On yaş böyük kişiylə ailə quran qızlar, yeraltı hamam və ermənilər - 9 türkün şəhid olduğu kənddən reportaj

On yaş böyük kişiylə ailə quran qızlar, yeraltı hamam və ermənilər - 9 türkün şəhid olduğu kənddən reportaj
29 yanvar 2025
# 12:00

Kulis.az Ağa Cəfərlinin Digah kəndi haqqında reportajını təqdim edir.

Bakının ən qədim yaşayış məskənlərindən biri də Digahdır. Qəsəbənin əsasını tərəkəmələr qoyub. Ağsaqqalların dediyinə görə, digər ərazilərdə qoyun sürüləri olan tərəkəmələrin burda da təsərrüfatı var imiş. Bəlkə də, elə buna görə yerin adı Digahdır. Ad vaxtilə Bakı kəndlərində danışılan tat dilindədir. “Dügah” – “Dü – iki, ikinci”, “Gah – yer” deməkdir. Yəni, “İkinci yer”. Başqa bir versiyaya görə, Digah "iki dağarası" deməkdir.

Kəndin əsasını tərəkəmələr qoysalar da, sonradan bura Cənubi Azərbaycandan şahsevən tayfasının davamçıları da gəliblər.

Qəsəbə ağsaqqallarının dediyinə görə, məscidin tikilməsindən sonra bura üz tutanların sayı artmağa başlayıb. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur, Mədəniyyət Nazirliyinin məscidə təqdim etdiyi lövhədə abidənin 9-cu əsrə aid olduğu barədə qeyd var. Digahda qızların və oğlanların ayrı oxuduğu mədrəsələr də olub.

Burada bir neçə qədim tikili, yeraltı hamam olsa da, onlardan yalnız biri qalıb: yeraltı hamam.

Digahda vaxtilə mühüm əhəmiyyətə malik yol da varmış. Məlumatlı adamlar deyirlər ki, bir çox ünvanlara, hətta Məkkəyə ziyarətə gedənlər belə bu yoldan keçirmiş.

Digahda yaşayanların bir dügahı da olub. Hava qızmağa başlayan kimi camaat Pirşağıdakı, Kürdəxanıdakı bağ evlərinə köçürmüşlər. Elə bu köç də bir dəfə kənd camaatını ölümdən xilas eləyib. 1918-ci ildə ermənilər bura da hücum edibmişlər. Amma camaat bağ evlərində olduğundan onlara zərər verə bilməyiblər. Buna baxmayaraq erməni xisləti özünü göstərib. Evləri dağıdıblar, evlərdəki əşyaları məhv ediblər. Evlərdən birində Fransadan gəlmiş sini qablar varmış, çırtma vuranda bir dəqiqə səs gəlirmiş, heç kimi tapmayan ermənilər tüfəngin qundağı ilə o qabların hamısını qırıblar. Kənddə adam tapmamağın qisasını sini qablardan alıblar.

Ağsaqqalların sözlərinə görə, ermənilər Kürdəxanıya da üz tutublar. Bundan xəbər tutan camaat səngər qazıb, düşmənə layiqli cavab verməyə hazırlaşırmışlar. Bir-biri ilə yola getməyən iki qoçu olub, birinin adı Balabəy, o birinin adı Adil. Onlar aralarındakı inckiliyi bir kənara qoyub, erməniyə qarşı birgə mübarizə haqqında razılığa gəlirlər. Ermənilər Kürdəxanıya girə bilmir. Ermənilərin Bakını kəndlərində at oynatmaq istədiyini eşidən Nuru Paşa isə onların dərsini vermək üçün əraziyə dəstə göndərir. Erməniləri zərərsizləşdirmək məqsədilə Digaha top da atılıb. Onların dediyi söz isə indi də yaddaşlardan silinməyib: “Bu, türkün topudur”. Düşməni torpaqlarımızdan rədd edən türklərin arasında 9-u şəhid olur. Bu gün Digah kəndində o şəhidlərin xatirəsinə abidə var. Yeri gəlmişkən, 44 günlük müharibədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda Digah qəsəbəsi də 6 şəhid verib. Qəsəbədə onların xatirəsinə şəhid bulağı tikilib.

Sovet dövründə bu kənddəki tərəkəmələr həm də taxıl əkirmiş. O vaxtlar buranın taxılı çox məşhur imiş. Bir çox yerlərdən bura taxıl almaq üçün gəlirmişlər, aclıq vaxtlarında belə digahlılar çox əziyyət çəkməyib, buranın taxılı həm onları, həm də qonşu kəndləri sağ saxlayıb.

Ötən əsrin 60-cı illərinə qədər camaat məhz taxılçılıqla dolanıb. 60-cı illərdə isə vəziyyət dəyişib. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində üzümçülük sovxozlarının salınmasına qərar verilir və beləliklə digahlıların taxıl yerləri üzüm sahələri ilə əvəz olunur. Onlar da üzüm sahələrində işləməyə başlayırlar.

Ağsaqqallar deyirlər ki, Sovet hökuməti digahlıların bağ evlərini əllərindən alıb. Onları daha bir qazancdan, bağ evlərinin, həyətlərinin məhsulunu satmaqdan məhrum edib.

O dövrdə insanların 50 faizi sovxozda, 50 faizi isə neft mədənlərində çalışıb.

Digah indiyədək ən mühafizəkar kəndlərdən sayılıb. Elə bunun nəticəsidir ki, 60-cı illərə qədər Digahda qadınları işləməyə qoymayıblar. Xanımlar, əsasən, ev işləri ilə məşğul olub. 60-cı illərdə isə buz əriməyə başlayıb. Əslən bu kənddən olan xanımlar zaman-zaman müxtəlif yüksək vəzifələrdə də çalışıblar.

Digah həm də sürücü yetişdirməsi ilə məşhurdur. Bir zamanlar vəzifəli şəxslər öz sürücülərini məhz bu kənddən seçirmiş. İndinin özündə hər yüz nəfərdən yetmişi sürücüdür. Bu gün bir çox marşrutlarda məhz bu qəsəbədən olan sürücülər çalışır.

Ağsaqqallar bildirir ki, Digah həddindən artıq sakit yerdir. Heç kimin heç kimlə işi olmaz. Kimlərsə arasında narazılıq olsa, kənara sızmasına imkan verməzlər. Digahda kimsə polisə şikayət etməz, hüquq-mühafizə orqanları ilə işi olmaz. Onlar bir-biri ilə vuruşmaz, heç kimə pisliyi dəyməz, qonağa böyük hörmətlə yanaşarlar. Ağsaqqal belə deyir. Kiminsə söz-söhbəti olanda məhəllənin ağsaqqalı yoluna qoyur hər şeyi. İcra başçıları da hər dəfə deyirmişlər ki, nə yaxşı ki Digah kimi sakit yer var, onların heç vaxt polisə işi düşməyib.

Digahlılar dindar camaatdır. Hətta Sovet dövründə belə gizli ibadət ediblər. İndi də burda dinə meyl güclüdür. Xüsusilə də, gənclər arasında…

Digahda qızları tez ərə versələr də, qədimdə kişilər 25-30 yaşına çatmamış evlənmirmiş. Ağsaqqallar deyirmiş, kişinin sümüyü bərkiməli, sonra ailə həyatı qurmalıdır. Evlənən çütlüklərin arasında böyük yaş fərq olurmuş. Qız özündən, təxminən, 10 yaş böyük kişiyə ərə gedirmiş.

# 3316 dəfə oxunub

Oxşar xəbərlər

Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib? - Ovda cızılan çevriliş planı

Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib? - Ovda cızılan çevriliş planı

09:00 30 yanvar 2025
O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi

O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi

16:00 29 yanvar 2025
Pulsuz sülh olmaz! - Tanrı mənimlə görüşə hazırdırmı?

Pulsuz sülh olmaz! - Tanrı mənimlə görüşə hazırdırmı?

09:00 24 yanvar 2025
Həyat yoldaşım Azərbaycan həsrətiylə alışır... - Yarım əsrdən sonra vətənə qayıdan məzun

Həyat yoldaşım Azərbaycan həsrətiylə alışır... - Yarım əsrdən sonra vətənə qayıdan məzun

17:00 23 yanvar 2025
Pişiklər qanuni oğruların rəmzi kimi

Pişiklər qanuni oğruların rəmzi kimi

09:20 21 yanvar 2025
İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

İran həbsxanasında Araza poema yazan, Bakını Kəbəyə bənzədən şairlər - Araşdırma

09:00 15 yanvar 2025
#
#
# # #