Erməni zabitlərini əsir götürən, Aşıq Şəmşirin məzarı yaxınlığında həlak olan şəhidimiz - VİDEO

<b>Erməni zabitlərini əsir götürən, Aşıq Şəmşirin məzarı yaxınlığında həlak olan şəhidimiz - <span style="color:red;">VİDEO </b>
14 iyun 2018
# 13:30

“Kamaz” yük maşınının sükanı arxasında oturan gənc sürücüyə düşməyi işarə edirlər. O, bir az könülsüz düşür, yaxalığını düzəldəndə istər-istəməz onun əlləri diqqəti çəkir. İri, dəmir kimi möhkəm, döyüşlərdə cızılmış, çətinlik görmüş, zəhmətkeş, bizi hər cürə təhlükədən qoruyan güvənli kişi əlləri...

O, əllərini arxasında gizləyir. Kamera qarşısındakı narahatlığı aydın sezilir.

Yanında dayanan rus zabit ona baxaraq, hekayəti nəql edir. Bu, Bakıda doğulmuş, hazırda Amerikada yaşayan kapitan Oleq Nesterenkodur:

- Bizim sürücümüz Qozlu yüksəkliyində maşını aşağıda qoyub, özünü döyüşün ən qızğın yerinə atdı. Ön cəbhədə ən yuxarı səngərdə qəhrəmanlıqla döyüşdü. Böyük şücaət göstərərək bizi çətin vəziyyətdən xilas etdi. Ermənilərin hücumunun qarşısını alıb atəşi dayandırmadan onları geri oturtdu. Bundan başqa döyüşçüləri arxasınca apararaq, dörd nəfərlə birlikdə sol cinahdan döyüşdü. Düşmənin əks hücumunun faktiki olaraq təkbaşına almağı bacardı.

Nesterenko danışdıqca, o, üzünü yana çevirir, sıxılır, baxışlarını kameradan qaçırır, arada dodaqlarını çeynəyir, bu sözlərin qarşısında necə davranacağını bilmir. Sanki ondan yox, tamamilə başqa adamdan söhbət gedir.

Operator fikrini soruşanda, ancaq bir cümlə deyir:

- Nə deyə bilərəm ki... Azərbaycanın qeyrətli oğlanlarını ön cəbhəyə çağırıram.

Sonra kədərli gözləri, susqun qəzəbiylə kameraya ötəri bir göz atır, sərt hərəkətlə çönür, əlində avtomat maşına minir...

Bu, Ülfət Kərimovdan yadigar qalan yeganə fraqmentdir. O fraqmenti lentə alan isə Qarabağ müharibəsinin xronikasını yaradanlardan biri, oprerator Nizami Abbasdır...

Dünən Nizami kinoteatrında nümayiş olunan, Nizami Abbasın rejissoru olduğu “El qəhrəmanı” filmi, demək olar ki, qəhrəmanlığı geniş auditoriyaya naməlum qalan, kəşfiyyatçı, baş çavuş, ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunan kəlbəcərli Ülfət Kərimovdan bəhs edir.

Həmin kadrlar isə 1992-ci ilin sentyabrında Ağdərədə çəkilib. Ağdərənin Vəng kəndindən hücuma keçən ermənilər güclü texnika ilə Qozluya doğru irəliləyir, döyüş şiddətlənir. Ülfət orduda sürücü kimi xidmətə başlasa da, məhz onun orda olmağı döyüşün taleyini həll edir.

Döyüşlər zamanı Ülfət əlində tutduğu qumbaralardan birini lap yaxına buraxdığı tankın altına tullayır. Bu an sol cinahdan ikinci tank Ülfətə tərəf irəliləyir. O, çevik hərəkətlə yerini dəyişir, tankı bir az daha irəli buraxır. Beş-altı metrlikdə irəli gələn tankı da məhv edir və onun arxasınca gələn digər tank geriyə qayıdır.

Onun sayəsində düşmənə məxsus bir tank, bir PDM, bir “PK” pulemyotu, üç «RPQ-7»-ni qənimət kimi ələ keçirilir və 60 erməni öldürülür.

Ülfətin şücaəti çevikliyi tabor komandirinin gözündən yayınmır, ona təşəkkür elan edilir...

Ülfət həlak olanda 22 yaşı vardı. İndiki Azərbaycan Neft-Kimya Akademiyasındakı təhsilini yarımçıq qoyaraq müharibəyə yollanmışdı.

Maraqlıdır ki, Qarabağ müharibəsində peşəkar hərbçi olmayan çox könüllü döyüşçünün hərbi istedadı üzə çıxdı. Elə bir istedad ki, heç onların özləri də dinc dövrdə belə bacarıqlarının olduğunun fərqinə olmamışdılar.

Ülfət də anadan hərbçi doğulmuşdu. Və Nesterenkonu da orduda sürücü kimi xidmətə başlayan gəncin hərbi istedadı heyrətləndirmişdi.

Ordumuzun ilk hərbi hissə komandiri olmuş Zaur Rzayevin əmrilə sonradan Ülfət taqım komandiri vəzifəsinə qoyuldu...

Mənim üçün bir kişinin kişi kimi ən vacib keyfiyyəti onun riskə getmək bacarığıdır, özü də, hissə qapılmadan, soyuqqanlılıqla... Yunan mifologiyasının bütün qəhrəmanlarını birləşdirən ən mühüm cəhət də budur: ölüm təhlükəsini bilərək riskə getmək...

Ülfət də məhz ağır döyüşlərə, təhlükəli əməliyyatlara can atırdı. O, adətən ayaq üstə vuruşurdu, heyrətamiz bir cəldliklə eyni anda müxtəlif çaplı silahlardan atəş açırdı, onu hədəfləyən güllələrdən ustaca yayılırdı. Hətta ona ayaqda vuruşmağın təhlükəli olduğuna görə irad da tutulmuşdu. Ancaq o döyüş tərzini heç vaxt dəyişmədi.

Təkbaşına erməni qərargahından erməni zabitlərini gətirdiyi olmuşdu, onların verdiyi məlumat nəticəsində uğurlu əməliyyatlar hazırlanmışdı. Qozlu körpüsünü partladan beş rus kəşfiyyatçısının tutulmasında onun rolu olmuşdu.

Bir dəfə Ağdərə istiqamətinə Ülfətin də daxil olduğu qrup kəşfiyyata gedir. Tapşırığı yerinə yetirib qayıdandan sonra, düşmən səngərinin yanından keçəndə Ülfət, ora keçərək erməniləri məhv etməyi təklif edir.

“Biz səssiz gəlib səssiz getməliyik” cavabını alanda o, fikrindən dönmür: “Səssiz edəcəm”. Səngərə keçir, ordakı döyüşçünü məhv edir, silahını da götürür.

Məhv etdiyi bir erməni döyüşçüsünü sinəsindən götürdüyü medalı onda Nizami Abbasa vermişdi. Bu medal döyüşlərdə fərqlənmiş ermənilərə verilirmiş. N.Abbas həmin medalı 26 il sonra Hərb Tarixi Muzeyinə verib.

...1992-ci ilin oktyabrında Laçının Hoçaz dağında əməliyyat keçirilirdi. Ülfət artıq bölük komandiri idi. O əməliyyatın ilkin mərhələsini öz üzərinə götürür, 11 döyüşçü yoldaşı ilə düşmən postlarını məhv edir, əks həmləyə tab gətirməyən qarşı tərəf geri çəkilir. Sonrakı hücum zamanı o, təkbaşına 15 erməni hərbçini öldürür, iki tank, iki ədəd “PDM”, iki AQS-17, iki minaatan ələ keçirir, üç tankı məhv edir, üstəlik, kapitan rütbəli komandiri və sıravi əsgəri əsir götürür.

Kəlbəcərin Ağdaban kəndi mühüm strateji yer olduğu üçün onun müdafiəsini, 60-70 nəfərlik dəstəsiylə məhz Ülfətə tapşırmışdılar. Hərb mütəxəssislərinin fikrincə, əgər Ülfət Ağdaban istiqamətində düşmənin qarşısını kəsməsiydi, 500 şəhid verən Kəlbəcər 5000 min şəhid verə bilərdi.

Onun son döyüşü də 1993-cü ilin martında Ağdabanda olur. Kənd əhalisinin kəndi sağ-salamat kəndi tərk etməsinə nail olur.

O, bir tankı sıradan çıxarır, ikinci tank üstünə gələndə səngərə yatır, tank səngərdən keçəndən sonra, o, arxadan tullanaraq tankın üst qapağını açıb partlatmaq istəyəndə arxadan düşmən onu haqlayır. Amma buna baxmayaraq Ülfət tankı partladır, özü də həlak olur.

Aşıq Şəmşirin məzarının yaxınlığında şəhid olan Ülfət deyirmiş: “Əgər düşmən məni vursa Kəlbəcərdən əlinizi üzün! Nə qədər ki, mən sağam ermənilər Kəlbəcər üzü görməyəcək. Buna əmin olun!”

P.S. Yazıdakı faktlar Ülfətin qardaşı, ehtiyatda olan kapitan Zöhrab Kərimovun, döyüş yoldaşları - ehtiyatda olan polkovniklər Adil Abdullayevin, Çingiz Əliyevin, Balay Nəsibovun, Rəhman İsgəndərovun, ehtiyatda olan kapitanlar Aydın Məmmədovun, Nizami Abbasın xatirələrinə əsaslanır.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #