Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi
14 yanvar 2025
# 09:00

Kulis.az Şərif Ağayarın “Qayıdış” adlı yeni hekayəsini təqdim edir.

“Kəndinizə getmək istəyirsən?”

Evin tavanında ildırım şaqqıldadı, çilçıraq gözlərini qırpdı, sol qabırğamın altından isti bir dalğa gözlərimin sahilinə vurdu...

Ürəyim altdan-yuxarı qamçı çaldı, ucu ağzımacan uzandı, boğazımın göynərtisini ovutmaq üçün iki-üç dəfə udqundum...

Amma iş təkcə ürəkdə deyildi, ağlım-dərrakəm də işləmirdi.

Doğrudan, getmək istəyirdimmi kəndimizə? Bilmirdim ki! İstəyib-istəyib yorulmuş, usanmış, hətta qocalmışdım. Bu istək biri-birindən ağır keçən günlərin, ayların, illərin altında qalıb əzilmişdi, indi çapalaya-çapalaya üzə çıxa biləcəkdimi?

İyirmi səkkiz il idi mənə belə söz deyilmirdi.

İyirmi səkkiz ilin yadırğamasından sonra cavab vermək asan deyildi.

Bircə şey bilirdim: getmək istəməməkdən utanırdım!

Elə bil ürəyimi oxudu: “Özünə bir yoldaş tap, Novruz bayramı kəndinizdəsiz!”

Yoldaş? Nə yoldaş? Bir dəqiqə. Ha-ha-ha! Qəribə adamsan sən də. Bəyəm mən nə isə dedim? Demədim axı. Yoldaş... Novruz bayramı... Bu bir az... Yox e... Bir söz demirəm... Əlbəttə, sağ ol! Amma belə birdən-birə... Hətta yoldaş... Bayramda... Ha-ha!

Telefon əlaqəsi çoxdan kəsilmişdi. Qulaqlarıma inanmayıb gözlərimi şahid gətirdim; tanımadığım nömrə ekranda cilvələnirdi və mən onunla düz qırx iki saniyə ünsiyyət saxlamışdım.

İlk reaksiyam – corabımın sol tayını geyindim, sonra qara çərçivəli divar saatı azca əyri dəydi gözümə, stula çıxıb düzəltdim.

Deməli, yoldaş, hə?! Özü də bayramda! Birinci cümləni corabımın tayını geyinəndə, ikincini saatı düzəldəndə düşündüm. Qəribə idi, getmək qərarını verməmiş, hətta deyəsən, mənə zəng gəlməmiş yoldaşımı tapmışdım. Yox e, nə tapmaq, yoldaşım lap əvvəldən hazırmış, haradasa, necəsə xəyalımdan keçibmiş. Stuldan düşəndə buna tam əmin idim.

Həmişəki kimi Cəfər əmimdən şübhələndim. Arğac ondan keçmişdi. Son günlər yuxularımdan sinsicə uzaq gəzməsindən bilirdim. Yenə gözə dəymədən, ağla gəlmədən varlığını sürdürürdü. Mənimlə rəmzlərlə, işarələrlə danışırdı.

Yoxsa bu vur-çatlasında yoldaş gələrdi ağla?

Mən də deyirdim, kəndimiz alınıb artıq, köhnə dəftərlər qapanıb. Hazırlaşmışdım, yuxuma gələn kimi zarafatlaşam özü ilə, deyəm, bitdi sənin dövranın, kədər tacını başından götür, en könlümün taxtından. Xəyallarımın ən ucqar guşələrindəki heykəllərini isə özüm öz əllərimlə yıxıb yerlə bir edəcəm.

Devrildin, Cəfər əmi!

Təslim ol ayrılığa, gəl ərəsət divanına!

Təzə vaxtlar yuxumdan heç çıxmırdı. Elə bil itkinlik adlı uzun serial izləyirdim. Həmişə də kameraya baxıb gülümsünürdü. Nə günümə gülürdü, anlamırdım. Heç olmasa, kədərli dayana, yalandan da olsa qaş-qabaq sallaya... Allah bilir, müqəddəs kitabların müjdə verdiyi yamyaşıl ağacların altında oturub, ayaqlarını şərab arxlarına sallamışdı. Yeri behişt olsun təki, nə deyirəm, ancaq tanrı eşqinə bizi də nəzərə alsın, öz həsrət-ayrılıq limitini doldurub yoxluğun uzaqlarına çəkilsin. Kimə deyirsən? Uzağı üç gecə dözürdü, dördüncüdə hərlənib-fırlanıb yenə o doğma görkəmi, o güləş çöhrəsi ilə dururdu qarşımda. Kədərli gün, sevincli gün, miyanə gün demirdi, hərəsinə bir bəhanəsi vardı. Fürsət tapdı-tapmadı sirayət edirdi həyatıma. Bir dəfə əlini uzadıb saçlarımı qarışdırmazmı? Ey, dinc dayan, – dedim, – yaşda səndən böyüyəm artıq, mənimlə uşaq kimi davranma! Bu saat meşəyə gedək – atı sən tutacaqsan, odunu mən yükləyəcəm; ot çalmağa gedək – çəkic-zindan dalınca mən səni göndərəcəm; ova gedək – sürhayı sən edəcəksən, bərədə mən dayanacam...

Diksinib əlini çəkdi, üzündəki təbəssüm qeybə çəkildi.

Deyəsən, o vaxtlar idi, diribaş bir molla tapdım, dedim, elə bir dua oxu, elə bir tapşırma göndər, bir də yuxularıma girib məni halbahal eləməsin. Özünə də dolların “sıfır yeddi” vaxtı şax bir onluq verdim. Sevindi. Dedi, narahat olma, rəhmətliklə ciddi-ciddi məşğul olacam. Ölmədiyini, itkin düşdüyünü eşidəndə üzr istəməyə mərifəti çatdı, üstəlik, könlümü də aldı, dedi, bu mövzunun yabançısı deyilik, Mehdi əz-Zamandan bəri uzun, çox uzun təcrübəmiz var.

İnanmayacaqsınız, o gündən yuxuma gəlmədi. Bir az keçmişdi darıxmağa başladım. Sən demə, dərdsiz yaşaya bilmirmiş adam. Bunu da o vaxtlar öyrəndim. Düşündüm, bəlkə, ruh deyilən şey, doğrudan da, var və mollaya dediklərim Cəfər əmimə agah olub, küsməzmi məndən, inciməzmi? Küsər, əlbəttə, inciyər...

Allaha yalvardım – qayıtsın yuxuma, burdansa cüda düşməsin!

Gəldi bir gecə. Gülmürdü bu dəfə. Qaş-qabaq sallamışdı. Kədərli yox, hirsli idi. Mənə acığı tutmuşdu. Nə qədər çalışdım yaxınlaşıb üzr istəyəm, alınmadı, iri-uzun addımları ilə aralandı məndən, dalınca düşdüm, çata bilmədim, andıra qalmış yuxuda yol getmək olmur axı, ayağını bir az bərk atan kimi havaya qalxırsan...

Zaman keçdikcə umu-küsümüz səngidi, doğma çöhrəsi yuxularımda, xəyallarımda təzədən çiçəklədi. Nə ondan ayrıla, nə ona qoşula bilirdim. Yuxunun sevinci ilə gerçəkliyin kədəri arasında girinc qalmışdım.

Arada kimsə ağılıma saldı, psixoloq yanına getdim. Zalım qızı məndən əlli manat alıb nağıl danışır: yaşlı bir rahib şagirdi ilə yol gedirmiş, çay kənarında gənc, gözəl bir qız görür, qız çayı keçmək üçün onlardan kömək istəyir falan-filan... Əzbər bildiyim bir pritça! Amma insafən sözünü mustafaya bağlaya bildi, dedi, iş əmində deyil, səndədir, onu özünə əməlli-başlı yük eləmisən, yerə qoy, azad ol.

Qızışdım, dedim, mən onu çoxdan, lap çoxdan çayın sahilində qoymuşam, özü əl çəkmir məndən, dalımca düşür, bəzən gizli yollarla qabağa keçib qənşərimə çıxır, həm də gülə-gülə. Özünüz deyin, belə ağır vəziyyətdə gülmək doğrudurmu? Demirəm, ağlasın, sızlasın, amma elə gülümsəməsin, məndə o doğmalıqda təbəssümə tablaşacaq ürək nə gəzir? Baxın, xanım, atam da rəhmətə gedib, bacım da, cavan dostum da, başqa yaxınlarım-doğmalarım da, hamısı torpağa tapşırılandan sonra əl çəkiblər yaxamdan, uzağı iki dəfə yadıma düşüb, bir dəfə yuxuma girib özlərini mədəni şəkildə xatırladıblar, mən də bir az qüssələnib, bir az kədərlənib, uzağı bir-iki damcı göz yaşı axıdıb sakitləşmişəm. Ölü nə istəyir səndən? Bir dua, iki zikr, üç gilə göz yaşı... Ver, rahatlanıb-getsin. İtkin düşənlər belə deyil. Onlar dünyamızı axıracan tərk eləmir. Nə dua-zikr çatdırmaq olur onlara, nə də göz yaşı.

Hər dərd unudulur da, itkinliyin sonu, nəhayəti olmur, həmişə təzə-tərdir, ölənlə də yada düşür, doğulanla da, yasda bir cür göynədir, toyda başqa cür...

Dəqiq yadımdadır, söhbətin bu yerində boğazım qurudu, xanım sağ olsun, ayağa qalxıb qarşımdakı fincana su süzdü, bir qurtum içib boğazımdakı giziltini ovutdum. Susduğumu görəndə sağ qaşını azca yuxarı səyirdib uzun-ağ əllərini yana açdı:

“Danışın, ürəyinizi boşaldın, hələ vaxtımız var...”

Güldüm. Heç nə demədim. Nə deyəydim? Deyəydim, iyirmi səkkiz ildir danışıram, yazıram, yenə ürəyim soyumur? Deyəydim, özüm də bezmişəm bu söhbətdən, adamları da bezdirmişəm? Necə psixoloqdur? Oxusun da üzümdən-gözümdən.

Amma danışdırdı məni, danışdıqca da sakitləşdim.

Babam ağlamaqdan kor oldu, o, gözünün son işıq parçalarını da oğlu üçün xərclədi, qəsdən sağa-sola burulub bu işığı əmdikcə-əmən tozanaqlı yollara baxdı, öləndə də vəsiyyət elədi, dedi, yanında boş yer saxlasınlar, birdən nə vaxtsa qayıdar...

Bacısı can verəndə ruhu bədənindən çıxmırdı, dedilər, qardaşından ötrü əzab çəkir, şərfini gətirib çənəsinin altına sərdilər, iyini alınca canını tapşırdı – onda hələ qaçqınlıq təzə düşmüşdü, əmimin qoxusu paltarından çəkilməmişdi...

Ürək çatışmazlığı ilə doğulan yeniyetmə qızı son nəfəsini dərməmiş atasının şəklini istədi...

Bibim can verəndə səsi batmışdı, əli ilə işarə verir, nə dediyini heç kim anlamırdı, axırı qohumlardan biri başa düşdü, ərinin şəklini gətirib verdi, qadın onu sinəsinə sıxıb gözlərini yumdu və bir daha açmadı.

Atamın son nəfəsində də zəng edib qardaşının şəklini gətirtdilər.

Anlayırsınız məni?

Psixoloq xanım "əlbəttə!" söyləsə də, heç nə anlamırdı, ona görə məni başından elədi, əsəb həkiminə yazdı, güldüm, dedim, xanım, iyirmi ildən çoxdur əsəb müalicəsi alıram! Cibimdən bir ovuc "fenozepam" çıxarıb göstərdim, ayağa qalxanda qulağına əyildim:

"Hələ evdə glazepam da var. Ən yüksək doza!"

Son sözü deyəndə indi özümə qəribə gələn bir tərzdə güldüm və incik addımlarla otaqdan çıxdım.

Psixoloqla söhbətimiz alınsaydı, ona daha maraqlı şeylər danışardım. Hətta elə danışardım, əlliliyimi yüksək faizlə geri qaytarardı. Məsələn, deyərdim, mən də bir vəsiyyət eləmişdim: öləndə babamın yanına – əmimin yerinə basdırsınlar məni. Bah! Qohumların arasına vəlvələ düşdü. Sonra içkinin təsirindən əsib-sovurduğumu anladılar. Heyf, sərxoşluğa yozub çatdırmaq istədiyim incə mətləbi tutmadılar: əmim çapıb-talayırdı bizi; bir-bir yola salır, yaxud qarşılayırdı; daha doğrusu, burdan yola salır, ordan qarşılayırdı...

Görmüşük adam ölər, bir ilə, beş ilə unudulub gedər, qohum-qardaş da yükün ağırlığından asta-asta xilas olub rahat həyatına qayıdar. Kim özünü bu qədər sevdirib axı? Müqəddəs-zaddır? Adam gərək həddini bilsin. Allaha ağır gedir belə şeylər. Necə olur, yeddi köynək yad birisi də ondan ötrü göz yaşı tökür? Ağlamayan da başını bulayıb ürəkdən köks ötürür. Bəli, məhz ürəkdən. İyirmi səkkiz ildir əmimin xatirəsini “yola verən” bir allah bəndəsinə rast gəlməmişəm. Halbuki özündən deyən kişiləri dilucu deyilmiş iki-üç xoş sözlə uğurlayırlar gedir. Neyləsinlər. Dünya doludur rəhmətə gedən yaxşı adamlarla. Hərəsinə ürəyində bir çınqı yandırsan, iki-üç günə əriyib gedərsən.

Çınqı nədir, Cəfər əmimə alov-alov yananlar gördüm.

Fikir vermisinizsə, yutub müxtəlif müğənniləri oxudub, nəhayət, güclü birinə keçəndə alqoritm onun ifalarından kənara çıxmır. Əmim də nəğmələrin ən güclüsüdür demək. Dinləməkdən, dinlətməkdən doymurlar. Ondan söz düşəndə mövzunu dəyişməyə heç kimin cürəti çatmır. Axıracan eyni adamdan danışırlar.

Bu iyirmi səkkiz ildə iyirmi səkkiz cildlik əhvalatını eşitmişəm: qoçaqlığından, zəhmətkeşliyindən, humanistliyindən, elədiyi zarafatlardan, qoşduğu lətifələrdən, qoyduğu ayamalardan...

Bu iyirmi səkkiz ildə hər yerdə, hər şeydə ondan bir nişana gəzmişəm. Gözüm dörd olub həmişə. Yerdən-göydən əlim üzüləndə təzə doğulan körpələrin əlində-ayağında axtarmışam onu. Birinin barmağında tapmışam, birinin dırnağında, birinin biləyində, birinin ayağında; birinin yerişi onu xatırladıb, birinin duruşu, birinin baxışı. Əmim dağım-dağım olub səpələnib bütün kişili-qadınlı qohumlara, sanki "bunların hamısını çox istə, hərəsində məndən bir nişanə var" demək istəyib.

Əmim oğlu da bir çox cəhəti ilə atasıdır – onun kimi boy-buxunlu, gülərüz, zarafatcıl... Həm də onun kimi küsəyən! Bir dəfə necə oldusa, telefonda bərk xətrinə dəydim, dərhal da it peşmanı oldum. Ömür boyu üzümə baxmayacaqdı! Əmim də kənddə nə üçünsə atamdan incimişdi, itkin düşənəcən araları düzəlmədi. Atam bu əzabı ölən günə kimi cızdığı çıxa-çıxa yaşadı. Eyni aqibət məni yaman qorxudurdu.

Bir səhər qapımız döyüldü, evin xanımı sevincək “qalx, əmin oğlu gəlib” deyəndə qulaqlarıma inanmadım, hövlnak qalxıb yüyürdüm. O idi. Əmimin uca boyu, geniş sinəsi, gülər üzü ilə yataqxananın dəhlizində dayanmışdı. Görüşüb-öpüşüb içəri keçdik. Əmioğlunu çay süfrəsinə oturdub özümü hamama atdım, sevindiyimdən xeyli ağladım.

Deyəsən, onu kəndə aparmaq istəyim həm də bu alicənablığının mükafatı idi.

Atası itkin düşəndə on iki yaşı vardı. Yetimliyin qorxusundan vaxtından çox tez böyüdü, ailədəki kişi boşluğunu doldurdu, qardaş-bacısına, anasına sahib çıxdı, sonra evləndi, övladları oldu, atasının qohum-qardaş arasından çəkilməyən ağır, sirli havasını dağıtmaq üçün oğluna onun adını verdi. Sonuncu müharibədən az əvvəl isə yas məclisi keçirdi. Çoxu buna görə əmim oğlunu qınadı. Dedilər, meyitini gözünlə görmədiyin birinə Quran oxutmaq, ehsan vermək caiz deyil. Bəlkə, heç ölməyib adam? Qəribə hisslər keçirdim. Düşündüm, ehsanından qaşıqladığımız vaxt Cəfər əmim qəflətən yas çadırında peyda olur! Nə edərik? Şəxsən mən durub qovaram onu. İndiyə saç-saqqalını da ağardar, yuxudakı adama oxşamaz, mən də rahatca sözümü deyərəm. Deyərəm, bu qədər zülm-zillətdən sonra atlana-atlana nəyə gəlmisən? Qohumların neçəsi sənin dərdindən vərəmləyib öldü, neçəsi son nəfəsində səni arzuladı, bu nə günün gəlişidir? Belə çıxır, iyirmi-otuz il havayı əzab çəkmişik? Dinməz-söyləməz çıx get, soruşan da olsa, kimliyini boynuna alma, adam adama belə eləməz.

Amma yox, bu da asan olmazdı.

Ən salamatı – gəlməsin!

Yasımızı verib, ehsanımızı yeyib, duamızı oxuyub dağılışaq.

Kənd səfərinə mən şəhərdə, əmioğlum rayonda ciddi-ciddi hazırlaşırdıq.

Üç-dörd günə gedib gecəni əmioğlugildə qalacaqdım, səhər birlikdə yola düşəcəkdik.

İşlər qaydasında gedirdi, bircə bir narahatlıq vardı. O vaxt Cəfər əmimin yoldaşlarından ayrılıb kəndə qayıtdığını demişdilər. Düzdür, ehtimalların çoxu kimi bu da özünü doğrultmamışdı, lakin o gündən-bu günə sinəmin altında göyüm-göyüm göynəyirdi. Canımı dərd-qayğı almışdı. Birdən öz evində Cəfər əmimdən bir nişanə gördüm, nə edəcəm? Gərək özümü itirməyəm. Ən çətini, bu barədə əmim oğluna heç nə deməyəm, əlli tərpənib evlərinə ondan əvvəl baş çəkəm.

Hərbi hissəyə gecə çatdıq. Səhər kəşfiyyat bölüyünün əsgərlərinin müşayiəti ilə kəndə gedəcəkdik. Hərbçilər yolu-izi bizə başa salanda əmim oğlunun xəritəni onlardan heç də zəif bilmədiyini gördülər. Zabitlərdən biri maraqlanıb bu biliyi necə qazandığını soruşdu. Gülümsündü, “quqldan öyrənmişəm” dedi. O an ağlımdan keçdi: əmioğlu quql xəritəni atasını axtara-axtara əzbərləyib!

Əgər bu dağılmış evlərin, itmiş yolların, can vermiş cığırların Cəfər əmimlə bağlı hər xatirəsinə qırmızı bir nöqtə qoysaq, kəndimiz büsbütün laləliyə bürünər. O evin çardağını vurub, bu evin pəncərəsini salıb, o yolun ayrıcında qoyunun qabağına çıxıb, bu yamacda quzu otarıb, orda armud çırpıb, burda ov ovlayıb, o daşsız yaxada otçalanların qabağına düşüb ot vərləyib, bu şumal düzəngahda maşına pres qaldırıb...

Poçt – qəzet gözləyib.

Dükan – girzovoy sapoğ alıb.

Anbar – taxıl boşaldıb.

Məktəb – odun daşıyıb.

Xəstəxana – mebellərini yığıb.

Qəbiristanlıq – yer donan vaxtı ən çətin qəbirləri qazıb.

İctimai tövlə – qışda yol bağlananda südü atla qonşu kəndə aparıb.

...ıb-ib-ub-üb!

İndi minlərlə Cəfər əmim vardı burda, kəndimizin hər tərəfinə səpələnmişdi, onları yığıb-yığışdırmaq olmurdu, bircə dəfə “Əmi!” deyib səslənsəm, min yerdən səda gələrdi.

Kəndimiz əmim-əmim idi!

Kəndimizi əmimin əlindən ala bilmirdim.

Cəfər əmimə çevrilən hər divar, hər daş, hər küçə, hər ağac baxışlarımı tutub saxlayır, bayaqdan bəri onun öz evinə, öz həyətinə keçməyimə imkan vermirdi.

Yüz yerdən səs-səsə verib əl eləyən xatirələrin iplərini qıra-qıra, keçmişin güllə yağışının altından keçə-keçə addımladım...

Çox çəkmədən qan-tər içində Cəfər əmimin xaraba evinin içində oturub kürəyimi uçuq divarına söykəmişdim. Baxışlarım ac küçük kimi yenə künclərdə sülənirdi. Birdən qəfil qaranlıq çökdü. Şiddətlə yanan odun peçinin gurultusu eşidildi. Peçin üstündə iri bir qazan, bir vedrə, vedrənin içində su götürmək üçün qulplu qab vardı. Döşəməyə bir vanna, bir taburet qoyulmuşdu. Uzun saçlarını açıb yaxasına tökən bibim diqqətlə evin o başında, yükün qarşısında kepkası ilə gözlərini örtüb özünü yatmışlığa vuran ərinə baxır, ağzının sol yanına qonan iztehzalı təbəssümünü görməyə çalışırdı. Baxdı, baxdı, nə düşündüsə, ehtiyatla əyilib peçin havada və divarda işıq dilimləri oynadan balaca gözülüyünə iri bir qamqalaq qoydu, evdə zülmətin mütləq hakimiyyətini bərqərar edəndən sonra yaxasının ilk düyməsini açdı...

Qəfil işıqlar yandı, bibim sabunun-suyun içində qışqıraraq əllərini üzünə, biləklərini sinəsinə, dirsəklərini bətninə sıxıb vannanın içinə çömbəldi, Cəfər əmim isə işıq düyməsinin yanında uzanıb ona baxa-baxa gülməkdən uğunurdu...

Bəs mən bu nağılınmı deyim, yuxununmu deyim, xəyalınmı deyim, harasında idim, neçə yaşındaydım, ər-arvad arasında yaşanan bu intim səhnəni harada görmüşdüm?

Ordaydım, bəli, orda, Cəfər əmimin baməzə söhbətlərinin, ağlagəlməz zarafatlarının içində, yaşımın da o bəxtəvər çağları idi.

Bibimi çox utandırmamaq üçün gözlərimi yumdum, kəndə gəlmək xəbərini aldığım vaxt kirpiklərimin dibinə vuran isti dalğa yanağım enişə yuvarlandı, başımı asta-asta qaldırıb gözlərimi açanda Cəfər əmimin xaraba evinin tavanında bir parça göy üzü göründü. İlk dəfə idi dağılmış evdən göy üzünə baxırdım. İlk dəfə idi göy üzünü bu qədər yaxın, bu qədər təmiz görürdüm. Mən bu büllur maviliyi otuz il idi özümdən xəbərsiz axtarırmışam. O an bütün varlığımla inandım: dağılmış evlərdən göy üzünə baxıb nə dilək tutsan, həyata keçər. Amma ha düşündüm, tutmağa bir dilək tapmadım. Əmimin həsrəti bitmişdi, deyəsən.

İçimə qəribə bir yüngüllük doldu, ayağa qalxıb bayıra çıxdım, əmioğlu harada olsa gələcəkdi indi, onu öz evləri ilə baş-başa qoymaq üçün məhəllədən uzaqlaşdım.

...Kənd səfərimizdən bir neçə il keçib, mətbuatda xəbər oxuyuram: işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqlar tapılıb, birinci Qarabağ müharibəsi zamanı öldürüldüyü ehtimalı olunan bu adamların DNT analizi üçün itkin ailələrindən nümunələr götürüləcək.

İçimə qayğı dolur. Telefonu götürüb əmim oğlunu yığıram. Ömrümdə ilk dəfə onunla atası haqqında danışıram. Deyirəm, əlaqə saxlayıb lazımı məlumatları versin, əgər çətinlik çəksə, kömək edə bilərəm. Soyuqqanlıdır. "Məşğul olaram" deyir.

Telefonu söndürəndə içimdə tanış bir gizilti gəzişir, özümdən asılı olmadan gözlərimi yumub dağılmış çardaq yerindən göy üzünə pıçıldayıram:

“İlahi, əmim tapılsın!”

# 1788 dəfə oxunub

Müəllifin son yazıları

# # #