyə çalışacağıq.

***

Mirəziz Seyidov 25 (və ya 27) iyul 1895-ci ildə İrəvan qəzasının Dilican mahalında Mirseyfəddin Seyid Mürsəl oğlu Seyidovla Şəhrəbanı xanım Ağahüseyn qızının ailəsində doğulub. Əvvəlcə Tiflisdəki 1-ci kişi gimnaziyasında oxuyub, daha sonra təhsilinə Stavropol şəhərindəki 1-ci gimnaziyada davam edib, 1 may 1915-ci ildə tamamlayıb. Həmin il Tartu İmperator Universitetinə daxil olub, əvvəlcə tibb üzrə təhsil alıb, ilin sonundan etibarən isə öz istəyi ilə hüquq fakültəsinə keçirilib. Daha sonra o, Xarkov Universitetinin hüquq fakültəsində təhsilinə davam edib.

1917-ci il inqilabından sonra Bakıya qayıdan Alpaut burada tələbə təşkilatlarında aktiv fəaliyyət göstərib, Cümhuriyyət dövründə isə Bakı Dövlət Dəmiryollarında istintaq hakimi vəzifəsində işləyib. İşğaldan bir müddət sonra o da həbs edilib, Sibirə sürgünə göndərilib. Xatirələrində sürgünlük dövrünü geniş şəkildə qələmə alıb. Sürgündən qayıtdıqdan sonra Ruqiyyə adlı xanımla ailə həyatı qurub, bu evlilikdən İsmət adlı qızı doğulub. Lakin Bakıda yaşamaq təhlükəli olduğu üçün əvvəlcə Cənubi Azərbaycana gedib, 1925-ci ildə isə oradan Türkiyəyə yola düşüb. Trabzona çatan Mirəziz bəy daha sonra Almaniyaya mühacirət edib, orada bir müddət dəriçilik sahəsində işlədikdən sonra Frayberq Dəriçilik İnstitutuna qəbul olub. Burada tanış olduğu İlse-Mariya adlı xanımla ailə həyatı qurub, bu izdivacdan Gülər adlı bir qız və Oxyay, Gökçə adlı iki oğlan övladı dünyaya gəlib. Türkiyəyə qayıtdıqdan sonra bir neçə yerdə çalışıb. "Beykoz Deri ve Kundura Fabrikası", "Doğu Deri Tekstil Sanayi Ticaret Limited Şirketi", "Kapalı Deri Fabrikası", "Elektrik ve Havagazı Şirketi"ndə müxtəlif vəzifələrdə işləyib. İşə girməsində Əhməd bəy Ağaoğlunun rolu olub. Bu dövrdə dəri fabrikini ziyarət edən Mustafa Kamal Atatürklə söhbətləşmək imkanı qazanıb, ondan Bakıda qalan anasının yanına gəlməsinə köməklik istəyib. Lakin ona bildirilib ki, "oradan bir nəfərə yol açsaq, kimsə qalmayacaq".

Əziz Alpaut mühacirətdə bir müddət M.Ə.Rəsulzadə ilə birgə addımlasa da, daha sonra ona qarşı olan cəbhədə yer alıb. 1933-cü ildə Rəsulzadənin qərarı ilə o, şübhəli hərəkətləri, firqənin ana xəttinə zidd fəaliyyət göstərdiyi ittihamı ilə partiyadan xaric edilib.

Ə.Alpaut 1948-ci ildə Ankarada qurulmuş "Azərbaycan Müdafieyi-Hüquq Cəmiyyəti"nin qurucuları arasında yer alıb. 1 fevral 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyinin ilk qurultayında Ə.Alpaut ümumi katib seçilib. Həmin iclasda M.Ə.Rəsulzadə də fəxri sədr məqamına layiq görülüb. Lakin 1951-ci ildə o, dərnəkdən istefa verib, yenidən Rəsulzadə ilə yollarını ayırıb, bu təşkilata rəqib olaraq yaradılan Azərbaycan Milliyyətçilər Dərnəyində təmsil olunub. Eləcə də mühacirətdə 1950-ci illərdə Rəsulzadədən fərqli yolda addımlayan Ceyhun bəy Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli kimi şəxslərlə birgə fəaliyyət göstərib.

Əziz Alpaut 1964-cü ildə qurulan Türkiyə Milliyyətçilər Birliyinin də üzvü olub, eləcə də Alparslan Türkeşlə yaxın münasibətlər qurub.

O, 1988-ci il iyunun 17-də Ankarada dünyasını dəyişib.

Əziz Alpautun elmi irsi

Əziz Alpautun Türkiyədə ixtisası ilə bağlı 4 kitabı işıq üzü görüb. Ən geniş həcmli kitabı 1957-ci ildə Ankarada çıxan "Tətbiqi dəriçilik" adlı əsəridir. 1945-ci ildə Ankarada "Dilək çubuğu", 1954-cü ildə xam qoyun dəriləri ilə bağlı, 1960-cı ildə isə qaragül qoyunları və kürklük qoyunların yetişdirilməsi ilə bağlı əsəri çap olunub. O, Türkiyədə 1946-1957-ci illərdə Mixail Saltıkov-Şedrinin bir neçə əsərini türk dilinə qazandırıb. 1966-cı ildə Dr. Fethi Tevetoğlu ilə onun tərcüməsində Gerhard von Mendenin "Kommunist blokda milliyyət və məfkurə" kitabı Ankarada türk dilində işıq üzü görüb. 1967-ci ildə isə Fridrix Şillerin "Turandot, Çin şahzadəsi" əsərini türk dilində çap etdirib.

Əziz Alpautun publisistik irsi

Əziz Alpaut mühacirətdə "Mücahit" (Ankara), "Türk izi" (Ankara), "Azərbaycan" (Münxen), "Türk birliyi", "Yeni İstanbul" və s. kimi mətbu orqanlarla əməkdaşlıq edib. "Alpaut" soyadından öncə yazdığı məqalələrində "Mirəziz Seyidli" imzasından istifadə edib. Əhməd Cəfəroğlunun redaktorluğunda çıxan "Azərbaycan yurd bilgisi" jurnalının 1933-cü ilin may ayında işıq üzü görən 17-ci sayında onun "Seyitli Mir Aziz" imzasıyla "28 may istiqlal yolunda azəri tələbələri" adlı yazısı dərc olunub. Həmin il avqustun 5-də Əhməd Ağaoğlunun baş redaktoru olduğu "Akın" qəzetində "Seidli Mir-Aziz" imzasıyla "İxracat mallarımız" adlı iqtisadi mövzuda məqaləsi çıxıb. 1934-cü il soyad qanunundan sonrakı məqalələri isə "Aziz Alpaut" imzası ilə işıq üzü görüb.

"Çınaraltı" jurnalının 1943-cü ilin mart ayında çıxan 79-cu sayında onun "Bozqurd bayramı" adlı yazısı dərc edilib. Bu yazıda o, Novruz bayramının tarixindən bəhs edib, Azərbaycandakı bəzi maraqlı adətləri yada salıb.

Münxendə Ceyhun bəy Hacıbəylinin nəşr etdiyi "Azərbaycan" jurnalında Əziz Alpautun "Qızıl ahtapot" (1952), "Milliyyətçilik" (1953), "Ya Rusiya ilə birgə, ya da ona qarşı" (1953) adlı məqalələri işıq üzü görüb. "Milliyyətçilik" məqaləsində o, bu anlayışın tərifini belə təqdim edib: "Milliyyətçilik müstəqil vətənin hər sahədə inkişafı və millətin rifaha qovuşması üçün çalışmaq, məmləkət və millətin mənfəətini şəxsi mənfəətdən üstün tutmaq, Vətən istilaya məruz qalmışsa, hər fədakarlığı göz önünə alaraq onu işğalçılardan qurtarmaq deməkdir".

Azərbaycan Milliyyətçilər Dərnəyinin mətbu orqanı olan "Türk izi" jurnalının 1954-cü ildə çıxan yanvar-fevral qoşasayında Dr. Əziz Alpaut imzasıyla "Açıq danışaq" adlı məqaləsi dərc edilib. O, yazısında Sibirə sürgün edilərkən 11 həbsxanada qaldığını, Azərbaycanın işğalına, qətliamlara şahid olduğunu ifadə edib. "Türk izi"nin sonrakı saylarında onun "Qırmızı ahtapotun yeni taktikası", "Qırmızı iblisin yeni hərəkət planı", "Bugünkü Rusiyadan nə gözlənilir?", "Əbdürrəhman Fətəlibəyli", "Dünənki və bugünkü rus siyasəti", "Qaş düzəldərkən" adlı məqalələri işıq üzü görüb.

Alpaut Azərbaycan İrtibat Heyətinin sədri, mayor Əbdürrəhman Fətəlibəylinin rusların göndərdiyi casus tərəfindən öldürülməsi hadisəsi ilə bağlı qələmə aldığı yazısında onu bu şəkildə xarakterizə edib: "Sanki dünən idi. Sevgi dolu gözləri, gülər üzü gözümün önündədir. Münxen təyyarə meydanında məni qarşılayırdı... Üzərindən iki il yarım keçdi. Onu qeyb etdik. Bu qeyb, bəlkə, öz qardaşlarımın itkisindən də ağır gəldi mənə. Ölən qırmızı köpəklərin əli ilə qətlə yetirilən bir vətən aşiqi idi... Bütün qayəsi, bütün düşüncəsi canından çox sevdiyi Azərbaycanın qurtuluşu idi".

"Qaş düzəldərkən" adlı məqaləsində o, Müsavat firqəsinə mənsub mühacirlərin Amerikanın dəstəyi ilə qurulan "Sovet İttifaqını Öyrənmə İnstitutu" ilə əməkdaşlıq etmələrini tənqid edib, "Sovet İttifaqı" adlı dövlət tanımadığını ifadə edib.

Çingiz Göygölün baş redaktorluğu ilə Ankarada çıxan "Mücahit" dərgisində Əziz Alpautun "28 may xatirələri" (1959), "Vətən şairi Zəyəmli" (1959-1961), "Xatırlayıram" (1959), "Dəyişən zehniyyət" (1960), "Milli birlik" (1960), "Xruşşovun növbəsi" (1960), "Azərbaycanın qara günü münasibətilə" (1960), "Azərbaycan milli qurtuluş birliyi" (1960), "Yeni kitablar" (1960), "Sovet strategiyası" (1961), "Əbdürrəhman Fətəlibəyli" (1961), "Daha bir böyük itkimiz" (1963) adlı məqalələri dərc olunub. Sonuncu məqalə Ceyhun bəy Hacıbəylinin Parisdə vəfatı ilə bağlıdır. Həmin yazısında Alpaut Ceyhun bəylə bağlı xatirələrini də bölüşüb:

"Ceyhun bəyi ilk dəfə Bakıda tanımışdım. 1917-ci ilin havası ixtilal qığılcımları ilə dolu idi. Rusiyadan ayrılmaq arzusunu güdən millətlər bir cəmiyyət yaratmaq üçün daha çox nəşriyyatdan faydalanırdılar. O əsnada Bakıda bu məqsədə xidmət edən rus dilində çıxan iki qəzet vardı. Onlardan biri olan "Baku" erməni millətçilərinin, "Kaspiy" isə türk millətçilərinin orqanı idi və millətçi zənginlər tərəfindən dəstəklənirdi. Məzkur qəzet digər rus qəzetləri kimi çıxardı. Amma ilk üç səhifəsi elə görünərdi, arxa səhifələr isə çar xəfiyyələrinin nəzərindən yayınardı, onlar sırf türkləri maraqlandıran yazıları ehtiva edərdi... "Kaspiy" qəzetini oxuyan türk millətçiləri onu sırf son səhifələrini oxuya bilmək üçün alırdılar. Qəzetin bu qismini "C. Dağıstani" məxləsi ilə mərhum ülküdaşımız Ceyhun bəy idarə edərdi. Bir gün bir toplantıda onunla rastlaşdım. Mənə nə üçün yazmadığımı soruşdu. Daha heç təşəbbüs etmədiyimi eşidincə Ceyhun bəy həyəcanlandı və dedi: "Bu, səbəb təşkil etməz. Hamımız, rusca yaza bilən hər kəs bizə yazı verməlidir. Hələlik mücadiləmizi rusca da olsa, millətimizə çatdırmalıyıq. Bilənlər oxuyar, digərlərinə də izah edərlər". Beləcə ara-sıra yazılar göndərməyə başladım. 1917-ci il fevral inqilabından sonra hüquq təhsili aldığım Estoniyanın Tartu (Dorpat) şəhərindən ayrılıb Bakıya qayıtdığım zaman yenə Ceyhun bəylə görüşdüm... Bir müddət o, Parisdə, mən Sibirdə bir-birimizdən uzaq qaldıq. Nəhayət, Ulu Tanrı bizi Münxendə görüşdürdü. Yenə Vətən yolunda əl-ələ verdik, milli məsələlərimizi müzakirə etdik".

Əziz Alpautun 1970-ci ildə "Devlet" məcmuəsində "Yetər", "Əməkli məmura cəza", "Doğrumu, yanlışmı?" adlı üç məqaləsi işıq üzü görüb. Yenə həmin il "Ayşe" dərgisində onun "Seher abla", "Dünya döndükcə", "Goccuktur", "İskan", "Kanalaksiyon", "Abdallar" adlı hekayələri yayımlanıb.

Bu illərdə onun müxtəlif türk qəzetlərində də məqalələri dərc olunub.

Azərbaycandakı ailəsi

Türkiyə arxivlərindən əldə etdiyimiz sənədlərdən aydın olur ki, Mirəziz Seyidov Türkiyəyə getdikdən sonra ailəsini yanına gətirməyə çalışıb. O, 28 avqust 1928-ci ildə Xariciyyə Vəkalətinə müraciət edərək Bakıda yaşayan zövcəsi ilə qızının İstanbula gətirilməsini xahiş edib. Bu ricanı nəzərə alan hökumət Bakıdakı konsulluğa müraciət edib. Türkiyənin Bakıdakı konsulu Fərid bəy 21 oktyabr 1928-ci ildə Xariciyyə Vəkalətinə göndərdiyi cavabda Beykoz dəri fabrikinin dabbaq mütəxəssisi Azərbaycan mültəcilərindən Əbdüləziz Seyidin zövcəsi Ruqiyyə və qızı İsmət xanıma səyahət vizası üçün əmniyyət müdirliyinə bəyannamə vermələrinin gərəkli olduğu bildirilsə də, ailə üzvlərinin bu addımı atmadıqları yazılıb. Buna görə də Türkiyə tərəfi 25 dekabr 1928-ci ildə Mirəziz Seyidova ailəsinin konsulluğa müraciət etməsinin vacibliyini bildirib.

Sonrakı sənədlərdən bəlli olur ki, Mirəziz bəy 16 fevral 1929-cu ildə ailəsi ilə bağlı yenidən müraciət edib. Türkiyə arxivində saxlanılan müraciətin mətni bu şəkildədir:

"Xariciyyə Vəkalətinə.

İstanbulda Yedikule. İmrahor. Halit Bey sokağında N 8 evdə yaşayan dabbaq mütəxəssisi Əbdüləziz Seyid tərəfindən istida.

29 kanuni-sani 1929 tarixli və N57739 məktubunuzu aldım. Bakı konsulluğundan sizə yazılanlarda yanlışlıq olmalıdır. Rəfiqəmdən 9-10 ay irəli aldığım məktubdan belə anlaşılır ki, Bakıdakı konsul bəyi qızımla bərabər ziyarət etmişlər və tələb olunan anketləri və öz rəsmlərini konsulluğa vermişlər. Ona görə də yenə rica edirəm ki, məzkur konsulluğumuza bu xüsusda lazım olan əmri edəsiniz, bəy əfəndim".

Qeyd edək ki, bu sənədlərdə Mirəziz bəyin adı "Abdül Aziz Seydi Bey" kimi verilib.

Təəssüf ki, Mirəziz Seyidov ailəsini yanına gətirə bilməyib. Məhəmməd Əmin Rəsulzadədə olduğu kimi, onun da ailəsinə bolşevik Azərbaycanından çıxmağa icazə verilməyib.

Türkiyə arxivlərindəki digər bir sənəd Əziz Alpautun işi ilə bağlıdır. Belə ki, prezident İsmət İnönünün və nazirlər şurasının qərarı ilə o, 7 iyun 1940-cı ildə Ziraət Vəkalətinə 170 lirə maaşla işə götürülüb...

# 696 dəfə oxunub

Oxşar xəbərlər

"1 ölü, 7 yaralı..." - Azərbaycan qəzetləri Xocalı haqqında nə yazırdı?

"1 ölü, 7 yaralı..." - Azərbaycan qəzetləri Xocalı haqqında nə yazırdı?

12:00 26 fevral 2025
Oğlu ilə bir məzarda basdırılan dahi - Onu necə xilas etmişdilər?

Oğlu ilə bir məzarda basdırılan dahi - Onu necə xilas etmişdilər?

09:00 24 fevral 2025
"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

"Arşın mal alan" Türkiyədə - Dilqəm Əhməd

15:00 22 fevral 2025
Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
#
#
# # #