Murad Məmmədlinin 24 yaşı var, on ildən artıqdır kapoeyra ilə (rəqsli döyüş sənəti – red.) məşğuldur. Çox da tanınmayan bu idman növünün Şəkidə təmsilçisidir.
Kulis.az onunla söhbəti təqdim edir.
- Murad, bildiyimə görə uşaqlıqda yaxşı rəssam olacağına inanırlarmış. Amma nəsə alınmayıb. Maraqlıdır, rəssamlıq hara, kapoeyra hara?
- Hər şey maddi imkansızlıqdan yarandı. İncəsənət məktəbinə qəbul olunmuşdum, yaş tələbinə görə bir az da gecikmişdim, lakin çəkdiyim rəsmlərə baxıb istisna kimi qəbul etmişdilər. Təsəvvür edin, valideynlərim bəzi sənədləri hazırlamaq üçün pul tapa bilmədilər. Üstəlik əlavə xərclər, rəng, karandaş, kətan, kağız... Qaldı...
- Və gəldin kapoeyraya...
- Hə, amma bir qədər sonra. 12 yaşım olanda hardansa bu idman haqqında oxudum, o dövrdə Federasiyanın fəxri prezidenti Taleh müəllimin məşq videoları yayılmışdı, dostumla tapıb baxırdıq. Sonra ikilikdə məşq etməyə başladıq, özbaşımıza. Bir gün küçədə bir elana rast gəldik, orda yazılmışdı ki, Şəkidə kapoeyra məşqləri üçün uşaqlar yığılır. Donub qalmışdıq, gözümüzə inana bilmirdik, getdik yazıldıq. Beləcə on dörd yaşımdan məşqlərə başladım
- Biməyənlər ola bilər - kapoeyra nədir?
- Kapoeyra təxminən 16-17-ci əsrlərdə Braziliyada qulların qaçışı zamanı müdafiə olunmaları üçün yaratdıqları idman növüdür. Qullar bu idman növünü əcdadlarından gələn musiqi ənənəsi ilə birləşdiriblər. Bu gün də davam edir, kapoeyra mütləq musiqi sədaları altında baş tutur və öz xüsusi mahnıları var. Bu idmanla məşğul olan idmançı mahnıların ritmini və sözlərini bilməlidir. Həm də özünəməxsus musiqi alətlərində ifa edilir, idmançılar çox hallarda bu alətlərdə ifa etməyi öyrənirlər. Sonralarda bu bir küçə idmanı kimi davam edib, lakin zaman keçdikcə qaydaları və normaları oturuşub. Hazırda kapoeyra dünyanın 120 ölkəsində var. Azərbaycanda kapoeyranın tarixi elə də uzaqlara getmir. Bu idman növünü ölkəmizə İlk dəfə 1997-ci ilde Taleh Orucov gətirib. Hal-hazırda federasiyamızın prezidenti vəzifəsini icra edir. Əsas məktəb Bakıda olsa da bəzi rayonlarda da məktəblər var və yenilərinin açılması istiqamətində işlər görülür.
- Kimin ağlına gəlmişdi o zaman bu idmanı Şəkiyə gətirmək, qəribədir...
- Hə, bu idman növü elədir ki, hansısa bölgədə tanınması üçün gərək ya kimsə könüllü gedib orda qalsın, ya da həmin yerdən federasiyanın üzvü olsun. Bizə məşqləri Mübariz Məmmədhüseynov keçirdi. Sonra həmin uşaqlardan biri davam etdirdi - Anar müəllim. O da üç il əvvələcən. Hazırlaşdırdığı uşaqların yaxşı da nəticələri olmuşdu, amma çox dözəmmədi, ailə qurmağa hazırlaşırdı, maddi problemləri vardı, daha ciddi işdən yapışması lazımıydı, getdi...
- Sən də uzaqlaşmışdın...
- Düzü, hərbi xidmətdən sonra mütəmadi məşğul olammamışdım. Ondan əvvəl də maddi sıxıntılara görə yarışlara, kəmər imtahanlarına çox da qatılmırdım. Hər şey öz hesabımızaydı, mən isə kiçik yaşlarımdan işləyib ailəmə kömək edirdim, hər dəfə imkan olmurdu gedəm, iştirak edəm. Xidmətdən sonra Şəkidə iş çətinləşdi, Bakıya getdim. Kapoeyranın Azərbaycandakı ürəyi də məhz Bakıda döyünür. Lakin elə bir yerdə işləyirdim ki, nə məşqlərə davam edə bildim, nə yarışlara qatıla... Hər şey bir tərəfə, 2013-cü ildə Dünya Çempionatı Bakıda baş tutdu, mən heç baxmağa getmək üçün də işdən icazə alammadım...
- Sənin hardan ağlına gəldi qayıdıb Şəkidə məşqlərə davam edəsən? Daha doğrusu, məktəb açasan?
- Bir müddət sonra səhhətimdə kiçik narahatlıqlar yarandı, həm də atam xəstəydi, ailədə kömək lazımdı, təkcə pulla məsələ bitmirdi. Şəkiyə qayıtmalı oldum. Burda məşqlərdən tanıdığım uşaqlarla arabir görüşüb dərdləşirdik, istəyirdik yenidən bərpa edək, amma heç kim əlini daşın altına qoymaq istəmirdi. Mən qərara gəldim ki, açacağam. Nə olar, olar. Dözəmmədim, belə desək. Düzünü deyim ki, kapoeyra elə idman növüdür ki, ona bir dəfə gəldinsə, əl çəkə bilmirsən. Kapoeyra sevgidir, eşqdir, onun həm idman, həm də sənət incəlikləri var... Öz dili, öz musiqisi, öz ritmi, öz sehri var... Üstəlik, tək heç nə edəmməzsən, bir də bu var. Kapoeyra ilə məşğulsansa istəyəcəksən ki, bunun haqqında bilsinlər, məşğul olsunlar...
- Və uşaqları yığdın.. Harda məşğul olursunuz, necə məşğul olursunuz?
- Kiçik bir zal kirayələmişik. Həftədə üç dəfə iki saat məşq edirik... Əslində kapoeyranın zalı böyük olmalıdır, lakin imkanımız buna çatır. Uşaqlar aylıq haqq yığırlar, onunla da zalın pulunu ödəyirik, xırda xərclər də olur
- Bundan bir şey qazanırsanmı?
- (Gülür) Rayon yerində bundan nə qazanmaq olar? Çox yayılmış idman növü deyil, beş-on uşaq gəlir, çoxu da kasıb ailələrdəndir. Bəzisinin heç xüsusi idman forması almağa gücü çatmır. Aylıq haqqı elə qoymuşuq ki, zalın xərci çıxsın, yersiz qalmayaq. Bəzi aylarda onu belə ödəyə bilmirlər. Buna görə, heç kimi uzaqlaşdıra da bilmirəm, istəyirəm gəlsinlər, məşq etsinlər
- Bəs özün? Gənc adamsan, xərcliyin, üstəlik ailəyə də kömək edirsən
- Şadlıq evlərində işləyən dostlarım var, gedib toylarda ofisiantlıq edirəm...
- Murad, bildiyimə görə rayonlarda yoxdur bu idman növü...
- Hə, bayaq da dediyim kimi, bir-iki rayonda var. Lakin son zamanlarda Federasiyada bu yöndə tədbirlər düşünürlər, alınsa yəqin ki, daha yaxşı olacaq.
Heç Bakılı-bölgəli hamımız yığılsaq elə də böyük bir komanda deyilik. Əsas son zamanlarda bir az canlanma yaranıb, o da federasiya rəhbərliyinin səyləri və imkanları hesabına. Yeni tədbirlər fikirləşirlər, yeni planlar var... Əsas da xanım təlimçilərin hazırlanması ilə bağlı. Bütün Azərbaycanda kapoeyra ilə məşğul olan bir-iki peşəkar xanım var, indi-indi kiçik yaşlı qızlar məşqlərə gəlməyə başlayıblar. Rayonlarda isə ümumiyyətlə xanım idmançımız yoxdur
- Amma sənin xanım tələbən var...
- Hə, bu mənim şansımdır. Dürayə Məmmədli. 2012-ci ildən başlayıb məşqlərə. Maraqlıdır ki, o da təsadüfən televizorda görüb özbaşına məşq edirmiş, sonra valideynləri biliblər ki, Şəkidə var bu idman növü, gətiriblər. İndi Federasiyada əməlli-başlı sevgi qazanıb. Hətta bəzən qısqanıram ki, onu məndən çox xəbər alırlar, axtarırlar. Bir müddət dərslərində axsayırdı deyə uzaq qalmışdı, bilmirdim bunu yarışlarda rəhbərliyə necə izah edim (gülür). Sonra qayıtdı, indi birlikdə məşq edirik. Yaxşı da nəticələri var. Avropa Çempionatına vəsiqə qazanıb. Təəssüf ki, xaricdə keçirildiyindən gedə bilməyib... Bakıda keçirilən dünya çempionatında iştirak edib. Ümumiyyətlə, bizim uşaqların yaxşı nəticələri var. Uşaqlardan biri hətta dünya çempionu olub...
- Kiçik uğur sayılmaz.
- Əlbəttə. Qarşıda 2018-ci il Dünya çempionatı var, onun nəticələrinin yaxşı olması üçün daha çox çalışırıq. O zamana qədər də respublika çempionatları, kəmər yarışları, birinciliklər, Avropa çempionatı olacaq. İndi respublika çempionatına hazırlaşırıq...
- Murad, yaxşı yadıma düşdü, bir dəfə, yaydı, mənə kömək üçün müraciət etmişdin. Deyəsən, mənim sosial şəbəkələrdə müasir Azərbaycan yazıçılarının tanınmaması ilə bağlı narahatlığımı dilə gətirməyim səndə həvəs oyatmışdı, uşaqlarla birlikdə kitab görüntüləriylə video-rolik filan hazırlamaq istəyirdiniz... Ssenari də düşünmüşdük, hansı müəlliflərin tanıdılacağını da...
- Hə... Yadıma salmayın, bədbəxtlikdir... Adi bir çəkiliş üçün vəsait tapammadım, təsəvvür edirsiniz? Amma bu ideyadan əl çəkməmişəm, bir az gec ola bilər, amma olacaq
- Özün kitab oxuyursanmı?
- Oxuyuram, elə çox olmasa da oxuyuram... Amma sual-filan verib məni utandırmayın (gülür).
- Bir də başından bir klip macərası keçib...
- Hə, bu yaxınlarda kapoeyra hərəkətləri ilə bir klipə çəkilmişəm. Necə olmuşdusa rejissor mənim videomu izləmişdi sosial şəbəkədə, təklif etdi, çəkildim
- O klipdə baxmağa yarayan da elə təkcə sənin görüntülərindir...
- (Gülür)
- Deyəsən, zədəlisən
- Hə, son kəmər yarışımda qolumdan ciddi zədə aldım, federasiya müalicə işini həll edib, amma zaman keçməlidir ki, qolum tam qaydasına düşsün. Buna görə də özüm hələlik yarışlarda iştirak etməyəcəm, uşaqları aparacam
- Murad, evdən demirlər bəsdir bu idmanın dalınca qaçdığın, bunun gələcəyi var, ailəsi var, sevgisi var, sevdiyin qıza hədiyyə almağı var?
- Ailəm həmişə arxamda durub. Ümumiyyətlə, kiçik yaşlarımdan müstəqilliyə öyrənmişəm, həmişə qərarlarıma hörmət ediblər. Amma belə olanda - qoluna işarə edir - anam bir az deyindi... Yuxarıda da dediyim kimi, nə edim, bağlanmışam, imtina edəmmirəm. Üstəlik, təlimçi kimi imtahandan keçmək üçün xeyli əziyyət çəkmişəm ki, bu idmanı Şəkiyə yenidən gətirim... Bununla bərabər həm də öz üzərimdə çalışıram, çünki bizim, təlimçilərin də yarışlara, çempionatlara qatılmaq, dərəcəsini yüksəltmək hüququ var. Özüm hələ ailə haqqında düşünmürəm, ailə qurub uzaq qalan dostlarımız da arabir qaçıb məşqlərə gəlirlər (gülür). Sevdiyim qız da bir az səbr etməli olacaq...
- Sən çox optimist görünürsən, bütün çətinliklərə baxmayaraq üzün gülür, məşqlərdə isə çox ciddisən...
- Biz öz işimizə davam edirik. Bir neçə gün əvvəl Taleh Orucov Ümumdünya Kapoeyra Federasiyasının prezidenti seçilib. Bunun da Federasiyamıza müsbət təsiri olacağını düşünürəm. Get-gedə dövlət dəstəyi də olacaq. Qarşıda ciddi yarışlar gözlənilir, tələbələrimin məşqi yaxşı gedir, bütün başqa çətinliklərə baxmayaraq öz kiçik dünyamızda xoşbəxtəm... Hər şey yaxşı olacaq.