Qadınlar pulu necə qazanmalıdır?

Qadınlar pulu necə qazanmalıdır?
7 avqust 2014
# 15:08

Seymur Baycan

Pul və karyera qazanmaq haqqında fəlsəfi esse

(Qadınlar üçün)

Sevgiylə qarın doymur. Adına kişi deyilən bir canlı gərək ailəsini hər cür təmin etməyi bacarsın. Pulsuz xoşbəxtlik olmur. Pul olandan sonra sevmək üçün hər zaman vaxt tapmaq olar. Əsas puldur. Pulsuz kişini sevmək çətindir. Əgər sənin yaxşı geyimin, yaxşı evin, bər-bəzəyin olmasa, heç kim səni adam yerinə qoymayacaq. Heç kim sənə maraq göstərməyəcək. Kişinin ürəklə, yox, ağılla seçmək lazımdır. Ən yaxşı kişi ailəsini, arvadını hər cür təmin edən kişidir. Əsas odur ki, kişi pul qazanmağı bacarsın. Qalanları düzələr...

Bir şeyi dəqiq başa düşməlisən ki, Allah səni naz-nemət içində üzmək, qızıla, brilyanta bürünmək üçün yaradıb. Əgər sənin bahalı evin, bahalı maşının, bahalı geyimin olmasa, ömrümün sonuna qədər əzab çəkəcəksən. “Sevirəm” deyən , hər yoldan ötənə baş qoşmaq olmaz. Sən öz bədəninin, gözəlliyinin qədrini-qiymətini bilməlisən ... Əgər kimsə sənin gözəlliyini əldə etmək istəyirsə, çıxsın meydana, nəyi var qoysun ortaya, pul qazana bildiyini nümayiş etdirsin.

Hər şeydən əvvəl qadın özünə şərait yaratmalıdır. Bədənin təravətinin on il ömrü var. Qadın bacardıqca bu on ildən maksimum səmərəli istifadə etməlidir. Pul qazanmalıdır, gözəl geyinməlidir. Yaxşı evi, yaxşı maşını olmalıdır. Əgər bədəni bahalı paltarlarla, qiymətli geyimlərlə bəzəməsən, qiyməti çox tez aşağı düşəcək. Sevgi var, amma sevginin arxasında maddiyat dayanmasa, tez sönəcək. Gəzintilər, otellər, kurortlar, bahalı hədiyyələr sevgiyə daima rəng qatmalıdır. Yalnız axmaq qadınlar kasıb kişini sevə bilərlər. Ağıllı qadınlar isə öz bədənlərinin qiymətini mütləq bilməlidirlər. Otuz yaşa qədər həyatda hər şeyi əldə etmək lazımdır. Pul, geyim, ev qaydasında olandan sonra sevən mütləq tapılacaq. Ucuz paltar geyinmiş qadının bədəninə heç bir kişi lazım olan diqqəti göstərməyəcək. Bədəninizin qədrini bilin. Təravətinizi qoruyun. 30 yaşdan sonra siz yalnız pulun, geyimin, təcrübənin sayəsində kişilərin diqqətini cəlb etməklə onların sevgisini qazanmaq məcburiyyətində qalacaqsınız. İllər ötdükcə rəqabət daha da güclənəcək. Siz təravətinizi itirdikcə təcrübəyə, gözəl geyimə, pula daha çox ehtiyac duyacaqsınız. Üzünüzdə qırışlar peyda olacaq. Sinəniz sallanacaq. Ətrafda isə təravətli rəqib qızlar yetişəcək. Bu amansız rəqabətdə yalnız plastik əməliyyatlar, bahalı geyimlər, bahalı ətirlər, bahalı kremlər, bahalı masajlar və əlbəttə ki, təcrübə sizə kömək edə bilər. Siz yaşlanandan sonra itirilən təravətin yerini yalnız pulla doldura biləcəksiniz. Əks halda, siz heç kimə lazım deyilsiniz. Şöhrət, ad qazanmaq vacibdir. Unutmayın, kişilər çox vaxt qadının özüylə deyil, adıyla, tirajıyla əlaqəyə girməyə üstünlük verirlər. .

Təravətinizi hər qarşınıza çıxanın ixtiyarına verməyin. Qadın kişiyə hətta bütün varlığı ilə təslim olduğu zamanda da onda nə isə qiymətli, əlçatmaz bir şey qalmalıdır. Ad qazanmış, şöhrətli bir qadın canıyananlıq göstərəndə dünyanın ən qüvvətli kişiləri belə məğlub olub başlarını sadəlövhlüklə qadının sinəsi üstünə qoyurlar. Odur ki, bir anda gecikmək olmaz. Həyatdan öz payınızı qoparmağa tələsin. Sizə verilən bir ömürdə bir neçə ömrü yaşamağa cəhd edin. Sevgidə çoxlu yalanlar olur. Sevgi ehtiyac içində yaşayan kişilərin qadın əldə etməsi üçün quraşdırdıqları tələdir. Çalışın, bu tələyə düşməyin. Kasıb şairlərin sevgi haqqında şeirlərinə aldanmayın. Sevgi haqqında gözəl şeirlər yazan o şairlər başıboş, axmaq hökmdarların da yüksək məharətlə tərifini göyə qaldırmışlar. Yalan danışmaq onların peşəsidir. Şair necə də gözəl deyibdir: “Aldanma, şair sözü əlbəttə yalandır”. Deməli, əvvəlcə pul, ad-san, şöhrət qazanmalı, sonra isə sevmək lazımdır. Pulsuz sevginin ömrü az, keyfiyyət aşağı olur. Əgər pul, şöhrət qazanmağı bacarsanız, heç bir kişi sizi atmaz. Əksinə, siz ürəyiniz istəyən vaxt onları hara istəsəniz, ata bilərsiniz. Biz hamımız kişi ilə qadın arasında olan münasibəti lazımsız olaraq o qədər göylərə qaldırıb ilahiləşdirmişik ki, təbiətin sadə qayda-qanunlarından çox kənara çıxmışıq. Ona görə də, bəzən geriyə-təbiətə qayıda bilmirik. Təbiətdə isə əvvəlcədən müəyyən edilməyib ki, bir kişi ilə yaxın olmaq üçün mütləq gərək o birilərindən üz döndərəsən. Müdrik bir qadın necə də dəqiq deyibdir: “Mənəvi cəhətdən mənə yaxın olan çox kişiyə rast gəlmişəm, lakin bu, yenə başqa kişilərlə görüşməyimə mane olmayıb”.

Əgər siz axtardığınız kişini tapmasanız, o zaman özünüzə bir neçə kişidən bir kişi düzəltməyi öyrənməlisiniz. Birinin ağlından, başqasının pulundan, bir başqasının təbii gücündən istifadə etməklə həyatınıza rəng qatın. Narahat olmayın, oynaşla ər arasında fiziki fərq yoxdur, yalnız hüquqi fərq var.

Uğur qazanmış sevgi, sevginin müqəddəsliyi haqqında çərənləmələrinə əsla inanmayın. Uğur qazanmış qadınlar yalnız müsahibələrində, ekranda sevginin müqəddəsliyi haqqında danışırlar. Sevgi haqqında bütün bu təmtəraqlı sözlər avam adamlar üçündü, əslində isə onların həyat fəlsəfəsi tamam puldan, bahalı restoranlardan, bahalı hədiyyələrdən ibarətdi.

Həyatda uğur əldə etməyin ən asan yollarından biri imkanlı kişiyə ərə getməkdi. Ərə gedərkən kişinin yaşına, görüşünə, intellektinə, ağlına bir qram da fikir verməyin. Sizin üçün vacib bir şərt olmalıdır. Ərə getdiyiniz adam qoy eybəcər, qoy ağıl və intellekt cəhətdən kasad olsun, qoy yaşı çox olsun, amma əsas odur ki, pulu olsun. Kasıb kişiyə əsla ərə getmək olmaz. Kiminsə öz intellekti və ağlı ilə sizi heyran etməsinə yol verməyin. Təpələrinə dəysin onların intellektləri. Sizə yaşamaq lazımdır. Əgər siz bir vaxtlar romantikaya uyub kasıb oğlana ərə getmisinizsə ziyanın yarısından geri qayıtmaq üçün özünüzdə güc tapmağa çalışın. Ziyanın yarısından qayıtmaq da qənimətdi. Nə etməli, həyatda hamının səhvi olur. Onları bir bəhanəylə atın kənara, təzə həyata başlamağa çalışın. Tutaq ki , sen sevib ərə getmisən. Ərə getdiyin zaman sən 400, oğlan isə 500 manat maaş alırdı. Oğlan yerində saydı, sən isə uğur qazanaraq artıq ondan iki dəfə qazanirsan. Niyə sən bu adamla yenə də bir yerdə yaşamalısan? Ona görə ki, bir vaxtlar onu sevmisən? Xeyr, olan olub keçən keçib. Sən artıq onu bəyənməməlisən. Onu alçaltmalısan, təhqir etməlisən. Onu bezdirməlisən və nəhayət bir bəhanə uydurub ondan ayrılmalısan. Çünki sən daha böyük uğurlar, daha uca yüksəkliklər üçün yaranmısan. Özü də bəhanə edib uydurmalısan ki, sudan tamam quru çıxasan. Hamı bu izdivacın pozulmasında bir vaxtlar sevgiyə aldanıb ərə getdiyin kişini günahkar görməlidir. Elə bir oyun qurmalısan ki, bu izdivacın pozulmasının labüdlüyünü və vacibliyini qəbul etsin. Hamını sənin xeyrinə bu sözləri deməyə məcbur etməlisən: “Yazıq ailəsi üçün hər şey etdı, amma alınmadı”.

Geyimini, görüşünü, maddi vəziyyətini dəyişdiyin zaman köhnə rəfiqələrindən, tanışlarından, qohumlarından birdəfəlik və qətiyyətlə uzaqlaş. Özünə elə bir mühit seç ki, orda adamlar sənin keçmişindən xəbərdar olmasın. Ümumiyyətlə sənin keçmişdə başqa cür olmağın, məsələn, kasıb olmağın, zövqsüz geyinməyin onların heç ağlına da gəlməsin. Onların sənin keçmişin haqqında düşünməyinə bir qram da imkan vermə. Özünü elə apar ki, guya sən həmişə pullu, ağıllı olmusan. Kitab oxumağa, intellektual səviyyəni qaldırmağa əsla ehtiyac yoxdu. Belə axmaq işlərlə qoy axmaq, avara, boş-bekar adamlar məşğul olsunlar. Özünü ağıllı və intellektli göstərmək üçün Kafkadan, Folknerdən, Dostoyevskidən iki-uç cümlə əzbərləsəniz sizə ömrünüzün axırına qədər bəs edər. Sadəcə bu cümlələri yerində işlətmək lazımdı. Ən əsası isə Kafkadan, Folknerden, Dostoyevskidən sitat gətirdiyiniz zaman üzünüzə lazım olan ifadəni verməyi bacarın. Mütləq eynək taxın və eynəyinizi çıxaran zaman gözlərinizi elə məharətlə qıyın ki, guya həqiqətən də eynəyi çıxaran zaman ətrafdakı adamları, yazıları, əşyaları çox çətinliklə görürsünüz.

Elə bir performans göstərin ki, qoy ətrafınızdakı qadınlar sizin paxıllığınızı çəksin. Başqa qadınların sizə paxıllıq etməsinə nail olmaq, başqa qadınları sizə paxıllığa məcbur etmək hər bir qadının həyatda qazana biləcəyi ən böyük uğurdur. Siz elə bir performans göstərməlisiniz ki sizin əldə etdiyiniz uğurlar başqa qadınların yuxusuna haram qatsın, onların həyatını cəhənnəmə çevrsin. Düzünü deyin və səmimi olun, sizin üçün bundan böyük uğur ola bilərmi? Sizin üçün başqa qadınları sizin uğurlarınıza paxıllıq etməsinə məcbur etməkdən böyük həzz varmı? Bunun nə qədər böyük bir həzz olduğunu ağıllı qadınlardan soruşa bilərsiniz. O ağıllı qadınlar ki heç vaxt sevgi haqqında nağıllara inanmırlar, kişinin puluna üstünlük verirlər. Zatən bu həyatın sadə bir qanunu var. Əgər kişinin ağlı varsa o pul qazanmağı bacarmalıdır. Əgər kişinin pulu yoxdursa onun heç bir sözünə əhəmiyyət vermək lazım deyil. Deməli o sadəcə avaranın və boşboğazın biridi. Bəzi kişilər özlərini elə aparırlar ki, guya başları kitab oxumağa qarışıb və buna görə də pul qazanmağa vaxtları olmayıb. Bu uğursuz adamların özlərinə verdikləri axmaq və aciz təsəllidi. Nəyə görə siz bu axmaq və aciz adamlara baş qoşub həyatınızı məhv etməlisiniz. İnsan həyata bir dəfə gəlir. Yaşamaq, həyatdan həzz almaq, gəzmək geyinmək, bir sözlə əylənmək lazımdı. Bütün bu imkanları isə sizə ancaq pul yarada bilər. Deməli nə yolla olursa-olsun cəmiyyətdə mövqe qazanmış kişi ələ keçirmək lazımdır. Ən nəhayət kimliyindən asılı olmayaraq sizin inkişafınıza, yüksəlişinizə mane olan adamların üstündən amansızcasına, bir qram da tərəddüd etmədən xətt çəkməyi bacarmalısınız.

Oskar Uayld “Dorian Qreyin portreti” əsərində yazır ki, vicdan, mərhəmət qorxaqlığın mədəni adıdı.

Beli, tamamilə doğrudu. Bu fikirlə tam razıyam. Başqalarına yazığımız gəlməklə bizim özümüzün-özümüzə yazığımız gəlir. Biz öz zərif ürəyimizi yaralamamaq üçün başqalarının ürəyinə zərbə endirmirik. Bu, qorxaqlığın ən yüksək dərəcəsidir. Bütün kainat boyu hər yerdə fasiləsiz qan axır. Hər an dənizlərin dibində, yuvalarda, qalın meşələrdə qətllər törədilir. Yaşamaq üçün, əyləncə üçün, bəzən də səbəbsiz... Hər an yüzlərlə, minlərlə canlı gözün əbədi yumur. Yer üzünün bütün tozları ölümlə doludur. Hər addımda biz həşərat tapdalayırıq. Bəyəm onlar canlı varlıqlar deyilmi? Həyatın bütün faciələrini zarafat kimi qəbul etmək lazımdı. Kim həyatın faciələrini zarafat kimi qəbul edə bilmirsə, deməli həmin adamda yumor hissi yoxdu.

# 10119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #